ABŞ-da xərçəng dərmanı tapan həkim Lent.az-a DANIŞDI
22 may 2020 13:09 (UTC +04:00)

ABŞ-da xərçəng dərmanı tapan həkim Lent.az-a DANIŞDI

Bir müddət öncə ABŞ-da xərçəng xəstəliyi üçün dərman ixtira edən azərbaycanlı həkim Elmar Nurməmmədov Lent.az-a müsahibə verib.

- Sözügedən dərmanın ixtirası üçün layihəyə nə zamandan başladınız? 

- Bu layihəni 5 il əvvəl başladıq. 5 il əvvəl Con Veyn Xərçəng Tədqiqatları İnstitutuna elmi rəhbər kimi qoşuldum və layihəyə start verdik. İlk 2 il işlər yavaş getdi. Çünki laboratoriyanın qurulma məsələsi, logistik problemlər vardı. Son 3 ildə isə artıq layihəmiz öz sürətini artırmağa başladı. Bu dərmanı artıq 3 ildir tapmışıq. Amma dərmanı tanıtmaq üçün vaxt lazım oldu. Dərmanı tapdıqdan sonra bir sıra xərçəng modelində test etdik. İlk növbədə özümüzə sübut etdik ki, bu, doğrudan da selektiv dərmandır. Xərçəng hüceyrələrini seçici olaraq öldürür, amma sağlam hüceyrələrə toxunmur. Bu isə terapevtik onokologiya sahəsində çox vacib məqamdır. Ona görə də onu test etmək, kimyəvi cəhətdən tənzimləmək üçün 3 ilimizi sərf etdik. Gördük ki, doğrudan da potensialı olan dərmandır.

 - Dərmanın sınaq testləri keçirilib? Uğurlu nəticələr əldə etmisiniz?

- İlkin sınaq testlərini keçirmişik. Bunlar siçan modelləridir. Siçan modellərində insan xərçəngini böyüdüb siçanların bir neçə ay ərzində müalicə rejiminə tabe etdiririk. Testlərdə dərmanın ciddi effektini görmüşük. Şişin yayılma və böyümə sürəti ciddi azalır və heyvanların xərçəngdən ölüm vaxtı uzadılır. Heyvanın xərçəngdən 3 aya öləcəkdisə, dərman bu müddəti 3-4 ilədək uzadacaq. Düşünürük ki, eyni şey insanlarda olacaq. Ancaq siçanlar üzərində test bəs eləmir, daha böyük modellərdə test olunmalıdır. Dərmanın həm toksikologiyası, həm də farmokologiyası tam sübut olunandan sonra insanlar üçün də nəzərdə tutmaq olar.

- Yeni dərmanı yerli səhiyyə orqanı rəsmi təsdiqləyib və onun doğrudan da xərçəngə qarşı müalicə vasitəsi olduğu sübuta yetirilibmi?

- Bu məsələyə elmi cəhətdən yanaşırıq. Ona görə bunu həm yeni dərman kimi göstəririk, həm də burda yeni farmokoloji konsept var. Dərman ixtirası prosesində müəyyən fazalar olur. Birinci faza elmi fazadır. Biz onu təsdiqlədik və nəşr etdik. İkinci faza isə kimyəvi optimizasiya, kimyanın tənzimlənməsi, bu maddənin zəhərli cəhətdən daha da optimizasiyasıdır. Sonradan bu dərmanın müəyyən heyvanlarda, nəhayət klinikada testləri aparılacaq. Buna ən azı 5-6 il tələb olunacaq. Bu proses irəlilədikcə, qiyməti də yüksəlir. Ona görə çalışırıq ki, işin elmi tərəfindən sonra müəyyən şirkət partnyorlarını cəlb edərək, işi daha da sürətləndirək.

- İxtira etdiyiniz dərmanın istehsalına nə zamandan başlamaq fikriniz var?

- Buna hələ ki dəqiq cavab vermək mümkün deyil. İxtiramıza elmi cəhətdən yanaşmışıq və dərmanın doğrudan da potensiallı, selektiv və seçici olduğunu göstərmişik. Bundan sonra artıq şirkət partnyorlarını cəlb edib işi sürətləndirmək istəyirik. Yalnız dərmanların kliniki testlərindən sonra vaxt təyin oluna bilər. Bunun üçün də ən azı 5 il deyə fikirləşirik.

- Maraqlıdır, bütün dünyanın gözlədiyi və xərçəngə çarə olacaq preparatlarn ABŞ-dan ixracına nə vaxtdan start veriləcək?

- Xarici ölkələrə ixracın vaxtını dəqiq deyə bilmirik. Yəni, ixrac məsələsi sonrakı klinikitestlərin nəticəsindən və artıq kommersial partnyorların fəaliyyətindən asılı olaraq, dəyişəcək. Amma dərmanın kliniki fazasının tamamlanıb müalicə üçün klinikaya gəlməsi üçün 5-6, bəlkə də daha çox il lazım olacaq.

- Qrupunuz xərçəngin hansı xüsusiyyətlərini öyrənir? Hazırda üzərində araşdırma davam edən layihələriniz varmı?

- Bu, terapevtik onkologiya qrupudur. Bu istiqamətdə çalışmalar aparırıq. Müəyyən mexanizmli xərçəngləri terapevtik cəhətdən və onların hüceyrə içərisində mexanizmlərini öyrənməyə, onların zəifliklərini müəyyən etməyə və həmin zəifliklərə qarşı dərman tapmağa çalışırıq. Əgər xərçəng hüceyrələrinin mexanizmini kifayət qədər araşdırıb tapa bilsək, daha məqsədəuyğun, daha effektiv dərmanlar da taparıq. Bu, davam edən prosesdir. Sözügedən ixtiramız ilk uğurumuzdur. Gələcəkdə də bu istiqamətdə uğurlarımız olacaq. Hazırda xərçəngə qarşı əlavə olaraq, iki dərmanımızın ixtirası da tamamlanmaq üzrədir. Amma onları hələ ki açıqlamaq istəmirik. Düşünürəm ki, yaxın gələcəkdə onları da açıqlayacağıq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6502
avatar

Mehman Nəbiyev

Oxşar yazılar