İyulun 12-də dövlət sərhədimizdə erməni təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid oldu. Lent.az şəhidlərimizin ailəsindən silsilə reportajları davam etdirir.
İkinci reportajımız Ağstafa rayonunun Həsənsu kəndindən, şəhid Elçin Mustafazadənin ailəsindəndir.
***
“Sağ olun, salamat qalın, ehtiyatlı olun, canınıza-başınıza fikir verin. Əsas can-başdır”. Evlərinə göndərmişdi 5 saniyəlik bu səs yazısını. Və... Və Ağstafanın Həsənsu kəndindəki evlərində sonuncu dəfə eşidəcəkdilər onun səsini...
Bir də atasına səs atmışdı. “Aşağıdayıq, hər şey yaxşıdı. Salamatlıqdı”.
Hə, bir də nişanlısına, Məleykəyə mesaj yazmışdı. “Çox pis yuxu görmüşəm, Məleykə. Yuxuda gördüm ki, şəhid olacam”.
Bütün bunlar ölümündən bir gün əvvəl olmuşdu. Ürəyinə dammışdımı, nədi, bu mesajların hər üçün demək olar ki, eyni vaxtda göndərilmişdi.
Anası və qardaşları bu səsə qulaq asıb, hardasa təskinlik tapmışdılar. Məleykənin isə içini qor basmışdı, narahat idi. Evlərində təskinlik verirdilər ona. “Bu yuxudu, qızım, şükür, salamatlıqdı”.
Atası Arif həmin vaxt Orenburqda idi. Vətəndə, Tovuzda baş verənləri bütün həmvətənlərimiz kimi o da anbaan izləyirdi. Axı oğlu, 28 yaşlı Elçinin də məhz Tovuzda xidmət etdiyini bilirdi…
***
Elçin Mustafazadə evin 3 oğlundan biriydi. 1992-ci ildə Ağstafanın Həsənsu kəndində andan olmuşdu. Orta məktəbi yaxşı qiymətlərlə bitirmişdi. Atası Arif deyir ki, Elçinin nə vaxtsa hərbçi olacağını ağlına belə gətirməzmiş.
- Yaxşı oxuyurdu orta məktəbdə. Ümumiyyətlə, üç oğlumun üçü də nizamlı uşaq olublar. Elçin ali məktəbə imtahan verdi. Amma hiss edirdim ki, nəsə könülsüz getdi imtahana. Universitetə qəbul oluna bilmədi. Əsgərliyə getdi. Sumqayıtda xidmət edirdi. Xidmətini başa vurub, gəldi. Mənə dedi ki, ata, hərbçi olmaq istəyirəm. Düzü, əvvəlcə razılaşmadım. Onun da qəlbinə dəydi.
Çıxıb getdi Bakıya işləməyə. On gündən sonra qayıdıb gəldi. Bir gün dedi iki, artıq hərbiyə yazılmışam.
***
“Bura Elçinin bəy otağıdır. Bu otağı Elçin məzuniyyətə çıxanda özü öz əlləri ilə düzəldib. Təmir edib, bəzəyib. Nişana hazırlaşırdıq, karantindən sonra toyunu edəcəkdik. Bir neçə gün əvvəl nişanlısı yuxuda görüb ki, Elçin ona deyir Məleykə, biz ayrılırıq, mən şəhid olacağam. Mən şəhid olsam, başını uca tutarsan. Elə də oldu”.
Bunu Elçinin anası Mahirə Mustafayeva deyir. “Mənim oğlum Vətəni qorumağı, onun and yeri olan bayrağı bəy libasından üstün tutdu. Mənim oğlum tankda tuşlayıcı olub. Çoxlu hərbi yarışda iştirak edib. Həmişə də Fəxri Fərmanlarla mükafatlandırılıb”. Bunu deyib də Elçinin fəxri fərmanlarını, təşəkkürnamələrini göstərir, köksünə sıxıb sığallayır.
Yeri gəlmişkən, bu yerdə bir maraqlı məqamı qeyd edək.
Hələ üç il əvvəl Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzeti Elçinin də heyətində olduğu və gizir Seymur Ağayevin komandirlik etdiyi tankçılardan yazıbmış:
“Tank heyəti tank komandiri, tuşlayıcı operator və sürücü-mexanikdən ibarətdir. Hədəfləri dəqiq vurmaq tuşlayıcı operatorun, texnikanı məharətlə idarə etmək sürücü-mexanikin, vaxtında və düzgün qərar vermək isə tank komandirinin başlıca vəzifəsidir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə gizir Seymur Ağayevin komandiri olduğu tankın tuşlayıcı operatorudur. Hərbi xidmətə Tovuz rayonundan çağırılan Elçin də həyatının mənasını Vətən keşiyində durmaqda görür.
- Tarix boyu qəhrəmanlıq salnamələrində adları çəkilən igidlər öz inancları, Vətənləri, sevdikləri uğrunda döyüşlərə atılıb, - Elçin deyir. - Əsrlər keçsə də, yaddaşlarda yaşayıb, dastanlara mövzu olublar. İnsan həyata göz açdığı gündən Vətən sevgisi ilə böyüyür və özünə yol seçir. Seçdiyin yol ürəyindəki təpərin, ruhundakı gücün işığıdır. Ömrünü Vətənə həsr edənlər də ürəyində təpər, ruhunda güc tapanlardır”.
Belə deyibmiş o vaxt Elçin cəbhə xəttinə gələn hərbi müxbirlərə.
Qardaşı İlkin Mustafayev deyir ki, Elçin cənnətdədir, çünki şəhiddir. “Bəlkə bir də görməyəcəm onu. Fəxr edirəm ki, qardaşım şəhiddir. Heç vaxt nə xidmətindən şikayətlənərdi, nə də hansısa narazılığı olardı. Elə biz də ondan heç nə soruşmazdıq xidməti barədə. Soruşanda da sadəcə bir sözü vardı: “hər şey yaxşıdır”, vəssalam”.
Atası Arif deyir ki, oğluyla sonuncu dəfə iyulun 11-də danışıbmış.
- Mən Orenburqdaydım. Bir gün əvvəl zəng edib hal-əhval tutdum. Ayın 12-də isə yoldaşıma zəng etdim, Elçini soruşdum. Dedi, yaxşıdı, aşağı düşürüblər. Nə oldusa, ondan sonra oldu (Kövrəlir). Səhər işə getdim. Günortaya yaxın ürəyimə damıbmış kimi oğluma İlkinə zəng etdim. İlkin dedi ki, Elçin yaralanıb. Bir yerdə qərar tuta bilmirdim. Ürəyim sıxılırdı. Ard-arda evə zəng edirdim. Növbəti zəng də o xəbəri aldım: “Dur gəl, oğlun şəhid oldu”.
Hə, ən dəhşətlisi odur ki, elə nişanlısı Məleykəyə də belə deyiblər: Dur gəl Elçingilə, nişanlın şəhid oldu. Arifdən fərqli, Məleykə Elçini son mənzilə yola sala bilib. Arif isə başına-gözünə döyə-döyə oğlunun dəfn mərasimini uzaq Orenburqdan telefon vasitəsi ilə izləyib.
- Siz təsəvvür edin, oğlun şəhid olur, minlərlə adamın çiynində son mənzilə gedir, sən çiynini verə bilmirsən. Bundan ağır dərd ola bilməz. Telefona qoşmuşdular, əvvəldən axıra qədər izlədim. Nəşini necə evə gətirdilər, bayrağa bükülü apardılar, dəfn etdilər, cənazəyə bükülmüş bayrağımızı necə oğlum İlkinə verdilər... Mənim isə əlim çatmır.
***
Elə həmin gün Arif Orenburqdan Azərbaycan sərhədinə yollanır. Sərhədə kimi 2 min kilometr yol sanki bir əsrə qədər uzanır onun üçün. Sərhədə çatanda isə onun qısa zamanda Azərbaycan tərəfə keçidi təmin edilir.
Birbaşa oğlunun məzarı başına gəlir. Üzüqoylu məzarın üstünə yıxılır, qucaqlayıb, hönkür-hönkür ağlayır...
***
Elçinin 7-si günü onun nişan mərasimi keçiriləcəkdi... Atası da elə nişana gəlməyə hazırlaşırdı. Amma nişan olmadı. Nişan üzüyü də taxılmadı. Əvəzində nişan daşı qoyuldu...
Layihənin əvvəlki yazıları: