30 ildi itən hədiyyə, qəfil tapılan şəkil, bir güldanın iziylə - FİLM KİMİ HEKAYƏ
06 yanvar 2021 18:20 (UTC +04:00)

30 ildi itən hədiyyə, qəfil tapılan şəkil, bir güldanın iziylə - FİLM KİMİ HEKAYƏ

“Torpaqlarımız işğaldan azad olunandan sonra kəndimizə getdik. Orda bir evə girdim. Evin içinə şəkillər dağılmışdı. Əyildim ki, yerdən yığım. Bir də gördüm ki, qayınatamın şəkli. Təsadüfə bir bax...”

Bu sözləri Oktay Göyüşov deyir. Oktay bəy Xocavəndin Tuğ kəndindəndi. Burada doğulub, böyüyüb. Uzun illər Tuğ kənd məktəbində “Hərbi hazırlıq” fənnini tədris edib. Elə hazırda da Tuğ kənd orta məktəbin direktorudur.

“Rayonumuzun işğalından sonra Beyləqanda yaşamağa başladıq. Beyləqanda yerləşən Xocavənd qəsəbəsində yaşadıq. Amma həmişə arzulayırdıq ki, doğma torpağımıza qayıdaq. Çox şükür ki, bu günləri görə bildik”.

Xocavəndin işğaldan azad olunduğunu eşidən kimi doğma torpağına, Tuğ kəndinə üz tutur Oktay müəllim.

“Vallah bala, 55 yaşım olmasına baxma. O torpaqlara ayaq basanda yenə özümü gənclik illərindəki kimi hiss etdim. Həmin o gənc Oktay müəllim oldum”.

Qarşısına çıxan ilk evə girir, Oktay müəllim. Burada olan bütün evlər ona doğmadır çünki. Bəlkə 30 il əvvəldən qalan bir şey tapar ümidi ilə ayaq basır evə. Və tapır...

“Evə girəndə gördüm ki, şəkillər tökülüb yerə. Əyildim ki, şəkilləri yığım. Tanış bir foto dəydi gözümə. Bir də gördüm qayınatamın şəkli. Təsadüfə bir bax. Heç gözləmirdim”.

Hə, illər sonra tapılan, rəngi solmuş o foto əslində sadəcə şəkil deyildi. O illərin bir qucaq xatirəsi idi ki, dağılmışdı evin içinə.

“Qaynatam Dadaş Həsənov təkcə kəndin yox, bütün rayonun ən hörmətli adamlarından olub. Özü ixtisasca coğrafiya müəllimi olsa da, Tuğ kənd Mədəniyyət evinin direktoruydu. Yeri gələndə aktyorluq da edir. Ən yaxşı tamaşaları o mədəniyyət evində həmin mədəniyyət evində tamaşaya qoyurlar. Və təbii ki o zamanlar bir yerdə yaşadıqları ermənilərlə çiyin-çiyinə çalışmalı olurlar.

“Məktəbdə işləyəndə kollektivmizdə erməni müəllimlər var idi. Elə mədəniyyət evində də çalışanlar arasında mənfur düşmənlərimiz olub. Bu şəkil də tamaşaya hazırlıq zamanı çəkilib. Şəkildə ortada oturan Dadaş müəllimdir. Onun sağında və solunda oturanlar isə erməni iş yoldaşları”.

Hə, elə şəkilin tarixçəsi də bununla başlayır. 1971-ci ildə çəkilən fotonu iş yoldaşı xatirə olaraq Dadaş müəllimdən alır. Amma fotonun tapıldığı ev nə Dadaş müəllimin, nə də o şəkildə olan digər iki nəfərin deyil. Tamamilə başqa bir adama məxsusdur.

“Güman edirik ki, şəkil ora qarət vaxtı gəlib çıxıb. Nə bilim, bəlkə də o evdə yaşayanların şəkildə olan iki ermənidən biri ilə qohumluğu, tanışlığı olub. Hər şey ola bilər...”

 

***

 

Hər şey ola bilər...

Əslində bizi Oktay müəllimlə tanış edən ayrı mövzu idi. Xocavənddən tapılan güldan. O güldan ki, bütün sosial şəbəkələrdə fotosu yayılaraq sahibi axtarılırdı. Əsgər Həsənağa Hadıyev tapmışdı o güldanı. Xocavənddə ermənilər yaşayan evdən tapılan həmin o güldanın mənəvi dəyəri qiymətindən böyükdür. Güldanın üstündə belə yazılıb:

“Gültəkindən, bacısı Zəhraya ad günü münasibətilə hədiyyə, 88-ci il”.

30 ilə yaxındı düşmən əsirliyində olan bu hədiyyənin sahibini axtarırdı hər kəs. Elə biz də, Lent.az olaraq güldanın izinə düşdük. Xocavənd rayon İcra nümayəndəliyində çalışan Əfsanə xanım bildirdi ki, onlar da güldanın əsil sahibini axtarırlar.

“Bütün Xocavənd sakinləri arasında soraq saldıq. Amma Gültəkin və Zəhra adlı bacıların olmadığını öyrəndik. Rayon üzrə bütün Gültəkinlərdən, Zəhralardan güldanla bağlı soruşduq. “Mənimdir” deyən olmadı”.

Daha sonra güman edirlər ki, yəqin bu xanımlar bacı yox, ya rəfiqə, ya da qohum olublar. Amma bu da öz təsdiqini tapmayıb. Təkcə bir fikir qalır: Güldan qarət zamanı başqa rayonlardan da gətirilə bilər. Eynilə Dadaş müəllimin fotosu kimi...

# 36153
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar