Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov
21 aprel 2021 12:06 (UTC +04:00)

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov

28 il sonra evinə getdi, içəri keçə bilmədi – BİR ADDIMLIQ DƏHŞƏT

 “Suqovuşanda, Ağdamda, Füzulidə minanın sayı-hesabı yoxdur. Taxıl kimi səpiblər. Yağış yağandan sonra torpaq yuyulub, bəzi yerlərdə gözlə görünür.”

Bu sözləri Lent.az-a açıqlamasında Füzuli rayonunda doğulub böyüyən, uşaqlığını, gəncliyini burada keçirən Hafiz Səfixanov söyləyib. Hafiz bəy Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin rəhbəridir...

Amma…

Biz onu sosial şəbəkələrdə yayılan və böyük marağa səbəb olan videonun izinə düşüb tapdıq. İşi minalar əleyhinə kampaniyaya rəhbərlik etmək olsa da, məhz mina təhlükəsi səbəbi ilə 30 ildən sonra işğaldan sonra azad olunan ata yurdunu uzaqdan seyr edir. Bizim evimiz tamam dağılıb deyə gördüklərini belə nəql edir:

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov

“Orada bir ev görünür. Qonşumuzun evidir. Kubiklə tikilən evlərdən heç biri qalmayıb, hamısını söküblər. Qalan o divar isə çay daşı ilə tikilmişdi. Gözünüzlə görməsəniz inanmazsınız. Prezidentin dediyi kimi, Füzulidə bir bina tapılmayıb ki, ora bayraq sancılsın. Tək-tük divarlar görünür. Bizim evin qarşısında üçmərtəbə mehmanxana var idi. O mehmanxanadan bir çöp də qalmayıb. Videoda mən o mehmanxananın yerində durub danışıram. Elə bil burada əvvəldən heç nə olmayıb. Daşına, kəsəyinəcən hər şeyi aparıblar. Evimizə gedən yolda minalar təmizlənməmişdi. 50 metr aralıdan evimizin uçuq divarlarına, boş torpağına baxdırdım.”

Dünyanın istənilən şəhərinə, istənilən ölkəsinə getmək imkanı olan bir insanın ata yurduna getmək üçün 50 addım məsafəni gedə bilməməsi nə deməkdir? Elə Hafiz Səfixanov da bunu deyir:

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov

- Mən olduğum ölkələrin sayını bilmirəm, dünyanın bütün qitələrini gəzmişəm. Xaraba qalmış Yerevanda iki dəfə olmuşam. Əlimi uzadıram, az qala evimə çatır, amma ora gedə bilmirəm. Evimə deyəndə, evdən əsər-əlamət yoxdur. Quru torpağına da ayağımı basa bilmirəm. Mən orada doğulmuşam, orada yaşamışam, mənim orada ömrüm keçib, bütün xatirələrim ora ilə bağlıdır...

Ata evindən çəkdiyi videoları, fotoları qohumlarına göndərib, amma tapşırıb ki, anasına göstərməsinlər. Yaşlı qadındır, birdən halı pisləşər:

- Özüm gələndən sonra onu psixoloji hazırlayıb şəkilləri göstərdim. O, min əziyyətlə tikdiyi evin dağıntılarını görəndə oturub xeyli ağladı... Evi nisbətən salamat olan qonşuya şəkil göndərə bilmədim. Əlaqəmiz var, amma insanlara necə təsir edəcəyini bilmirəm. Bizim evə gedən yolun üstündəki sinif yoldaşımgilin evidir. İndi Sankt-Peterburqda yaşayırlar. Quru divarları qalıb. Şəkilini çəkib internetlə atdım. Şəkillərə baxıb yazdı ki, ay qardaş, bu nə vəhşilikdi, biz nə edəcəyik?
Hafiz bəy qəbiristanlığı da ziyarət edib:

- Bütün qəbir daşlarını aşırıblar, sındırıblar, qəbirləri açıblar. Qara mərmərdən olan daşları aparıblar. İki yüz illik Füzuli qəbiristanlığında salamat bir qəbir yoxdur.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov və Nigar Adil

Hafiz Səfixanov 2005-ci ildə beynəlxalq konfransların birində emosional çıxış edib. Beynəlxalq nümayəndələr onu qınayıb, irad tutublar. Vaxt ötür, zaman keçir belə tədbirlərdən biri Bakıda keçirilir və nümayəndə heyəti ilə bölgələrə səfər edirlər:

- Onlar bizim yanğımızı anlamamışdılar. Nümayəndə heyəti ilə birlikdə avtobusda gəldik Alxanlı postuna. Ora sonuncu postdur, o tərəfə keçmək olmaz. Orada dəmir bir “budka” var idi. Sovet vaxtından qalma dayanacaq idi. Həmin dayanacaqdan Füzulinin avtovağzalına 13 km-dir. Avtobusa dedim, burada saxla. Onsuz da o tərəfə keçmək mümkün deyil. Noyabr ayı, hava soyuq. Avtobusdan düşüb, siqareti damağıma qoydum, bir o başa getdim, bir bu başa. Axşamdır, qaranlıq düşür. Axırda birinin səbri çatmadı. Dedi, izah elə görək bura niyə gəlmişik? Dedim, bax buradan mənim evimə 13 km-dir. Kanada, Avstraliya, Yeni Zelandiyaya, hara demisiniz, gəlmişəm, indi bu 13 km-i mənim evimə gedək. Mənə deyirsiniz, emosional çıxış edirsən. Başa düşün ki, bizim dərdimiz nədir? İçində özünü pis olmuş kimi göstərənlər də oldu, həqiqətən bizi anlayan, təəssüf edən də. Bakıya qayıdanda mənə o iradı tutan fransalı qadın onun boynunu qucaqlayır, ağlayır, deyir, mən səni indi başa düşdüm.

Hafiz bəy əlavə edir:

- Budəfəki səfərdə o 13 km-i də getdik, amma 50 metri gedə bilmədik. 30 ildir biz camaata deyirik ki, getmək olmaz, toxunmaq olmaz. İndi bunu deyən, təbliğ edən, 30 ildir bu işlə məşğul olan adam başqalarına nümunə olmalıdır. Bəlkə də orada heç nə yoxdur. Amma ola da bilər. Təhlükəlidir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov və Nigar Adil

İşğaldan azad olunan rayonlardakı erməni vəhşiliyini ifadə etməyə söz tapmır Hafiz bəy. Füzulini cəngəlliyə bənzədir:

- Füzuliyə, Cəbrayıla, Ağdama, eləcə də başqa rayonlarımıza gedib öz evini yerini tapa bilməyən insanlar var. Mən heç olmasa tapdım. O boyda Füzuli şəhəri cəngəlliyə bənzəyir. Bircə bataqlığı çatmır. Vəhşiləşmiş ağacdan, koldan addım atıb getmək mümkün deyil. 30 il insan ayağı dəyməyib. Üstəlik minalar. Biz əsil müharibəni udmuşuq, indi minalarla müharibə aparırıq. Hər gün olmasa da, iki gündən bir minaya düşmə xəbəri gəlir. Bu bizim ikinci müharibəmizdir. Çıxış yolu yalnız minalanmış ərazilərin xəritələrinin verilməsidir. Bunsuz o bölgələrin təmizlənməsi çətin olacaq. Hazırda bir qurum olaraq bununla bağlı işlər aparırıq.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov

Söhbətimizin sonunda Hafiz bəy rəhbərlik etdiyi qurumun əsas işinin minalanmış ərazilərin xəritələrini əldə etməkdə dövlətimizə kömək etmək və yaxın zamanda bütün Qarabağı minasız gəzməyi arzuladı.

Hafiz Səfixanov Füzulidə öz evinə gedə bilmədi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9420
avatar

Nigar Adil

Oxşar yazılar