“2 yaşlı uşaq yuyat yerində dirildi, sonra yenidən öldü” – Xocalı DƏHŞƏTLƏRİ
23 fevral 2023 16:26 (UTC +04:00)

“2 yaşlı uşaq yuyat yerində dirildi, sonra yenidən öldü” – Xocalı DƏHŞƏTLƏRİ

 1992-ci ilin məşum 26 fevral gecəsindən 31 il keçsə də, açdığı dəhşətli yaralar hələ də sağalmayıb. 

Lent.az-ın həmsöhbəti Xocalı sakini Şərqiyyə Hüseynova o soyqırımda canından can itirən minlərlə insandan biridir. O gecə elə qorxunc mənzərələr görüb ki, 30 il ərzində hər dəfə bunları xatırlayanda yenə ağrıyır, yenə ağlayır. Unuda bilmir, unutmaq da istəmir. Aldığı o ağır travmanın, stresin nəticəsi özünü illər sonra göstərib, onkoloji problemlərlə üzləşib. Anası - atası Məhəmməd Salahov və Zəhra Salahova daxil olmaqla ailəsindən 6 nəfəri itirib.

Göz yaşları içərisində dönür ötən günlərə:

“24 yaşım var idi onda. İkinci övladıma hamiləydim. Biz Bakıdaydıq, anam, atam, qardaşlarım, həyat yoldaşımın ailəsi, bütün nəslimiz Xocalıda. Ermənilər tez - tez atəş açırdılar. Qardaşlarım kəndi qorumaq üçün könüllü dəstəsinə qoşulmuşdu, postlarda qalırdılar, evə gəlmirdilər. Fevralın 26-da televizorda xəbər verildi ki, ermənilər hücum edib, cəmi 2 nəfər öldürülüb. Öldürülənlər deputatımız, bir də məktəb direktoru idi. Yoldaşım evə gəlib dedi, “hazırlaş, səhər tezdən Ağdama gedirik, deyirlər Xocalıda nəsə olub”. Heç ağlıma gəlməzdi ki, orda qırğın törətmiş olarlar.

Səhər saat 9 olardı Ağdama çatdıq. Gördük Ağdam elə bil qiyamət meydanıdır. Xocalıdan qaçanlar, başqa rayonlardan eşidib gələnlər hamısı Ağdama toplanmışdı. Xocalıda 3 kənd var idi, Xocalı, Qaçqın və Qaladərəsi. Biz Qaladərəsindənik. Müğənni Məhəbbət Kazımovun qardaşı Qənimətgilin evlərinə getdik, evini açmışdı hamıya, qadınlar, uşaqlar onun evində toplaşmışdı. Raket atdılar, gəldi düşdü onların həyətinə. Yəqin ermənilərə nişan verilmişdi. Oradan qaçdıq Ağdam məscidinin həyətinə. Həyət doluydu meyitlərlə. Elə hey yük maşınları ilə üst-üstə yığılmış meyitlər daşınırdı Xocalıdan. Hamı vay-şivən içində ölülər arasında öz əzizlərini axtarırdı. Mən ömrümdə elə dəhşət görməmişdim. Meyitlərə də işgəncə vermişdilər. Bəzilərinin başı yox idi, qulaqları kəsilmiş, gözləri çıxarılmış, qarınlarını yırtmışdılar. Kişilərin meyitlərinin çoxunun şalvarını soyundurmuşdular. Qız - gəlinlərin meyitlərinə baxmaq mümkün deyildi. Sinələrini kəsmiş, təhqir eləmişdilər. Meyitlərin başına yüz oyun açmışdılar. Düşünürdük ki, gör girovda olanlara nə işgəncələr verilir. Qızının, gəlininin meyitini görənlər şükür edə - edə aparırdılar meyitlərini. Erməni əlində qalıb, işgəncə çəkmirlər deyə. Gördüklərimdən bədənimin bir hissəsi qurumuşdu, dilim tutulmuşdu danışa bilmirdim. Bacım, mən, yoldaşım, dayım anamı, atamı axtarırdıq. Dayım gəlib dedi ki, ananızı axtarmayın, qaçarkən meşədə vurublar, qalıb qarın içində. Atam da meyiti götürmək istəyəndə girov düşüb. Bir neçə qohumumuz, yanlarında balaca uşaqlarla girov düşmüşdülər. Güllə anamın ağzından dəyib, boynundan çıxmışd.

Şərqiyyə xanımın şəhid valideynləri

Sonradan bildim ki, anam, atam, yoldaşımın əmisi, əmisi arvadı, əmisi oğlu, baldızımın qızı olmaqla ailəmdən 6 nəfər həlak olub”. 

Bunları deyib hönkürür Şərqiyyə xanım. Ağlaya - ağlaya pəncərəyə yanaşıb, yanan ciyərlərinə çəkir soyuq fevral havasını. Gözləri uzaqlara dikilir. “Fevral ayı gələndə evə eşiyə sığa bilmirəm. Hər gün sümüklərim yanır, təkrar-təkrar yaşayıram o gecəni sanki” deyib dəqiqələrlə susur. Danışdırmağa, sual verməyə çətinlik çəkirəm. Ağrısı, acısı yaş olub gözlərindən tökülür. Nəfəsini dərib hekayəsinə davam edir:

“O vəhşilikləri törədənlər insan ola bilməzdi. Bir körpə uşaq var idi. Donub ölmüşdü. Nur topu kimi oğlan idi. 2 yaşı olardı. Yuyanda dirildi. Hamı heyrət içində idi, sevinəcək heç kimi qalmamışdı, ailəsini öldürmüşdülər. İki saat sonra uşaq yenidən öldü. Baldızımın qızı 6 ayın gəlini idi. Hamiləydi. Güllə qarnındakı uşağı dəlib keçmişdi. Dayım qızı da eyni şəkildə ölmüşdü. Qaçanda oğlu Samiri belinə şəlləmişdi, eyni gülləylə ikisini də öldürmüşdülər. Düşmənə də arzu etmirəm o gecə yaşananları. Elə hala qalmışdıq ki, kim ölüsünü tapırdı, sevinirdi. Çox ölüləri tanımaq olmurdu. Anamızın meyiti Ağdama gəlib çıxanda ağlamadıq, sevindik. İnsan da ölüsünə sevinərmiş, ay Allah. Dayımgil bir Şuşa ermənisinə 25 min pul, benzin vermiş, onun vasitəsiylə meyiti ala bilmişdilər. 

“Atam 40 gün girov qaldı düşmən əlində. Allahverdi Bağırovun köməyi ilə geri ala bildik. 60 min rubl istəmişdilər sağ vermək üçün. Verdik, meyiti gəldi. İşgəncə ilə öldürmüşdülər. Son 10 gündə su da verməmişdilər içməyə. Onunla birlikdə girovluqda qalmış Afət adlı kəndçimiz var. Balaca uşaq idi, o vaxtlar 5 yaşı olardı. Deyirdi “Məhəmməd baba (Şərqiyyənin atası) acından ölməyim deyə salındığımız tövlədən axurun içindən buğda, yarpaq tapıb verirdi mənə yeməyə”. Şahidlər danışırlar ki, Valeh adlı gitara çalan oğlanın dırnaqlarını kəlbətinlə çıxarıb, barmaqlarını qırıblar ki. sən musiqi çalıb, insanları əyləndirmisən. Atamın bədəni döyülməkdən gömgöy idi. Döyüləndə səsi çıxmırmış. Eləcə özü ilə bərabər girov düşmüş uşaqları qoruyurmuş. Rəhmətlik el ağsaqqalı idi. Kəndin mollası idi. 20 yanvar hadisələri olanda atam həyətimizdə ölənlərə matəm çadırı qurdu, ehsan verdi. Kimi dindirsən rəhmətlə anır onu. Hərə ölənlərini bir yerdə basdırdı. Biz Ağdamın Xındırıstan kəndində dəfn elədik”,- deyir və giley güzarını da gizlətmir.

“Ölənlərə şəhid adı verdilər, amma məzarlarına şəhidə edilən ehtiramı göstərmədilər. Ağdamın icra başçısına dəfələrlə onların məzarlarının abadlaşdırılması üçün müraciət etsəm də , eşitməyiblər. Özümüz də edə bilərik, söz yox. Amma, biz Xocalıya dünyadan ədalət istəyiriksə, qurbanların xatirəsinə özümüz hörmət edib, sonra dünyadan tələb etməliyik. Onlar bu dövlətin şəhidləri, məsum qurbanlarıdırlar. Yer üzündə cəhənnəmi yaşadıq biz o gün. Allah bir daha yaşatmasın”.

Son olaraq çox söz yazmaq olardı, amma heç bir söz o ağrını yaşayanların duyğularını təsvir etməyə yetməz.
Sadəcə unutmayaq, unutmayaq ki, o faciələri yenidən yaşamayaq.
 

# 10746
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar