13 yaşlı şagirdə "Sinəni aç" deyən  DİREKTOR DANIŞDI  -  YENİLƏNİB
08 iyun 2021 17:55 (UTC +04:00)

13 yaşlı şagirdə "Sinəni aç" deyən DİREKTOR DANIŞDI - YENİLƏNİB

“Yayılan məlumatlar şayiədir, böhtandır”.

Bu sözləri Lent.az-a açıqlamasında Ucar rayonunun Pirkənd kənd orta məktəbinin direktoru Tapdıq İsayev deyib. O bildirib ki, ona şər atılıb:

“Mən hazırda işə çıxıram. Uşaq da dərsə gəlir və tədrisini davam etdirir. Hüquq-mühafizə orqanları hazırda məsələni araşdırır. Yəqin ki, yaxında təhqiqat yekunlaşacaq və nəticələri ictimaiyyətə açıqlanacaq”.

Ucar rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov da saytımıza danışıb. O bildirib ki, Pirkənd kənd orta məktəbinin direktoru Tapdıq İsayevlə bağlı təhsil şöbəsinə heç bir müraciət, şikayət daxil olmayıb:

“Bugünədək də direktor barəsində hər hansı bir tənbeh tədbiri görülməyib”.

Pirkənd kənd sakinlərinin bir neçəsi ilə də əlaqə saxlamağa çalışdıq. Onların verdiyi məlumatlara görə, kənd sakinləri direktorun fəaliyyətindən narazıdır.

Hətta onlardan bəziləri iddia edib ki, direktor bundan qabaq da başqa bir məktəbli qıza eyni hərəkətləri etməyə çalışıb.

***

11:49

Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq təklif etməsi iddia edilib.

Lent.az xəbər verir ki, iddia ilə rayonun Pirkənd kənd orta məktəbinin 8-ci sinif şagirdi, 2007-ci il təvəllüdlü N.H-nın atası, üçüncü qrup gözdən əlil Elmin Həşimov çıxış edib. O bildirib ki, məktəbin direktoru 60 yaşlı Tapdıq İsayev qızını öz otağına çağırıb:

“Birinci dəfə qızımı tənəffüsdə otağına çağırıb, getməyib. Sonra dərs vaxtı adam göndərib ki, qızım otağına getsin. Qızım otağına gedəndə isə deyib ki, sənin atan səni oxutdurmayacaq. Mən səni oxutduracam, qiymətlərinin yazılmasına kömək edəcəm. Sonra da onun sinəsinə baxıb və deyib ki, sinəni aç. Qızım qorxub, otağından çıxıb. Olanları da ağlaya-ağlaya anasına danışıb. Məndən gizlədib ki, birdən gedib direktoru öldürərəm”.

III qrup gözdən əlil Elmin Həşimov, məktəb direktoru Tapdıq İsayev

Azyaşlının atası qeyd edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları, prokurorluğa şikayət edib:

“Qızımdan da bununla bağlı izahatlar alınıb”.

Mövzu ilə bağlı sorğumuza cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hazırda polis idarəsində və prokurorluqda araşdırma aparılır:

“Bir şəxsin cinayəti sübut olunmayıbsa, araşdırılma aparılırsa, onunla bağlı hər hansısa bir addım atmaq olmur. Qərara uyğun olaraq Təhsil Nazirliyi tərəfindən adekvat addım atılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13813

Oxşar yazılar