13 il əsirlikdə, Allahı salamlayan quşlar, 19 il sonra "Torqovı"da qəfil görüş... – Səbuhi Məmmədli yazır
09 iyun 2020 17:26 (UTC +04:00)

13 il əsirlikdə, Allahı salamlayan quşlar, 19 il sonra "Torqovı"da qəfil görüş... – Səbuhi Məmmədli yazır

Deyilənə görə, uzun müddət ona ad qoya bilməyiblər. Atası Həsən hətta Nikita adını belə qoymaq istəyirmiş. 60-cı il idi axı. Xruşşovun qılıncının dalının da, qabağının da kəsən vaxtı. Amma araya Səttar girib. Hə, dahi Səttar Bəhlulzadə. Bir də Mikayıl Rzaquluzadə. Kiçik bir məclis imiş. Səttarla Mikayıl kimi rəssam olan Həsən dostlarını evinə dəvət edibmiş. Yenə təzə doğulan uşağın ad məsələsi ortaya çıxır. Nə olur, nə fikirləşirsə Səttar dik yerindən atılır: “Adını Ucal qoyuruq”. Və heç kim bu ada qarşı çıxmır. Beləcə, Azərbaycanını ilk Ucalı, daha doğrusu adı yaranır. Çox yox, 20 il keçəcəkdi, onun adının bütün SSRİ eşidəcəkdi.


***

 

Hə, 1960-cı ilin bu günü Bakıda anadan olmuşdu. Rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində. Atası gənc yaşında müharibəyə getmişdi. Özü də rəssam kimi. Amma Sevastopol uğrunda gedən döyüşlərdə əsir düşür. Müharibə bitir, əsirlikdən azad olunur. Amma Bakıya qayıdan kimi yenidən əsirliyə yollanır. Düz bildiniz, onu vətənə xəyanətdə ittiham edirlər. Cəzasını Sibirdə, İnta şəhərində çəkməli olur. Cəzasını çəkib qayıtdıqdan sonra isə onu yenə Bakıda yaşamağa imkan vermirlər. Bu dəfə Ucar rayonuna sürgün edirlər. Bir müddət də Ucardakı məntəqə tipli cəzaçəkmə müəssisəsində qalır. Elə orda, məntəqədə həkim işləyən Vera İvanovna Kalininayla tanış olur, evlənirlər. Bu izdivacdan dörd uşaq dünyaya gəlir: Səid, Aida, Hüseyn və Ucal.


***

 

Ucal 15 yaşında Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində daxil olur. 4 il sonra oranı bitirib Estoniyaya, Tallinə yollanır. Tallində İncəsənət İnstitutuna qəbul olunmaq istəyirmiş. İxtisas imtahanında göy üzü, göy üzündə təsvir olunan bir cüt mələk şəklini çəkir. Müəllimlər dini ideologiyanın olmadığı SSRİ-də Bakıdan gələn 19 yaşlı abituriyentin mələk rəsminə etiraz edirlər. Və o, imtahandan kəsilir. Sonradan Ucal deyəcəkdi: “Mən elə bilirdim Estoniya SSRİ deyil, nə istəsən çəkmək olar”.



Tallindən qayıdan Ucal sənədlərini Azərbaycan Pedaqoji İnstitutuna verib, qəbul olur. Amma burda özünü tapa bilmir. Sadəcə, diplom naminə oxuyur. Atasının emalatxanasına çəkilir, biri-birindən gözəl əsərlər yaradır. Onun yaradıcılığı çoxşaxəliydi; Fransız impressionizmindən primitivizmə, ekspressionizmə qədər. Yaralanmadığı məktəb yox idi. Bir-birindən gözəl tablolar barədə isə tezliklə SSRİ-də yox, bütünü dünyada xəbər tuturlar.

 

Tədricən Sovet İttifaqında keçirilən sərgilərdə iştirak etməyə başlayır. 3 il SSRİ Rəssamlıq Akademiyasının təqaüdçüsü olur. Amma maraqlıdır ki, onu bir də 1997-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzv qəbul edirlər. Buna qədər isə Fransada, Tunisdə , Almaniyada, Avstriyada İstanbulda fərdi sərgiləri keçirilir. Əsərləri ABŞ-dan tutmuş Norveçəcən, Türkiyədən Fransayacan şəxsi kolleksiyaların bəzəyinə çevrilir.

 

Fransa demişkən, bir gün onun emalatxanasına bir fransız gəlir. Əsərlərindən birini bəyənir. Onu 500 dollara alır. Sovet insanı üçün 500 dollar fantastik məbləğ imiş o vaxtlar. Tez evə gəlir, pulu həyat yoldaşı Yelenaya verib, gizlətməsini tapşırır. Ucal qorxurmuş ki, birdən fransız fikrini dəyişib tablonu geri qaytarar.


***

 

Yelena ilə isə o, APİ-də tanış olurlar. Bu tanışlıq uzun müddət sonra evliliyə çevrilir. 1987-ci ildə Yelena Haqverdiyeva soyadını, Ucal isə xristianlığı qəbul edərək, Poytr adını götürür.

 

Pyotr məsələsinə qayıdacağıq. İndilikdə isə bir məqam. Bütün sovet gəncləri kimi Ucal da hərbi xidmətə gedir. Hərbi xidmətini İrkutsk vilayətində çəkir. Onunla bir yerdə xidmətdə olmuş “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan deyir ki, həddindən artıq maraqlı və intellektual bir gənc idi.

 

- 1984-cü ildə Sibirdə tanış olduq. Port-Artur savaşı dövründən qalma məşhur Qırmızı Kazarmada əsgərlik həyatı yaşadıq. Hər dəfə də Fransua Millenin anasının səhərlər oğlunu oyadarkən dediyi sözləri təkrarlayardı: “Qalx, Fransua, quşlar artıq çoxdan Allahı salamlayıb”.

 

Ucalın səsi yaddaşımda bu sözlərlə qaldı. Bir də hər səhər yuxudan duranda “Da zdravstvuet jivopis” deməyi vardı. Əsgərliyini rəssam olaraq başa vurdu. Qələm-kağız əlindən düşməzdi. Ya gündəlik qeydlər yazar, ya da rəsm çəkərdi. Çox vaxt da ney çalan qıvrımsaçlı bir qızın rəsmini. Sənət haqqında, özəlliklə, İntibah dövrü rəssamlığı barədə söhbətlərindən doymazdım.

 

Taleyin işinə bax, Azər bəy Ucalla bir də 19 ildən sonra görüşür. Hə, onda Ucal artıq adını Pyotra dəyişmişdi.

 

- Bir də on doqquz il sonra təsadüfən Bakıda, “Torqovı” küçəsində onu uzaqdan gördüm. Şeirlərindəki obraza bənzəyirdi. Uçulmuş şəhər idi sanki. “Ucal, Ucal” deyə səslədim. Qara, uzun saqqalı onu tanınmaz etsə də, Ucal olduğu dərhal bilinirdi. Dayandı. Arxaya baxdı. Yaxınlaşdım. Tanıdı. Qucaqlaşdıq. Amma bu, artıq mənim tanıdığım Ucal deyildi. Ürəyi ağrıyırdı. “Harda görüşək?" sualıma “Vaxtımın çoxunu kilsədə oluram” - deyə cavab verdi. Heç nə anlamadım. Kilsədə niyə?..”

 

Ucalla görüşmədiyimiz il mən Məkkə ziyarətində olmuşdum, o isə...

 

Bir vaxt rəsm qovluğunu dizinin üstünə qoyub ney çalan qıvrımsaçlı bir qızın şəkillərini çəkən Ucal isə Bakıda Mixail Arxangel kilsəsinin divar freskalarını çəkən pravoslav Pyotra çevrilmişdi... Məncə, rəssam Ucalı xaç suyuna salan elə ilk gənclik illərindən könül verib tapındığı renessans rəssamları oldu.

 

Hə, məhz o rəssamlar. İntibah dövrünün dahiləri. Sonradan oğlu, özü kimi rəssam olan Bütünay deyəcəkdi. Hə, yeri gəlmişkən, Bütünay da Azərbaycanda ilk belə addır.

 

- Atamın yaradıcılığı haqqında hansısa janr çərçivəsində danışmaq çox çətindir. Çünki o, daim axtarışda olub, müxtəlif sahələrlə maraqlanıb, heç vaxt boş dayanmayıb. Atam deyirdi ki, bütün həyatı boyu italyan sənətkarları kimi yaratmaq istəyir. Lakin onun yaratdığı əsərlər Renessans dövrü rəssamlarının deyil, bakılı rəssam Ucal Haqverdiyevin əsərləridir.


***



…Ciddi bir xəstəliyi də yox imiş. Sevimli işiylyə məşğul olar, elə hey, çəkər, çəkərmiş. Həyat yoldaşı Yelena xanımın dediyinə görə, nə vaxt görsən, əlində fırça kətan önündədir. Hər rəsmə ürəyini qoyurmuş. Ürəyinin yağı gedirmiş bir əsəri başa çatdıranacan. Və...

 

Və buna ürək dözməzdi. Və bu ürək vur-tut 44 il dözdü. 2004-cü il dekabrın 18-i isə dayandı. Sonradan onun haqqında deyəcəkdilər: O, mələk ola bilmədi, amma əsil İNSAN idi…

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 78490
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar