O, 27 illik qısa ömrünə dost-tanışının və oğru dünyasının yaddaşında dərin izlər buraxacaq uzun xatirələr sığışdıra bilmişdi. Özündən sonra bir sözü qalmışdı. Əslində elə öz ömrünün ifadə eləmişdi bu fikirlərlə: “Ömrümüzün bəzən elə anları olur ki, uşaqlıq və gənclik illərinə nəzər salmağa ehtiyac duyuruq. Yalnız gənclik illərində təbiət öz yaratdığını tanıdır”. O da gənckən özünü tanıtdı, ad buraxdı getdi Dağlı Cavanşir - Cavan şir.
Lent.az bu dəfə “Onu tanı”da oğru dünyasının adamı, dağlıların yaxşı “cayıl” dediyi Dağlı Cavanşirdən bəhs edəcək.
XX əsrin əvvəllərində Xızı-Bərmək mahalından Bakıya köçüb gələnlər Bakının qərbində, onun yuxarı hissəsində, Çəmbərəkənd ilə Həmşəri palanının arasındakı ərazidə məskunlaşdılar və bu ərazi sonralar “Dağlı məhəlləsi” adlanmağa başladı. Bakıda neft fontanları işə düşdükcə fəhlələrə tələbat yarandığı üçün, Xızı camaatı da işləmək üçün yavaş-yavaş Bakıya axın etdi və beləcə paytaxtda tanınmış dağlılar meydana çıxdılar. Onların böyük hissəsi indiki Hüseyn Cavid prospektində, “Space” telekanalının arxa tərəfində məskunlaşmışdı. 1953-54-ci ildən sonra camaatı oradan indiki Yasamal ərazisinə köçürüblər. Amma “Dağlı məhəlləsi”, “dağlı” adı da onlarla birlikdə Yasamala köç etdi. Oğru dünyasında iz buraxmış Cavanşir də bu məhəllənin yetirməsiydi, ona görə Dağlı Cavanşir adını almışdı.
Dağlı Cavanşirin atası Əmirşah da köçüb gələn xızılılardan biriydi. Kasıblıq zamanlarıydı, məhəllənin sayılı “cayıllarından” biri olsa da, yolu həbsxanalardan keçmişdi. Kiçik xuliqanlıq, oğurluq hadisələrinə görə dəfələrlə qısa müddətli həbs həyatı yaşamışdı. Cavanşir oğru dünyası ilə hələ atası həbsdə olarkən, nənəsi ilə birlikdə ona bağlama apararaq tanış olmuşdu. Öz taleyi də atasınınkından çox fərqlənmədi.
Cavanşir Əmirşah oğlu Ağayev 1967-ci il 18 dekabrda (bəzən 18 noyabr da deyilir) Yasamalda doğulmuşdu. Yeniyetməlik illərində güləşlə məşğul olmuş, hətta “Bakı çempionu” adını da almışdı. Məşqçisi deyirmiş ki, “bu gedişlə Cavanşir tezliklə dünya çempionu da olacaq. O elə Cavan Şirdir, şir kimi döyüşür”. Maraqlıdır ki, uşaq yaşlarından pul oğurlayıb illərlə həbs yatmış Cavanşir həbsdən öncə erməni podpolkovnikin güləşçi oğlunu yıxmaması üçün ona vermək istədiyi 500 manatı rədd edibmiş. Ömrü həbslərdə keçən gənc ömrü boyu məşqçisinin ona hədiyyə etdiyi güləşçi formasını qoruyub saxlamış, ona xüsusi hörmətlə yanaşmışdı.
Yasamalda 21 saylı orta məktəbdə təhsil alsa da yarımçıq buraxmalı olmuşdu. İlk məhkumluq həyatına 11 yaşında başlamışdı.
Cavanşir Ağayev 1978-ci ilin aprel ayında 6 il müddətində azadlıqdan məhrum edilir. Az öncə qeyd etdiyimiz kimi pul oğurladığına görə. Öncə Şuşa həbsxanasına göndərilir. Daha sonra Bakıya, buradan da Qroznıya uşaq islah əmək müəssisəsinə yol salınır. Həbsdən çıxdıqdan az sonra yenidən -1985-ci ildə həbs olunur. Üzərindən Makarov və APS tapançaları tapıldığına görə.
Deyilənə görə, hələ uşaq yaşlarında da həbsxanada qaldırılan qiyamlarda iştirak edib, çox zaman qiyamların təşkilatçısı özü olub.
Dağlı məhəlləsində onun haqqında gəzən əfsanələrə görə, bu məhəllələr yazılmayan qanunlar ilə idarə olunub. “Dağlı məhəlləsi”nin “qanunlar”ını Lotu Cavanşir yazıb.
Lotu adı almaq istəyən pioner, komsomol olmamalı, əsgər getməməli idi. Uşaqlıqdan uşaq kolonundan oğru yolunu keçməliydi. Türmədə növbətçi olmamalı, yer süpürməməli idilər. Həmişə kolon rəhbərliyinə qarşı müqavimət göstərilməli idi ki, kolonda qayda-qanun olsun. Dağlı Cavanşir bütün bu yolları addım-addım keçmişdi.
Deyilənə görə, Dağlı Cavanşirin sağlığında dağlı məhəlləsində bir dənə narkoman yox imiş.
Məhəllədə narkoman, narkotacir görəndə həmin adamı çağırıb yanına başa salarmış. Başa düşməyəni məhəllədən qovarmış. Cavanşirin bir sözü onun ətrafındakılar üçün qanun sayılırmış. Gəzən əfsanələrə görə, yaşadığı məhəllədə bir əxlaqsız qadın varmış. Cavanşir onu yanına çağırıb yaşaması üçün nə qədər pul lazım olduğunu soruşub: “Sənə yaşamaq üçün nə qədər pul lazımdırsa mən verərəm. Ancaq bu yoldan əl çək. Yox əgər əl çəkməyəcəksənsə, ya bu məhəllədən başqa yerə köç, ya da sənin başını öz əllərimlə kəsəcəm” deyib. Həmin qadın tutduğu yoldan əl çəkib, Cavanşir də dediyi kimi ölənə qədər hər ay ona maddi yardım edib.
Cavanşir 25 yaşında “qanuni oğru” adını almışdı. Deyilənə görə, həm həbsdə, həm azadlıqda olanda Rusiyadan, Dağıstandan tanınmış lotular onun görüşünə gəlir, dəstək göstərirmişlər. Yaxşı silah atmağı TT Nəriman deyilən oğrudan öyrənmişdi.
O, Lotu Bəxtiyar, Masallı Mamed, Sabirabadlı Hikmət, Söhbət Vasmoyski, İkram və s. adlı oğrularla dostluq edib. 1992-93-cü illərdə Cavanşirin nüfuzu çox artmışdı. O toy etmək istəyən və imkanı olmayan cavanlara maddi yardım edirmiş.
Ömrünün son illərində SSRİ-də qəbul edilmiş avtoritetlərdən biri idi. 1992-93-cü illərdə Şimaldan Azərbaycana gətirilən taxıl qatarlarının qarşısını çeçenlər kəsərkən qatarın ölkəmizə buraxılmasında onun da xidmətlərinin olduğu deyilir. Dağlı Cavanşir Lotu Bəxtiyarla birlikdə danışıqlara gedir və taxıl yüklü qatarlar çeçenlərin əlindən alınıb, yollar açılır.
Lotu Cavanşir bir gün toya gedib. Toyda yaşlı qanuni oğrulardan biri deyib ki, Cavanşirin 27 yaşı var. O nə qanır “zakon” nədir, “vor” nədir, hələ “uşaqdır”. Cavanşir də bunu eşidib, sözləri çəpləşib və həmin adamı güllələyib. Ondan sonra Cavanşiri yenə tutublar. 2 il həbs yatdıqdan sonra qaçmağı bacarıb. 1995-ci ilin mart ayının 22-də öz məhəlləsində o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə atışmada güllə yarası alaraq həyata vida edib. Ona silahı yerə qoyub təslim olmaq təklif olunsa da, ölümü seçib, sona qədər təslim olmayacağını bildirib. Deyilənə görə, məhz Cavanşirin ölüm gününə görə bir neçə il Dağlı Məhəlləsində Novruz bayramı qeyd edilməyib. Hazırda məzarı "Qurd qapısı” məzarlığındadır. Ömrü boyu ədalət axtarışında olub, onu tapa bilməyən, özü nizam qurmağa çalışan bu asi gəncin sərt baxışları hələ də fani dünyadan ədalət soraqlayır.