General Vlasovu tutan azərbaycanlı əsgər fəlakət içində yaşayır... - REPORTAJ
23 sentyabr 2011 13:39 (UTC +04:00)

General Vlasovu tutan azərbaycanlı əsgər fəlakət içində yaşayır... - REPORTAJ

Vəliyevlər ailəsinin peşə məktəbində sığındığı otağın həcmi 12 kvadrat metrdən də azdır. Və bu kisik otaqda… 5 nəfər yaşayır. Evdəki məişət əşyalarını, stol və stulları da nəzərə alsaq, hər bir ailə üzvünə bu otaqda bir kvadrat metrdən bir az artıq yer düşür. Və düz 18 ildir ki, belədir. Bu vəziyyətdə yaşayır Vəliyevlər…

Vəliyevlər Zəngilandan məcburi köçkün düşüblər. 1993-cü ildə Zəngilan ermənilər tərəfindən işğal olunduqdan sonra ailə Bakıya sığınıb. Ailənin başçısı Cəmil Vəliyev Böyük Vətən müharibəsi iştirakçısıdır. Deyir, Berlinə kimi gedib çıxmışam.

«66 ildir müharibə qurtarıb, amma mənim yaralarım hələ də məni göynədir. Mən bu yaraların ağrısına dözəcəm də. Necə ki, dözmüşəm. Amma 18 ildir, bu dar otaqda yaşamağa daha dözə bilmirəm. Hara müraciət edəcəyimi də bilmirəm. Rayonun bütün əlaqədar təşkilatlarına nə qədər müraciət etmək olar? Mən onlardan bircə sot torpaq istəyirəm, başımın üstündə bir dam olsun» - deyib, kövrəlir ağsaqqal kişi.

Cəmil kişi deyir ki, Leninqrad cəbhəsindən Berlinə kimi gedib çıxıb. Leninqrad cəbhəsində vuruşanda dili bilmədikləri üçün ruslar onları incidirmişlər. «Mən, şəxsən özüm Bağırova teleqram vurdum, dərhal da cavab gəldi. Xüsusi komissiya gəlib araşdırdı. Bütün günahkarlar cəzalandırıldılar. Bura da komissiya gəlib. Baxıb gediblər. Heç baxmağa ehtiyac da yoxdur. Özün görürsən də bala, bir əlçim yerdir. (Durub otaqda var-gəl edir - S.M) Sən də mənim oğlum. Təsəvvür eləyin, oğlum, gəlinim gecə büzüşüb yatırlar. Çünki rahat uzanmaq mümkün deyil. Yer yoxdur. Mən özüm ümumiyyətlə yatanda soyunmuram. Evdə gəlin var axı... Şalvarı, köynəyi nə qədər çıxarmamaq olar. Şalvar əynimi yara edib, vallah».

Vəliyevlərin vəziyyəti sözün həqiqi mənasında dəhşətdir. Təsəvvür edin ki, yataqxanadakı mətbəx belə yaşayış yerinə çevrilib. Ona görə də, 12 kvadratmetrlik otağın 1 kvadratmetrindən Vəliyevlər həm də mətbəx kimi istifadə edirlər.

Evin gəlini deyir ki, yataqxanada bircə ayaqyolu var. Heç hamam da yoxdur. Su qızdırıb, növbə ilə evdə çimirlər.

«Qaynatam yaşlı adamdır, xəstədir. Gündüzlər yatır. Mən də məcburam uşaqları götürüb həyətə aparım ki, onun yatmağına mane olmasınlar. Yay-qış belədir. Kişi yuxudan durmayınca gərək həyətdə gəzişək. Müharibə veteranı kimi ona maşın, torpaq sahəsi düşür. Amma heç birini vermirlər. Bircə 9 May günü yadlarına düşür. Bu şəraitdə yaşamağa artıq dözmək mümkün deyil. Nə edəcəyimizi də bilmirik. Bizə dedilər ki, veteran kimi qayınatama 10 sot torpaq sahəsi düşür. 10 sot istəmirik, bircə sot versinlər özümüzə bir daxma tikək».

Cəmil kişiin oğlu Tələt deyir ki, gecələr, xüsusi ilə də qışda evə siçovullar soxulur. «Uşaqları, elə özümüzü də dişləyəcəklərindən narahatıq. Ən dəhşətli vəziyyətimiz isə yayda olur. Atama görə, hamımız paltarda yatmalı oluruq. Elə atam da bizə görə. Günlərlə su gəlmir, tualet üfunət iyi verir. Antisanitariya baş alıb gedir. “Qaçqınkom”a da müraciət etmişik, yenə dərdimizə əlac edən yoxdur».

Cəmil kişi deyir ki, burda yaşadıqları neçə müddətdə evə qonaq da çağırmağa utanırlar. «Cəmi iki stulumuz var. Olsa da qoymağa yer yoxdur. Qonağı harda oturdacağıq?»

Ailədə işləyən təkcə Tələtdir. Bir də Cəmil kişinin təqaüdünün ümidinədilər. Amma nikbindirlər. Deyirlər, çox yox, bircə sot torpaq olsa, borc-xərc bir daxma tikib, bu cəhənnəm əzabından qurtularlar.

«Oğlum, mən elə belə adam deyiləm. O, xain general Vlasov vardı ha, almanların tərəfinə keçmişdi. Onu arvad paltarında qaçanda tutan sovet əsgərlərindən biri də mənəm. Mən bu cür döyüş yolu keçmişəm. İndi gör, nə vəziyyətdə yaşayıram» - yenə kövrəlir Cəmil kişi.

***

Bizim isə onu sakitləşdiməkdən başqa əlacımız qalmır. Bir qədər oturub təskinlik veririk, bu ailəyə. Oğlu Tələt bir qədər utancaqlıqla kişinin yatmaq istədiyinə işarə vurur. Balaca komanı tərk edirik. Tələt uşaqları da götürüb, mənimlə aşağı düşür. Deyir, bir də saat 9-10-da geri qayıdacaq. Çünki atası bu vaxtacan yatır, gərək səs-küy olmaya…

Ayrılanda «Sizcə, yazsanız, kömək edərlər?» deyə məndən soruşur. Ümid verməkdən başqa əlacım yoxdur. Həm sonda ölən ümidlərdir…

Təki ümidlər üzülməsin…

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194

Oxşar yazılar