Mediamız, Mətbuat Şurası və özünü tapa bilməmək sindromu
01 sentyabr 2011 16:47 (UTC +04:00)

Mediamız, Mətbuat Şurası və özünü tapa bilməmək sindromu

Jurnalist Azər Rəşidoğlu deyir ki, barəsində yazılası cansıxıcı mövzular var və Mətbuat Şurasının sədri haqqında söz demək də həmin mövzulardandır. Amma cansıxıcı kimi qələmə verdiyi mətləbə, maşallah, əməlli-başlı köklənmişdi...

Azər bəyin söylədiyinin əksinə olaraq düşünürəm ki, Amaşovdan yazmaq çox rahatdır. Jurnalistlərin onun iş otağına daxil olmaları, söhbətləşmələri, dərdlərini bölüşmələri, hərdən ərkyana kabinetdən çıxmayaraq üzləşdiyi konkret çətinliyin yerindəcə həllini gözləmələrində də hansısa sədd yox, məntiq var. Əlbəttə, belə adam haqqında tənqidi yazmaq cansıxıcı görünə bilər. Zənnimcə, Azər Rəşidoğlunun müqəddəs Ramazan bayramı öncəsi “Bizim yol” qəzetində gedən «Amaşov sindromu» yazısı da məhz mövcud mənada fərqlənib. Burada müəllifin adını çəkdiyi Əziz Nesinliyə xüsusi ehtiyac duyulmur. Həm də ona görə ki, sonradan bəzi həmkarları Amaşova «təşəkkürlərini» bildiriblər. Hamısını görüb, amma ya həvəssizlikdən, ya da belələrini anlamaq istəyindən reaksiya verməyib. Tam səmimiyyətimlə deyirəm ki, bu yazı da reaksiya deyil. Yəni, Azər bəy səbəb yox, əslində bəhanədir.

Barəmdə tənqid bölüşdüklərini iddia edənlərin hamısının müstəqil, sözü sayılıb-seçilən fiqur olduqlarını düşünsəm, çox güman, bu yazını qələmə almazdım. Obyektivliyi nə qədər qorumasalar da, Azər bəy və onun kimilərini haqqımda ağızlarına gələnləri danışanlar sırasında görməmişəm. Onlar birincilərlə müqayisədə təkcə Əziz Nesindən deyil, başqalarından də nələrisə oxuyublar. Bu səbəbdən dedikləri barədə müəyyən qeydlər bildirməyi zəruri sayıram. Düşünürəm ki, yazım gələcəkdə Azər Rəşidoğlu olmağı planlaşdıranlar və potensial Azər Rəşidoğlular üçün əhəmiyyət daşıyacaq. Ən azından belələrinin nə vaxtsa bəhanədən səbəb səviyyəsinə yüksəlmələrində az rol oynamayacaq.

Belə anladım ki, sindromun meydana çıxmasına səbəb guya həmkar təəssübkeşliyidir. Konkret olaraq yazıda Azərbaycan Respublikasının Baş Prokurorluğunun «Gündəm xəbər» qəzetinin təsisçisi barədə məlum açıqlaması və həmin məlumatda Mətbuat Şurasının adının vurğulanmasına diqqət çəkilib. Müəyyən məsələlərə münasibətdə nə qədər qeyri-obyektivliyini görsəm də, müəllifin müxalifətçiliyini sözügedən mətbu orqanın səhifələrindəki «müxalifətçiliklə» eyni tutmuram. Bir vaxtlar Azər Rəşidoğlunun jurnalist həmkarı ilə birləşərək mənə qarşı cəbhə açdığı anlarda da, indi də eyni fikirdəyəm ki, bu adamların tənqidləri Şuranın işinin qurulmasına müsbət təsirini göstərib. Lakin görürəm, zaman keçdikcə tənqidlərin mövzusu dəyişməyib. Belə nəticəyə gəlirəm ki, tənqidçilərin özündə də inkişaf getməyib. Sanki onlar çoxdandır yatıblarmış, ayılmaları 2011-ci ildə baş verib. Təbii ki, Azərbaycan mətbuatındakı inkişafı görə bilməzlər.

Amma inkişaf var. Bununla bağlı son illərdə nəzərə çarpan göstəriciləri vurğulamaq istəməzdim. Ölkənin jurnalist ictimaiyyətinə hər şey yaxşı məlumdur. Mediamızın Mətbuat Şurası tərəfindən daim qabardılan problemləri və qurumun onların aradan qaldırılması istiqamətindəki fəaliyyəti də göz önündədir. Şura işini təkcə «reket jurnalistika»ya qarşı mübarizə ilə məhdudlaşdırmayıb. «Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» kimi vacib sənədin hazırlanmasında aktiv iştirak edib. Konsepsiyanın yekun mətnində qurumun təklifləri demək olar, tam nəzərə alınıb. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasına töhfəsini verib. Bir neçə ay öncə isə ATƏT-in Bakı ofisi ilə birgə layihəsi çərçivəsində diffamasiya ilə əlaqədar qanun layihəsini hazırlayaraq ölkə parlamentinə təqdim edib. Elə həmin layihə çərçivəsində Azər Rəşidoğlu kimi jurnalistlərin yaradıcılıq imkanlarının genişlənməsi üçün peşə davranışı qaydalarının yeni, daha təkmil variantını hazırlayıb. Bütün bunlarda başlıca amil kimi media ictimaiyyətinin, nüfuzlu beynəlxalq ekspertlərin rəyi əsas götürülüb.

Əslində görülən işlər media sahəsində başlanılmış böyük prosesin tərkib hissəsi olub və həmin proses hələ yekunlaşmayıb. Jurnalistlərin hüquqlarının qorunmasına gəldikdə isə, onu deyim ki, MŞ yarandığı gündən müxtəlif cinahların bununla bağlı tənqidlərinə rast gəlib. İndinin özündə də hərə məsələyə öz mövqe və mənafeyindən çıxış edərək münasibət bildirir. Əlbəttə, media ilə bağlı hadisə və proseslərin mərkəzində dayandığımızdan heç vaxt bildirməmişik ki, Şuranın missiyası şikayət və müraciətlərin araşdırılmasından, müvafiq qərar və rəylərin çıxarılmasından ibarətdir. Qələm sahiblərinin hüquqlarına dair məqamlara kifayət qədər həssas reaksiya vermişik. Əmin edirəm ki, mövcud istiqamətdə heç bir birbaşa aidiyyatı jurnalist qurumunun, insan hüquqları təşkilatının edə, etmək üçün yaxın düşə bilməyəcəyi mümkün olan bütün səmərəli işləri görmüşük. Konkret nəticələrimiz də olub.

Ancaq Şura medianı məşhur «Uoterqeyt» böhranı kimi hadisələrin episentrində duracaq gücə sahib mövqedə görmək istəsə də, mahiyyətinin yalnız elə tipli proseslərdə iştirakla məhdudlaşmasının əleyhinədir. Jurnalistikamızın öz tarixi ənənələri var. O ənənələrin bərpasını daha vacib sayırıq və bir daha vurğulayım ki, niyyətimiz mövcud amala sədaqət ruhundadır. Onu da qəbul edirəm ki, istəklərimiz tam mənada reallaşmayınca, çoxları tənqid hədəflərini Riçard Niksona bənzətməkdə, yeni “böhranlar” axtarmaqda davam edəcəklər.

Ölkədə Mətbuat Şurasının məqsəd və məramını anlamayan, hansı tipli KİV-lərə qarşı mübarizə apardığını dərk etməyən çox az adam qalıb. Qurumun hadisə və proseslərdə tutduğu mövqenin heç vaxt hansısa siyasi düşüncələri reallaşdırmaq istəyənlər üçün istinadgah ola bilməyəcəyini əksəriyyət qəbul edib. Kimsə qəbul etmirsə, onun nələri qəbul etdiyi, hansı məqsədlər üçün meydana atıldığı, hərəkət və davranışlarının nə dərəcədə səmimi xarakter daşıdığı da hamıya bəllidir. Bu mənada “Gündəm xəbər”i sipər seçib müxalifət mətbuatı ilə bağlı təəssübkeşlik cəhdləri primitiv təsir bağışlamaqdadır. Həm də ona görə ki, Şura müxalifət - iqtidar mətbuatı anlayışlarını tarixə qovuşdurmaq istiqamətində yetərincə işlər görüb və görməkdədir.

«Reket jurnalistika», «reket nəşrlər» və «reket qəzetlər». Mətləbə təkrar, bir az da əhatəli formada aydınlıq gətirmək istərdim. Bu ifadələr haqqında MŞ-nin ölkə jurnalistlərinin 23 dekabr 2006-cı ildə keçirilmiş IV qurultayının qətnamə tələbinə müvafiq surətdə hazırlanmış, MŞ İdarə Heyətinin 30 yanvar 2007-ci il tarixli iclasında təsdiqlənmiş «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat”ında ərtaflı yazılıb. Deyimlər özlərində hüquqi məna ehtiva etmir. “Reket jurnalistika” ilə mübarizə Azərbaycan mətbuatının saflaşması, təmiz adını özünə qaytarması uğrunda gedən mübarizədir. Sözügedən adlandırmalar isə Şuranın peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyələrə, iradlara məhəl qoymayan və ümumən etik dəyərlərə zidd hallara yol verən KİV-lərə qarşı seçdiyi ictimai məzəmmət və qınaq tədbiridir. MŞ ictimailik faktorunu əsas götürərək, eyni zamanda sözügedən Təlimatın tələblərini rəhbər tutaraq cəmiyyətin müxtəlif üzvlərinin Şuraya şikayətini doğuran KİV materiallarındakı yalnız qanun pozuntularına yol verilməsi ehtimalını «reket nəşr» adlandırılma üçün əsas yaradan səbəb kimi dəyərləndirmir. Nəzərə alınır ki, narazılıq doğuran hər hansı məsələnin qeyri-məqbulluğu ölkə jurnalistlərinin 15 mart 2003-cü ildə keçirilən I qurultayında qəbul edilmiş “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) müvafiq prinsip və bəndlərinə nə dərəcədə ziddir. Peşə prinsiplərinin pozulması halları qanun pozuntusu halları ilə birlikdə baş verirsə, «reket nəşr» adlandırılmada başlıca qiymətləndirmə meyarı kimi AJPDQ götürülür.

MŞ qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mətbuatda hədə-qorxu və şantajla müşaiyyət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi kimi qəbul etdiyindən belə hallarla mübarizədə «reket nəşr» adından istifadəni zəruri sayır və bu zaman konkret KİV-in (qəzet, jurnal və informasiya agentliyinin) müvafiq yazılarında tənqid obyektinə çevrilən şəxsə münasibətdəki forma və metodları əsas götürür.

MŞ “reket nəşr”lərə qarşı ictimai qınaq tədbirlərini gücləndirmək üçün belələrinin adları yer alan “qara siyahı”lar tərtib edir. Siyahılar mütəmadi olaraq yenilənir. Prosedur qaydalara uyğun olaraq baş tutan iclaslarda çıxarılan qərarlar əsasında sənədə yeni KİV-lərin adları əlavə olunur. Həmçinin Təlimatda göstərilən tələblərə sayğılı yanaşanların üzərindən ictimai qınaq götürülür. Bu struktur fəaliyyət sahəsinə anti-demokratik don geydirənlər, hansısa KİV-ə qarşı fərqli münasibətin olduğunu düşünənlər, düşünmək istəyənlər əmin olsunlar ki, “Gündəm xəbər”lə bağlı da eyni prinsipləri rəhbər tutmuşuq. Əslində ona vaxtilə “qara siyahı”ya düşən çox az mətbu orqana göstərilən etimadla yanaşılıb. Lakin nəticə çıxarmadığından qəzetin adı təkrarən “qara siyahı”ya qaytarılıb. Nəşrin yeni şikayətlər doğuran materiallarında fakt kimi təqdim etdiyi məsələlərin araşdırılması üçün müvafiq inzibati orqana – bu halda Baş Prokurorluğa təqdimat ünvanlanıb. Onu da deyim ki, şikayətlərə səbəb KİV materiallarında «reket nəşr» sözünün hüquqi məna daşıdığı hərəkətin nəticəsi olaraq hər hansı cinayət əməlinin mövcud ola biləcəyi ehtimal edilirsə, AJPDQ-nın pozulması hallarının təbiətində hüquqi araşdırma predmetinə çevrilməsi zəruri olan məqamlar yer alırsa, cavabdeh KİV mövcud səpgidə yazdıqlarını ictimailəşdirməsinin vacibliyini həm dərc etdiyi materialda, həm də Mətbuat Şurasındakı müzakirə zamanı əsaslandıra bilmirsə, bu kimi hallar mütəmadi təkrarlanırsa, həmin şikayət doğuran faktlar aidiyyatı orqanlara göndərilir.

«Reket jurnalistika» problemi hər bir halda ölkəmizin media cameəsinə məxsusdur. Nəzərə almaq lazımdır ki, MŞ-yə şikayətlərin demək olar, 60-70 faizi «reket nəşr»lərin təmsilçiləri ilə bağlıdır. Əvvəllər bu rəqəm daha böyük idi. Belələrinin davranışları dəfələrlə isbatlayıb ki, onlara qarşı mübarizə olmasaydı, məsələni tamamilə hüquqi müstəviyə daşımaq zərurəti yaranacaqdı. Ancaq Şura ölkə mediasının mühüm tərkib hissəsidir, qələm sahiblərinin yaratdıqları özünütənzimləmə orqanıdır. Bütövlükdə jurnalistikanın isə cəmiyyətin bəlalarından birinə reaksiya verməmiş qalması yolverilməzdir. Həqiqi media mahiyyət etibarilə naqisliklərlə mübarizə ruhundadırsa, nəyə görə həmin eybəcərliklərin öz adı ilə bağlanan tale yaşantısına tolerant yanaşmalıdır. Axı biz bizdən olmayanları başqalarından daha yaxşı tanıyırıq. Ən azından cəmiyyətə əsl qələm sahiblərinin peşədən sui-istifadəyə yol verənlərdən, şəxsi məqsədlər naminə bəhrələnənlərdən fərqləndikləri mesajını verməliyik. Mətbuat Şurası yarandığı gündən həmin mesajın təsir gücünü artırmaqda, əhatə dairəsini genişləndirməkdədir.

Missiyamız mütərəqqidir və müxtəlif vətəndaş qruplarının, bütövlükdə cəmiyyətin arzulamadığı, ikrahla qarşıladığı və həqiqi jurnalistikaya ləkə gətirən hallara qarşı barışmaz mübarizə ruhundadır. Kimin nə deməsindən asılı olmayaraq bu missiya həyata keçəcək. Qəbul etmək, etməmək hər kəsin öz işidir. Nə vaxtsa tarix özü layiqli işlərin qiymətini verəcək. «Reket jurnalistika» ilə mübarizənin müvəqqəti xarakterliliyinə və tezliklə arxivə qovuşacağına, vaxtımızı və enerjimizi birbaşa ölkə mediası üçün fundamental sayılan işlərin gerçəkləşdirilməsinə yönəldəcəyimizə tam əminəm.

Söhbət ki sindromdan düşüb, sonda onun haqqında bir neçə kəlmə kəsmək istərdim. Azər Rəşidoğlu yazısında Mətbuat Şurasına üzv təşkilatların tərkibi barədə də yanlış fikirlərə, şübhələrə yer verib. Heç də məqsədim o deyil ki, Şuraya ölkənin tanınan, ictimai fikrə təsir göstərən media orqanlarının, jurnalist birliklərinin tam əksəriyyətinin, o cümlədən Azər bəyin bu yaxınlaradək çalışdığı «Zerkalo» qəzetinin üzvlüyünü xatırladım. Nə də demək istəmirəm ki, Amaşov ölkə jurnalistlərinin qurultaylarında həmin tərkibin aşkar, mübahisəsiz, sonuncu ali məclisdə isə yekdil səs çoxluğunu qazanıb. Məqsədim belə demək mümkünsə, çoxluğun əhatəsində olmağın insana verdiyi üstünlüyü vurğulamaqdır. Fikrimi isbatlamaq üçün məhşurlardan birinin təkliklə bağlı kəlamını xatırlatmaq istərdim: özünü tapan adam heç vaxt tək ola bilməz. Azərbaycanın media reallığı bu günün tək qalanlarını əslində tək buraxmır, hər cür şıltaqlıqlarına dözür. Bu, özünəməxsus yaşantıdır. Görünür, bu həm də onların özlərini tapacaqlarına nikbin yanaşmadan, inamdan və ümiddən qaynaqlanır. Başqalarını bilmirəm, ümid sonda ölür.

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar