Bakının yolları boşalır
27 iyul 2011 18:08 (UTC +04:00)

Bakının yolları boşalır

Azərbaycan paytaxtındakı avtomobil yollarında intensivlik kəskin azalıb. Lent.az-ın məlumatına görə, son günlərdə yollarda avtomobillərin xeyli azaldığı müşahidə olunur. Bakı şəhər Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov isə Lent.az-a açıqlamasında bildirib ki, buna səbəb son günlərdə havanın həddindən artıq isti keçməsi və istirahət mövsümünün ən qızğın vaxtının çatmasıdır: “Özüm də şəhərdə nəqliyyatın intensivliyinin nə dərəcədə azaldığını müşahidə etdim. Şəhər yollarında maşınların sayı 30-40 faizədək azalıb”.


İstirahət üçün əlverişli rayonlarında, xüsusilə də şimal və şimal-qərb bölgəsində isə avtomobillərin hərəkətində intensivlik müşahidə olunur. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib ki, istirahət günlərində həmin rayonların yol polisləri gücləndirilmiş iş rejimində işləyir və istirahət mərkəzlərinin ətrafındakı yollarda reydlər keçirir.


Qeyd edək ki, son günlərdə Bakıda nəqliyyatda intensivliyin azalması ilə yanaşı, yol nəqliyyat hadisələrinin sayında da xeyli dərəcədə azalma var. Son iki gündə Bakıda 5 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294

Oxşar yazılar