“Azərbaycanda ən təhlükəli zəlzələ ocağı Şamaxı-İsmayıllı zonasıdır” – MÜSAHİBƏ
21 iyul 2011 13:45 (UTC +04:00)

“Azərbaycanda ən təhlükəli zəlzələ ocağı Şamaxı-İsmayıllı zonasıdır” – MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin APA-ya müsahibəsi

- Hazırda Azərbaycanın seysmik durumunu Rixter şkalası ilə neçə bal qiymətləndirmək olar?

- İlin əvvəlindən Azərbaycanda 1700-dən çox yeraltı təkan baş verib. Onların içərisindən 20-yə qədəri hiss olunan zəlzələlər olub. Bu il ən güclü zəlzələ 4,6 maqnitudada Qəbələdə baş verib. Son vaxtlar hiss olunan ən güclü zəlzələ isə Şəkidə qeydə alınıb. Ümumiyyətlə, Azərbaycandakı seysmik durum fon səviyyəsindədir. Soruşa bilərsiniz ki, elə isə nəyə görə 1700 təkan qeydə alınıb? Hazırda Azərbaycanda seysmik monitorinq sistemi genişləndirilib. Əgər əvvəllər 14 stansiya ilə tədqiqat aparırdıqsa, hazırda 28 seysmik stansiya fəaliyyət göstərir.

- Hazırda ölkədə olan seysmik stansiyaların sayı seysmik prosesləri izləmək üçün yetərlidirmi?

- Bu il Azərbaycanın quru ərazilərində daha 7 seysmik stansiya quraşdırılacaq, bununla da, seysmik stansiyaların sayı 35-ə çatdırılacaq. Naxçıvanda 1 stansiya var, 3-ü də açılacaq. Ağdam, Füzuli, Yardımlı, Beyləqanda da seysmik stansiyalar qurulacaq. Sayın çoxalması o deməkdir ki, Rixter şkalası ilə götürdükdə 0,1 baldan yuxarı olan, yəni yer daxilində gedən xırda bir hadisəni belə izləməyə imkan olacaq. Bunun elmi əsaslarla çox böyük mahiyyəti var. Ötən əsrin 70-80 illərindən 2000-ci ilə qədər biz zəlzələlərin episentrlərini, koordinatlarını müəyyən edəndə, xətalara yol verir, 25-50 km-ə qədər xətalar buraxırdıq. Ancaq hazırda bu proseslər o qədər dəqiqliyi ilə gedir ki, xətalar uzaq başı 5-6 km ola bilər. Zəlzələlərin özünün qırılma bucağı olur. Bu, ən dəqiq tədqiqat deməkdir və gələcəkdə seysmik rayonlaşdırma xəritəsinin yenidən işlənməsi, təhlükəli zonaların müəyyən edilməsi, yerin daxili quruluşunun öyrənilməsi, seysmik dayanıqlıq nöqteyi-nəzərindən tikintilər apararkən ərazinin seysmik bağlılığının daha dəqiq verilməsi üçün böyük əhəmiyyət kəsb edir. Biz təkcə seysmoloji deyil, geofiziki və geokimyəvi tədqiqatlar da aparırıq. Zəlzələ öncəsi həm flüidlərdə, həm geomaqnit sahəsində, həm qravitasiya sahəsində baş verən dəyişiklikləri bir-biri ilə müqayisə və analiz edərək elmi nəticələr alırıq. Bu tədqiqatları bir az da genişləndirmək istəyirik. Bu il Azərbaycanda indiyədək olmayan CPS stansiyaları qurulacaq. Mərkəzin gələcək planlarında bunlar nəzərə alınıb. Bu ildən başlayaraq biz həm də elektrometriya sahəsində işə başlayacağıq. Artıq müqavilələr bağlanılıb və cihazların alınması gözlənilir.

- Bu il ilk dəfə olaraq Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdırılacaq. Bu prosesə hazırlıq necə gedir? İlk stansiyaların dəqiq nə vaxt quraşdırılması gözlənilir? Sualtı stansiyalar Azərbaycanda zəlzələlərin qeydə alınmasında hansı yeniliklər edəcək?

- Xəzər dənizi neft-qaz ehtiyatlarına görə strateji əhəmiyyət kəsb edən ən önəmli hövzədir. İlk dəfə olaraq, bu il Amerikanın “Kinemetrics” şirkəti ilə müqavilə bağlanıb. İlkin ödəniş olunub və stansiyaların yığılmasına başlanılıb. Bunlar çox həssas və bahalı stansiyalardır. Noyabrın axırı, dekabrın əvvəlinədək bu cihazlar hazır olacaq. Xəzərdə öncə 3 sualtı seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Stansiyalar dənizin dibində, ötürücülər isə platformada qurulacaq. Seysmik stansiyalar “Ümid”, “Sahdəniz” və “Günəşli” yataqlarında quraşdırılacaq. Xəzərin dibində seysmik stansiyalar olanda, biz Xəzərin seysmikliyini daha düzgün qiymətləndirmək imkanı əldə edirik. Neftli, qazlı strukturların altında potensial gücə malik zəlzələ ocaqları yerləşir. Abşeronun qorxusu Xəzərdə olan zəlzələ ocaqlarındandır. Zəlzələ ocaqlarının parametrlərini, onların potensial gücünü müəyyən etməkdə bu stansiyaların böyük əhəmiyyəti var. Xəzərin dibindən çoxlu sayda kommunikasiya xətləri keçir. Xəzərin dibinin seysmikliyini bilmədən, bu kommunikasiya xətlərinin qorunmasında ekoloji və iqtisadi cəhətdən ziyan əldə edə bilərik. Platforma xətləri çəkiləndə seysmik bağlılıq müəyyən edilməlidir. Ümumiyyətlə, Xəzərin Azərbaycanın sektorunda, İrandan tutmuş Rusiya ilə sərhədə qədər 10 sualtı seysmik stansiyanın quraşdırılacağı gözlənilir. Məncə, bu, kifayət edər.

- Ümumiyyətlə, Azərbaycan nə qədər zəlzələ ocağı var?

- Azərbaycanda güclü zəlzələ ocağı zonaları Xəzər dənizin cənubu, cənub-şərqi, şimalı, Şamaxı-İsmayıllı, Quba-Qusar, Şəki-Zaqatala-Balakən, Gəncəbasar, Oğuz-Qəbələ, Talış zonası və Naxçıvan zonalarıdır. Ümumiyyətlə, Azərbaycan özü seysmoaktiv bölgədə, Alp-Himalay seysmik qurşağında yerləşir. Tarixən də, indinin özündə də elə gün olmur ki, 5-6 təkan qeydə alınmasın. Ancaq nisbi götürdükdə, ən təhlükəli zona Şamaxı-İsmayıllı zonasıdır.

- Son günlər Azərbaycanın Salyan rayonundan Hacıqabula qədər olan ərazisində baş verən proseslər ciddi narahatlıq yaradır. Həmin ərazidəki yer qatında yaranan çatın orada axır vaxtlar baş verən zəlzələlərlə əlaqəsi hansı dərəcədədir?

- Güclü zəlzələlərin çat əmələ gətirməyi mümkündür. Ancaq həmin ərazidə o gücə malik zəlzələlər olmayıb. Şirvanda baş verən zəlzələləri heç kim hiss eləməyib. Məsələ burasındadır. Bu, zəlzələnin gücündən yaranan çat deyil. Onu dəqiqləşdirməkdən ötrü orada seysmik kəşfiyyat işləri aparmaq, çatın haradan gəldiyinin dərinliyini öyrənmək lazımdır. Haradan gəlir, necə gəlir, bəlkə orada blokların hərəkətidir, bəlkə orada çökmə gedir? Güclü zəlzələ baş verəndə asfaltı yarır, yolları dağıdır. Oradakılar zəif təkanlardır. Bu, hər yerdə var. Əvvəllər biz belə zəlzələləri vermirdik. Sovet vaxtında belə qərar qəbul olunmuşdu ki, 4 baldan yuxarı olan zəlzələlərlə bağlı informasiyalar verilsin. Bizim də üzvü olduğumuz Avropa Seysmologiya Cəmiyyətində isə belə qərara gəlinib ki, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlərin hamısı ilə bağlı məlumat verilsin. Biz də məcburuq ki, hiss olunmayan təkanlarla bağlı da informasiya verək.

- AMEA-nın Kibernetika İnstitutu zəlzələləri qabaqcadan proqnozlaşdıran yeni stansiyalar quraşdırıb. Ölkənin baş seysmoloqu kimi, necə fikirləşirsiniz, zəlzələləri qabaqcadan proqnozlaşdırmaq mümkündürmü?

- Akademik Telman Əliyev bu sahədə işlərə başlayıb. Allah işini avand etsin. Amma mən bir şey deyim ki, zəlzələnin proqnozu dünya seymoloqları qarşısında ön planda olan böyük problemdir. Hələ bir yapon alimi deyib ki, zəlzələnin proqnozu nə qədər çətindirsə, onu əhaliyə çatdırmaq ondan daha dəhşətlidir. Qısa müddətli proqnoz nə deməkdir? Zəlzələnin yeri, gücü və vaxtı dəqiq olmalıdır. Bunu nəyə görə deyirlər? Əhalinin evakuasiyası, infrastrukturun qorunması və s. məsələlər həll olunsun. Kim istəyirsə, mənə irad tutsun, amma bunu demək qeyri-mümkündür. Yoxdur hələ elə bir şey. Mənim Telman müəllimə böyük hörmətim var, Allah eləsin, onun işlərinin nəticəsi olsun. Amma zəlzələ olandan sonra çoxları deyir, mən bunu belə demişdim. Bu yaxında yapon alimləri Azərbaycana gəlmişdi, gələn həftə də gələcəklər. Bizim işlərlə tanış oldular və yazırlar ki, MDB ölkələri arasında, ümumiyyətlə, Yaxın Şərqdə Azərbaycan seysmologiya sahəsində çox irəli gedib. Amma zəlzələnin qabaqcadan dəqiq proqnozunu vermək çox çətin məsələdir. Zəlzələnin öncə xəbər verici əlamətlərini, geofizikada, geokimyada, seysmologiyada təyin etmək olur, amma dəqiq yerini demək qeyri-mümkündür. 2000-ci il zəlzələsinin olacağını həmin il aprelin 27-də demişdik və bununla bağlı məktub göndərmişdik ki, güclü aktivlik gedir, Xəzərdə maqnitudası 5-dən yuxarı zəlzələ gözlənilir. Neçə dəfə bizi çağırdılar. Dedik, vallah, gözləməyinə gözləyirik, amma vaxtını dəqiq deyə bilmərik. Zəlzələ noyabrın 25-də oldu. Biz onu bilirdik, gözləyirdik. Aprel ayında qəzetlərə müsahibə versəydik ki, zəlzələ olacaq, 3-4 milyonluq Bakının əhalisinin vəziyyəti necə olardı?

- Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi reallığa uyğun deyil. Bu xəritədəki təhriflərin aradan qaldırılması üçün konkret hansı işlər görülür?

- Bəli, o xəritə bu günün tələblərinə cavab vermir. Çünki o xəritə 1979-cu ildə tərtib olunub. Sonradan 1989-cu ildə yenilənib, 1991-ci ildə Spitak zəlzələsindən sonra isə bir bal artırılıb. Spitak SSRİ vaxtında 7 ballıq zona kimi göstərilmişdi, 9 bal gücündə təkan oldu. Onda avtomatik olaraq harada 7 bal zəlzələ zonası var idisə, 8 bal, harada 8 bal idi, 9 bal elədilər. Ancaq 9 bal olan zonalar elə 9 bal kimi də qaldı. O vaxt bu xəritə tərtib olunanda bu cür texnika və stansiyalar yox idi, bu cür dəqiqliklə tədqiqatlar aparılmırdı. O zamanın tələbinə görə bu xəritə kifayət idi. Amma indi texnologiya və elm inkişaf edir. İndi bizim telemetrik stansiyalara dünyanın harasında baş verməsindən asılı olmayaraq saniyəbəsaniyə dalğalar ötürülür. Buna görə zərurət yaranıb ki, Azərbaycanın seysmik rayonlaşdırma xəritəsi yenidən işlənilsin. Bu xəritə üzərində məsləhətləşmələr gedir. Tək RSXM deyil, Geologiya İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallarda Nazirliyində aparılan tədqiqatlardan istifadə olunur. Azərbaycanın yeni seysmik rayonlaşdırma xəritə işlənilməlidir. Bu, asan və bir ilin işi deyil. Çünki xəritəni tərtib etmək üçün əlavə tədqiqatlar aparılmalıdır. Yeni, müvəqqəti stansiyalar qurulmalıdır. Tək seysmik deyil, geofiziki stansiyaların da məlumatları lazımdır. Ümidvaram ki, biz bu xəritəni işləyib, hazırlaya biləcəyik.

- İlk dəfə olaraq Azərbaycanda 10 ballıq seysmik zonalar müəyyənləşdirilib...

- Məsələ burasındadır ki, həmin xəritədə 9 bal göstərilən zonaların içərində 10 ballıq zonalar da var. Bakının özü seysmik rayonlaşdırma xəritəsində 8 ballıq zona kimi verilib. Amma tikinti üçün ayrı-ayrı zonaların tədqiqatını aparanda, görürük ki, Bakıda 9 ballıq zona da var. Elə ərazilər var ki, orada tikilən binanın bir hissəsi 9, o birisi hissəsi 8 ballıq zəlzələ zonasına düşür. Bu yerin geoloji quruluşunun mürəkkəbliyindən, qrunt sularının səviyyəsindən, layların yatımından, onların növlərindən, fiziki, mexaniki xüsusiyyətindən çox asılıdır. Dalğa sürəti qruntlarda öz sürətini dəyişir, nə qədər sürət az olarsa, o ərazidə hiss olunan ballıq daha yüksək olur.

- RSXM Azərbaycanda ən güclü zəlzələlərin ola biləcəyi ehtimal olunan rayonların adlarını açıqlayıb. Həmin rayonlar belə zəlzələlərə nə dərəcədə hazırdır?

- Fövqəladə Hallar Nazirliyində Tikintiyə Nəzarət Dövlət Agentliyi var. Normativlərə uyğun olanda tikintinin aparılmasına icazə verirlər. Sonda FHN və Dövlət Komissiyası tərəfindən sementin markası, armaturun en kəsiyi, fundamentin necə qoyulması araşdırılır. Layihələndirmədən öncə bizim tərəfimizdən həmin ərazi üçün maksimal seymik ballıq verilir. Ona uyğun olaraq, orada işlənilən inşaat materiallarının hansı növdə və necə istifadə olunması dəqiqləşdirilir. Yəni sabah ərazidə 8 ballıq zəlzələ olanda həmin bina buna dözsün. Belə qəbul olunub ki, əgər ərazi 8 ballıqdırsa, gərək hesablamalar 9 bala uyğun aparılsın ki, zəlzələ olan bina öz dayanıqlığını saxlaya bilsin. Bizə 2000-ci il zəlzələsi bir dərs verdi. O zaman belə intensiv tikinti də getmirdi. Son 5-6 ildə Bakı və Bakı ətrafı ərazilərdə nə qədər binalar tikilib. Mən hesab etmirəm ki, buna göz yumurlar. Sabah fəlakət baş versə, zəlzələ olsa, nə ola bilər? O baxımdan bunlar hamısı yoxlanılır.

- Ümumiyyətlə, Azərbaycandakı tikililəri zəlzələlərə hazırlamaq baxımından hansı təklifləriniz var? Xüsusən yeni tikilən hündür mərtəbəli binaların zəlzələyə davamlılığı ilə bağlı narahatlıqlar mövcuddur. Bu məsələlərə nəzarət olunurmu və nəticələr nədən ibarətdir? Yeni tikilən binalar neçə ballıq təkanlara davamlıdır?

- RSMX-nın belə tikintilərə nəzarət etmək səlahiyyəti yoxdur. Biz yalnız layihələndirmədən əvvəl seysmik ballıq barədə rəy veririk. Ondan sonra onlar layihələndirmə işlərini aparırlar. Bu nəzarəti FHN həyata keçirir. Neçə binanı onlar qəbul etməyiblər. Bizim tikintiyə icazə verib-verməmək səlahiyyətimiz yoxdur. Tikintilər də davamlılıq nöqteyi-nəzərindən bu cür layihələndirilməlidir. Elə işlər olub ki, 9 ballıq zonanı 8 ballıq kimi göstəriblər, FHN bunu yaxına belə buraxmayıb. Hətta sökdürüblər, o ərazidə yenidən işlər aparılıb. Bunlar hamısı yoxlanılır və nəzarətdədir.

- Ümumiyyətlə, Bakının ən aktiv seymik zonası hansı ərazidir?

- Əhalidə təşvişə yaratmaq nəyə lazımdır? Bir dəfə yazmışdılar ki, Bayılda hər dəqiqə zəlzələ təhlükəsi gözlənilir. Dəllallar zəng edib ki, nə qədər adamdan beh götürmüşük. Hamı qaçır, imtina eləyir. İndi mən bu əraziləri deyim, sabah üstümə düşsünlər ki, bu nədir? Ümumiyyətlə təhlükəli zona kimi dəniz qırağı götürülür. Orada qrunt suların səviyyəsi yüksəkdir. Qumlu, gilli, qarışıq süxurlardan ibarətdir. Dənizin içində də bina tikmək olar, amma baxır necə tikirsən. Neft daşları 1949-cu ildə salınıb. Ondan sonra dəfələrlə zəlzələlər olub, amma ona heç nə olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2017

Oxşar yazılar