Arif Əliyev: “Günlərlə ağladım ki, qardaşımın adını Mətanət qoyun” - HEKAYƏT
25 iyun 2011 15:37 (UTC +04:00)

Arif Əliyev: “Günlərlə ağladım ki, qardaşımın adını Mətanət qoyun” - HEKAYƏT

Yarım əsr. Düz, 50 il. Bu yaşı adlamış adamın həyata yeni baxış bucağı formalaşır. İlin-günün sovet vaxtında Moskva Dövlət Universitetində təhsil alıb, uşaqlığında oxumadığı kitab, baxmadığı kino qalmayıb, Avropanın bərkgedən ölkələrini gəzib, Elçibəyin mətbuat katibi olub... Bu adam Azərbaycan jurnalistikasında özünəməxsus yeri, çəkisi olan Arif Əliyevdir.

“Uşaqlığın son gecəsi”nin budəfəki qonağı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir.

…Uşaqlığına aid elə şeylər var ki, deyir, yaddaşından silinib gedib. Ancaq bəzən ani bir vəziyyətdə sanki “dejavu” olur və kiçik bir şey səni uşaqlığa, həmin unudulmuş xatirələrin qoynuna qaytarır, o günləri bir də yada salır. Uşaqlığını indiki uşaqların uşaqlığı ilə müqayisə edir və öz uşaqlığının çox qayğısız keçdiyini deyir. O zaman hamı apolitikmiş - elə indiki kimi - hamı öz qayğısı ilə məşğulmuş - elə indiki kimi - uşaqlıq da qayğısız keçirmiş - indi olmayan kimi. Böyük Arifin dediyinə görə, o vaxtı gələcək daha aydın görsənirmiş kiçik Arif üçün, indi isə daha çətin görür gələcəyi, gələcəyin qarantı olan uşaqlar.

***

…O vaxtı hər şey bəsit, düz xətli idi. İstəyirsən təhsili götür, istəyirsən digər sahəni. Hər kəs eyni məktəbdə, eyni səviyyədə təhsil alır, çox adam eyni tərzdə, eyni qazancla yaşayırdı. O zaman həyat daha asan idi. Çeşidlər az idi. O zaman üçün seçilən ailə olmuşuq. Çox uşaqlı bir nəslin arasında, cəmi 3 uşaqla az uşaqlı ailə kimi. İndinin hesabıyla isə çoxuşaqlı ailədə böyümüşəm.

“Həmişə deyirlər ki, sən öz vətənində sürgündə doğulmusan”


…Qız övlad qismət olmayıb anasına. Anasının gileyli yerlərindən biridir. Yaxınlarda qardaşının qız nəvəsi olana kimi, nəsillərində ancaq oğlan uşaqları olurmuş. Özü 3 qardaşın böyüyü, övladları da 2 oğul payı. Gülərək, maraqlı bir təsadüfi – bəlkə də ənənə - də qeyd edir: həm onunla qardaşlarının, həm də özünün oğlanlarının arasında sistemli olaraq, 4 yaş fərq var. Anası şirniyyat fabrikində, atası sürücü işləyirmiş. Orta səviyyəli bir məhəllənin orta gəlirli ailələrindən birində doğulub, böyüyüb. Ömür boyu da ayrı işlə məşğul olmayıblar.

…Deyərdim ki, o zamanlar heç kim kasıblığı hiss eləmirdi. Hamı üçün ümumi kasıblıq var idi, imkanlar çox məhdud idi. Bəlkə də bu, sistemin özündən gəlirdi. Ancaq deyim ki, ailədə heç vaxt sıxıntı hiss eləməmişəm. Bakıda yaşasaq da, özüm Qazaxda doğulmuşam. Zarafatla həmişə deyirlər ki, sən öz vətənində sürgündə doğulmusan. Mən doğulan ərəfədə atam anamı rayona – Qazaxa göndərib. 6 ay orda yaşamışam, sonra Bakıya qayıtmışıq. Bir ayaq Bakıda, bir ayaq Qazaxda böyüsəm də, hər halda, harda anadan olmusansa, oralısan, mən də Qazaxlıyam.

““Fantomas” təzə çıxan vaxtlarda küçələrdə başıqırxıq formada güllə-güllə oynayardıq”


…Sonradan bütün uşaqlığı elə Bakıda keçib. Tətillərdə Qazaxa getməyini saymasaq. Uşaqlığı çox gözəl, sakit bir məhəllədə keçib. Alman əsirlərinin tikdiyi məhəllələrdən biri olub. 205-ci məhəllə. Əvvəl bunun hərbi düşərgə nömrəsi olduğunu düşünsə də, sonradan öyrənib ki, burada olan transformator stansiyasının nömrəsi imiş. “Sanki buranı Almaniyanın xəritəsindən kəsib, Bakıya yapışdırmısan” – bunu da uşaqlığının keçdiyi məhəlləni təsvir elədiyi hələ çap olunmayan bədii əsərində yazıb. Məhəllələrində kinoteatr da var imiş. Bir seansı da qaçırmazlarmış. Pul nə gəzir? Pulsuz-zadsız. Bir Fedya dayısı var imiş məhəllə uşaqlarının, bütün uşaqlara pulsuz kino göstərərmiş. Kinoteatrın hər şeyi – kinogöstərəni, qarovulçusu, süpürgəçisi – o imiş. Yerə bir kilim sərər, uşaqları dəvət edərmiş. Budur, film başladı. İndi hanı Fedya dayılar ki, uşaqlara pulsuz kino göstərə.

…Bizim oyunlarımız küçələrdə idi. İndi uşaqlar kompüterdə dava-dava oynayırlar, o zaman biz baxdığımız kinoların təsirindən bir həftə çıxmırdıq. “Fantomas” təzə çıxan vaxtlarda bir həftə küçələrdə başıqırxıq formada güllə-güllə oynayardı uşaqlar. Ya da, bir də gördün, mağazalarda qara parça qalmadı. Nədi-nədi, “Zorro”yo baxmışıq. Hamı özünə qara parçadan arxalıq, gözlük düzəldərdi. Oyunlarımız, ünsiyyətimiz virtual olmayıb, təbii olub. Mənə elə gəlir ki, biz uşaqlıqdan daha çox şey öyrənmişik, nəinki indinin uşaqları.

…Birinci sinfə Bakıda 37 nömrəli məktəbdə başlayıb. Xatırlayır ki, ilk dərs günü onu məktəbə anası aparıb. İlk günlə bağlı dumanlı xatirələr arasından başqa da heç nə xatırlamır. Anası ilə bağlı çox qürur və fərəhlə danışır. Hər bir övlad kimi. Deyir, onun tərbiyəsində, həyata baxışının formalaşmasında anasının xüsusi rolu olub. Dəcəl, davakar olmasa da, bəzən davaya düşdüyü, döyüldüyü də olub. Uşaqlıdan haqsızlığa qarşı dözümsüz olub. Deyir, bəlkə də vicdan deyilən şey, elə uşaqlığı daim içində yaşatmaqdır, böyüdün, korlanacaq. Uşaqlıqda ən böyük arzusu tez böyümək, uşaqlığın gətirdiyi məhdudiyyətlərin tezliklə aradan qalxması imiş. Böyüyəndən sonra isə böyüdüyünə peşman olub.

...Nənəm çox məlumatlı qadın idi. Mənə elə gəlirdi, o, hər şeyi bilir. Yadımdadı, bir dəfə demişdi ki, göy qurşağının altından keçənlər tez böyüyür. Belə bir inanc var imiş. Kənddə olanda bir dəfə yağış yağmışdı. Evdən qaçıb getmişdim ki, göy qurşanın altından keçim. Elə bilirdim ki, gedib ona çata biləcəm. Göy qurşağının altından keçib böyümək arzusu ürəyimdə qaldı, az qalsın, həmin günü çaya düşmüşdüm. Ancaq adam böyüyəndən sonra uşaq olmaq istəyir. Böyüyəndə başa düşürsən ki, gücsüzlük hissi heç də uşaqlıqdakından zəif deyil. Uşaqlıqda qarşısında çarəsiz qaldığın problemləri böyüyəndə həll edə biləcəyini zənn edirsən. Ancaq belə olmadığını anlayırsan.

“Qardaşlarımı döyürdüm, evdəkilər küncə qoyurdu, bəzən isə tək ayaq üstə”


…Həddən artıq çox kitab oxuduğunu deyir. Elə indi də az oxumur. Dediyinə görə, 3 mindən çox kitab olan zəngin bir kitabxanası var. Çoxunu da ad günü və digər önəmli günlərdə hədiyyə veriblər. Kitab oxumağın o dövrün ümumi ab-havası olduğu fikrindədir. İki nəfərin oxuduğu yeni kitabı üçüncü nəfər oxumamış olanda, bundan çox böyük utanc keçirərmiş. Deyir, indi internet hər şeyi – oxumağı da, gəzməyi də, oynamağı da - əvəz edir, özündə birləşdirir. Qardaşları ilə həmişə dalaşdığını deyir.

…Amma bir-birimizə çox bağlıydıq, çox istəyirdik. İndi qulaqlarından iraq, hərdən döydüyüm də olurdu (gülür). O vaxtı, biz oynamağa, gəzməyə, kinoya-filana gedəndə, adətən öz yaşıdlarımızla gedirdik. Balaca qardaşlarım da ayaqlarını dirəyirdi ki, bizi də apar. Mən onları aldadırdım, aldada bilməyəndə isə zor tətbiq edirdim. Onlar da gəlib evdə şikayət edirdilər. O qədər olub ki, evdəkilərin acığı soyuyana qədər həyətdə küncdə-bucaqda daldalanmışam. Evdəkilərin də cəzası döymək yox, küncə qoymaqmış. Deyir, xüsusi ağır cəzalar olanda, hətta küncdə tək ayaq üstə belə dayandırırmışlar (bu dəfə ikimiz də gülürük). Ancaq balaca Arif evin küncündə o qədər də çox dayanmayıb.

“İlk yazım çıxan günün səhərisi gəldilər yolumuzun asfaltını düzəltdilər”


…Deyir, evin böyüyü olmaq kiçik olanda səndən balaca qardaşlara, böyüyəndə isə sənə xüsusi üstünlüklər gətirir. Sən balaca qardaşlardan az xərcləməli, hətta bəzən az yeməlisən, ola bilsin ki, o sənin payını yesin. Axı o balacadır, qanmır. Ancaq böyüyəndə sən onlar üçün örnək olursan, onlar sənin kimi olmaq, sənin kimi davranmaq, sənin sözünə qulaq asmaq məcburiyyətində qalır. Arif müəllim deyir ki, böyük qardaş olmağın ən maraqlı tərəflərindən biri də elə budur.

…Uşaqlıqdan jurnalist olmaq istəmişəm. Birinci məqaləm qəzetdə dərc olunanda, cəmi 8 yaşım var idi. O vaxtı “Şinçi” qəzeti var idi – zavod qəzeti idi. Daha sonra isə “Azərbaycan Gəncləri” qəzetində ilk yazım çıxdı. Küçəmizin yollarından yazmışdım. O vaxtı da indiki kimi yolu asfaltlayıb, sonra gəlib qazırdılar. Yazım çıxan günün səhərisi gəldilər yolumuzun asfaltını düzəltdilər. İndi nə qədər yazsan da, heç kimin vecinə deyil. O yazıdan sonra isə bəlkə də mən həyatımın ilk düşmənini qazanmışdım: “JEK” müdirimiz. Həmin hadisədən sonra mənə düşmən kimi baxırdı. Görünür, kimsə həmin yazıya görə onu danlamışdı.

“Elə bil ki, ağ qarğa kimi düşmüşəm nəslimizə”


…İlk yazısı ilə tam hədəfə vurub. Nəticə - yollarını təmir etdirib. 8 yaşlı şagird artıq məktəbi təmsil edir, özü də ölkə səviyyəli qəzetdə. Üstəgəl, məktəblərarası olimpiadalarda uğurlar qazanır. Belə şagirdə məktəbdə güldən ağır söz deyərlərmi? Deməzlər. Elə özü də təsdiqləyir. Dediyinə görə, elə bu səbəblərə görə, məktəbdə müəllimlər bir çox hərəkətlərinə, dəcəlliklərinə göz yumarmış. Dərsdən qaçmaqla arasının yaxşı olduğunu deyir. Qaçıb, futbola gedirmiş. Hətta 1972-76-cı illərdə “Neftçi”nin bazasında futbolla da məşğul olub. Komandanın əvəzedici heyətində oynayıb. Daha sonra valideynlərinin “ya oxumaq, ya futbol” seçimi qarşısında oxumağı seçərək, futboldan uzaqlaşıb. İndi “veteran futbolçu Arif Əliyev” kimi xatırlanmamaqdan o qədər də peşman deyil.

…Nəslimizdə nə mənə qədər, nə də məndən sonra jurnalistika ilə məşğul olan olmayıb. Uşaqlar da başqa sahəyə yönəliblər. Elə bil ki, ağ qarğa kimi düşmüşəm nəslimizə (gülür). Jurnalistikaya necə maraq göstərdiyimi bilmirəm, ancaq belə gətirib. Təəssüf edirəm ki, indi sözün çəkisi o zamanki qədər deyil, söz öz ağırlığını itirib. İndi doğulsaydım, bir də jurnalist olacağımı əminliklə deyə bilmərəm.

…Sinif yoldaşları ilə hələ də görüşürlər. Uşaq vaxtı özünəməxsus eqosu, qüruru olub. Ancaq deyir, eqosu mənfi yüklü olsaydı, uşaqlıq dostları onunla münasibətlərini saxlamaz, uzaqlaşardılar. Deyir, əvvəllər çox böyük eqo sahibi olub, ancaq zamanla bu eqo zəifləyib. “Bəlkə də adam yaşlandıqca, müdrikləşir”. Eqoizmin bir mənasının da özünə qarşı edilən haqsızlıqla mübarizə olduğu fikrindədir. Ancaq indi gənclik və uşaqlıqdakı kimi haqsızlıqlarla mübarizə aparacaq qədər “eqoist” deyil. Müdriklikdən doğan susqunluq daha güc gəlir. “Bəlkə də məsul olduqların çoxaldıqca, eqoizmin doğurduğu etirazın yerini “müdrikliy”in doğurduğu susqunluq alır”, deyir. İndi itirəcəyi şeylər daha çoxdu. Həmin eqoizmi qoruyub, saxlaya bilmədiyi üçün dərin təəssüf hissi keçirir.

“Nə uşaqlıqda, nə də tələbəlikdə “Don Juan” olmamamışam”

...Məktəbin ən populyar şagirdi olmuşam, bəlkə də. Bütün məktəbdə yazan yeganə şagird mən idim. Bu diqqəti özüm də hiss edirdim. Məktəb vaxtı qızların diqqətindən kənarda qaldığıma dair şikayət edə bilmərəm. Ancaq nə uşaqlıqda, nə də tələbəlik dövründə məndə qadınlara qarşı xüsusi bir meyl, “Don Juan”lıq-filan olmayıb. Ola bilsin, bu, məndə daxili utancaqlıqla bağlı idi.


...Amma belə danışmağına aldanmayın. Bağçada belə qız sevən uşaq utancaqmı olar? Xoş təbəssümlə xatırlayır, ortancıl qardaşı anadan olanda evdə günlərlə ağlayıb ki, onun adını Mətanət qoysunlar. Bağçada sevdiyi qızın adını. Anası deyirmiş 4 yaşın olanda özünü ağlayıb, yerə vururdun ki, bunun adını Mətanət qoyun. Çox yaxın dost imiş Mətanətlə. Zaman irəlilədikcə isə artıq Mətanətlər dəyişməyə, bu adı başqa adlar əvəzləməyə başlayıb. Dediyinə görə, həyatında o qədər də çox ad dəyişməsə də, müəyyən vaxtlarda məktublaşmalar, gizli baxışlar olurdu. Deyir, indiki uşaqların, gənclərin hərəkətlərini o zaman etsəydilər, həmin uşaqlara ədəbsiz deyərdilər. Ancaq zamanla hər şey dəyişdiyi üçün bu dəyərlər də adiləşib. Müəllimə gül verməyin rüşvət olub-olmadığı barədə məktəbdə uzun bir müzakirə aparıldığını xatırlayır, sonda isə buna icazə veriblər. Ancaq indi, deyir, uşaq məktəbə ayaq basan kimi müxtəlif formalarda rüşvətlə qarşılaşır.

“O vaxtı uşaqlar Dartanyan kimi söyüşə qarşı həssas idilər”

...Qardaşlarımla eyni məktəbdə oxumuşuq. Mənim qədər çalışqan şagird olmasalar da, ikisi də ali təhsillidirlər. Mənim məktəbdə tanınmağım, onlardan böyük olmağın işlərinə yarayırdı. Hərdən olurdu, davaya da düşürdüm. O vaxtı uşaqlar Dartanyan kimi söyüşə qarşı həssas idilər. Bir də görürdün kimsə, pis bir söyüş söydü, söyülən də öz mənliyini qorumaq üçün dava edirdi. Döymüşəm də, döyülmüşəm də. Sinfimizdə çox güclü bir oğlan var idi. Bir dəfə bunla ciddi bir mübahisəm düşdü. Qorxmadım, getdim bunla davaya. Amma çənəmə necə vurmuşdusa, bir həftə ancaq sup içmişdim (gülür). Ancaq belə vəziyyətlərdə dalaşmasaydın, sabah heç kim sənə hörmət etməzdi.


...Məktəbi “Qızıl medal”la bitirəcəkmiş. Ancaq məqsədli şəkildə cəmi bir fəndən 4 yazıblar ki, “Qızıl medal” almasın. Deyir, o vaxtı da bu məsələlər rüşvətlə həll edilirdi. Maraqlıdır ki, məzun Arifə elə fəndən aşağı qiymət yazıblar ki, o fənni ən yaxşı bilirmiş: Azərbaycan dili. Ancaq sonra qəbul imtahanında bu fəndən 5 alaraq, məktəb rəhbərliyini utandırıb. Sənətlərini əvvəl İncəsənət İnstitutunun rejissorluq fakültəsinə verib. Jurnalistika imtahanlarından bir ay qabaq keçirildiyi üçün bu imtahana girərək, təcrübə qazanmaq istəyib.

“Adil İsgəndərov dedi ki, get evlən, sonra oxuyarsan”

...Rejissorluğun qabiliyyət imtahanında rəhbərlik Adil İsgəndərov oturmuşdu. İmtahana girən ən gənc adam mən idim. Cəmi 17 yaş. Digərləri ya əsgərlikdən gəlmiş, ya 2-3 illik təcrübəsi olmuş şəxslər idi. Adil müəllim mənə dedi ki, get, əvvəl evlən, həyat təcrübəsi qazan, sonra yenidən gəlib imtahan verərsən: “Tutaq ki, qəbul oldun, oxudun, rejissor oldun. 40 illik təcrübəsi olan aktyorlara nə verəcəksən?”.


...Deyir, Adil İsgəndərov ona deyib ki, mənim bir səhvim olub, 17 yaşında evlənmədim, oxudum. Bu söhbətin ardınca Arif heç qabiliyyət imtahanı belə verməyib. Qayıdıb, jurnalistika imtahanına hazırlaşıb. Sonra Moskva Dövlət Universiteti. Bakıda jurnalistikaya qəbul olmağım çətin olduğunu görüb, üz tutub Moskvaya və ilk cəhddən qəbul olaraq, 5 il orada təhsil alıb. Moskvada demokratik mühit Azərbaycan universitetlərinə nisbətən daha çox imiş. Tələbə yoldaşlarının hamısı Rusiyada böyük mətbu orqanlarda rəhbər vəzifələrdədir. Dediyinə görə, elə bu yaxınlarda görüşüblər. Bakıya gəliblərmiş. Ali məktəbi bitirdikdən sonra isə qalıb Moskvada işləmək şansları olsa da, vətən, torpaq həsrəti ağır basıb və Bakıya, o vaxtıki “Azərİnform”, indiki “AzərTAc”a müxbir göndərilib. Zavod və fabriklərin planı artıqlaması ilə doldurduqlarına dair reportajlar hazırlamağa...

Ardını isə özünüz bilirsiniz.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1472

Oxşar yazılar