Usta Hacı: “35 minlik saatı 10 manata düzəltdim, 100 dollar verdi...” - HEKAYƏT
23 iyun 2011 11:59 (UTC +04:00)

Usta Hacı: “35 minlik saatı 10 manata düzəltdim, 100 dollar verdi...” - HEKAYƏT

Artıq nişan verilən yerə çatmışdım. Akademik Rus Dram Teatrının ətrafını bir neçə dəfə o tərəf - bu tərəfə gedib-gəlsəm də gözümə nə saatsaz köşkü, nə də ona oxşar bir şey göründü. Müasir üslubda, yaraşıqlı teatr binası, ona qonşu iri və brend paltar dükanları, xarici adlarla kafelər, əcnəbi dildə iri reklam lövhələri və sair dəbdəbəli obyektlərdən başqa gözə heç nə dəymirdi.

“Axı ola bilməz səhv salım, ünvan necə yazılıb ora da gəlib çıxmışam... Həqiqətən də belə cah-cəlallı yerdə elə saatsaz köşkü necə ola bilər axı?! Bəs onda bu haradadır? haradadır?...” - deyinə-deyinə küçəni ələk-vələk eləyirdim.

Teatrın ətrafına bir neçə dövrə vurduqdan sonra yenə gəlib həmin yerdə dayandım. Elə bu zaman teatr binasının aşağı hissəsindəki qapılardan birindən ardıcıl olaraq bir-iki nəfərin girib-çıxması diqqətimi çəkdi. Yaxınlaşıb, yarımzirzəmiyə enən həmin ensiz qapıdan içəri boylandım. Qapıdan içəri təxminən iki-üç metr ensiz yol gedirdi, yolun sonunda isə zəif işıq gələn hücrədə divar boyu müxtəlif cür saatlar görsənirdi. Tərəddüd eləyə-eləyə içəri keçdim...

- Salam. Usta Hacı sizsiniz?

Sakit, ağır və bir az da ehtiyatlı tərzdə:

- Bəli... mənəm.

Onun barəsində iş yoldaşımdan eşitmişdim. Eşidəndə ki, 30 ildən çoxdur ancaq saat düzəldir, qeyri-adi saatlardan ibarət məkanı var və qeyri-adi əl qabiliyyətlərinə malikdir, qərara almışdım ki, bir ona baş çəkim.

Gözlədiyimin əksinə olaraq, söhbətimiz çox asan alındı. Əvvəlcə məni şübhəli qarşılasa da, iki-üç dəqiqəlik söhbət əsnasında ona kim olduğumu və nə üçün gəldiyimi konkret bildirəndə arxayınlaşdı...

“Dedim, Kamran Bağırovun 70 min dollarlıq saatı itib, tapıb vermək lazımdır”

Elə ilk baxışda hərəkətlərindən, söhbətindən, divar boyu düzülən tanınmış adamlarla çəkdirdiyi xatirə şəkillərindən onun maddi baxımdan imkansız təbəqədən olsa da daxilən kübar olduğu bilinirdi. Məsələn, söhbətimiz zamanı istər əlində düzəltdiyi, istərsə də həmin ərəfədə gəlib-gedən müştərilərin ona düzəltdirdiyi saatların qiymətindən hiss olunurdu ki, lazımı təbəqədə etibar qazanmış ustadır.

Məramımı biləndən sonra onun ilk anda qəribə bir reaksiyası da oldu. Deyir, əvvəllər də gəlib onunla maraqlanıb yazanlar olub, amma sonra “birinin üstünə də beşini qoyub yazdıqları” üçün heç kimə etibar etmir: “Sovet İttifaqı dağılmamışdan bir neçə il əvvəl idi. O vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov yoldaş idi. O, əvvəldən bir nəfərin vasitəsi ilə iş qabiliyyətim haqqında öyrənmişdi, daim öz sevimli saatını mənə düzəltdirirdi. O zaman altında oturduğumuz binanın yanında bir dövlət dükanı vardı, onun içərisində bir otaqda işləyirdim. Artıq Kamran müəllimin hakimiyyətinin sonuna yaxın vaxtlar idi. Necə oldusa, bir gün o vaxt tanınmış qəzetlərin birindən (adını çəkmir) bir müxbir gəlib məni tapdı, dedi ki, bəs zəhmətkeş insanlardan yazır, məndən də yazmaq istəyir. Ordan-burdan, kimlərin saatlarını düzəltməyimdən soruşdu, mən də cavab verdim. Kamran müəllimlə münasibətimdən tutmuş bir-iki dövlət qulluqçusunun şəxsi və ev saatlarını düzəltməyimə qədər buna danışdım. Sabahısı qəzetdə oxudum ki, guya mən demişəm, Kamran Bağırov Amerika istehsalı olan 70 min dollarlıq şəxsi saatını mütəmadi mənə düzəltdirir. Hətta guya mən demişəm ki, Kamran müəllim həmin saatı mənə bağışlamaq istəyib, amma mən götürməmişəm...

Bunu eşidəndə, oğul, çox pis oldum. Bu söhbətin böyüyüb mənə hansısa problem yaradacağından çox, böhtan olması mənə təsir edirdi. Nə isə... özümü ələ alıb, elə həmin gün redaksiyaya zəng edib müxbirə dedim ki, bəs niyə belə yazmısan? Üzümə durdu ki, nə demisən, onu yazmışam. Baxdım, bununla başqa cür danışmaq olmur, dedim Kamran Bağırovun 70 min dollarlıq saatı itib, tapıb vermək lazımdır. Özü də sən burda olanda yoxa çıxıb, gəl tapıb verək. Elə başından qaynar su tökdülər. Uşaq elə bil ayılmışdı, birinci katibin saatının oğurluğunda ittiham olunmasını eşidəndə dəli oldu. Başladı yalvarmağa ki, bəs bir səhvdir ediblər, sabah təkzib verəcəklər. Verdilər də... Ondan sonra mənim jurnalist tayfasından gözüm qırılıb, oğul”.

Usta danışıb qurtarandan sonra araya ani bir sakitlik çökdü. Əslində bu əhvalatdan sonra mənim də deməyə sözüm qalmamışdı. Nədənsə utanırdım.

Lakin Ustanın insan sərrafı olması burda da özünü göstərdi. Yenicə içəri girən müştərini yola saldıqdan sonra ordan-burdan söz salıb, özü haqqında danışmağa başladı...

Dünyada saniyəsi arxaya işləyən yeganə saat Bakıdadır

Fətəliyev Hacı Fətəli oğlu 1955-ci il mart ayının 21-də Bakıda “Qara şəhər” deyilən yerdə anadan olub. Əslən bakılıdır. Ailələri çox kasıb olub. Fəhlə atası işlədiyi zavodun yerini dəyişməsinə görə Sumqayıta köçürlər. Bu vaxt Fətəlinin 16 yaşı olur. Həmin ərəfədə çörəkpulu qazanmaq üçün istəyir evlərinə nəsə kömək etsin, amma sovet dövründə “levi” işləmək o qədər asan deyildi. “Bir gün dəniz kənarında gəzişdiyim yerdə bir qədimi saat tapdım. İşləmirdi, amma antik olması diqqətimi çəkdi. Necə oldusa, bir-iki gün evdə üstündə əlləşdikdən sonra onu işə sala bildim. Saatı görənlərin də ondan bərk xoşu gəldi. Ondan sonra tanış-bilişdən bir-iki nəfərin saatlarını düzəltdim. Getdikcə alınırdı. Evdə qərara aldıq ki, elə bu sənətə uyğun bir yerdə işə düzəlim. 1971-ci il idi artıq. O vaxt Sumqayıtda sahə müvəkkili işləyən bir qohumumuz vardı, atam ondan xahiş etdi, o da məni aparıb Sumqayıt Şəhəri Məişət Xidməti İdarəsində usta köməkçisi düzəltdi.

Beləcə, yəhudi əsilli bir ustanın yanında şagird kimi çalışmağa başladım. Bir il şagird kimi işlədim”.

Nəhayət, bir ildən sonra, Sumqayıtda sərbəst olaraq saatsaz kimi işləməyə başlayır.

Sovet hökuməti dağılandan sonra məişət xidməti idarələri də dağılır. İşsiz qalan Hacı dost tanışın köməkliyi ilə 1994-cü ildə gəlir Bakıya, elə indi altında işlədiyi Rus Dram Teatrının yaxınlığında bir mağazada kiçik bir yer kirayələyib, peşəsini davam etdirməyə başlayır.

Amma bu da uzun sürmür: “1998-ci ildə dükan bağlandı, mən yenə iş yeri axtarmalı oldum. Nəhayət, əlimdəki olan-qalanımı toplayıb, indi oturduğumuz bu dar yeri alıb, öz şəxsi “toçkam” elədim. Çoxları dedi bura darısqaldır, risk eləmisən, verdiyin batacaq, ac qalacaqsan. Amma qulaq asmadım. Dedim, məni görməyə gəlmirlər, saat düzəltdirməyə gəlirlər. Biri gəlib düzəltdirəcək, gedib yayacaq ki, belə bir yaxşı usta var. Elə niyyətim də düz çıxdı. Bu, mənə işimdə ruh da verdi...”

Danışa-danışa otağa göz gəzdirib, divardakı aksessuarlar arasında bir divar saatını göstərdi:

- Görənə adi gələr. Bəlkə də adi bir işdir... amma, özüm üçün olduqca əziz və maraqlı olan bax bu gördüyün saat dünyada ancaq bir dənədir. Bu, saniyə əqrəbi saat əqrəbinin əksinə - geriyə işləyən yeganə saatı mən düzəltmişəm. Bir neçə yerə bu kiçik ixtiramla bağlı müraciət etmişəm. Amma bizdə kimdir bununla maraqlanan?...

Doğrudan da digər divar saatlarına oxşayan bu saatın saniyə əqrəbi arxaya işləyirdi.

Mənimlə söhbət əsnasında bir neçə müştərisi oldu. Onların gətirdikləri saatlar ilk baxışdan bahalı olması ilə seçilirdi. Hətta biri Ustaya dedi ki, neçə il qabaq hansısa ölkədə ona hədiyyə verilən saatdır, bir neçə gündür işləmir: “Açdırıb düzəltdirməyə əlim gəlmirdi, belə nadir saatı açıb xarab edəcəklərindən ehtiyat edirəm. Yenə Usta Hacıya ümidim gəldi”.

Ustan saatı əlinə alan kimi qaşlarını dartıb, xeyli baxdı. Hiss olunurdu ki, saatın qiymətini bilmişdi və bu ona təsirsiz ötüşməyib.

Elə mənimlə danışa-danışa usta Hacının həmin saatı açıb, qurdaladı və işə salıb qaytarması hardasa 20 dəqiqə çəkdi.

“Buna görə indi yaxşı pul alacaq” - deyə, düşündüm. Çünki saatın ən azı min manat dəyəri vardı, qızıldan idi.

Müştərinin “usta, borcum nə elədi?” sualına Hacı kişi növbəti işi ilə məşğul ola-ola sakit cavab verdi:

- 3 manat.

Müştəri gedəndən sonra elə ağzımı açıb təəccübümü bildirmək istəyirdim ki, usta demək istədiklərimi üzümdən oxuyub soruşmamış cavab verdi:

- O saat platindən də olsa mənim zəhmət haqqım 3 manatdır, mənə artıq pul lazım deyil, bala...

“Prezident İlham Əliyev mənə dedi ki, bütün Aparat səndən danışır”

Bahalı müştərilərinin çox olub-olmaması ilə maraqlandım. O nəinki belə imkanlı müştərilərin, hətta ölkədə tanınmış məmurların da saatları üçün mütəmadi onun yanına gedib-gəlmələrindən danışdı Otaqdakı şəkillərə baxdıqca çox asanlıqla dediklərinin təsdiqini tapmaq olurdu. Çoxu elə onun bu iş otağında çəkilmişdi. Şəkildə onunla bir yerdə olanların əksəriyyəti dövlət məmurları, tanınmış incəsənət xadimləridir. Daimi müştəriləri arasında Vəfa Quluzadə, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov, Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisi Vaqif Axundov və daha kimlər var...

Ümumiyyətlə, müştəriləri haqqında danışan Hacı kişi onların arasında belə tanınmış məmurlara çatanda hiss etdim ad çəkməyə həm duruxur, həm də danışmağa çəkinir. Elə söz ölkə başçısı İlham Əliyevin bir müddət əvvəl həmin ərazidə bərpa işləri ilə tanış olmağa gələrkən təsadüfən onunla görüşündən düşəndə də bu, hiss olundu.

Lakin ona çəkinməyə əsas olmadığını izah edə bildim və usta arxayın danışmağa başladı...

Deyir, həmin gün elə bu hücrəsində oturub işi ilə məşğul imiş, birdən bayırdan səs-küy eşidir. Çıxıb maraqlananda eşidir ki, prezident küçənin abadlaşması işi ilə tanış olmağa gəlir. “Mən də toplaşanların arasına qarışdım. Prezident gəldi, bərpa işləri ilə tanış oldu. Sonra da küçəni gəzərək ətrafa toplaşan insanlara kənardan əl edərək salamlaşırdı. Bizim bərabərimizdən keçəndə qəfil gözü mənə sataşdı, o dəqiqə tanıdı. Bir az utandım, çünki həmin gün üzüm tüklü, əynimdə isə əzik-üzük köhnə paltar idi...”

Söhbətin bu yeri mənə çox qəribə gəldi:

- Məgər prezident sizi əvvəldən tanıyırdı?

O, özündən asılı olmayaraq nə isə dilindən çıxarmış, sonra da peşman olmuş adamlar kimi bir anlıq duruxdu. Sonra:

...Nə isə... hələ sən bir mənə qulaq as... Hə... Prezident məni görən kimi ucadan dedi:

- Necəsiniz usta? Nə var nə yox?

- Çox sağ olun, cənab prezident, sizin sayənizdə dolanırıq, şükür Allaha - dedim.

İcazə alıb, prezidentə yaxınlaşdım. Görüşdük, vəziyyətimi soruşdu. Məni yaxşı xatırladığını dedi. O mənim haqqımda belə diqqətlə danışdıqca həyəcandan az qala özümü itirirdim. O, mənə dedi ki, “usta, indi bütün Prezident Aparatı səndən danışır. Sənin əl qabiliyyətin dillər əzbəri olub”. Dedim “minnətdaram, cənab prezident, Siz ki məni kimi sadə insanlara bu qədər diqqət verirsiniz, Allah sizi başımızın üstündən əskik eləməsin...”.

“Heç 10 dəqiqə keçmədi ki...”

- Usta, sənin prezident İlham Əliyevlə belə tanışlığın hardandır? Hətta görüşünüzdə səni xatırladığını deyib...

O, gözlərini diqqətlə üzümə zilləyərək, bir neçə saniyə məni başdan-ayağa süzdü. Elə sakitləşdi ki, elə bil bayaqdan coşub-daşan bu deyil. Qəribə bir sakitliklə davam etdi:

- Bacıoğlu, sən də bağışla, mənim övladdan üç qızım, iki oğlum var. Onları bu əllərimin qabarı ilə böyütmüşəm. Böyük oğlum 1979-cu il təvəllüddür (ustanın kiçik oğlu yanındaydı, köməkçi kimi yanında işləyirdi), varlığımla ona dayaq olmuşam ki, oxusun. Orta məktəbi bitirən kimi Naxçıvan Dövlət Universitetində hüquq fakültəsinə daxil oldu və öz biliyinə də oxuyub bitirdi. Əsgərliyini də gedib çəkdi. Amma düz dörd il ona heç harada iş tapa bilmədik. Artıq mən də yaşlaşmışdım. Həm də o cür savadlı uşağın gözümün qabağında bekar qalmasına, nəyəsə möhtac olmasını özümə bağışlaya bilmirdim. Günümün bir hissəsi bu saatsazlıqda keçirdisə, bir hissəsi də ona bir yerdə iş axtarmaqda keçirdi. Hansı tanış-bilişə də ağız açırdımsa, müxtəlif bəhanələrlə başlarından eləyirdilər...
2004-cü ilin yazı idi. Artıq oğlum əsgərlikdən çoxdan gəlmişdi, dörd il idi ki, ona iş tapa bilmirdik. Bir gün necə oldusa işə geyinib-kecinib gəlmişdim... hə yadıma düşdü, işdən çıxıb böyük qız nəvəmin ad gününə gedəcəkdim. Həmin gün elə bu hücrəmdə axşama kimi kostyum-qalstukla saatların üstündə əlləşdim. Günortadan bir az keçmişdi ki, yanımda işləyən kiçik oğlum tələsik içəri girib dedi ki, “ata, yenə küçələri bağlayıblar, deyirlər prezident İlham Əliyev gəlir”. Həmin vaxt həm burada, həm də bura yaxın olan “Torqovı”da təmir-bərpa işləri gedirdi. Prezident də işin gedişi ilə tanış olmağa gəlirdi.
Dedim canın sağ olsun oğul, gir içəri, gedəndən sonra yollar açılar, müştərilərimiz çoxalar. Bir az keçmişdi ki, bayırda maşınların səsi eşidildi. Maraq mənə gec gəldi, bayıra çıxıb bayaq dediyim kimi ora toplaşan adamlara qarışdım. Oradakı tanışların əynimə-başıma baxıb zarafatla mənə sataşdılar ki, “Hacı, nə yaman bəzənmisən, prezidentlə görüşəcəksən”. Dedim əşi, axşam nəvəmin ad günüdür, əl çəkin məndən. Nə isə... Prezident gəldi, yanında Hacıbala Abutalıbov, təmir işlərilə tanış olmağa başladılar, sonra da piyada küçəni gəzməyə başladılar. Qəfil elə bil İlahidən ağlıma bir səda gəldi: “Necə olursa-olsun prezidentə yaxınlaşıb, ayağına düşəcəm ki, oğluma kömək etsin!” Təxminən 50 metr məsafədən onu mühafizə edirdilər, yaxın düşmək mümkün deyildi. Amma onun mühafizəsində işləyənlər, Aparatın işçilərinin çoxu usta kimi məni tanıyırdılar. İlham Əliyev mən durduğum yerin bərabərinə çatanda əl edib camaatla salamlaşdı, vəziyyətlə maraqlandı. Hamımız ondan razılığımızı bildirdik, birdən mən özümdən asılı olmayaraq ucadan “cənab prezident, əgər icazə verirsinizsə sizə yaxınlaşım, sözüm var” dedim. Prezident “əlbəttə, buyurun” - dedi. Mən ona yaxınlaşıb, ikiəlli görüşdüm. O, təbəssümlə məni dinləyirdi. Cəsarətlənmişdim, dil qəfəsə qoymurdum. Qısa ürək sözlərimi deyəndən sonra mətləbə keçdim. Dedim, gözümün ağı-qarası iki oğlumdan yalnız böyüyünü oxuda bilmişəm. Özü də çox savadlıdır. Hüquqşünasdır. İxtisasının da vurğunudur. Neçə vaxtdır axtarırıq, amma ona bir iş tapa bilmirik. Kömək edin, oğlumun qarşısında bu gözükölgəlilikdən qurtarım.

Prezident “heç bir problem yoxdur” deyib, sakit səslə yaxınlıqda olan Mühafizə İdarəsinin rəisi, general Vaqif Axundovu çağırdı. Ona nəsə tapşırdı.

İlham Əliyev komandası ilə birgə ərazini seyr edib getdi. Mən hücrəmə qayıdıb, pencəyimi çıxararaq dərindən bir nəfəs aldım. Baş verənlər mənə yuxu kimi gəlirdi. Dərin bir fikrə gedib, İlham Əliyevlə qəfil görüşümün yuxu deyil, reallıq olmasını özümdə ayırd edirdim. Beləcə heç 10 dəqiqə keçmədi ki, mobilimə bir zəng gəldi. Telefonu açdım, general Vaqif Axundov idi! Dedi məsələni həll etdim, narahat olmayın. Beləcə 10 günün içində oğlumu işlə təmin etdilər.

...2006-cı ilin qışı idi. Yenə prezident bura gəlmişdi. Yenə buranın adamları, hamımız toplaşmışdıq. Qarlı hava idi. Prezident gəldi, adamlara çatanda sakinlərlə hal-əhval tutdu. Gözü mənə sataşanda ayrıca salamlaşdı, oğlumu, ailəmi və dolanışığımı soruşdu. Mən ona çoxlu minnətdarlıq edib dedim:

- Cənab prezident, bax bütün dünyanı gəzirsiniz, neçə-neçə prezidentlər, nazirlər sizin dostunuzdur. Xahiş edirəm, olarmı ki, bir dənə də məni kimi saatsaz dostunuz olsun?

Sözlərim ona necə ləzzət elədisə ürəkdən güldü. Həvəslə dedi ki, “mən razı!” Sonra məni çəkib, bağrına basıb, qucaqladı. Yanındakılara tapşırdı ki, “usta ilə mənim yaxşı bir şəklimi çəkin və bir nüsxəsini də mənim adımdan ustaya hədiyyə verin”. Beləcə onunla dostluğumu hamıya sübut edə bildim...

Usta Hacı deyir ki, ondan sonra nazirlərin, xüsusən də Prezident Aparatının işçilərinin ona hörməti birə-beş artır. Elələri var ki, evlərinin ən əziz saatlarının düzəldilməsini ancaq ona etibar edilər.

“35 min dollarlıq saatını mənə 100 dollara düzəltdirdi”

Mədəniyyət işçiləri, şou aləmində tanınmışların çoxu da xarab olan saatlarını usta Hacının yanına gətirirlər. Həmsöhbətim deyir ki, onların əksəriyyəti ilə dost olsa da, çoxlarından o qədər də xoşlanmır: “Eləsi var ki, bütün günü efirdən çıxmır, bahalı əşyalarını göstərir, mənim yanıma gələn kimi ağzımı açmamış əl muzdunun qiymətini soruşur. A balam, bəlkə heç mən səndən heç nə istəməyəcəm?! O günləri bizim bir xalq artistinin qardaşı gəlmişdi. Mən həqiqətən o xanəndənin pərəstişkarıyam, xətrini də istəyirəm. Qardaşını da xanəndə kimi televizordan tanıyırdım. Hə, gəldi, qolundakı saatı açıb mənə göstərdi ki, usta bir buna bax, yatıb. Aldım, elə əlimdə saatı o tərəf-bu tərəfə çevirib baxırdım ki, qəfildən xanəndə mənə qayıdasan ki:

- Usta, neçəyə düzəldəcəksən bunu? Mən filankəsin qardaşıyam, tanıyırsan də...

Söz mənə pis təsir etdi. Əvvəla mən heç kimdən artıq pul almamışam, ikincisi də bu saat nə olan şeydir ki, ondan ötəri o boyda sənətkarın adından istifadə edəsən... heç nə demədim. Dedim nə verərsən, verərsən. Saatını düzəldib yola saldım”.

Ustaya tez-tez işi düşən məşhurlar arasında Fəxrəddin Manafov, Yaşar Nuri və başqa korifeylərlə yanaşı, gənc müğənnilər də var. Deyir, rəhmətlik Telman Adıgözəlov da onun yanına tez-tez gələrmiş. “Onların şəxsi qol saatlarından tutmuş ev saatlarına qədər mən düzəldirdim. Bu yaxınlarda müğənni Cavanşir Məmmədov gəlmişdi. Qolundan bir maraqlı saatı açıb göstərdi ki, neçə gündür dayanıb, işləmir. Dedi çox qiymətli olduğu üçün heç kimə etibar etmir. Mərkəzi Univermağın yanında tanıdığım köhnənin bir saatsazı var, onun yanına gedir, o da saata baxır və deyir ki, bunu ancaq usta Hacı düzəldə bilər. Saatı əlimə alıb baxan kimi həddindən çox bahalı olduğunu hiss etdim. Elə saatlara buralarda rast gəlmək çox çətindir. Özündən soruşanda çəkinmədən dedi qiyməti 35 min dollardır. Həqiqətən də elə olardı. Onun 35 min dollarlıq saatını 100 dollara düzəltdim. Daha doğrusu, mən düzəldib qaytaranda dedi “usta, borum nə edir?”, dedim 10 manat. O, isə çıxardıb yüz dollar masamın üzərinə ataraq sağollaşıb getdi.

Hacı dayı deyir ki, həyatı boyu zəhmətlə yaşasa da bu gün Azərbaycanda beş-altı özünü xoşbəxt hiss edən ailə başçısı varsa, biri də odur. “Həmişə həyəcan keçirmişəm ki, uşaqları necə “yerbəyer” edəcəm. Çünki arxasız idim, kasıb idim, özüm də heç vaxt pis hadisələrlə barışan deyildim. Amma Allah özü mənə bu balaca hücrədə şahlıq quşunu yetirdi... Bu gün tək bir istəyim var və gözləyirəm də...

- O nədir elə usta?

- Yox... qoy bu, oğlumla mənim aramda qalsın... daha mənə üz vurma, bala...

P.S. Söhbətimiz yekunlaşanda axşam düşmüşdü. Elə mənimlə birlikdə çıxıb kiçik dükanını bağlayaraq, evə hazırlaşırdı. Hücrəsinin qapısını bağlayıb sağollaşarkən əlini cibinə atıb, telefonunu çıxardıb qurdaladı:

- Bunun da “zaryadkası” qutarmağa vaxt tapdı. Bacıoğlu, bilmirsən saat neçədir?

Özümü saxlaya bilməyib güldüm. Güldüyümü görüb davam dedi:

- İnanmayacaqsan, amma ömrüm boyu qolumda saat olmayıb...


Mübariz Aslanov

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3003

Oxşar yazılar