Şahlar Əsgərov: “Təyyarəyə üç-üç minirdik ki, birdən partladarlar...” - MÜSAHİBƏ
03 iyun 2011 09:15 (UTC +04:00)

Şahlar Əsgərov: “Təyyarəyə üç-üç minirdik ki, birdən partladarlar...” - MÜSAHİBƏ

İyunun 15-də Azərbaycanın tanınmış ziyalısı, Milli Məclisin keçmiş üzvü, uzun illər Elm və Təhsil Komitəsinin sədri işləmiş, BDU-nun professoru, elmi tədqiqat işləri Amerikanın NASA təşkilatı tərəfindən istifadə olunan Şahlar Əsgərovun 70 illik yubileyidir.
“Şöhrət” ordenli əməkdar elm xadimi yubiley ərəfəsində Lent.az-ın suallarını cavablandırıb.

“90-cı illərdə ölkə düzgün idarə edilsəydi, mənim fəaliyyətimə ehtiyac olmazdı”

- Şahlar müəllim, 70 ilin zirvəsindən geriyə baxanda nələr düşünürsünüz?


- 70 il ölkəmiz üçün orta insan ömrüdür. Bu ömür mənim həyatımda aydın şəkildə iki yerə bölünür. Müstəqillikdən qabaqkı və sonrakı dövr. Həyatımın hər iki dövrü mənim üçün qiymətlidir. Birinci dövrüm tam elmlə və təhsillə bağlıdır. Elmi nəticələrin verdiyi sevinci dünyada heç nə əvəz edə bilməz. Elmin gözəlliyi də bundadır. Qeyd edim ki, bu sahədə kifayət qədər böyük uğurlar qazana bildim.
Həyatımın ikinci dövrü həm elm və təhsili, həm də ölkənin ictimai-siyasi həyatında aktiv iştirakımı əhatə edir. Əgər elmə öz istəyimlə getmişdimsə, ictimai-siyasi fəaliyyətə məni zaman gətirdi. Əgər, 90-cı illərdə ölkə düzgün idarə edilsəydi, şübhəsiz, mənim bu sahədə fəaliyyətimə ehtiyac olmazdı. Mən özümü zorən ictimai-siyasi həyat gəlmiş sayıram. Bu həyata daxil olmağımın əsas səbəbi 90-cı illərin əvvəllərində Azərbaycanın düşdüyü böhranlarla bağlıdır. Bir ziyalı, vətəndaş kimi mən də ölkənin bu vəziyyətdən çıxmasına yardım etməli idim. Amma etiraf edim ki, həyatın bu dövrü də mənə çox şey öyrətdi. Baxmayaraq ki, birinci sahə dəqiq, ikinci sahə qeyri-dəqiq sahə hesab edilir.
İctimai-siyasi sahədə də kifayət qədər iş görə bildim. 91-lərdən biri, YAP-ın yaradıcılarından biri oldum. İki çağırış Milli Məclisə deputat seçildim. 2000-2005 illərdə Parlamentin Elm və Təhsil Daimi Komissiyasına rəhbərlik etdim. Bir çox kitabların - “Keçid dövrünə fəlsəfi baxış” (1998), “Milli birlik probleminə fəlsəfi baxış” (2001), “Təhsilimiz dünən, bu gün və sabah”(2003), “Düşüncə tərzi” (2008) müəllifiyəm.

“O kəslər ölümdən qorxur ki...”

- Bəs, 70 ilin zirvəsindən qabağa baxanda nələr düşünürsünüz?


- İnsan həyatı iki nöqtə arasında baş verir: doğum və ölüm günləri. Bu iki nöqtə insanın öz əlində deyil. Bu nöqtələr arasındakı zaman insanın öz əlindədir. “Bu zamanı sən necə yaşadın?” sualına fərd özü məsuliyyət daşıyır. Qarşıda məlum ikinci nöqtəyə tərəf həyatım durur. Bu nöqtəyə münasibətdə insanlar iki yerə bölünürlər: ölümdən qorxanlar və qorxmayanlar. O kəslər ölümdən qorxur ki, onlar dönüb geriyə baxanda görürlər ki, ömürlərinin çox hissəsi yalandan, şərdən keçib. Ömrü boyu haqqın, ədalətin, düzlüyün, tərəfində yox, daha çox nahaqqın, ədalətsizliyin, əyrinin tərəfində olublar. Belə adamlar ölümdən çox qorxurlar. Amerika alimləri sübut ediblər ki, imanlı insanlar çox rahat, imansız adamlar çox əziyyətlə dünyalarını dəyişirlər. İkinci qrup insanlar ölümü çox rahat qarşılayırlar. Son nəfəsində də haqın tərəfində durur. Mən özümü ikinci qrupa aid hesab edirəm.

- Şahlar müəllim, həyatınızı mərhələ-mərhələ dəyərləndirsəniz, sizin üçün dəyərli dövr hansıdır - uşaqlıq, gənclik, yoxsa qocalıq?

- Nə uşaqlıq, nə də qocalıq. Aspiranturada təhsil aldığım gənclik dövrü mənim ən uğurlu dövrüm hesab oluna bilər. Çünki mən ən qüdrətli nəticəni 29 yaşında almışam. Mənim 29 yaşında aldığım nəticələr bu gün Amerikada NASA-da geniş istifadə edilir.

- 70 yaşın astanasındasınız. Qocalığı necə qarşılayırsınız?

- Çox yaşamağın yolu qocalıqdan keçir. Burda alternativ yol yoxdur. Müsbət hisslərim üstünlük təşkil edir. İnsan ömrünün elə nöqtələri var ki, ömürlük yaddaşa həkk olunur. İnstituta girdiyin gün, ailə qurduğun gün, övladlarımın dünyaya gəldiyi və onların toy günləri və s.

“YAP-ın yaradılması tarixi zərurət idi”

- Həyatınızın ikinci hissəsinin başlanğıcına qayıdaq. YAP-ın yaranma tarixçəsi necə olub?


- O illərdə YAP-ın yaradılması tarixi zərurət idi. Əvvəlcə 91-lər hərəkatını yaratdıq, sonra da Naxçıvanda YAP-ın təsis konfransı keçirdik. Yarandığı gündən indiyə qədər Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə olaraq, ölkəmizin inkişafı üçün böyük xidmətlər göstərib.

- 91-lərdən biri olmaq sizə nə vaxtsa xüsusi bir üstünlük qazandırıbmı?

- Biz 91 olanda, hətta ciddi təzyiqlərlə qarşılaşmışıq. Xatırlayın, o zaman bir nazir deyirdi ki, olmasın Azərbaycanda 500 ziyalı, hamısını qıracağam onların. Biz 91-lə olaraq, Naxçıvana YAP-ı yaratmağa gedəndə üç-üç gedirdik ki, doğurdan da təyyarəni partlada bilərlər. Sonra Heydər Əliyev hakimiyyətə gələndə 91-lərin potensialından da istifadə etdi. Cəmiyyətin müəyyən təbəqəsi 91-lərə həmişə qısqanclıqla baxırdı. Düşünürdülər ki, bunlar 91 oldu, biz olmadıq. O zaman həmin müraciətə qol çəkməyənlər sonradan çox peşman olmuşdular. İndi onların adlarını çəkib, qoca vaxtlarında peşman eləmək istəmirəm. O zamanlar 91-lər haqqında qərəzli və çirkin söz-söhbətlər yayılıb.

- 91-lərin bu günü haqqında nə deyərsiniz?

- Danteyə görə, həqiqətin alovu onu aparanın əlini daha tez yandırar. Bu səbəbdən də Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: “İslamı qəbul edənlərin sayı artsa da, ənsarilərin ( Peyğəmbərin ilk silahdaşları) sayı artmayacaq. Onların qayğısına qalın”. Bənzər fikri Heydər Əliyev də 91-lərlə bağlı söyləmişdi.

“91-lər yavaş-yavaş həyatdan tarix kitablarının səhifələrinə köçəcəklər”

- Sizcə, 91-lər nəslinin siyasi arenadan çıxarılmasının səbəbi nə oldu? Onların sadəcə dövrü bitdi?


- Həm Heydər Əliyev, həm də İlham Əliyev bizləri “fədakar” və “cəsur” insanlar adlandırıblar. Bu doğru. Amma hər bir hadisənin tarixdə doğulduğu və səhnədən getdiyi günlər var. Mən hesab edirəm ki, 91-lər yavaş-yavaş həyatdan tarix kitablarının səhifələrinə köçəcəklər. Tarixin fəlsəfəsi deyilən bir elm var. Təəssüf ki, bizdə heç kəs bu elmlə məşğul olmur. Tarixin fəlsəfəsinə görə inqilabın nəzəriyyəsini yazanlar, inqilabı edənlər və ondan bəhrələnənlər həmişə müxtəlif qrupları təmsil ediblər. Buna təbii baxmaq lazımdır. Tarixin fəlsəfəsini bilən adamlar olsaydı, hakimiyyət dəyişən kimi nə baş verəcəyini dəqiq təxmin etmək olardı. Tarixin fəlsəfəsini mən də bilsəydim, sonralar 91- lərlə bağlı prosesləri düzgün təxmin etmək olardı. Təbii ki, bu dövrün bitməsini sürətləndirən və ya gecikdirən başqa amillər də olmamış deyil. Heydər Əliyev deyirdi ki, 91 -ləri qoruyun. O bilirdi ki, bu təbəqəyə qarşı təzyiqlər ola bilər.

- Keçmiş deputat kimi Azərbaycanın bugünkü durumu ilə bağlı nə deyərsiniz?

- 10 il öncə yazılarımın birində söyləmişdim: iqtisadiyyatın açarı texnikada, texnikanın açarı texnologiyada, texnologiyanın açarı elmdə, elmin açarı isə təhsildədir. Sualınıza elmi cavab vermək üçün bu fikri bir qədər dərinləşdirmək istəyirəm.
Ölkənin içərisində oturub bu inkişafı zamanında layiqincə qiymətləndirmək çətindir. Ona görə bir az qəlbiyə qalxıb, ucadan ölkəmizə baxsaq görərik ki, iqtisadiyyatımız ilbəil yüksələn xətlə inkişaf edir. İqtisadiyyatın ilbəil yüksəlməsi tərəqqini yaradır. Ancaq ölkənin sabit tərəqqi ilə inkişafı qüsurlu olardı. Tərəqqinin özü də ilbəil artmalıdır. Tərəqqinin artması ölkəyə yeni texnologiyalar gətirir. Bunun nəticəsində ölkə daha sürətlə inkişaf edir. Texnologiya da sabit qala bilməz, o da inkişaf etməlidir. Texnologiyanı elm inkişaf etdirə bilər. Bu da özlüyündə elmin inkişafına təkan verir. Elmin inkişafı yeni elmi ideyanın yaranmasına səbəb olur. Əgər güclü iqtisadi inkişaf varsa, deməli ortada güclü ideya var. Bu ideya elmi, elm texnologiyanı, texnologiya tərəqqini, tərəqqi isə iqtisadiyyatı inkişaf etdirir.

- Uzun müddət Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri olmusunuz, ömrünüzü elmə, təhsilə sərf etmisiniz. Azərbaycan təhsilinin indiki durumunu necə qiymətləndirirsiniz?

- Hazırda universitetlərə qəbulun orta balı 200 olduğu halda, mən təhsilin indiki durumuna yaxşı deyə bilmərəm. Biz, təhsilin görünməyən məqsədini görməyi bacarmalıyıq. Biz ona görə keyfiyyətli təhsil almalıyıq ki, gələcəkdə Qarabağ kimi problemlə üzləşdikdə, düzgün qərar qəbul edə bilək. Çünki nə qədər savadlı olsaq, qəbul etdiyimiz qərarlar o qədər düzgün olar. Xüsusi ilə böyük qüsurlar biliyin qiymətləndirilməsində mövcuddur.

“Hər kəs öz zamanının övladıdır”

- Həm Heydər Əliyev, həm də İlham Əliyevlə işləmisiniz. İki prezidentin idarəçiliyində fərq varmı?


- Əvvəla onu deyim ki, hər kəs, həm də öz zamanının övladıdır. Həm ata Əliyev, həm oğul Əliyev müxtəlif zamanlarda doğulub və müxtəlif həyat yolları keçiblər. YAP İdarə Heyətinin üzvü kimi, mən həm Heydər Əliyevin, həm də İlham Əliyevin fəaliyyətini diqqətlə izləmişəm, onların çıxışlarının çoxunu dəfələrlə oxumuşam. Təbii ki, oxşarlıqlar da çoxdur və sezilə bilən fərq də var. Heydər Əliyev köhnəni saxlayıb, yenini yaratmağa üstünlük verirdi, İlham Əliyev - ən müasir və ən möhtəşəm layihələrin yaradılmasına üstünlük verir.


- Şahlar müəllim, 60 illik yubileyinizdə Heydər Əliyev sizi “əməkdar elm xadimi” fəxri adı təltif etdi. Daha öncə isə “Şöhrət ordeni” ilə təltif edilmişdiniz. Söhbətimizdən əvvəl dediniz ki, Heydər Əliyev 60 illiyinizdə sizi mükafatlandırarkən, 70 yaşınızda bir də təltif edəcəyini deyibmiş. Bu il dövlətdən hər hansı bir mükafat gözləndiyiniz yoxdur ki?

- Mən heç ulu öndər Heydər Əliyevdən aldığım mükafatlara da layiq görüləcəyimi gözləmirdim. Adını çəkdiyin hər iki mükafata layiq görülməyim mənim üçün çox gözlənilməz olmuşdu. Elmi pedaqoji və ictimai –siyasi fəaliyyətimə zamanında kifayət qədər yüksək qiymət verilib.

P.S. Lent.az-ın kollektivi Şahlar Əsgərovu qarşıdan gələn 70 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və uzun ömür arzu edir.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1432

Oxşar yazılar