“Ölünün yuyulub dəfn olunmasından sonra heç nə qalmır...” - ARAŞDIRMA
17 may 2011 12:01 (UTC +04:00)

“Ölünün yuyulub dəfn olunmasından sonra heç nə qalmır...” - ARAŞDIRMA

Yas qurbanı

Mehdi Məmmədov Bakının Xırdalan qəsəbəsində yaşayır. Atası 2010-cu ilin dekabr ayında vəfat edib. Həmin vaxt bankdan 3,5 min manat kredit götürərək, atası üçün “yüksək səviyyəli yas mərasimi” təşkil etməsi sonradan başına bəla olub. Deyir, heç atamın ili çıxmamış bu cür yas keçirdiyimə görə peşman oldum: “Özüm “tolkuçka”da alver eləyirəm. Aldığım malların hamısını nisyə götürürəm, satdıqca pulunu ödəyirəm. Atam ölən vaxt götürdüyüm kreditin pulunu alver zəif getdiyindən vaxtında ödəyə bilmədim. Bankdan zəng vurub dedilər ki, üstünə faiz gələcək. Mən də məcbur olub nisyə götürüb satdığım malın pulundan verdim. Malın yiyəsi beş ay sonra bundan xəbər tutdu. Yapışdı ki, pulumu verməlisən. Borc-xərc onun pulunu ödədim. İndi malı başqa adamdan alıb satıram. Ancaq xeyli adama borcum var. Kim də borcunu istəsə, məcbur olub aldadıram, “sabah”, “bir həftə sonra” deyirəm. Oğlum məktəbdə müəllim yanına hazırlığa gedirdi, pulunu verə bilmədiyimizə görə saxlamışam. Bütün planlarım qarışıb biri-birinə, bircə yas mənim axırıma çıxdı”.

M. Məmmədov bu söhbətləri mənə bir tanışı kimi danışır, yəni, qəzetdə-filan verəcəyimi yəqin ağlına da gətirmir. Ancaq nədənsə mənə elə gəlir ki, o, bu mövzuda qəzet üçün də açıq-açığına danışmağa hazırdı. “Anam ayyarım əvvəl mənə vəsiyyət elədi ki, südümü sənə halal eləmirəm, əgər mənim də yasımı borcla yola versən, apar basdır, daha heç nə istəmirəm” – deyir, yas “qurban”ı.

Bu gün M. Məmmədov kimi yas mərasimlərini yola verməkdən ötrü banklardan kredit götürən, borc alan xeyli insana rast gəlmək olar.

Dərd üstünə dərd

Son illərdə Azərbaycan mətbuatında ən çox müzakirə və tənqid olunan mövzulardan biri yas və toy mərasimlərinin keçirilməsi ilə bağlı olub. “Xeyirlə şər qardaşdır” misalında olduğu kimi, bu mövzuların müzakirəsi də qardaşlaşıb, qoşalaşıb (indiki mövzu yalnız yaslarla bağlı olduğundan toy məsələsinə toxunmuruq).

Əslində, insanın yasının olması, onun daha çox bir faciəylə üzləşməsi, çox yaxın olan doğması ilə birdəfəlik vidalaşması deməkdir. Bu, hər kəsin başına gələn bir işdir. Lakin insanın az qala yaxınını itirməsindən daha böyük bəlaya düşməsi – borc-xərclə yas keçirib ehsan verməsi nə qədər düzgün sayıla bilər? Əlbəttə, əgər adamın imkanı varsa, yasını necə istəsə keçirə bilər. Bədbəxtçilik ondadır ki, kasıblar da süfrədə banan olmasını istəyir.

Haşiyə: İlyarım-iki il əvvəl “20 yanvar” metro stansiyasının yaxınlığındakı morqun qarşısından “Meyitgözləyənlər” adlı reportaj hazırlayan vaxt maraqlı bir məqama şahid olmuşdum. Deməli, ölü sahibləri gəlib durur qapının ağzında, içəri də buraxılmırlar. Beləcə saatlar keçir. Əgər cibin doludursa və ölünün yarılmasına razı deyilsənsə, pulunu ver, meyiti də götür get. Yox əgər, pulun yoxdursa, onda gözlə. Orada gecədən gəlib səhəri günün günortasına qədər gözləyənlər, dözməyib bayılanlar da vardı. Burada keçən hər an çox uzundur, dəqiqələr sanki il keçirmiş kimi yavaş ötür. İnsanın yaxınının ölməsi azmış kimi, üstəlik, onun meyitinin gözlənilməsi də ayrı dərd olur. Dərd üstünə dərd gəlir.
Azərbaycanda müasir yas mərasimləri də məhz dərd üstünə dərd gətirir (bir daha deyirik, imkanlı insanlar üçün yox, bəlli çevrə üçün).

Bakıda yaxını ölən bir deyil, iki adamı ölmüş qədər dərd çəkir

Əgər yas mərasimi məsələn, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) inzibati idarəsinin də yerləşdiyi “Təzəpir” məscid kompleksində təşkil olunursa, 400 nəfərlik (kişi və qadınlar) ehsan mərasimi üçün 4800 manat tələb olunur. Qəbir qazılması 50-100 manat, qəbiristanlında qəbir yeri 1500-2000 manat (Bakıda qiyməti on minlərlə manatla ölçülən qəbir yerləri də var), başdaşı 1000-1500 manat. Qeyd olunan rəqəmlərdən minimumlarını toplasaq, 7350 manat edir (hələ mollanın pulu və digər bu kimi xərcləri saymırıq). Yəni, ortabab “Mercedes”in qiymətidir (Əgər ehsanı “Təzəpir”də deyil, yas çadırında versən, başqa xərcləri də azaltsan, xərci 3,5-4 min manatdan aşağı salmaq mümkün deyil). Əlbəttə, varlı adamlar üçün bu rəqəm kiçik görünə bilər. Hətta yas üçün bundan on dəfələrlə artığını xərcləyənlər də var. “Camaat nə deyər?”, “Dost var, düşmən var” kimi prinsipləri əsas götürən imkansızlar üçün isə bu, hətta bundan da bir qədər kiçik rəqəmlər artıq faciədir - təxminən insanın yaxın adamının öldüyü boyda. Başqa sözlə, Bakıda yaxını ölən bir deyil, iki adamı ölmüş qədər dərd çəkir.

İşə Dövlət Komitəsi, yoxsa QMİ qarışmalıdır?

Bəs onda nə etmək olar ki, ölü sahibləri ikinci bir problemlə üzləşməsinlər? Bəlkə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsələyə müdaxilə etməlidir? Komitədən bizə bildirildi ki, yas mərasimlərində israfçılığa yol verilməsi dini baxımdan doğru hal deyil: “Ancaq bu məsələylə bağlı inzibati tədbirlərin müsbət nəticə verəcəyini düşünmək olmaz. Bunun qarşısını yalnız maarifləndirmə ilə almaq olar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə iş aparır və görülən tədbirlər müsbət nəticə verməkdədir”.

Aha, Dövlət Komitəsi inzibati tədbirlərin görülməsini düzgün saymır, düz də edir. Axı yası belə deyil, başqa cür keçirməyi kim, hansı haqla tələb edə bilər?! Deməli, iş təşkilatlardan qeyri-dövlət qurumu olaraq Qafqaz Müsəlmanları İdarəsinin üzərinə düşür. Ancaq nəzərə alanda ki, bu qurumun inzibati binasının da yerləşdiyi binada yas üzərində biznes qurulub, onda heç...

Bayaq QMİ-nin bəzi qiymətlərinə toxunmuşduq, indi isə ətraflı oxuyun, görün bu qurum israfçılığın qarşısını ala bilər, ümumiyyətlə, almaq istəyər, yoxsa yox?

“Hüzr mərasimlərinin “Təzəpir” məscidinin mərasim zallarında və ya çadırlarda təşkili!”

“Təzəpir” məscid kompleksinin həyətində toyların keçirildiyi şadlıq saraylarının reklamını xatırladan, sadəcə rənginin qara olması ilə fərqlənən lövhə asılıb: “Halallıq və keyfiyyətlə cəmi müsəlmanların xidmətindəyik! Hüzr mərasimlərinin “Təzəpir” məscidinin mərasim zallarında və ya çadırlarda təşkili”. Aşağıda da telefon nömrələri.

Xidmət təşkilatçılarından biriylə söhbətimizdən məlum oldu ki, “Təzəpir” məscid kompleksində ümumilikdə nə az, nə çox 6 mərasim zalı var. Zallardan hər birində eyni vaxtda 250 nəfərə xidmət göstərilə bilər. Burada 300 nəfərlik zal da var. Bir nəfərlik xidmətin qiyməti 12 manatdan başlayır. 12 manatlıq menyuya hüzr mərasiminə gələnlər üçün əvvəlcə çay süfrəsinin açılması (çay süfrəsində çayla yanaşı, ləbləbi, marmelad və qənd olur) daxildir. Yemək süfrəsinə isə üstü qaralı plov (aş), göyərtilər, meyvələr (əsasən alma və armud) daxildir. Ancaq eynilə şadlıq saraylarında olduğu kimi, burada da bahalı menyu sifariş vermək mümkündür. Məsələn, yas mərasimlərində toyuq və ya balıq ləvəngisi sifariş edənlərə rast gəlinir. Belə olan halda bir nəfərlik stul üçün 20 manat və daha çox xərcə düşənlər də olur (maraqlıdırsa deyim ki, burada ofisiantlar fəaliyyət göstərir və onların günlük qazancı 5-8 manatdır).

Stulun qiymətindən asılı olmayaraq, məclisin mollası da mərasim təşkilatçıları tərəfindən təqdim olunur. Mollanın 30 manat pulunu da onlar özləri verirlər. İşdir, məclis sahibi özü daha “prestijli molla” gətirmək fikrinə düşürsə, onun pulunu təbii ki, özü ödəyir.

“Təzəpir” məscid kompleksində digər xidmətlər də təklif edilir. Məsələn, ölü yumağın qiyməti 50 manatdır. Xüsusi avtomobillə ölünün qəbiristanlığa aparılması xidməti də göstərilir ki, bunun da qiyməti məsafədən asılı olaraq dəyişilir. Məsələn, ölünün “Təzəpir” məscidindən “Qurd qapısı” qəbiristanlığına aparılması hüzr sahibinə 100 manata başa gəlir.

Bundan başqa, məscid kompleksi tərəfindən yas çadırları da təklif olunur ki, qiymət də çadırın ölçüsündən asılıdır: bir günü 200-250 manat və daha baha. Bu qiymətə çadırla yanaşı, istifadə olunacaq qab-qacaq da daxildir.

“Təzəpir” məscid kompleksində meyitlərin saxlanılması şəraiti də təklif edilir. Ölüsünü basdırmazdan öncə hansısa səbəbdən bir və ya bir neçə sutka saxlamaq istəyənlər buradakı soyuduculardan istifadə edə bilərlər. Soyuducuda bir meyitin saxlanılmasının sutkası 20 manata başa gəlir.

“Təzəpir” məscid kompleksində yalnız tabut pulsuzdur. Tabutu almaqdan ötrü şəxsiyyət vəsiqəsini girov qoymaq kifayətdir…

Haşiyə: Bir müddət əvvəl bu mövzuda yazı hazırlayarkən “Təzəpir”dəki xidmətlərlə bağlı tanınmış deputatlardan birinin mövqeyini öyrənirdim. Hörmətli deputat heç gözləmədiyim halda “Təzəpir”də yas biznesi olmadığını, əksinə, əhaliyə xidmət göstərildiyini dedi. O, fikrini belə əsaslandırırdı ki, insanlar onsuz da yasa xərc çəkir, yolu bağlayıb çadır qurur və s., ancaq ehsan “Təzəpir”də veriləndə yollar da bağlanmır. Əslində, maraqlı yanaşmadır. Ancaq nə olardı bütün bunlar qazanc məqsədi güdülmədən ediləydi? Məsələn, yasın keçirilməsi üçün məscidlərdə, lap elə “Təzəpir”dəki mərasim zallarında şərait yaradılaydı, adamlar da daha nə çadır xərcinə düşər, nə də yolu bağlayardı…
Yeri gəlmişkən, QMİ bu məsələlərlə bağlı hələ ki, münasibət açıqlamaq istəmədiyindən, bu yazıda onların mövqeyi yer almayıb.

Dini ekspertlər nə deyir?

Mövzu ilə bağlı söhbətləşdiyimiz Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu bildirdi ki, yas mərasimləri hər bir insanın fərdi işidir və bu məsələdə hansısa administrativ tədbirlərin görülməsi səmərəli deyil: “Ancaq eyni zamanda maarifçilik işi də aparılmalıdır ki, yas mərasimləri məzmunca da, mənəviyyatca da, zahirən də mötədilləşsin”.

İ.İbrahimoğlu deyir ki, müsəlman inancı vəfat etmiş şəxsin doğma adamının insanları cəm etdiyi yerdə üç gün ərzində nəyinsə yeyilməsinə müsbət baxmır: “Əksinə, dünyadan getmiş insanın yaxınlarına dayaq olmaq lazımdır, nəinki onu problemlərlə üz-üzə qoymaq. Əgər bunu rəhmətə gedən bir şəxs üçün deyiriksə, dediyim kimi, mənəviyyat dolu, məzmun dolu tərəfə istiqamət götürmək lazımdır. Eyni zamanda, bu tarixi ənənəmizin qorunub-saxlanılmasına da müsbət baxıram. Ancaq ağlabatan formada keçirilməsini düzgün sayıram”.

“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli də indiki yas mərasimlərinin İslam dininin tələblərinə uyğun şəkildə təşkil olunmadığını dedi: “Yas məclislərində israfçılığa yel verilir və bu, dinimizin ehsan haqqında olan hədisləri ilə tam ziddiyyət təşkil edir. İslam dininin dünyadan köçmüş insan barədə göstərişləri yalnız insanın kəfənlənib dəfn olunması ilə məhdudlaşır. Yəni, dünyadan keçən insanı yuyub, kəfənləyib dəfn etmək lazımdır. Ondan sonra isə mərhumun ailəsinin boynunda heç bir vacib əməl yoxdur. Bizdə isə sanki vacib əməl kimi 40 gün ərzində mərhum üçün yas mərasimi təşkil olunur, ehsan verilir, o cümlədən cümə axşamları keçirilir. Bu, dinimizə əsasən qəbul olunan əməl deyil. Təbii ki, hər bir şəxsin dünyadan köçən yaxını üçün ehsan vermək haqqı var. Amma bu, icbari xarakter daşımamalı, məcburi olmamalıdır. İlin istənilən vaxtında, xüsusən də ehtiyacı olan, fəqir insanlara ehsan verilə bilər. Ancaq bizdə təşkil olunan indiki yas mərasimləri həm məntiqə, həm də dinimizin göstərişlərinə ziddir”.

Ş.Həsənli “Təzəpir” məscid kompleksindəki məclis zallarının şərtləri ilə tanış olmasa da, bildirib ki, yas mərasimlərində ifratçılıq, əslində ehsanın ruhuna ziddir: “Əslində bu, ehsan verənin niyyətində də problem olduğunu göstərir. Harada təşkil olunmasından asılı olmayaraq, təmtəraqlı ehsan verilməsi dinimizin ruhuna ziddir, şəriətimizə və Peyğəmbərimizin (ə.s.) buyurduğu hədislərlə qətiyyən uyğun gəlmir. Bu məsələdə təbii ki, təklifin özü də az əhəmiyyət daşımır. İnsanlara bu cür xidmət təklif edən xeyir-şər evləri də bunu nəzərə almalıdır. Yəni, ehsanda sadəliyə riayət olunmalıdır”.

Danışmaq yox, sadə vətəndaşlar üçün nümunə olmaq lazımdı

Bunlar iki nəfər savadlı din xadiminin mövqeyi idi. Əgər biz daha bir neçə din xadimi, həmçinin dünyəvi elmlərlə məşğul olan alimlərin, ziyalıların, deputatların və daha kimlərin mövqeyini də öyrənsək, hamısı təxminən eyni şeyi deyəcək: “İndiki yas mərasimlərində hədsiz israfçılığa yol verilir, israfçılığa yol verilməsi İslami baxımdan da doğru deyil və s.”

Bəs sonra? Sonra bu və ya digər deputatın, yaxud ziyalının, hətta din xadiminin də yaxını rəhmətə gedəndə, hamıdan geniş stol açacaq. Deməli, öndə gedənlərimizin – ziyalıların, deputatların, din xadimlərinin və s. – təkcə sözdə deyil, əməldə də hərəkət etməsi lazımdır. Düzdür, yas hər bir insan üçün ağırdır. Ancaq sadaladığımız təbəqəyə aid şəxslər öz yaxınlarının yasında sadə vətəndaşlar üçün nümunə ola bilərlər. Necə ki, indi pis nümunə olurlar…

Pərvin ABBASOV

Yazı “Bakı-Xəbər” qəzetinin elan etdiyi "İslamda yas mərasimləri və əyintilər" mövzusunda müsabiqəyə təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1739

Oxşar yazılar