Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Kür çayının Zərdab rayonundan keçən hissəsində daşması ilə bağlı aydınlıq gətirib.
Qurumdan Lent.az-a bildirilib ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir:
"Bu nəzərə alınaraq, Mingəçevir su anbarı və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 700 kubmetr həcmində su buraxılışı həyata keçirilir. Buraxılan suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülür. Eyni zamanda bildiririk ki, Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə olunan su basma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə edib. Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır.
Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur. Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri tərəfindən mütəmadi monitorinqlər aparılır və vəziyyət tam nəzarət altındadır".
***
22 aprel, saat: 13:30
Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsində artım müşahidə olunur. Hazırda yaşayış məntəqələri üçün ciddi təhlükə yoxdur.
Lent.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramo Hacıyev məlumat verib. Komisiya sədri bildirib ki, Kürün mühafizə bəndinə qədər olan subasar ərazilər su altında qalsa da, hazırkı vəziyyət təhlükəli hədd hesab edilmir: "Kürdə suyun səviyyəsinin təhlükəli həddə çatması üçün suyun hazırkı səviyyədən təxminən 1–1,5 metr yüksəlməsi lazımdır".
Qeyd edilib ki, subasar ərazilərdə əsasən əkin sahələri yerləşir. Bundan əlavə, 1960–1970-ci illərdə tikilmiş 2 fərdi yaşayış evinin həyətinə və zirzəmilərinə su dolub. Həmin evlərdə anoloji vəziyyət hər il suyun səviyyəsinin artdığı dövrlərdə baş verir. Eyni zamanda, mühafizə bəndi ilə Kür çayı arasındakı əkin sahələri də su altında qalıb. Buna baxmayaraq, əsas mühafizə bəndi üçün hər hansı təhlükə yoxdur.
Komissiya sədrinin sözlərinə görə, rayonun Əlibəyli kəndi ərazisində bəndin daxilində, Kürə yaxın hissədə yerləşən suyun qalxması nəticəsində iki ev üçün qismən təhlükə yaranıb. Artıq həmin ailələrin təhlükəsizliyi məqsədilə qohumlarının evinə köçürülməsi təmin edilib.
Hazırda isə yaşayış məntəqələri üçün ciddi təhlükə qeydə alınmayıb və vəziyyət nəzarət altındadır.