“Azəriqaz” İstehsalat Birliyinin müvafiq əmri ilə qurumun tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Naxçıvan Regional Qaz İstismarı İdarəsi yaradılıb.
Lent.az xəbər verir ki, bunu “Azəriqaz” İB-nin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi media-turda qurumun İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini, departament rəisi vəzifəsinin icra edən Murad Kərimov deyib.
Məlumata görə, idarənin yaradılmasının məqsədi “Azəriqaz” İstehsalat Birliyinin təsdiq edilmiş strategiyasının tətbiq planına uyğun olaraq yeni əməliyyat modelinə keçidlə əlaqədar idarəetmə mexanizminin təkmilləşdirilməsini və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etməkdir.
Murad Kərimov bildirib ki, həmin idarə üzrə vakant yerlərin komplektləşdirilməsi Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətində işləyən işçilər hesabına təmin edilib: "Bu məqsədlə Yeni əməliyyat modelinin tələblərinə əsasən İdarənin Aparatında və Xidmət sahələrində struktur bölmələr yaradılıb, əməkdaşlar icra etdikləri vəzifə və peşələrə uyğun olaraq peşəkarlıq fəaliyyətinin qiymətləndirilməsi prosesi çərçivəsində test imtahanları və peşə sınaq imtahanlarına cəlb ediliblər. Prosesin məntiqi nəticəsi kimi peşəkarlıq fəaliyyətinin qiymətləndirilməsi prosesinin nəticələrinə əsasən əməkdaşlar mövcud vakant yerlərə yerləşdirilib. Hazırda Naxçıvan RQİİ-nin strukturu tam formalaşdırılıb və Naxçıvan QİX-in bütün əməkdaşları yeni strukturda yerləşdirilib, proses yekunlaşıb".