Yaqub Mahmudov: “Bacım meşədə keçindi...” - MÜSAHİBƏ
21 oktyabr 2009 20:00 (UTC +04:00)

Yaqub Mahmudov: “Bacım meşədə keçindi...” - MÜSAHİBƏ

“Moskva məni Azərbaycadakı Xalq Hərəkatına qarşı mübarizəyə cəlb etmək istədi”


“Persona” rublikasının qonağı Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, millət vəkili, 1000-dən çox elmi əsərin və elmi-publisistik məqalənin müəllifi Yaqub Mahmudovdur. Yaqub müəllimlə acılı-şirinli həyat yolu, mübarizəsi, ailə həyatı barədə danışdıq.

- Ömrünüzün 70-ci baharını arxada qoymusunuz. Arxaya baxanda sevincli, yoxsa kədərli günləriniz çox olub?

- Bu 70 ili necə yaşamışam, necə gəlib-keçib, xəbərim olmayıb. Çox gərgin, son dərəcə mürəkkəb şəraitdə ömür sürmüşəm. Mən yaşda olanların hamısı kimi sovetlər dövrünün ən ağır illərində yaşamışam. Təqiblər də, təzyiqlər də görmüşük. Fırtınalı, ağrılı, təkamüldən uzaq, dağıntılarla dolu keçid dövrü də bizim payımıza düşdü. Şükür Allaha ki, müstəqillik dövrünü də gördük.
Arxaya baxanda böyük qürür hissi keçirirəm ki, məhz bu cür ömür yaşamışam. Xalq içərisinə çıxanda, Azərbaycanın bölgələrinə - Qubasına, Qusarına, Lənkəranına, Lerikinə, Naxçıvanına, Şəmkirinə, Gədəbəyinə, Şəkisinə, Zaqatalasına, Balakəninə, bir sözlə, Yurdun hər bir guşəsinə gedəndə, tarixi yerlərlə, millətimizin düşüncəsiylə tanış olanda ətrafıma minlərlə insan yığılıb ömrümün ayrı-ayrı məqamlarında məndən yaxşılıq gördüklərini dilə gətirdikdə, çıxışlarımla, yazılarımla, milli inkişaf məsələlərimizlə bağlı doğru yolda oldğumu sadə insanlar mənə söyləyəndə mən bundan çox böyük qürur hissi keçirirəm. Qürur hissi keçirirəm ki, indiyə qədər heç kəsin hesabına yaşamamışam, təmənna ummadan insanlara yaxşılıq etmişəm, millətimin qarşısında başım aşağı deyil.
Atam Mikayıl Mahmud oğlu dünyasını dəyişib, atamın yanına üzüqara getmək istəmirəm. Bu, mənim dünyada ən böyük arzumdur. Atam 1918-20-ci illərdə Şəki bölgəsində daşnaklara qarşı mübarizəyə başçılıq edən xalqımızın igid insanlarından biri olub. Xalq arasında “Qara Mikayıl” adı ilə tanınıb. Nuru paşanın hərbi qüvvələri Gəncəyə yetişəndə ona göstəriş verilmişdi ki, Şəki bölgəsinə getsin. Çünki o bölgədə əhalinin daşnaklar tərəfindən məhv edilməsi təhlükəsi vardı.
Bir məsələni qeyd etmək istəyirəm ki, bizim camaatımız Dış Oğuz elindəndir. Şəkidə Daş üz adlı böyük düzəngah var. Baş Qafqazla irəmələrin arasıyla Tiflisə qədər uzanır. O yerləri bu gün də bizim camaat Daş üz adlandırır. “Kitabi - Dədə Qorqud” dastanlarındakı ən qaynar hadisələrin cərəyan endiyi yerdir. Dış Oğuz “qara donlu kafirlərə” qarşı bizim vuruşduğumuz yerlərdir. Mən Şəkinin Baş Göynük kəndində doğulmuşam. Bizə Rəhimoğulları nəsili deyirlər. Bu elat Baş Göynük, Aşağı Göynük, digər çoxsaylı Göynük kəndləri, Biləcik, Layiski kəndi, aşağıda Daş üzdəki kəndlər, Qanığa qədər bu yerlərin hamısı qədim qəhrəman türk elatı olan Qınık tayfasının məskən saldığı yerdir. Türk ellərinin başının üstünü təhlükə alanda Qınık (Kınık) tayfası, Qayı eli, Kanqılı-Kəngərli tayfası qabağa durardı. Bunlar son dərəcə cəngavər tayfalardır. Oğuzun də sərhədlərini bunlar qoruyardı. Xoş günlərdə şer, çalıb oynamaqda Bayat tafası öndə olardı. Bu, məşhur tayfadır.

- Deməli, məşhur Qınık (Kınık) tayasındansınız?

- Bəli. Bununla da böyük qürur hissi keçirirəm. Qanıq çayı Qınık tayfasının adıyladır. Göynük kəndləri, İlısu kəndi, onun da arxasında Göynük dağı var. Bizim elatımız Azərbaycanın hərbi, siyasi tarixində böyük rol onayıb. Zaman-zaman Qanığı adlayıb, indi Ermənstan adlanan ərazilərdə bizim elatın kəndləri salınıb. Oradan bizim tayfalar Naxçıvana keçib. İndi Naxçıvanda, Ermənistanla sərhəddə - Culfa rayonunda Göynük tayfasının bir kəndi qalıb. Göynük tayfası oradan da indiki Türkiyə ərazisinə keçib. Türkiyədə də bir-birilə yanaşı Göynük və Biləcik adlı iki böyük yaşayış məntəqəsi var. Şəkidə də Göynük və Biləcik kəndləri var. Yanaşıdırlar. Yəni bizim bu günkü sərhədlər dəyişəndə bizim elat müxtəlif yerlərə, o cümlədən Cənubi Azərbaycana da səpələnib.
Yuxarıda da dediyim kimi, bu şanlı tarixi olan əski, igid türk tayfası 1804-cü ildən, Rusiya Azərbaycana girəndən ayağa qalxıb. Şəkiyə erməniləri dolduranda Şəkinin igid xanı Səlim xan bunu etirazla qarşılayıb. Şəki xanının bacısı Qarabağ xanı İbrahimxəlil xanın həyat yoldaşı olub, qohum idilər. İbrahimxəlil xanın təbliğatıyla Səlim xan Rusiyaya meyilli idi və Rusiyanın himayəsini qəbul etmişdi. Amma rusiyameyilli olmasına baxmayaraq, ruslar İbrahimxəlil xanı bir gecənin içərisində Qarabağdakı alban-erməni məliklərinin fitvasıyla çadırda məhv etdilər. Ondan sonra Səlim xan rusların Şəkidəki qarnizonunu məhv edib və mübarizəyə başlayıb. Belə olan halda ruslar Cənubi Azərbaycanda ruslara işləyən, general-leytnant rütbəsi verilən xoylu Cəfərqulu xanı Şəkiyə xan qoyurlar. O zaman da bizim Göynük camaatı ayağa qalxır, Şamaxı xanı ilə ittifaqa girir. Cəfərqulu xan Şəki ərazisinə İrandan özünə arxa kimi erməniləri gətirib. Erməni-Səbətli kəndi də o zaman salınmışdı. Bura daşnak yuvasıydı.
1918-20-ci illərdə ermənilər cəllad Şaumyanın başçılığıyla bizim xalqı məhv etməyə başlayanda məşhur Göynük elatı mübarizəyə qalxıb. Şəkidə Baş Göynük kəndinin igidləri ayağa qalxıb, könüllü dəstələr yaradıblar. Bu dəstələrdən birinə də atam “Qara Mikayıl” başçılıq edib. Şəki ərazisində bizi qırmağa çalışan səbətli ermənilərini-daşnakları, indi onlar Gürcüstan ərazisində yaşayırlar, darmadağın ediblər. Səbətli erməniləri Qanıq çayının o üzünə, bizim Şirək düzünə keçiblər. Bizim Şirək düzü indi Gürcüstanda qalıb. Orada Krasnoye Sabatlo, yəni Qırmızı Səbətli kəndi yaradıblar, oradan Şəki ərazisinə boylanırlar. 1918-20-ci illərdə, hələ Nuru paşa gəlməmiş Göynük igidləri Şəkidə daşnakların xalqımıza divan tutmasına yol verməyiblər. Gəncəyə gəlib Nuru paşaya məlumat veriblər ki, Şəkidə daşnakları məğlubiyyətə uğratdıq. Nuru paşa çox sevinib. Gəncədə Şəkidən gələn 4 böyük dəstə başçısını qəbul edib, rəsmi keçid təşkil edərək hamısına təşəkkürünü çatdırıb. Deyib ki, daşnaklara qarşı bu cür vuruşmaq lazımdır. Sonra atam Nuru paşanın qoşununun tərkibində Biləcəriyə qədər gəlib. Bizim hamımız bunu ailəmizdə bilirik.
…1930-cu ildə Göynükdə böyük üsyan qalıxıb. Bu, SSRİ-nin tarixində yeganə böyük xalq üsyanıdır. Bu üsyan elmə Şəki üsyanı kimi də daxil olub, fərqi yoxdur, bölgədə baş vermiş üsyandır. Şəkidə 30-cu illərdə ziyalılar həbs olunanda yenə Göynüyün igidləri, başda atam olmaqla, dağları aşaraq Şəki şəhərini alıblar və həbsdəki Şəki ziyalılarını azad ediblər. 4 gün də Şəkini əldə saxlayıblar. Sonra Şəki bombardıman olunub, ora diviziyalar yeridiblər. Bizim kəndimizi də təxti-viran ediblər. Kəndimizdə 15 yaşdan yuxarı kişi cinsini yığıblar, öz əlləriylə quyular qazdırıblar və hər 9 nəfərə bir güllə hesabı ilə güllələyiblər. Yarımcan halda quyulara doldurub üstünü torpaqlayıblar. O vəziyətdən atamı nənəm xilas edib.
İkinci dünya müharibəsi ərəfəsində təzədən təmizləmə aparılanda atam bilirdi ki, bu dəfə onu artıq güllələyəcəklər. Ona örə də bizi qara keçələrə büküb, atlara yükləyərək, kəndi tərk edib. Bacılarımın biri yolda, Qax rayonunun meşələrindən birində keçinib. 4 qardaş bizi atam Qax rayonunun kəndlərində, sonra Balakən, Zaqatala meşələrində saxlayıb. Nəhayət, 1946-cı ildə gizli şəkildə Balakən rayonunda yerləşmişik. Guya mən Balakəndə doğulub, oradan məktəbə gemişəm. Yəni bunların hamısını yaşamışam. Atam belə şeyləri danışmazdı, anama da bu barədə danışmamaq barədə tapşırıq verərdi. Amma anam bizə gizlincə bu barədə danışardı. Atamın bu qəhrəmanlıqlarından da mən zövq almışam, qürurlanmışam.
Mən atamın bu tərcümeyi-halını bildiyim üçün, xüsusən kəndbəkənd, meşələrdə gəzərək bizi saxladığı üçün bütün bunlar mənim həyatımda uşaqlıqda dərin iz buraxıb. Həmişə atam bizə deyirdi ki, türk adı gələndə ayağa durun, bizim elatımız var, qədim türk tayfasıyıq, heç zaman məğlub olmamışıq. Atam canında qorxu olan insan deyildi. Ölümündən sonra mən 1998-ci ildə həcc ziyarətinə gedəndə üç gün xəyal kimi gəlib gözlərimin qarşısında durdu.

- Gənclik illəriniz necə keçib?

- Mən 1957-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinə qəbul oldum və əla qiymətlərlə oxudum. Bütün ictimai işləri mənə tapşırmışdılar, müəllimlərimin hamısı başıma sığal çəkirdi. Məni xüsusi qərarla orta əsrlər tarixi üzrə aspiranturada saxladılar. Azərbaycanın məşhur bəy nəslindən olan Ədhəm bəy Şahmalıyev mənim elmi rəhbərim olub. Çox böyük ziyalı idi. Mən BDU-nun bitirəndə, Allah min rəhmət eləsin, dekanımız Məlik Orucov böyük alimimiz Abdulla Qarayevin yanına getdi. O zaman icazə yoxdu, gərək kənddə təyinatla 2 ay işləyəydin. Məni xüsusi qərarla orta əsrlər üzrə aspiranturada saxladılar. Mənə Ağqoyunlu dövlətinin Venesiya Respublikasıyla, Avropa ilə əlaqəsiylə bağlı mövzu verdilər. O zaman bununla bağlı ətraflı məlumat yox idi. Yalnız bir cümlə məlum idi. Yazılmışdı ki, Uzun Həsən Osmanlıya qarşı mübarizə aparmaq üçün Avropa ölkələryilə əlaqə saxlayıb, Sara xatun bu işlərdə xüsusi rol oynayıb. Vəssalam! Mən Ədhəm müəllimin fəal köməyi ilə bu mövzunu işlədim, 1966-cı ildə müdafiə etdim. Vaxtilə Leninlə bir qrupda oxumuş Makovelski adlı çox böyük filosof Elmi Şuranın üzvü idi. O məni çağırıb evində qəbul etdi, gözləri görmürdü. Müdafiə günü səhər mənə bir zərf verdi. Dedi ki, bunu Elmi Şuraya verərsən. Elmi Şurada açıb oxudular. Gördülər ki, o, mənə birdən-birə doktorluq verilməsini təklif edir. Məktubunda yazmışdı ki, bu mövzu işlənməyib, burada təzələ məsələlər qaldırılıb, faktlar gətirilib. Elmi Şuranın üzvləri Mirzə Feyzulla və digər çox görkəmli alimlər, tarixçilər idi. 18 nəfər 24 yaşıma keçdiyim vaxtda mənə elmlər doktoru adı verdilər. O ad verilənin səhərisi günü sanki bütün dünya mənə qarşı çevirildi. Məni dünən əzizləyən müəllimlərimin, demək olar, hamısı mənə qarşı çevrildi. Mənə dedilər ki, get, etiraz et, sən hələ bu işə layiq deyilsən. Mosesov adlı bir erməni vardı. Elmi Şurada durub dedi ki, nə oldu, Mergelyan da bu yaşdadır, Ermənistanda Akademiyanın müxbir üzvüdür, ancaq bu uşağa elmlər doktoru adı verə bilmirik. Yəni erməni belə bu sözü dedi. Başıma belə bir fırtına gəldi. Elmlər doktoru adını təsdiqləmədilər.

- Bu, sizə necə təsir etdi?

- Mən o zaman sındım. Uşaqdım, həyatın fırtınalarının irəlidə olduğunu hələ bilmirdim. Düzdür, atamın həyatı mənə bəlli idi. Ancaq sındım. Bu gün də məndə əyriliklərə, düzgün olmayan işlərə barışmazlıq hisləri var. Nə qədər yaşayıram, həyatımdan keçmək bahasına belə ürəyimdə düzgün saymadığım şeyləri qəbul etmərəm. Mənə çox dedilər ki, elmlər namizədi adına razılıq ver. Razılıq vermədim. Elmi Şurada çıxışımda da dedim, stenoqramda durur. Dedim ki, mənə aspirant kimi namizədlik işi verilib, onu yazmışam, onu qiymətləndirmək sizin işinizdir. İstəyirsiniz doktorluq verin, istəmirsiz zibil yeşiyinə atın, qiymətləndirə bilirsinizsə, aparıb London muzeyinə qoyun. Müdafiəm 4 saat çəkib…
Sonra mənə heç iş də vermədilər. 6 aydan sonra opponentim rəhmətlik Yampolski mənim əvəzimə durub Böyük Elmi Şurada çıxış etdi. Dedi ki, bu cavan oğlanın niyə danışmadığını bilmirəm, gəlin bunun namizədliyini təsdiq edək, 6 aydan sonra da doktorluğuna qayıdarıq. Beləliklə, namizədliyimi təsdiqləyib, Moskvaya göndərdilər. Moskvadan namizədlik diplomunu mənə 24 günə göndərdilər. Yəni bura nisbətən Moskva mənim işlərimə operativ baxdı. Xülasə, mənə iş vermədilər. O zaman təzəcə Ensiklopediya işi başlamışdı. Rəsul Rzanı Ensiklopediyanın baş redaktoru qoymuşdular. Mənim işlərimin müzakirəsində fəal iştirak edən səfəvişünas Oktay Əfəndiyevin təqdimatıyla Rəsul Rza ilə görüşdüm. Rəsul Rza məni Ensiklopediyaya işə qəbul etdi. Bir-iki günün içərisində böyük elmi redaktor oldum. Sonra mən orada ümumi tarix şöbəsinin, daha sonra Azərbaycan tarixi şöbəsinin müdiri oldum. Nəhayət, 1971-ci ildə, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən 2 il sonra Mərkəzi Komitənin Bürosunun qərarı ilə məni, cavan bir oğlanı Ensiklopediyaya elmi işlər üzrə baş redaktor müavini qoydular. Nə üçün? Çünki biz o zaman Rəsul Rza başda olmaqla, ensiklopediyada milli mücadiləyə qalxmışdıq. O mühiti də çox müdrikliklə, bizim hamımız bilmədən Heydər Əliyev yuxarıdan qoruyurdu. Biz o zaman Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, sərhədlərimiz, tarixi torpaqlarımız, xəritələrimizlə bağlı məsələlər qaldırdıq. İlk dəfə tarix xəritələrini hazırladıq. İçərimizdə, ermənilərlə birləşən azərbaycanlı ermənilərimiz İrəvanla, Moskva ilə əlaqə yaradaraq bizə qarşı çıxdılar. Azərbaycanlılara qarşı soqyrımı həyata keçirən Stepan Şaumyanın oğlu Levon Şaumyanı Moskvadan bizə qarşı Bakıya dəvət etdilər. Levon Şaumyan Böyük Sovet Ensiklopediyasının baş redaktorunun birinci müavini idi, ideologiyanın başında dayanmışdı. Bizi məhv etmək üçün yoxlamar başladı. Ömrümüz-günümüz Bürolarda keçdi. Mərkəzi Komitənin ideoloji katibinin yanına qədər məsələ qalxdı. Bu gün başa düşürəm, o zaman da başa düşürdüm ki, Heydər Əliyev olmasa, bizi məhv edəcəkdilər. O mübarizənin gedişində Heydər Əliyev Rəsul Rzanın təqdimatı ilə məni baş redaktorun müavini qoydu. Mən Rəsul Rzanın başçılığı ilə Ensiklopediyada işlədiyim 10 ili həyatımın mənası sayıram. Çünki bu, mənim üçün mübarizədə atamın keçdiyi yola bərbarər yol oldu. Orada qazandığım təcrübə, dözüm, topladığım elm yükü həyatımın hər addımında kömək edir. Mən fəxr edirəm ki, ilk Azrbaycan Ensiklopediyasının yaradılmasında iştirak etdim. Çox fəxr edirəm ki, aylarla Ukraynada yatıb, ilk Azərbaycan xəritələrini buraxdıra bildik. Ensiklopediyamız çıxmasa da, biz xəritələrimizi buraxdırdıq. Azərbaycan tarixiylə bağlı sözlüklər yaratdıq. O illər mənim həyatımın ən mənalı çağlarıdır. Ensiklopediyadan ayrılandan sonra mən Pedoqoji İnstitutda fəaliyyətə başladım. Məni müdafiə edərək aspiranturada saxlayan Məlik müəllim Tarix fakültəsinin dekanı olmuşdu. Mən Pedoqoji İnstitutda işləyərkən 14 dəfə mənim arxamca gəldi. Mənim ürəyim sınmışdı, BDU-ya qayıtmaq istəmirdim. Amma 14-cü dəfə gələndə Pedoqoji İnstituta təzəcə Afat Qurbanovu rektor qoymuşdular, bu günlərdə rəhmətə getdi, allah rəhmət etsin. Afat Qurbanov məni çağırdı. Məlik müəllim nəhəng adam idi, oturanda mən boyda olurdu. Gördüm ki, rektorun yanında oturub. Ağızını açanda söyüşlə açırdı. Qapıdan girəndə dedi ki, sənin arxanca 14-cü dəfədir ki, gəlirəm, dur, düş qabağıma. Mən rektora dedim ki, buradan getmək fikrim yoxdur. Afat müəllim dedi ki, yox, bu boyda kişi bura gəlib, mən səndən xahiş edirəm onun sözünü yerə salmayasan.
1981-ci ildə BDU-ya qayıtdım. BDU-da bir müddət işləyəndən sonra məni dekan müavini, Tarix fakültəsinin dekanı qoydular. 20 ilə qədər Universitetdə Tarix fakültəsinin dekanı oldum. Mən fəxr edirəm ki, bu müddət ərzində Azərbaycan üçün tarixçi kadrların hazırlanmasında iştirak etdim. Necə iştirak etmişəm, o zaman təhsil alan tarixçi tələbələr yaxşı bilir. Bu tələbələr ölkənin hər yerinə səpələniblər, onların valideynləri bunu yaxşı bilir.
Fəxr edirəm ki, mən o illərdə ürəyimdə xalqım üçün olan faydalı prinsiplərin hamısını həyata keçirməyə çalışdım. Rəsul Rzanın vaxtında çıxılmağa qoyulmayan xəritələrin çapı üçün 1989-cu ildə Moskvada qərar çıxartdırdım. Xəritələrin çapına icazə verilməməsində Moskvanı bəhanə edirdilər. Bəhanəni kəsdim. Lakin yenə də içərimizdəki ermənilər o xəritələri çıxmağa qoymadılar.

- Doktorluğu nə zaman müdafiə etdiniz?

- Bu müddət ərzində doktorluq mövzusunu da davam etdirdim. Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələrini araşdırdım. Azərbaycanın diplomatiya tarixini yazdım, durmadan işlədim. Ciddi maneələrin hələ də davam etdiyinin şahidi oldum. Dəfələrlə məni qutuda qoydular - kafedra müdiri seçkilərində səs qazandığım halda, orta əsrlər tarixinin mütəxəssisi ola-ola məni yeşikdə qoyub, sovet dövründə Azərbaycan-İran münasibətləri mövzusunu işləyəni gətirib qədim tarixin müdiri qoydular. Yəni bunların hamısını mən yaşamışam. Ancaq elmi prinsiplərimdən dönmədim. 1989-cu ildə Moskva Dövlət Universitetinin Elmi Şurasında Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələriylə əlaqələri mövzusunda doktorluq dissertasiyası müdafiə etdim. O zaman mənə Azərbaycanda imkan verilməyən məsələləri Moskvada müdafiə etdim. Öz xahişimlə bu işimi SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna, Şərqşünaslıq İnstitutunun Leninqraddadakı filialına, Leninqrad Universitetinin Şərq fakültəsinə göndərtdim. Hər yerdə mənim o işim müzakirə olundu. Mənim opponentim, hazırda Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekanıdır, orta əsrlər üzrə çox məşhur alim Sergey Pavloviç Karpov Elmi Şurada rəy verdi. Çıxışında dedi ki, bu tədqiqat Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin İran deyil, Azərbaycan dövlətləri olduğunu sübut edir.

- BDU-da Tarix fakültəsinin dekanı olduğunuz dövrdə Azərbaycanda Xalq Hərəkatı başlayıb. Bu dövrlə bağlı nə deyərdiniz?

- Tarix fakültəsinin qabaqcıl, gözüaçıq gəncləri Xalq Hərəkatında gənclərin demək oları ki, başında gedirdi. Mən bu gün həyatda yaşayıram və qürur hissi keçirirəm. Mənim Xalq Hərəkatında iştirak edən sevimli tələbələrimin qovulması üçün BDU-nun Elmi Şurasının 86 üzvü yuxarıların təzyiqi ilə əl qaldırdı. Mən tək bu qərarın əleyhinə çıxdım. Çünki o zaman mən o dünyaya nə atamın, nə də sevdiyim Rəsul Rzanın yanına üzü ağ, başı dik gedə bilməzdim. O zaman rektorluqda – Elmi Şurada heç mənə yer də göstərmədilər. Ancaq çıxış etdim və dedim ki, insanları əqidəsinə görə qovmaq olmaz. Məni o zaman Moskva Azərbaycadakı Xalq Hərəkatına qraşı mübarizəyə cəlb etmək istədi. Mən dedim ki, bu, Azərbaycanın daxili işidir. Öz ölkəmdə təqib olunduğum üçün Mənə Ukraynada ev verib, işə dəvət etdilər. Mən Azərbaycanı tərk etmədim, o tələbələri qovmağa qoymadım. Mənə qarşı elə rejim yaratdılar ki, Tarix fakültəsinin dekanı işləyə bilmədim. İstefa verdim. Amma tələbələr qaldı, mən getdim. Tarix fakültəsində partiya təşkilatının Bürosunu çağırıb, partiya təşkilatını buraxdırdım. O zaman hələ Universitetdə partiya komitəsi fəaliyyətdə idi. Bu işdə özlərini qabaqcıl sayanlar sonra gedib biletlərini götürdülər. Biz biletimizi götürmədik. Fəxr edirəm ki, hələ 1990-cı ildə hələ SSRİ dağılmamış bir dekan kimi Tarix fakültəsində gənclərin təşəbbüsü ilə “S.M.Kirov adına Qırmızı Əmək Bayrağı ordenli ADU-nın” tarixi adının bərpa olunması barədə məsələ qaldırdım və buna nail oldum.
Mən Qarabağ müharibəsində ermənilər mühasirəyə aldığı Köhnə kəndə qədər getmişəm, Laçına, Cicimliyə, Zoda getmişəm. 12 dəfə Şuşada olmuşam. Dəfələrlə Meşəli kəndinə getmişəm. Cəmillidə, Horadizdə olmuşam. Kərkicahanda 4 dəfə olmuşam, döyüşən igidlərimizi geri çəkilməməyə çağırmışam. Məni tərpədən suallar verirsiniz, bu barədə danışıram. Mən indiyə qədər heç yerdə bu qədər geniş danışmamışam.

- Tarix İnstitutuna gəlişinz necə olub?

- Tanrının izniylə prezidentimiz məni bura göndərdi. Tarix İnstitutu vaxtilə tarix xəritələrimizə, milli mövqeyimizə qarşı olan qüvvələrin başında gedirdi. Biz içəridən buna qarşı deyirdik ki, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məhəmməd Əmin Rəsulzadə, Xalq Cümhuriyyəti Azərbaycan tarixinin şansı səhifəsidir. Rəsul Rza başda olmaqla, biz bunu deyirdik. Biz Ensiklopediyaya Bakı əməliyyatını salmışdıq. 28 apreldə Azərbaycanda inqilab olmayıb, işğal ediblər. Sovet ədəbiyyatına da bu, müəyyən qədər yol açmışdı. Biz bunların hamısını deyirdik. Tarix İnstitutundan isə çıxış edib deyirdilər ki, bunlar millətçidirlər, anti-sovet fəaliyyəti ilə məşğuldurlar, ermənilərin əleyhinədirlər, pantürkistdirlər. Bizim xəritələrimizin çıxmamasında da o zaman Tarix İnstitutundakı bəzi qüvvələr mühüm rol oynamışdılar. Taleyimdən, ulu Tanrımdan razıyam ki, son dərəcə ağır iş olmasına baxmayaraq, bu Tarix İnstitutuna gəldim. Bura gələndə ilk olaraq Azərbaycanın tarixi xəritələrini buraxdım. Azərbaycan xalqının ilk dəfə milli tarix atlası oldu. Halbuki ermənilərin burada torpağı olmaya-olmaya dəfələrlə atlas buraxıblar. Gürcülər də dəfələrlə atlas buraxıblar. Amma bizim tarix atlasımız yox idi. O cümlədən Qarabağın tarixi işlənməmişdi. 6 dildə möhtəşəm “Qarabağ tarixi”, Azərbaycan və ingilis dilində “Naxçıvan tarixi və abidələri” kitabını buraxdıq. Biz Tarix İnstitutunda Azərbaycanın bütün itirilmiş torpaqlarının tədqiqi ilə məşğuluq. Dərinə gedəndə görürük ki, Azərbaycan tarixi hələ işlənməyib, gərəkli səhifələri araşdırılmayıb. Azərbaycanın cənubunun tarixi, Azərbaycanın dövlətçilik tarixi lazımi səviyyədə işlənilməyib. Bunların hamısını addım-addım işləyirik, elmi-tədqiqat planlarımız dəyişib. Amma bunların hamısını addım-addım işləyib dərinə getdikcə görürük ki, nə qədər böyük maneələr, nə qədər köhnə streotiplərin əsiri olan insanlar, nə qədər pərdələnmiş, maskalanmış insanlar var. Bunların hamısı əngəl olur. Çox təəssüf ki, cənub qonşumuz bizə din qardaşı deyir, amma erməniləri himayə edir. Dəfələrlə bizim çıxardığımız atlaslara, kitablara cənub qonşumuz nota verib. Bu notalara da cavab veririk. Heydər Əliyev də öz sözünü 2002-ci ilin noyabr ayında Şəkidə Olimpiya kompleksi açılanda dedi. O zaman mənim üçün çox ağır idi. “Ata yurdu” dərsliyi ilə bağlı İrandan nota verirdilər ki, niyə kitabın üzərində bütöv Azərbaycanın görüntüsü var. Bütöv Azərbaycanın görüntüsü verilmişdi ki, bizim xalqımız harada yaşayıb, harada formalaşıb. Biz bu saat tarixi Azərbaycan torpaqlarının 1/5-də də deyilik. Biz ərazi iddiası irəli sürmürük, amma tariximizin sahibləriyik. 2002-ci ildə gündə millətçilikdən, türkçülükdən danışan qüvvələrin heç biri məni müdafiə etmədi. Amma Şəkidə Olimpiya kompleksinin açılışında Heydər Əliyev məni Rəyasət Heyətinə çıxardı. Orada Şəkidən çıxan bir neçə görkəmli şəxsləri sayandan sonra dedi ki, böyük alimimiz, böyük tarixçimiz Yaqub Mahmudov da buradadır. Məni çağırdı, yarım dəqiqəyədək nəzərlərini gözlərimə dikdi. Onun gözünə baxmaq çətin idi, rəngdən-rəngə düşürdü. Mən o diqiqə başa düşdüm ki, məni ona görə çağırıb ki, bizə qarşı kənardan olan hücumlarla bağlı sözünü bu yolla çatdırsın. Allah min rəhmət etsin, bu mənim xoşbəxtliyimdir ki, Heydər Əliyev xalqını, millətini sevən insanları, bizi sovet dövründə lap dərinliklərdə müdafiə edib, sonra da açıq müdafiə edib, müstəqil Azərbaycanın keşiyində durub.
Mən çox fəxr edirəm ki, Azərbaycan prezidenti İlham Əliyev bütün çıxışlarının hamısında, böyük dövlətlərin başçılarıyla görüşlərində deyir ki, biz bir dəfə ermənilərə torpaq vermişik. Qədim İrəvanı, Xalq Cümhuriyyəti dövründə ətrafındakı 9,5 min kvadrat kilometr ərazi ilə birlikdə vermişik, ikinci dəfə ermənilərə dövlət qurmaq üçün torpaq verməyəcəyik, ermənilər düşünməlidirlər, indiki əraziləri də bizim ərazilərdir. Mən qürur hissi keçirirəm ki, Azərbaycan dövlətinin başçısı bu qədər torpaqlarımıza, tariximizə prinspial münasibət bəsləyir, bu qədər mübarizdir. Onun bu ruhu da tarixçilərə çox böyük ruh yüksəkliyi bəxş edir. Biz bütün işlərimizdə onu əsas götütürük. Prezidentimiz bü qədər tarixini, Vətənini sevdiyi, ağır təzyiqlər şəraitində müdafiə etdiyi halda tarixçilər niyə susmalıdır? Ona görə də bir-birinin arxasınca Tarix İnstitutunda “Qarabağ tarixi”, “Kürəkçay müqaviləsi”, “Naxçıvan tarixi”, “Şimal-Qərbi Azərbaycanın tarixi” əsərləri nəşr olunur. Bu yaxınlarda İrəvan xanlığının tarixi, rus işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı kitab buraxacağıq.
Ulu tanrımdan çox razıyam ki, ən çətin, prinsipial zamanlarda mənim mübarizə apardığım dövrlərdə Azərbaycanın Heydər Əliyev kimi bir öndəri olub, İlham Əliyev kimi vətənini sevən, mübariz, onun keşiyində duran bir dövlət başçısı var. Ona görə də biz prinsipimizdən, yolumuzdan çəkilməyəcəyik. Azərbaycan dünyanın ən qədim insan məskənlərindən, dövlətçilik mərkəzlərindən biridir. Dünyanın ən qüdrətli dövlətlərini biz yaratmışıq. Biz imperiyalar yaratmışıq, dünyanın böyük hissəsini, başqa xalqları idarə etmişik. Biz heç kəsin mədəniyyətini dağıtmamışıq, dinini əlindən almamışıq. Amma bizim dilimizi əlimizdən almağa çalışanlara qarşı biz mübarizə aparacağıq.
Bu gün Azərbaycan tarixinin mühüm məsələlərini Tarix İnstitutunda qaldırırıq. Bir sıra ölkələrdə mənim əleyhimə qüvvələr var. İnternet saytlarında verilən materiallar götürülsə, hərəsindən 2-3 cild kitablar çıxar. Deməli, mən doğru yoldayam. Bununla fəxr edirəm.
Xocalı soyqırımı üçün Berlində tədbirə gedəndə ora çatmamış artıq İstanbulda təyyarəyə qalxmamış məni yoxladılar ki, vizam varmı. Berlin erməniləri yığılıb polisə müraciət etmişdilər ki, bunu tutmaq lazımdır, genosidin əleyhinə danışır. Fəxr edirəm ki, təpərim çatır, çoxları çəkinib getmədiyi halda, gedib orada ardıcıl şəkildə mübarizə aparıram.
Bu gün mən raham həyat yaşamıram, mübarizə dolu, təmənnasız həyat yaşayıram. Heç kəs mənimlə bağlı tarixin hansısa dönəmində bir şərəfsiz yol keçməyimlə bağlı heç nə açıqlaya bilməz. Bunlar mənim çox böyük sərvətimdir. Qürur hissi keçirirəm ki, Ulu tanrım da mənə imkan verir, ömür bağışlayır.

- Həcc ziyarətiniz barədə geniş danışmağınızı istərdik. Atanız ziyarət zamanı gözünüzün qarşısında necə canlandı, hansı hisləri keçirdiniz?

- Bu, son dərəcədə şərəfli sarsıntı keçirdiymim bir dövrdür. 1998-ci ildə Səudiyyə Ərəbistanının kralı Fəth ulu öndər Heydər Əlivə 150 nəfər həcc ziyarətinə getmək üçün qonaq limit yeri vermişdi. Mənə də xəbər gəlmişdi ki, prezidentin təklifi var, əgər getmək arzum varsa, gedim. Həcc ziyarətində təvvab mərasimlərindən birində, gecə, Kəbənin başına dolanıb gələndən sonra ən uca minarənin qarşısında oturacaqda üç yoldaşımla oturmuşdum. Yoldaşlarım vaxtsız rəhmətə getmiş Mirheydər Mirzəyev və başqa bir nəfər alimimiz idi. Orada azan oxundu. Mənim atam səhərlər durub quran oxuyardı. Çox təsirli səsi vardı. Azan səsi qalxanda elə bildim ki, atamın səsidir. Xəyal məni apardı. Gördüm ki, uzaqdan bir ağ nöqtə üstümə doğru gəlir və gəldikcə böyüyür. Gəldi, çatdı. Gördüm ki, ağ örtüyün içərisində atamın saqqalı, sifəti!... Nə qədər “La ilahə illallah”, “bismillahi rəhmani rəhim” dedimsə də, xeyri olmadı. Azan qurtaranda yenə də bu ağ nöqtə uzaqlaşdı. Səhəri günü axşam yenə həmin hadisə təkrar oldu. Üçüncü günü biz Ərəfata getdik. Eyni hadisə təkrarlandı. Orada mənim temperaturum qalxdı. İçimdən gəldi, hönkür-hönkür ağladım. Şeyximiz və digər zəvvarlar gəldi, məni yoluxdu. Şeyx dedi ki, xəstəxanaya götürmək lazımdır. Danışmaq mənə çətin idi. Xəstəxanaya getmədim, ziyarəti başa çatdırdım. Növbəti gün apardığım şeylərdən ehsan payladım. Söz verdim ki, atamın şərəfinə buradan bir “Quran” götürəcəm, qəbri üstə qurban kəsəcəm, Zəmzəm suyu aparacam. Dördüncü dəfə artıq xəyal gəlmədi. Kəbədən sevdiyim səma rəngində kiçik bir “Quran”ı əlimdə götürüb çıxdım. Çox maraqlıdır ki, polisin, heç kəsin məndə işi olmadı. Bir nəfər də görünür ki, ya mənə baxıb, ya da özü bir “Quran” götürüb və onu gizlədib. Çıxanda polis onu tutdu. Haray-həşir qopdu. Dedik ki, o adamı buraxsınlar, ziyarətə gəlib. Dedilər ki, yox, buradan heç nə aparmaq olmaz, o, gizli aparır. Sonra o adam məni göstərərək qayıtdı ki, bu da aparır, niyə ona heç nə demirsiz. Dedilər ki, ona halaldır. Mən quruyub qaldım.
Bu cür hadisələr başıma çox gəlib. Çox gərgin həyat yaşayram. İndi siz bura gəldiniz, mən 5 dəqiqədən sonra Milli Məclisdə olmalıyam. Hətta elə olur ki, səhər duranda deyirəm ki, bu qədər işlərin öhdəsindən necə gələcəm. Əhmədilə bir nəşriyyat işimiz var, xəyala dalıb oturan zaman görürəm ki, mənim işim keçməli olan şəxs nə isə bir iş üçün mənə zəng açdı. Kiminləsə görüşməliydimsə, qapını açıb içəri girir. Bu işlərin hamısına məəttəl qalıram.
Mənə tanrının böyük köməkliyi var. Ruhi dünyaya inanıram. Özümü hazırlayıram ki, dünyamı dəyişəndə başda atam olmaqla, Azərbycanın qeyrətli insanlarının ruhları qarşısında başım aşağı olmasın. Bu, mənim pessimizmim deyil. Mübariz ruhumu bir an belə bədənimdən çıxmağa qoymuram. Çünki o ruh bədənimdən çıxsa o dəqiqə ölərəm. Mən fəxr edirəm ki, böyük Azərbaycanımızın Mirzə Ələkbər Sabir, Hadi, Məhəmməd Fuzali kimi dahiləri var. Çətin şəraitdə yaşayıb, bizi göylərə qaldırıblar. Mirzə Fətəli Axundov xalq üçün əlləşib, qədri bilinməyib, amma bu gün təzə-təzə bilirik. Zaman keçdikcə görəcəyik ki, Heydər Əliyev Azərbaycan üçün kimdir. Onun etdiyi işləri hələ 100 illər sonra biləcəyik. Bu da bir həyat məktəbidir ki, böyük tarixi şəxsiyyətlərimizi onların sağlığında qiymətləndirməyi bacarmırıq. Çox hallarda da çox təəssüf ki, o insanları təqib edirik. Bu zəifiklər inşaallah, aradan qalxacaq, maarifçilik qələbə çalacaq, 60 milyonluq xalqımızın hər bir üzvü bizim şərəfli tariximiz olduğunu biləcək. İnşaallah, bizim də yazdıqlarımızı nə vaxtsa oxuyacaqlar, mənimsəyəcəklər. Görəcəklər ki, biz böyük xalqıq. Şərəfli tariximiz var. Biz çox zaman kimlər tərəfindənsə idarə olunmamışıq, idarə etmişik. Biz digər xalqları, ölkələri şərəflə idarə etmişik. Buna görə də rus imperiyası, sovet imperiyası kimi bir imperiya onun payına düşən bu balaca hissəmizi məhv edə bilmədi. Torpaqlarımızı əlimizdən aldı. Torpaqlarımızın bir hissəsində ermənilərə dövlət yaratdılar, Dərbənd o yanda qaldı, Gürcüstan Respublikası yaradıb, torpaqlarımızın bir hissəsini də ora verdilər. Dövlətçilik tariximizi əlimizdən alıb, soyumuzu məhv etmək üçün başımıza min oyun açdılar. Nə oldu? Biz şəhidlər verə-verə, şəhidlərin ruhu ilə silahlana-silahlana Xalq Cümhuriyyətini yaratdıq. Cümhuriyyəti boğdular, Cümhuriyyətin ideyaları yaşadı, Cümhuriyyətin yaratdığı Universitet yaşadı. Yenidən müstəqil olduq. Bu müstəqillik isə əbədidir. Çünki bu, tamam başqa, qloballaşan bir dünyadır. İndi dünya nüfuz dairələrinə bölünüb. Heç bir zaman qoymazlar ki, bizim müstəşqilliyimiz əlimizdən getsin, təzədən kiminsə təsirinə düşək. Bu balanslaşdırılmış siyasət də Azərbaycanın tarixi ənənələrinə xidmət edir. Ona görə də sonda da demək istəyrəm ki, eşq olsun bizim prezidentimizə ki, bu mürəkkəb dünyada hətta bizə ən yaxın, qan qardaşımız olan Türkiyəmizin başında duranların da xəyanət etdiyi bir zamanda, AKP rəhbərliyini nəzərdə tuturam, Azərbaycanı dik ayaq üstə saxlaya bilir. Biz qloballaşan dünyada nüfuzumuzu getdikcə artırırıq. Çünki yeridəiln siyasət düzgündür. Bu, Heydər Əliyev siyasətidir. Bu siyasəti yerinə yetirən də Heydər Əliyev yolunun uğurlu davamçısıdır.

- Çox keşməkeşli həyat yaşamısınız. Belə bir insanın ailə qurması zamanı seçimi nə qədər düzgün olub?

- Gərək bu sualı verməyəydiniz. Mən bir azərbaycanlı kişisi olaraq öz xanımımdan danışıb, onu tərifləməyi sevən insan deyiləm. Amma ilk dəfədir ki, danışıram. İçərimdə insaf, mürvət hissi baş qaldırdı, çox sevdiyim kitablarımdan birini ömür-gün yoldaşım, daim təqiblərdə, təzyiqlərdə keçən, boranlı ömrümdə həmişə mənimlə olan, məni müşayiət edən Almaz Süleyman qızına həsr edirəm. Allah-təala mənə elə bir ömür-gün yoldaşı qismət etdi ki!... Mənə Allah-təala uğursuz ailə qismət etsəydi, bəlkə yüz dəfə boşanıb, evlənərdim. Mən dünyada üzüağ, başıuca olmağıma və o dünyama arxayın insanam. Amma mən o dünyada bircə günahlandırılsam, həyat yoldaşıma görə günahlandırıla bilərəm. Mən bütün işlərimdə ona borcluyam. Günlərin birində allahın dəvətini qəbul etsəm, bu dünyadan o dünyaya qovuşsam, yeganə nisgilli yerim odur ki, mən o dünyada həyat yoldaşıma görə günah yiyəsi ola bilərəm. Çox zülm etmişəm ona. Mənim şarpaşurplu, tufanlı-boranlı həyatıma o dözüb! Bütün uğurlarımın başında dayanır. Bu gün də uşaq kimi hər saniyə mənə diqqət yetirir. Mən çörək yeyəndə də bilmirəm ki, nə vaxt yedim, nə vaxt başladım, nə yeyirəm. Mən ömrümün elə çağındayam ki, məni çox əsəbləşdirirlər. Ancaq xanımım harada olsam, mənim halımla maraqlanır. Bu cəhətdən özümü dünyanın çox xoşbəxt insanı hesab edirəm.

- Övlad sarıdan necə, bəxtiniz gətiribmi?

- Övlad sarıdan da Allahımdan çox razıyam. Oğlum Turxan Piroqov adına Moskva Dövlət Tibb Universitetini bitirib. Misir müəllim o zaman BDU-da məsul katib idi. Rektor demişdi ki, eşitmişəm ki, Yaqub müəllimin oğlu qurtarır, hara istəyir, ora sənədi versin. Çünki onun sənədini götürməyə də maneçiliklər vardı. Gözləyirdilər ki, mən bəlkə hüquq fakültəsini deyəm. Mən də dedim ki, hüquq istəmirəm. Hamı mənə baxdı, güldü. Dedilər ki, biz indi allahdan axtarırıq ki, hüquq fakültəsini bizə deyən olsun. Dedim ki, yox, oğlum qoy biokimyaya getsin. Dedilər ki, sən tarixçisən, dedim yox. Biokimyaya da götürmək istəmirdilər. Elə oldu ki, Misir müəllim Faiq müəllimin yanına getdi. Faiq müəllim müalicədə olduğu bağdan xəbər göndərdi ki, Yaqub müəllimin oğlu hara istəyir, ora da getsin. Oğlum getdi, Moskvada Tibb Universitetini elə qurtardı ki, elmi rəhbəri ona İtaliyadakı labaratoriyasını verdi. Mən qoymadım. Dedim ki, cavan oğlandır, Azərbaycana gəlib evlənsin, sonra inkişaf edər. Bu uşaq gəldi, Azərbaycanda biokimya üzrə tam şatat iş vermədilər. Sonra Moskvadan zəng etdilər ki, o uşağı aspiranturaya götürüb Moskvaya göndərin. Aspiranturaya elan verildi, onun üçün açılan yerə başqa bir firmanın böyüyünün uşağını götürdülər, bunu qiyabiyə götürdülər. Bu uşaq küsdü. Bir də mənə dedi ki, ata, mən İngiltərədə Nottingem Universitetinə qəbul olmuşam. Dedim nə danışırsan? Getdi. 2 ilə Nottingem Universitetini qurtardı. Qurtaranda mənə xəbər göndərdi ki, məni dövlət hesabına magistraturada saxlayırlar. Orada magistraturanı qurtardı. Beynəlxalq şirkətlər onu işə cəlb etdilər. İndi tanınmış bir insandır, çox nüfuzlu bir beynəlxalq şirkətin MDB üzrə proqram direktorudur. Özü-özünə yol açıb. Hər cür təminatı var, mənəvi cəhətdən azaddır. Çox şadam ki, çox qeyrətli, layiqli və özü kimi bacarıqlı bir Azərbaycan xanımı ilə evləndi. Bir övladları, nəvəm var, adını da mən Sara xatın qoymuşam. Sara xatını mən elmə gətirmişəm. Məndən qabaq Sara xatın haqqında heç məqalə də yazılmayıb.
Qızım Gülnur ərəbşünasdır, dosentdir. Vasif müəllim Məmmədəliyev ondan həmişə razılıq edir. Gülnurdan iki nəvəm var. Birinci nəvəmin adı Xaqan, ikinci nəvəmin adı Alparslandır. Bu nəvələrim də yaxşı böyüyürlər. Böyük nəvəm Xaqan 3-cü sinifdədir. Onun adını akademik qoymuşam, dünyanı məndən yaxşı başa düşür. Mənimlə də dostdr. Balaca da çox lotu oğlandır. Elə deyəsən, o, Alparslan olacaq. Onun işi güləşməkdir. Bir əliylə böyük qardaşını saxlayır, əlindəkiləri alıb yeyir, sonra buraxır.
Digər qızım Aynur Pedoqoji Universitetdə müəllimədir. Yəni ailə sarıdan da bu dünyada nigarançılığım yoxdur. Bəzən yol gedərkən ani olaraq düşünürəm ki, nə etmişəm, nə qazanmışam, nə itirmişəm bu dünyada. Mən belə hesab edirəm ki, bu dünyada kimlər var-dövlət qazanırlarsa, milyardlar qazanırlarsa, bunlar heç də hər şey demək deyil. Çünki bunların hamısı bu dünyada qalacaq. Onların aqibətinə də allah nə qismət edib, bilinən deyil. Amma mən belə hesab edirəm ki, dünyada Nizami yoxdusa, Füzuli yoxdursa, Mirzə Fətəli yoxdursa, Sabir yoxdursa, Cəlil Məmmədquluzadə yoxdusa, Azərbaycan xalqı yoxdur. Var-dövlət sahibləriylə millət yaşamır. Mllət milli dəyələri qoruyan, özü yaşamayan, xalqını yaşadan insanların hesabına yaşayır. Mənim sevdiyim bir ifadə var. Vətən üçün yaşayanlar yaşadırlar Vətəni. Vətən üçün yaşamaq isə özü üçün yaşamamaq deməkdir. Çox inanıram və böyük qürur hissi keçirirəm ki, bir zamanlar mən bu dünyada olmayanda mən bəlkə də ən varlı adamlardan biri olacam. Bir zamanlar mənim gördüyüm işlərlə maraqlanacaqlar. Bir zamanlar hiss edəcəklər ki, Yaqub Mahmudov adlı bir insan hələ sovetlər dönəmində orta məktəblər üçün bir “Ata yurdu” dərsliyi yazıb. İnsan Ata yurdunu qoruyar, Ata yurduna görə qan tökər, qanını tökdurər. Gələcəkdə də çoxları başa düşəcək ki, mən “Ata yurdu” ilə nə demək istəmişəm. Mən nə səbəbə İrəvan xanlığının tarixini yazdım və yazdırtdım. Nə səbəbə Azərbaycanın tarix xəritələrini buraxdırdım. Nə səbəbə bu qədər təqibləri qəbul etdim. Erməni məsələsi ilə əlaqədar itirilmiş torpaqlar nəzəriyyəsini işlədik. Ürəyimin dərinliyində də çox arzularım, planlırım var, mən bunların çoxunu açıb demirəm. Olmayan «Böyük Ermənistan» uydurması ilə erməniləri dünyanın hər yerində türkə qarşı səfərbər edirlər. Nə səbəbə mənim xalqım itirilmiş torpaqlar nəzəriyyəsini işləməsin? İtirilmiş torpaqlarımız nəzəriyyəsini işləyək. O halda əsl həqiqət bilinər ki, böyük dövlət kiminki olub. Bizlər Böyük Azərbaycan səltənətinin sahibi olmuşuq. O zaman bizim xalqımız da ayılacaq. O səltənət ruhu ilə yaşayan insanlardan dilənçi, miskin, onun-bunun ətəyində yaşayan çıxmaz. Onlardan qürurlu igidlər çıxar.
Tarixini bilməyən xalq tərcümeyi-haını bilməyən insanlara bənzəyir. Zatını bilməyən oğuldan da kişi çıxmaz. Xalq da tarixini biləndə qəhrəman olur. Tarixini bilməyən xalqdan Vətən qoruyan olmaz. Arzum da odur ki, elə yaşyaq ki, xalqımız tarixini bilsin. O zaman bizim xalqımız həmişə qəhrəman olacaq, heç zaman məğlub olmayacaq!

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3285

Oxşar yazılar