Yol hərəkətində uşaq təhlükəsizliyi - ARAŞDIRMA
08 oktyabr 2009 18:00 (UTC +04:00)

Yol hərəkətində uşaq təhlükəsizliyi - ARAŞDIRMA

Dünyada avtomobillərinin sayının artımı paralel olaraq bəzi problemləri də doğurur. Nəqliyyat vasitələrinin say artımı ilə paralel olaraq hərəkət də çətinləşir, yol qəzalarının, ölən və xəsarət alanların sayı da artır. Bu bədbəxtliklərdən nəsibini alanlardan bir qismi də uşaqlardır.

Heç bir statistikaya baş vurmadan deyə bilərik ki, əksər valideynlər nəqliyyatda (istər şəxsi, istərsə də ictimai) uşaqların təhlükəsizliyi məsələsi barədə məlumatlı deyillər və ya bu məsələyə barmaqarası baxırlar. Bu gün qucağında körpə uşaqla sükan arxasında oturan sürücüyə, avtomobili özü idarə edən, qabaq oturacaqda ayaq üstə duran, qolunu və ya başını pəncərədən çıxaran, qabaq oturacaqdakı sərnişinin qucağında əyləşən uşaqlara addımbaşı rast gəlmək olur. Yol polisini gördükdə təhlükəsizlik kəmərini sinəsi üstünə atan valideyn də övladı üçün çox pis nümunədir. “Evdə olanı uşaq götürər” prinsipi ilə böyüyən bu cür “nəsil davamçıları” bir tərəfdən qorxaq böyüyür, digər tərəfdən atalarının yolları ilə gedərək, gələcəkdə intizamsız (bəlkə də tərbiyəsiz demək yerinə düşər) yol hərəkəti iştirakçılarına çevrilirlər. Bəzi avtomobil sahibləri isə daha “ağıllı” davranaraq təhlükəsizlik kəmərlərini söküb atır, hava yastıqlarını isə qəza vaxtı avtomobilin ön paneli korlanmasın deyə (“malım batınca canım çıxsın”) işdən ayırır. Bu tip “texniki vanldalizm”in isə sonu yalnız göz yaşı və itirilmiş sağlamlıq olur. Yol polisinin gözündən uzaq olduğu üçün belə hallar kənd yerlərində artıq adət halını alıb. Nəticə isə heç də ürəkaçan olmur. Eynən bu yaxınlarda 2 yaşlı uşağın öz 14 yaşlı qardaşının idarə etdiyi maşında həlak olması kimi.

Bu hadisə bizi nəqliyyatda uşaq təhlükəsizliyi barədə kiçik bir araşdırma aparmağa vadar etdi. Bu yazıda üç ölkədəki vəziyyəti müqayisəli şəkildə təhlil etməyə çalışdıq.

Avtomobillərin sayının artımı qəzaların artımına bəraət qazandırırmı?

İsveçrədə (ərazi 41 285 km2, əhali təqribən 8 milyon, bərk örtüklü avtomobil yollarının uzunluğu 71 min kilometr) 2008-ci ildə nəqliyyat qəzalarında 378 nəfər həlak olub. Bu, İkinci Dünya Müharibəsindən sonra ən aşağı göstəricidir. Bu ölkədə müharibədən sonra 30 il ərzində yol qəzalarında ölü sayı sürətlə artır, 1971-ci ildə isə pik nöqtəyə çatır (1773). Sonradan hökumətin sərt tədbirləri və texniki inkişaf nəticəsində geri sayım başlayır. İcazə verilən alkoqol miqdarının 0.8 promildən 0.5-ə endirilməsi, bütün sərnişinlər üçün təhlükəsizlik kəmərinin məcburi olması, yolların keyfiyyəti müsbət nəticə doğurdu. Bunu da qeyd edək ki, müharibədən sonra ölkədə nəqliyyat vasitələrinin ümumi sayı da 63 dəfə artıb. Əgər 1945-ci ildə ölkədə 63 000 minik avtomobili vardısa, 2008-də bu göstərici 4 milyon oldu. Eyni zamanda, ağır xəsarət alanların sayı 9% azalaraq, 4780-ə, yüngül xəsarət alanların sayı isə 5% azalaraq 20176-ya düşdü. Qəzaların əksəriyyəti yaşayış məntəqələri daxilində baş vermişdi.

2007-ci illə müqayisədə 2008-də Fransada (əhali təqribən 66 milyon, ərazi 675 417 km2) yol qəzalarında ölənlərin sayı 8.2% azalıb. 2001-ci illə müqayisədə bu enmə 50% təşkil edir. Nəzərə alaq ki, Fransada hər 1000 vətəndaşa 495 avtomobil düşür, kiçik şəhərlərdə isə velosipedlər say etibarilə avtomobilləri üstələyir.

Fransada 2008-ci ildə 4448 nəfər yol qəzalarında həlak olub, 96905 nəfər isə xəsarət alıb.

2008-ci ildə Fransada yol qəzalarında 110 uşaq ölüb, 3374-ü isə xəsarət alıb. Fransız ekspertlərin qənaətinə görə, hər iki qəzadan birində uşaqlar düzgün otuzdurulmayıb və bağlanmayıb.

Düzgün oturmayan (bağlanmayan) uşağın 20 km/saat sürətlə baş verən qəzada həlak olması ehtimalı böyükdür. Düzgün oturmayan uşaq qəza vaxtı avtomobildə qabaq şüşəyə, oturacağa çırpılaraq, ya da avtomobildən bayıra sıçrayaraq, həlak ola bilər.

Uşaqlar nə üçün kəmərlə bağlanmalıdır?

Uşaqları kəmərlə bağlamaq qəza zamanı xəsarət alma riskini azaldır. Avropa ölkələrinin əksəriyyətində isə 1992-ci ildən etibarən 10 yaşa qədər uşaqların xüsusi oturacaqlarda daşınması məcburidir.

Nə üçün xüsusi vasitələr?

Avtomobillərdəki təhlükəsizlik kəmərləri, hava yastıqları və digər qoruyucu vasitələr böyüklərə hesablanıb. Kiçik uşaqların bu kəmərlərdən istifadəsi qəza zamanı boğulmaya gətirib çıxara bilər. Kiçik uşağın bu kəmərdən sürüşüb çıxması çox da çətin deyil. Xüsusi oturacaqlar isə uşaqların anatomik və ortopedik göstəricilərinə uyğundur. Uşaqlar burada rahat və təhlükəsiz şəkildə otura və ya yata bilərlər. Bu oturacaqlar hərəkət zamana uşağı yedizdirməyi də asanlaşdırır.

Ən təhlükəli hallardan biri də uşağın qabaq oturacaqdakı sərnişinin qucağında əyləşməsidir (təəssüf ki, bizdə bir çoxları bunu norma hesab edir). Qəza zamanı, xüsusilə də hava yastığı açıldıqda, uşaq üçün nəticə çox ağır ola bilər.

Uşaq böyüdükcə şəhər yerində onun üçün həyati təhlükə də artır. Belə ki, dərsə tək gedən şagird artıq müstəqil yol hərəkəti iştirakçısına çevrilir. Məktəb yaşlı uşaqlarla bağlı ən böyük problem də elə onların müstəqil şəkildə dərsə gedib-qayıtması ilə bağlıdır. Təhlil etdiyimiz bütün ölkələrdə uşaqlarının böyük əksəriyyəti yolu keçərkən qəzaya düşüblər (Təəssüf ki, bu hal yol mədəniyyətinin aşağı olduğu ölkələrdə hətta “saqqallı uşaqlara”da şamil edilir).

Velosipeddən istifadə edən uşaqların iştirak etdiyi qəzalar Avropada çox olsa da, bizdə nadir rast gəlinən hadisədir. Azərbaycanda əksəriyyət velosipedi yalnız uşaq oyuncağı hesab edir və 19 əsrin böyük ixtiralarından olan bu texnika bizdə (hələ ki) nəqliyyat vasitəsi kimi qəbul olunmur. Azərbaycanda məktəbə velosipedlə gedən uşağa isə demək olar ki, rast gəlmirik. Dərsə velosipedlə gedən uşağın sinif rəhbəri və ya direktorun qəzəbinə tuş gəlməsi də istisna olunmur.

1994-cü ildə İngiltərənin Hertfordşir bölgəsində “Məktəbə piyada gedək” adlı kampaniya təşkil edilir. Məqsəd uşaqlara yol hərəkəti qaydalarını öyrətmək və uşaqların müstəqil yol hərəkəti iştirakçısına çevrilməsini təmin etmək idi. Bu kampaniya tezliklə bir çox ölkələrə yayılır. Tədbirlər ildə iki dəfə - mayda və oktyabrda, hər dəfə bir həftə olmaqla təşkil edilir. Tədbirlərdə QHT-lər, valideynlər, məktəbin və icra strukturlarının nümayəndələri və yol polisləri də iştirak edirlər. Bu tip tədbirlərin Azərbaycanda (xüsusilə şəhərlərdə) təşkil edilməsinin vaxtı çoxdan gəlib.

Azərbaycanda yol hərəkəti iştirakçısı olan uşaqların vəziyyətini araşdırarkən acınacaqlı hal aşkara çıxdı. Dövlət Yol Polisinin məlumatına görə, 2009-cu ilin 8 ayı ərzində yol qəzalarında 57 uşaq ölüb, 150 uşaq xəsarət alıb. Ölənlərdən 24-ü, yaralananlardan 99 azyaşlılardır. Yay tətili dövründə yol-nəqliyyat hadisəsi zamanı 10 azyaşlının ölümü, 24-nün də xəsarət alması bilavasitə valideynlərin nəzarətsizliyi üzündən baş verib.

Bizcə, vəziyyətin nə cür olduğunu şərh etməyə ehtiyac yoxdur. Yollarımızda həlak olan uşaqların (həmçinin böyüklərin) sayına görə, əhalisi, yolların uzunluğu və avtomobillərin miqdarı bizdən on dəfə çox olan Fransaya yaxın bir statistika “əldə etməyimiz” bu sahəyə nəzarətin zəif olmasından daha çox, özümüzün intizamsızlığımızın göstəricisidir.

Çıxış yolu

Uşaqların nəqliyyat qəzalarından qorunmasında birinci olaraq məsuliyyət valideynin üzərinə düşür.

Uşaqlara 3 yaşından başlayaraq küçə hərəkət qaydaları praktik olaraq (yəni küçədə) izah edilməlidir;

Uşaqlara yolu keçərkən müəyyən həddə müstəqillik verilməlidir;

Uşaqlar küçəyə başlı başına buraxılmamalıdır;

Yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı piyadalar və sərnişinlər də məsuliyyət daşımalıdır;

Televiziyada müntəzəm olaraq maarifləndirici proqramlar təşkil olunmalıdır;

Nəhayət, valideyn hər bir hərəkəti ilə uşağa nümunə olmalıdır. Təhlükəsiz hərəkət qaydalarını uşağa izah edən valideyn özü qayda pozursa, bu izahatın faydası yoxdur. Başqa sözlə, dəvət edənin özü düzgün yolda olmalıdır.

Sözardı

Yol hərəkəti iştirakçılarının həmrəyliyi ölkənin mədəni və inkişaf səviyyəsinin göstəricisidir. Gəlin, bu sahədə adımızın “vaxtovka” KAMAZ-ların marşrut avtobus kimi istifadə edildiyi dövlətlərlə deyil, Hollandiya, Almaniya və İsveçrə ilə bir sırada çəkilməsinə nail olaq. Bu, nə göründüyü kimi çox çətin, nə də çox asan deyil.

Vüqar Ələsgərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1763

Oxşar yazılar