“Dubaya nə üçün getdiyimi bilirdim...” - REPORTAJ
25 sentyabr 2009 17:00 (UTC +04:00)

“Dubaya nə üçün getdiyimi bilirdim...” - REPORTAJ

“3 il yarım Dubayda qaldım, 2 ildir həbsdəyəm, anamgil elə bilir Moskvadayam”

(“Məhbusələr” silsiləsindən)

...Demişdim axı, burda - Qadın Məhkumlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində (CM) tək-tük məhkumə həbs olunduğu maddə ilə özünü təqsirli bilir, günahını səmimi şəkildə etiraf edir. Haqqında danışacağımız qadın isə “günahını boynuna almayanlar”a aiddir.

Dosye: 1974-cü ildə Yevlax şəhərində anadan olub. Doğulduğu şəhərdə orta məktəbi, daha sonra isə Bakıda peşə məktəbini bitirib. Ancaq ixtisasına uyğun işləməyib. Bakıdakı supermarketlərin birində çalışıb, sonra isə alverlə məşğul olub. O, malı Türkiyədən gətirərək Bakıda kirayə yaşadığı evdə satırmış. Üç il yarım Birləşmiş Ərəb Əmiliklərinin (BƏƏ) Dubay şəhərində yaşayıb. Ailəli olmayıb. 2007-ci ildə həbs olunub. Cinayət Məcəlləsinin 144-1.2.1-ci maddəsilə (insan alveri, təkrar törədildikdə) 6 il müddətinə azadlıqdan məhrum edilib.

Böyük şəhərdə yalnız başına...

Əslində onun faciəsi Bakıda təkbaşına yaşamaqla başlayıb. Paytaxtda çoxlu qohum-əqrəbası olmasına baxmayaraq, Səriyyə (şərti addır – P.A.) Bakıda tək sayılırdı. Burada bir neçə il yaşadıqdan sonra, daha dəqiqi, 27 yaşında olan vaxt 29 yaşlı subay bir oğlanla tanış olur. Bu subay oğlanı sevən Səriyyə həyatında ilk dəfə məhz onunla yatağa girir. Daha sonra isə özünün dediyinə görə, oğlanın narkoman olduğu üzə çıxır. Həmin vaxt Səriyyə ondan uzaqlaşır. Və əvvəlki kimi alverlə məşğul olur. Həmin vaxt alverlə əlaqədar aylıq faizini ödəmək şərtilə borca pul da götürübmüş. Lakin günlərin birində 8 min dollara qədər artan borcu heç cür ödəyə bilməyəcəyini görən Səriyyə alverlə də vidalaşır. İndi onu yalnız bir şey düşündürürdü: 8 min dolları tapıb vermək. Ona bu pulu ödəməkdə heç bir dost kömək etməsə də, xeyli məsləhət verəni olur. Tanış bir qadın isə deyir ki, faiz borclarının altından çıxmaqdan ötrü yaxşısı budur get Dubayda pul qazan. Bu “ideya” onun ağlına batır. Beləliklə Səriyyə Dubaya yollanır.

Haşiyə: Əslində azərbaycanlı əxlaqsız qadınların getdikləri şəhərlər arasında Dubayla yanaşı Türkiyənin bir sıra şəhərləri, həmçinin digər yerlərin də adları çəkilir. Ancaq ən məşhuru Dubay olaraq qalır. Bəzən isə Dubay və başqa şəhərlərdə fahişəlik edən qadınlar sonradan Azərbaycana qayıtdıqda “məni aldadıb aparmışdılar”, “dayəlik etməkdən ötrü getmişdim”, “orada filan sahədə işləyəcəkdim, naəlac qalıb fahişəlik etdim” kimi bəhanələr işlədir. Bəli-bəli, məhz bəhanələr. Bunu Səriyyə ilə söhbətimiz də təsdiqlədi: “Hamı kimi mən də Dubaya məhz fahişəlik etməyə getdiyimi əvvəlcədən bilirdim...” O deyir ki, bu “iş”lə məşğul olan qadınlarımız haraya və nə üçün getdiyini çox yaxşı bilir. Yəni, hansı qadınısa aldadıb xaricdə fahişəliyə cəlbetmə halı çox nadir hallarda baş verir. Əksər hallarda, xüsusən Dubaya gedənlər barədə isə “aldadılma” bəhanəsinə inanmaq lazım deyil.

Günə 200-250, gecəyə 500 dollar...

Qayıdaq Səriyyənin həyatına. O, Dubaya 2004-cü ildə yollanır. Dubaya çatması, qarşılanması, “iş”ə necə başlaması barədə danışır: “Məni burdan kimə tapşırmışdılarsa, həmin qadın da Dubayda qarşıladı. O da azərbaycanlı idi. Məndən başqa iki nəfər azərbaycanlı qız da var idi. Çatan vaxtdan az sonra fahişəliyə başladım. Hər gün bir-iki nəfərlə görüşürdüm. Elə qızlar var idi ki, çoxu ilə görüşüb, çox da pul qazanırdı. Mən elə deyildim. Ancaq gündə bir-iki nəfərlə görüşməyimə baxmayaraq, bu, hər gün dayanmadan davam edirdi. Gecəni səhərədək keçirməyin qiyməti qızdan asılı olaraq 200-500 dollar arasında dəyişir. Görüşdüyümüz kişilər pulu menecerimizə verirdilər. Menecerimiz də azərbaycanlı qadın idi. Günə təxminən 200-250 dollar qazanırdım. 100-150 dollar menecerdə qalırdı, qalanını mənə verirdi. Biz onlarla 50-50-yə işləyirdik, yəni qazancın 50%-i onların idi. Ancaq çox vaxt özlərinə 50%-dən qalırdı...”


Haşiyə: Dubayda bir çox ölkələrdən olan qadınlar fahişəlik edir, orada belə qadınların sayı çoxdur ki, bunun da əsas səbəbi var. Çünki bu şəhərdə dünyanın bir çox ölkələrindən olan əcnəbi kişilər çalışır. Ailələrini öz ölkələrində qoyaraq Dubayda çalışan kişilərin sayı çox olduğundan həmin şəhərdə fahişəliyə də tələbat çoxdur. Səriyyə orada ən çox ingilislərə rast gəldiyini deyirdi.

Azərbaycanlı qadınların yığışdığı “Prodvi” oteli

Ancaq qəhrəmanımız yalnız ərəb kişilərilə görüşürmüş. Onlar əsasən yerli iş adamları olub. Əslində, onun çalışdığı “Prodvi” otelinə əsasən iş adamları gəlirmiş. “Prodvi” həm də Azərbaycandan gedən qadınların əksəriyyətinin “çalışdığı” otel kimi tanınır.

O, düz ilyarım müddətində fahişəliklə məşğul olub 8 min dollar borcunu qaytarır. Bundan sonra isə fahişəlikdən əl çəkir. Kirayə ev götürərək, orada yaşamağa başlayır. Lakin tək yaşamır. Evini bir azərbaycanlı “boss”a (Azərbaycanda onlara “mama-roza” da deyilir. “Boss”lar barədə daha sonra ətraflı oxuyacaqsınız) kirayəyə verir. Həmin “boss”un isə ixtiyarında iki nəfər azərbaycanlı qız olur.
Üçotaqlı evə görə ildə 5 min dollar (yerli pulla təxminən 25 min dirhəm) ödəyən Səriyyə fahişəliklə məşğul olan qızlardan ayda 1000 dollar alırmış. Həmin vaxt o, fahişəlik məqsədilə heç bir kişiylə yatağa girməsə də, hələ “işlədiyi” vaxtlarda tanış olduğu bir ailəli ərəb kişiylə mütəmadi olaraq görüşməyə başlayır. Deyir, həmin ərəbdən xoşum gəlirdi, onunla bir yerdə olmaqdan ötrü pul almırdım.

Ax, bu “boss”lar!

Haşiyə. “Boss” adını onlara özləri verib ki, bunun da səbəbi var: “mama-roza” adından qurtulmaqdan ötrü. “Boss” qadınların kişilərlə görüşməsini təşkil etməkdən tutmuş “əməkhaqlarını” yığmağa qədər hər şeyi təşkil edir. Qızları Dubaya da “boss” aparır, daha sonra isə onların pasportunu alır. “Boss”ların hamısı əvvəllər fahişəliklə məşğul olmuş qadınlardır. “Boss”un ixtiyarında bir nəfərdən tutmuş on və ya daha çox qız olur. “Boss”lar qızları heç vaxt yaşadıqları evdə başqa kişilərlə görüşdürmür. Birincisi, onların, yəni “boss”ların demək olar ki, hamısının əri olur. İkincisi, “boss”lar öz evində qızı kişiylə görüşdürməyə pis baxırlar. “Boss”ların ərə getdiyi şəxslər isə müxtəlif ölkələrin vətəndaşları olur: İran, BƏƏ və s. Bu, üçillik müqavilə ilə evlilik olur. Yəni, üç ildən sonra ər arvadını saxlaya da bilər, ancaq istəsə heç bir məsuliyyət daşımadan atmağa ixtiyarı var. Bu zaman hansısa boşanmaya ehtiyac olmur. Ərlər adətən “boss”ların dayağı olur. Yeri gəlmişkən, “boss”lar üçün Bakıda qız tapıb göndərən qadınlar “vasitəçi” adlanır. “Vasitəçi”lər bəzən Azərbaycandan Dubaya bakirə qızlar da göndərir. Hətta öz qızını Dubaya göndərən anaya da rast gəlinib (o, ailənin tək qızı olub, iki qardaşı var imiş).
Ən maraqlısı isə Azərbaycandakı yeganə qadın həbsxanasında – Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində bir nəfər də olsun “boss”un olmamasıdır. Cinayət Məcəlləsinin 144-1 (insan alveri) maddəsilə burada həbsdə yatanların heç biri “boss” olmayıb. Onların arasında “vasitəçi”, fahişəliklə məşğul olanlar və bu qəbildən olan digər qadınlar var. Ancaq hamının bir-birini yaxşı tanıdığı, real olaraq nə üstündə həbs olunduğunu bildiyi həbsxanada bir nəfər də olsun əsl “boss” yoxdur. “Boss”lar uzaqbaşı Şüvəlandakı istintaq təcridxanasına düşür (ya da heç düşmür), oradan isə hansısa sehrli əllər, yaxud nələr vasitəsilə qurtulurlar.

““Boss” olmamışam, fahişəlik etmişəm...”

Səriyyə kirayəyə götürdüyü evi kirayəyə verməklə yaxşı pul qazanırmış. Lakin Bakıya gələnə yaxın evində fahişəlik edən qızlarını saxladığı “boss” onun bütün pullarını - 17 min dollarını və pasportunu oğurlayaraq, aradan çıxır. Səriyyə pasportunu görüşdüyü ərəb kişinin köməkliyilə alsa da, pullarını geri qaytara bilmir. Artıq həmin vaxt pulları oğurlayan “boss” Bakıya dönür. Belə olanda Səriyyə pulunu oğurlayan “boss”un Bakıdakı telefon nömrəsinə zəng vuraraq pullarını geri istəyir, axırda da deyir ki, pullarımı geri qaytarmasan səni polisə verəcəm. “Boss” isə onu hüquq-mühafizə orqanlarına “satır”. O, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə zəng vurduraraq, “Dubayda qadınları fahişəliyə cəlb edən bir qadın barədə məlumatları” çatdırır. “Boss” bu barədə Bakıya dönməyə hazırlaşan Səriyyənin özünə də məlumat verir. Səriyyə isə “mən heç vaxt “boss” olmamışam, fahişəlik etmişəm, bir də kirayəyə ev vermişəm, bunlar da cinayət deyil” düşüncəsilə qorxu-hürküsüz, ancaq ürəyində az da olsa şübhə ilə Bakıya qayıdır. Çatan kimi isə həbs edilir. 22 və 24 yaşlı qızlar (onlar Səriyyənin Dubayda kirayəyə götürdüyü mənzildə “boss”un himayəsilə kirayənişin olaraq fahişəlik ediblər) istintaq müddətində və məhkəmə zamanı onun üzünə dururlar, “boss”larının məhz Səriyyə olduğunu iddia edirlər. Vəkilsiz Səriyyə onların yalan dediyini nə qədər təkrarlasa da xeyri olmur.

“Bədbəxtəm...”

Səriyyənin Dubaya getməsindən onun qohumlarının, həmçinin yaxın ailə üzvlərinin xəbəri yox olmayıb. Yaxınları yalnız “alverlə əlaqədar xaricdə olduğunu” bilirmiş. Həbsxanaya düşəndən bir müddət sonra isə Bakıda yaşayan ailəli bacısına zəng vuraraq, hər şeyi danışır. Bacısı təxminən bir il müddətində heç kimə, xüsusilə zəhmli ərinə demədən onun yanına gedib-gəlir. Lakin sonradan onun bu sirrinin üstü açılır. İndi bacısının həyat yoldaşı da onun yanına gəlir. Lakin rayondakılar – anası, qardaşı, bir bacısı və Bakıdakı qohumları (bacısı ilə yeznəsi istisna olmaqla) onun həbsxanaya düşdüyünü bilmir. Yevlaxda yaşayan anasına arabir zəng vuranda isə “Moskvadan zəng etdiyini” deyir. Yəni anası və digər qohumları onun Moskva şəhərində olduğunu düşünür.
Səriyyə Dubayda olduğu vaxt orada təxminən min nəfərdən artıq azərbaycanlı qadının fahişəliklə məşğul olduğunu öyrənib.

Dubayda fahişəlik edən qadınlar arasında sonradan Azərbaycana dönərək normal həyata qayıdanlar, hətta ailə quranlar da var. Ancaq söhbətimiz zamanı elə hey ağlayan Səriyyə belə düşünmür: “Ən gözəl yaş dövrüm arxada qalıb. Yəqin daha heç vaxt Bakıda yaşamaram, azadlığa çıxandan sonra başqa ölkəyə gedəcəm. Özüm onsuz da heç vaxt xoşbəxt ola bilməyəcəyimi bilirəm. Mən bədbəxtəm. Bəxtim bağlanıb...”

Pərvin ABBASOV

[email protected]

P.S Lent.az-da “Məhbusələr” silsiləsindən yazılar davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1726

Oxşar yazılar