Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü qeyd olundu
26 avqust 2009 18:00 (UTC +04:00)

Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü qeyd olundu

Sabir Rüstəmxanlı: “AMEA-nın nəzdində Güney Azərbaycan Araşdırma İnstitutu yaradılmalıdır”

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda (bu otaq Seyid Cəfər Pişəvərinin iş otağı olub) 1945-1946-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin banisi Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü münasibətilə “dəyirmi masa” keçirilib. Lent.az-ın məlumatına görə, AMEA-nın Şərqşünaslıq İnstitutu, Dünya Azərbaycanlıları Konqresi (DAK) və “21 Azər” Təşkilatının təşəbbüsü və təşkilatçılığıyla keçirilən tədbirdə tədqiqatçı-alim Əkrəm Rəhimlinin Seyid Cəfər Pişəvəriyə həsr olunmuş kitabı da iştirakçılara təqdim edilib. Tədbirdə Azərbaycanın tanınmış tarixçi alimləri, siyasi, ictimai xadimləri, diaspor təşkilatlarının rəhbərləri, yazarlar, tələbələr, güneyli-quzeyli fəallar və b. qatılıb. Konfrans Seyid Cəfər Pişəvərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasıyla başlayıb.

AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva 26 avqustda Güney Azərbaycan Milli Hərəkatının simvoluna çevrilmiş bir şəxsiyyətin - Seyid Cəfər Pişəvərinin ad günü olduğunu xatırladıb: “Azərbaycan xalqı tarix boyu azadlığa can atıb. Azərbaycanın Quzeyində 1918-ci ildə Xalq Cümhuriyyəti qurulduğu kimi, Güneydə də 1905-1911-ci illərdə Məşrutə İnqilabı (Səttarxan hərəkatı), 1920-ci ildə Azadistan dövləti (Şeyx Məhəmməd Xiyabani hərəkatı) və 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli Hökumət yaradılıb. Onların hamısı xəyanətlər nəticəsində süquta uğramasına, qan içində boğulmasına baxmayaraq, ikiyə bölünmüş xalqımızın taleyində böyük rol oynamış və iz qoyub. Bunun nəticəsi olaraq, 1991-ci ildə Azərbaycanın Quzeyində müstəqillik əldə olunub”.
Onun sözlərinə görə, Əkrəm Rəhimlinin Pişəvəriyə həsr etdiyi kitabda Milli Hökumətin banisinin həyat və yaradıcılığı, siyasi fəaliyyəti və s. geniş şəkildə əks olunub.

Kitabın müəllifi Əkrəm Rəhimli isə qeyd edib ki, indiyə qədər Güney Azərbaycan Milli Hərəkatının öndəri haqqında çox az yazılıb. Sanki onun adının qabardılması yasaqlanıb: “Ancaq mən bu tilsimi sındırdım və üç il bundan əvvəl Pişəvərini araşdırmaq üçün AMEA Şərqşünaslıq İnstitutuna müraciət etdim. Qurumdan mənə müsbət cavab verdilər və mən Güney Azərbaycana getdim. Pişəvərinin doğulduğu Xalxal şəhərindəki Zeyvə kəndində oldum, kənd sakinlərilə söhbətlər apardım”.

Onun sözlərinə görə, bu gün cəmiyyətdə Pişəvərilə bağlı ziddiyyətli məqamlar çoxdur: “Ancaq onun həyat və yaradıcılığını, siyasi fəaliyyətini araşdırdıqda bütün mübahisələr aradan qalxmış olur. Bu adam kommunist deyildi. Düzdür, 1918-1928-ci illər arasında bu düşüncədə olub. Lakin istintaqa verdiyi ifadədə səhv yolda olduğunu etiraf edib. Çünki bu ideologiyanı İran adlanan yerə tətbiq etməyin mümkünsüz olduğunu başa düşüb. 1942-ci ildə həbsdən çıxdıqdan sonra siyasi fəaliyyətini davam etdirir, İranda bir neçə təşkilatın təsis olunmasında birbaşa əməyi olur, sonra həmin cəmiyyətlərdə bəzi məsələlər onu narazı saldığından Azərbaycan Demokrat Firqəsini yaradır”. Əkrəm Rəhimli vurğulayıb ki, Pişəvəri gözəl dövlət adamı olub. Onun qurduğu Milli Hökumətdə əsasən gənclərə üstünlük verilib. Ancaq təəssüflər olsun ki, Pişəvəri Sovet kəşfiyyatı tərəfindən aldadılıb və onun sonrakı taleyi hər kəsə məlumdur.

DAK həmsədri, VHP sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Pişəvərilə bağlı müxtəlif kitablar yazılıb. Ancaq həmin əsərlərdə ziddiyətli məsələlər var. Lakin Əkrəm Rəhimli həmin mübahisələrə işıq salan bir kitab yazıb: “Pişəvəri Güney Azərbaycan tarixində dəyərli 3 şəxsiyyətdən biridir, yəni Səttarxan və Xiyabaninin davamçısıdır. Bunlar bir xalqın azadlıq mübarizəsinin üç mərhələsidir. Hər biri Azərbaycan xalqının qeyrətli oğludur, şəxsiyyətidir”.
Onun sözlərinə görə, Pişəvəri öz xalqının qurtuluş yolunu axtardığı üçün hər cür xarici yardıma normal baxırdı. Ona görə də onun sovetlərin işarəsilə hərəkət etməkdə günahlandırmaq əsassız fikirdir. Bu gün Güney Azərbaycanda istiqlal mübarizəsi davam edir. Çünki Pişəvərinin idealları hələ həyata keçməyib. 35 milyondan artıq bir millət bütün hüquqlarından məhrum olunub. Sanki fars şovinist rejimi Güney Azərbaycan türklərindən onların intiqamını alır. Ancaq unutmasınlar ki, türk milləti yatmayıb: “Hesab edirəm ki, bu kitab Güney Azərbaycanda yayılmalıdır. Bundan əlavə, Milli Elmlər Akademiyası qarşısında məsələ qaldırılmalıdır. Çümki Güney Azərbaycanla AMEA Şərqşünaslıq İnstitunun tərkibində bir şöbə məşğul olur. Bunun üçün ayrıca institut yaradılmalıdır. Eyni zamanda ABŞ-da, Avropada Güney Azərbaycan üzrə strateji institutlar qurulmalıdır. Azərbaycanda isə AMEA-nın nəzdində Güney Azərbaycan Araşdırma İnstitutu yaradılmalıdır. Əgər millətimizin taleyini, bütövlüyünü düşünürüksə, bütün bunlar mütləq həyata keçirilməlidir”.
Yazıçı Abbas Abdulla qeyd edib ki, Pişəvəri Azərbaycanda kifayət qədər tanınmır. Ona qarşı olan sovet düşmənçiliyi bu gün də davam edir. Bunun aradan qaldırılması üçün müəyyən işlər görülməlidir. Eyni zamanda Pişəvərinin adının əbədiləşdirilməsi üçün müxtəlif təşkilatlara müraciət olunmalıdır. Güney Azərbaycan türkləri qadağalara baxmayaraq, öz ana dillərini yaşadırlar və Pişəvərinin yolunu uğurla davam etdirirlər.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə vurğulayıb ki, Pişəvəri Güney Azərbaycanda dövlətçilik ənənəsinin əsasını qoyan bir şəxsiyyətdir: “O da M.Ə.Rəsulzadə, M.K.Atatürk, Ş.M.Xiyabani və Ə.Elçibəy kimi milyonları öz arxasınca aparmağı bacarıb. Bu şəxsiyyətlər arasında ayrı-seçkilik salmaq olmaz. Pişəvəri də böyük bir türk sevdalısı idi, böyük ictimai-siyasi xadimdi. O, sosial ədalət istəyirdi”. Onun sözlərinə görə, türkün böyük şəxsiyyətlərinin əksəriyyəti kəndlərdə doğulub: “Rəsulzadə Novxanıdan, Atatürk Salonikdən, Pişəvəri Zeyvədən, Elçibəy Kələkidən və s. çıxıb”. Onun sözlərinə görə, bu gün Pişəvərinin ruhu qəlblərdə yaşayır. Hazırda Güney Azərbaycanda Pişəvərinin ruhuna oxşar istiqlal mübarizəsi gedir və Azərbaycan türkləri tezliklə öz müstəqilliyini əldə edəcək”.
Nəğməkar şair Vüqar Əhməd, tədqiqatçı alim Pərvanə Məmmədli, “21 Azər” Hərəkatının iştirakçısı, filologiya elmləri doktoru Sabir Nəbioğlu və başqaları çıxış edərək öz fikirlərini bildiriblər. Konfransın sonunda tədbir iştirakçıları Fəxri Xiyabanda mərhum Seyid Cəfər Pişəvərinin məzarını ziyarət ediblər.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677

Oxşar yazılar