Ordunun çavuş dərdi – ARAŞDIRMA
“Ordunu iki nəfər döyüşə aparır – general və çavuş”
2009-cu ilin əvvəlindən bu günədək Azərbaycan Silahlı Qüvvələri 25-dən artıq hərbi qulluqçusunu itirib. Müdafiə Nazirliyi və digər hərbi qurumların təsdiq etdikləri məlumatlara görə, bunların yalnız 8 nəfəri döyüşlər zamanı şəhid olub. Yerdə qalan 17 nəfəri isə qeyri-döyüş itkiləridir. Yəni onlar döyüş bölgəsindən kənarda, müxtəlif səbəblərdən, xüsusilə də silahla ehtiyatsız davranış, münasibətlərin pozulması və s. baş verib.
Ən çox itkilər isə may ayına düşüb. May ayı ərzində Azərbaycan ordusunun bir çavuşu düşmən tərəfindən əsir götürülüb. Tərtər rayonunda xidmət edən, 10 ayın əsgəri Xalid Məmmədov müəmmalı şəraitdə, Gəncədə 4 əsgər isə öz əsgər yoldaşı tərəfindən güllələnməklə qətlə yetirilib. Eyni zamanda may ayında 2 əsgərin yaralandığı bildirilir.
Tərtər rayonu istiqamətində qətlə yetirilmiş əsgər X.Məmmədovun yaxınlarının sözlərinə görə, hərbi hissə rəsmiləri əsgərin silahla ehtiyatsız davranış nəticəsində həlak olduğunu deyiblər. Amma meyitin üzərində işgəncə əlamətləri, o cümlədən sifətinin cırılması, bədənində qançırların olması deyilən versiyanın əksini göstərir.
Gəncədə baş verən hadisə isə daha ağırdır. Yoldaşlarını qətlə yetirəndən sonra tutulmuş O.Səfərov istintaqa ilkin ifadəsində hadisəni ona qarşı edilən təhqiramiz hərəkətlərə görə törətdiyini deyib. Onun sözlərinə görə, çavuş Mustafa Seyfəlov mayın 22-dən 23-ə keçən gecə O. Səfərov yatarkən onun üzərində təhqiramiz hərəkətlər edib. Əsgərlər qarşısında təhqir olunduğuna dözməyən Orxan Səfərov mayın 23-də saat 11.00 radələrində həmin yoldaşlarını poliqonda qətlə yetirmək qərarına gəlib.
Ümumilikdə son bir neçə il ərzində baş verən əsgər ölümlərinin təhlilləri və məhkəmələrin nəticələri göstərir ki, qeyri-döyüş itkiləri əsasən əsgərlər arasında münasibətlərin pozulması və bir-birlərinə qarşı təhqiramiz hərəkətlər nəticəsində baş verib. Bəzi hadisələrin əvvəlcə “silahla ehtiyatsız davranış” nəticəsində baş verildiyi bildirilsə də, məhkəmələrdə fərqli məqamlar ortaya çıxıb.
Ötən ilin sonlarında orduda aşkarlanmış “dedovşina” faktı da bu sahədə ciddi tədbirlər həyata keçirməyi tələb edir.
Ekspertlərin fikrincə, hər bir ölkədə elə il olmur ki, itki olmasın. Məsələn, Türkiyədə hər il yüzlərlə əsgər avtoqəza, silahla ehtiyatsız davranış və s.hadisələrin qurbanı olur. Rusiyada isə rəsmi məlumatlara görə, təkcə “dedovşina”dan hər il ən azı 400-500 əsgər dünyasını dəyişir. Rus ordusu intiharların sayına görə, MDB məkanında ən yüksək göstəricini müəyyənləşdirir.
Ermənistan ordusunda da “dedovşina” və bundan qaynaqlanan ölüm halları kifayət qədər yüksəkdir. Cari ilin mart ayında qaçıb Azərbaycana pənah gətirmiş Ermənistan ordusunun əsgərləri də bunu bir daha bəyan etdilər. Erməni ordusunun əsas itkiləri isə xəstəliklərdəndir.
Statistika göstərir ki postsovet məkanında ən az ölüm faktı Gürcüstan və Baltik ölkələrindədir. Gürcüstan ordusunda 9-10 il əvvəl nizamnamədənkənar hallarla bağlı ölüm hadisələri yüksək olduğu halda, 2004-cü ildən ordunun peşəkarlaşdırılması sayəsində bu itkilər minimuma enib. Gürcüstan “Hüquq və Azadlıq” Assosiasiyasının məlumatına görə, son illər orduda müqaviləli heyətin çəkisinin artması ilə əlaqədar olaraq qeyd olunan problemlər, nizamnamədən kənar hallar, “dedovşina”, intihar və s. minimuma enib. Şübhəsiz ki, silah və hərbi texnika istifadə olunduğu yerdə bəzən itkilər də baş verir. Bu da təbiidir.
Ordunun çavuş problemi
Ekspertlərin fikrincə, orduda baş verən bu kimi neqativ halların bir səbəbi var: çavuşların şəxsi heyətlə lazımi səviyyədə işləyə bilməməsi.
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) apardığı araşdırmalar zamanı məlum olub ki, hələ də orduda çavuş institutun lazımi səviyyədə inkişaf etməyib. Belə ki, bu gün Azərbaycanda çavuş seçilən əsgərlər 3 aylıq xüsusi kurslar keçirlər. Lakin bu 3 ay ərzində istənilən səviyyəyə malik çavuş manqa komandirləri hazırlamaq mümkün deyil. Ekspertlərin fikrincə, çavuşların hazırlanması üçün minimum 6 ay vaxt lazımdır. Halbuki əksər ölkələrdə, o cümlədən keçmiş sovet ordusunda çavuş (serjant) hazırlıq kursu 6 ay olub. Çavuşluğa namizədlər seçilərkən onların təhsili, fizioloji quruluşu, bacarığı, şəxsi heyətlə işləmə qabiliyyəti, ailə vəziyyəti, tərbiyəsi və dünyagörüşü əsas götürülüb.
“Orduda çavuş institutunun inkişaf etməməsi bir çox problemlər meydana çıxaracaq. Digər neqativ hadisələr isə komandirlərin vəzifələrinə soyuq münasibət göstərmələri nəticəsində baş verir. Hər bir hadisə təhlil olunaraq proflaktik tədbirlər görülməlidir”, - deyə HATM-ın rəhbəri İldırım Məmmədov bildirib.
Sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev də hesab edir ki, hazırda ordu sıralarında xidmət keçən çavuşların təkmilləşdirilməsinə, onların kurs müddətinin minimum 6 ay və daha çox olmasına ehtiyac var: “Əsgərlərlə bir yerdə çavuş qalır. Şəxsi heyətin bütün təlim-tərbiyyəsi, tağımın və bölüyün bütün işləri çavuşun üzərinə düşür. Çavuşların yüksək səviyyədə hazırlanması, eləcə də onların seçimi dəqiqliklə aparılmalıdır. Misal üçün, bu gün ABŞ-da tağımın təlim-tərbiyəsindən, təmizliyindən döyüş hazırlığına qədər bütün işlərinə cavabdehliyi çavuşlar daşıyır”.
İstər müqaviləli, istərsə də mükəlləfiyyətli heyətə malik NATO ölkələrinin ordularında çavuşlar xüsusi səlahiyyətlərə malikdirlər. Belə bir deyim var: “Ordunu iki nəfər döyüşə aparır – general və çavuş”. NATO ordularında çavuşlara manqanı döyüşə apara, müstəqil olaraq riskləri dəyərləndirə, qərar verə bilmə kimi səlahiyyətlər verilib. Hətta komandirin başına bir iş gəldikdə çavuşlar tağıma və bölüyə komandirlik edə bilərlər.
ABŞ ordusunda ən “hörmətli” vəzifə çavuşdur. ABŞ ordusunda briqadanın, diviziyanın, hətta ordunun baş çavuşu (serjantı) var. Bundan başqa, ABŞ Silahlı Qüvvələrində serjant-mayor rütbəsi də mövcuddur. Çavuşlar ordunun formalaşması, döyüş hazırlığının və tərbiyyəvi işlərin həyata keçirilməsində böyük rol oynayır və zabit yükünün böyük hissəsini öz üzərlərinə götürürlər. ABŞ Silahlı Qüvvələrində çavuşları bəzən “dayə” və ya “əsgərlərin ata-anası” da adlandırırlar.
Fərqli qütbdə dayanan dayanan rus ordusunda isə serjantlar əsasən tağıma və manqaya inzibati nəzarəti həyata keçirirlər. Serjantlarla yanaşı rus ordusunda buna yaxın, NATO ordularında baş çavuş rütbəsinin ekvivalenti olan starşina və proporşik rütbələri də mövcuddur. Hazırda genişmiqyaslı islahatlar proqramı çərçivəsində rus ordusunda proporşik və starşina rütbələri ləğv olunur.
Rusiya hüquq-müdafiə təşkilatlarının açıqlamalarına görə, ordudakı nizamnamədən kənar hallar, eləcə də ölüm və intiharların böyük əksəriyyətinin baş verməsində serjant heyətin günahı var. Elə ölənlərin də çoxu serjantlardır. Belə ki, serjantlar xoşlarına gəlməyən əsgərləri fiziki işgəncələrlə yanaşı mənəvi baxımdan da cəzalandırırlar. Son nəticədə həyatından bezən əsgər serjantını öldürməyə, bəzən isə intihara əl atır.
Azərbaycan çavuşlarına NATO dəstəyi
Azərbaycan Silahlı Qüvvələrində çavuş heyətin hazırlığı NATO-nun da diqqət mərkəzindədir. Bu məqsədlə istər Sülh Naminə Tərəfdaşlıq proqramı (PfP), istərsə də Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) çərçivəsində alyans Azərbaycan ordusunun çavuşları üçün xüsusi kurslar keçir. 2004-cü ildən başlayaraq, ildə 3-4 dəfə, hər dəfə 2-4 həftəni əhatə edən bu təlimlər NATO-nun Neapoldakı Birləşmiş Qüvvələrinin Çavuşlar üçün Birləşmiş Səyyar Təlim və Tədris Qrupu tərəfindən icra olunur. Növbəti təlim kursunun yaxın vaxtlarda keçirilməsi planlaşdırılır.
Bu yaxınlarda Bakıda NATO ilə əməkdaşlığın 15 ili münasibəti ilə təşkil olunmuş tədbirdə çıxış edən NATO-nun Avropadakı Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) hərbi əməkdaşlıq bölməsinin direktoru general-mayor Frantisek Maleninski də Silahlı Qüvvələrdə çavuş heyətin təkmilləşdirilməsinin vacibliyinə toxunub. NATO generalı bu istiqamətdə alyans tərəfindən Azərbaycana yardımlar göstərildiyini vurğulayıb.
Yeri gəlmişkən, qeyd edək ki, 2007-2008-ci illərdə Hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində ABŞ tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin Qaraheybətdəki Çavuş Hazırlığı Məktəbi üçün kompüter avadanlıqlarının alınmasına 149 min dollar, atış sahəsinin və lazer atış sistemlərinin yenilənməsinə, lazer atış sistemlərinin qurulmasına təxminən 2 milyon 500 min dollar, təlim qrupuna isə 200 min dollar yardım ayrılıb.
Rəşad Süleymanov

1442