Mediada insan alveri faktı ilə bağlı informasiyaları operativ yayımlayan və ən çox yer verən Lent.az saytıdır!
03 iyun 2009 14:43 (UTC +04:00)

Mediada insan alveri faktı ilə bağlı informasiyaları operativ yayımlayan və ən çox yer verən Lent.az saytıdır!

Hüquqşünas Qadınlar Assosiasiyası hesabat açıqlayıb
Hüquqşünas Qadınlar Assosiasiyası (HQA) həyata keçirdiyi layihə çərçivəsində ilkin hesabatı açıqlayıb. Təşkilatdan Lent.az-a verilən məlumata görə, hesabat 2009-cu ilin yanvar, fevral, mart aylarını əhatə edir.
HQA 2009-cu il yanvar ayının 1-dən etibarən Avropa Komissiyasının maliyyə dəstəyi ilə “İnsan alveri qurbanlarına hüquqi yardım” layihəsini həyata keçirir. Layihənin icra müddəti 2 ildir. Layihə maarifləndirmə, hüquqi yardım və monitorinq istiqamətlərini əhatə edir. Monitorinq iki hissədə aparılır: medianın və məhkəmə proseslərinin monitorinqi. Medianın monitorinqi zamanı “Azərbaycan”, “Azadlıq”, “Respublika”, “525-ci qəzet”, “Bizim yol”, “Xalq qəzeti”, “Müsavat” qəzetlərinin və APA, Olaylar, Trend informasiya agentliklərinin, Ansress, Mediaforum, Lent.az, Qaynar.info portallarının monitorinqi aparılıb.
Məhkəmələrin monitorinqində isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmədə keçirilmiş proseslərin monitorinqini aparmaq nəzərdə tutulub. Lakin məhkəmə işlərinin monitorinqi yalnız Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə aparılıb. Təşkilat Bakı Apelyasiya Məhkəməsindən insan alveri ilə bağlı proseslər barədə informasiya əldə edə bilmədiyindən, Ali Məhkəmədən isə monitorinq aparılması ilə bağlı müraciətinə cavab verilmədiyindən, adıçəkilən məhkəmələrdə müşahidə aparmaq mümkün olmayıb.
Davamlı olaraq aparılan monitorinqlərin nəticələri rüblük hesabatlarda açıqlanacaq. Layihə çərçivəsində ilkin hesabat isə açıqlanıb. Hesabat 2009-cu ilin yanvar, fevral, mart aylarını əhatə edir.
İnformasiya verilərkən paralel olaraq monitorinqi aparılan başqa KİV-lərdə də bu xəbərin verilib-verilmədiyini, hansında daha tez verildiyini, xəbərin onu verən informasiya vasitəsi üçün nə qədər əhəmiyyətli olduğu da qiymətləndirilib. Sonda bu informasiyalar ümumiləşdirilərək cədvəl hazırlanıb. Mediada işıqlandırılan məlumatlarda adətən zərərçəkmişin adı açıqlanmır. Bundan başqa, zərərçəkən barədə ya ümumiyyətlə məlumat verilmir, verilsə də olduqca qısa informasiya verilir. Amma hər halda informasiyalar qısa da, təşkilat monitorinq zamanı verilən informasiyaları lap kiçik detallarına görə araşdırmağa çalışıb. Daha sonra insan alveri ilə əlaqəli informasiyaların (statistika, insan alverinə qarşı mübarizədə atılan addımlar və s.) monitorinqi aparılıb.
Üç aylıq monitorinq zamanı aydın olub ki, DİN rəsmi informasiyalarının hamısı KİV-də əks olunur. Mediada insan alveri faktı ilə bağlı informasiyaları operativ yayımlayan və ən çox yer verən isə Lent.az saytıdır.
İkinci yerdə Azəri-Press Agentliyi (APA) gəlir. Saytda insan alveri ilə bağlı informasiyalar bəzən operativ verilməsə də, bu barədə olan rəsmi xəbərlərin demək olar ki, hamısı işıqlandırılır.
Üçüncü yerdə isə Olaylar.az (Olaylar İnformasiya Agentliyi) gəlir. İnsan alveri ilə bağlı xəbərlərlə yanaşı bu sahədə aparılan araşdırmalar, müqayisələr, təhlillər və s. saytda müntəzəm işıqlandırılır. Aşkar edilmiş insan alverin faktları ilə bağlı informasiyalardan daha çox, araşdırma yazılarına üstünlük verilir.
Anspress.com saytında insan alveri faktı ilə bağlı xəbərlər adətən “Kriminal”, bəzən isə “İç xəbər” və “Hadisə” bölmələrində yer alır. Bəzən isə xəbərlərin daha əhəmiyyətli olmasını vurğulamaq məqsədi ilə xəbər rəngli (qırmızı rəng) şriftlərlə verilir.
Qaynar.info və Trend.az saytları isə bu yöndə informasiyalara daha az yer verir. Lakin Trend.az saytında insan alveri faktı ilə bağlı rəsmi xəbərlərə az yer verilsə də bu sahədə aparılan araşdırmalar, statistika müntəzəm olmasa da işıqlandırılır. Mediaforum.az saytında isə ümumiyyətlə insan alveri ilə bağlı xəbərə rast gəlinməyib.
Qəzetlərdən isə insan alveri ilə bağlı informasiyaları işıqlandırmaqda “Bizim yol” qəzeti liderlik edir. Sonra ardıcıllıq belədir: “Yeni Müsavat”, “525-ci qəzet”, “Azadlıq” qəzeti.
“Xalq qəzeti”, “Azərbaycan” və “Respublika” qəzetlərində isə bu barədə xəbərə rast gəlinməyib.
Hesabatda təkcə məhkəmə proseslərinin stenoqramları deyil, ədalət mühakiməsinin həyata keçirilməsində yaranan çətinliklər, məhkəmə zallarının, ümumilikdə məhkəmələrin vəziyyəti, çatışmazlıqlar, monitorinqlərin nəticəsi olaraq tövsiyələr də yer alıb.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969

Oxşar yazılar