Ünvanlı sosial yardım əvəzinə “özünüdəstək” proqramı gəlir
09 dekabr 2010 18:37 (UTC +04:00)

Ünvanlı sosial yardım əvəzinə “özünüdəstək” proqramı gəlir

Ünvanlı sosial yardımların verilməsi qaydaları gələn ildən dəyişəcək. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxsul təbəqə üçün nəzərdə tutulan sosial yardımların formasında dəyişikliklər üzərində işi başa çatdırıb.

Nazirlikdən Lent.az-a bildiriblər ki, təklif olunan layihə Nazirlər Kabinetində təsdiqlənərsə, gələn ildən yeni qaydaların tətbiqinə başlanacaq. Şərti olaraq “özünüdəstək” adlanan yeni yardım növü indiyədək tətbiq olunan aylıq ödəmələrdən fərqlənəcək. Layihəyə əsasən, kasıb ailələrə müəyyən məbləğdə birdəfəlik vəsait ayrılacaq ki, onlar ailə daxilində məşğulluq problemini həll edib, işlə - şəxsi istehsalla məşğul olsunlar və bununla da özlərini təmin edə bilsinlər. İlkin hesablamalara görə, yeni layihə çərçivəsində aztəminatlı ailələrə verilən birdəfəlik vəsaitin məbləği ünvanlı yardım kimi bir il ərzində verilən məbləğə bərabər olacaq.

Bununla belə, yardım almaq üçün müraciət edən ailələr bu vəsaitin necə xərclənəcəyi və onunla hansı işin qurulacağı ilə bağlı konkret plan tərtib etməli olacaqlar. Birdəfəlik yardım ev heyvanlarının alınmasına, evdə xırda istehsal (məsələn, evdə satış məqsədilə kompot bağlamaq və ya yun köynək toxumaq) yaradılmasına və digər gəlir gətirən işlərə sərf olunacaq.

Nazirlikdə bildirirlər ki, “özünüdəstək” layihəsi ilkin variant kimi yalnız kənd rayonları üçün nəzərdə tutulub. Belə ki, 2011-ci ildə 4 rayonda - Masallı, İsmayıllı, Tovuz və ölkənin iri şəhərlərinin birində bu layihənin pilot variantı tətbiq olunacaq. Layihə özünü doğruldacağı təqdirdə növbəti illərdə onun tətbiq dairəsi bütün ölkəni əhatə edəcək.

Yeni yardım mexanizmi indi qüvvədə olan ünvanlı yardımlarla paralel fəaliyyət göstərəcək. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində güman edirlər ki, hər bir yoxsul ailə bu yardım növlərinin birindən yararlana biləcək. Belə ki, “özünüdəstək” proqramına da indiyədək olduğu kimi, aztəminatlı ailələr qoşula biləcək. Amma bunun üçün ailə üzvlərindən heç olmasa biri əmək qabiliyyətli olmalı və ailədə uşaq da olmalıdır.

Xatırladaq ki, “özünüdəstək” proqramı bir sıra ölkələrdə - Braziliya, Meksika, Rusiyanın bəzi vilayətlərində, hətta Nyu-York ştatında tətbiq olunur. Dünya Bankının tövsiyəsi ilə Azərbaycan mütəxəssisləri bu proqramın detallarını öyrənmək üçün Rusiya təcrübəsindən istifadə edəcəklər.

Müstəqil ekspertlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin təklif etdiyi yeni yardım proqramının yoxsul ailələr üçün arzuolunmaz nəticələr verə biləcəyindən ehtiyatlanırlar. Belə ki, hazırda ünvanlı sosial yardım almaq hüququna malik ailələrin mövcud iqtisadi şərait və şərtlər daxilində birdəfəlik yardımlarla özlərinə dayanıqlı qazanc yeri yaradacağı, məşğulluqlarını təmin edə biləcəkləri real görünmür. Bu fikirdə olan mütəxəssislərin fikrincə, ünvanlı sosial yardımın yeni mexanizmi yoxsul ailələrin kasıblıq həddindən çıxması məsuliyyətinin onların öz üzərinə qoyulması kimi də başa düşülə bilər.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir ki, inkişaf etmiş ölkələrdə büdcənin 5-6 faizə qədər ünvanlı yardımlara yönəldilir. Onun sözlərinə görə, xarici təcrübədə “özünüdəstək” proqramları olsa da, bunun ünvanlı sosial yardımın fəlsəfəsi ilə heç bir bağlılığı yoxdur: “Ünvanlı sosial yardım özündən asılı olmayan səbəblərdən işləyə bilməyən, gəlir əldə etmək imkanında olmayan insanlara verilir. ”Özünüdəstək” isə odur ki, insanlara öz məşğulluq imkanlarını genişləndirmək, daimi gəlir əldə edə bilmək üçün müəyyən dəstək verilir. Yəni “özünüdəstək” mahiyyət etibarilə tamamilə başqa istiqamətli bir proqramdır”.

Ekspert deyir ki, ümumiyyətlə, əhalinin məşğulluq imkanlarının artırılması proqramı sosial müdafiənin başqa bir elementidir. Onun sözlərinə görə, bir çox dünya ölkələrində ünvanlı sosial yardım və “özünüdəstək” proqramları paralel şəkildə aparılır. Lakin bu sosial müdafiə modellərinin heç biri ideal səviyyədə qurulmadığından orada hər kəs yoxsulluqdan sığortalana bilmir: ““Özünüdəstək” proqramına keçməkdənsə insanların normal dolanışığını təmin edəcək əməkhaqqı ilə iş yerlərinin açılmasına nail olmaq daha əhəmiyyətlidir. Məsələn, yoxsul ailələr üçün əlverişli və əlçatan mikrokreditlər verilə bilər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə “özünüdəstək” proqramını sosial təminat hüququ baxımından güzəştli kreditlərdən daha üstün sayır. Nazirlikdə bildirirlər ki, banklar kredit almaq istəyən hər kəsdən biznes-plan tələb edir. Üstəlik kreditlə götürən şəxs layihəyə xərclənəcək vəsaitin bir hissəsini ödəmək imkanına malik olmalıdır. “Özünüdəstək” layihəsində isə yoxsul ailələrdən yaradacağı təsərrüfata görə biznes-plan tələb olunsa da, layihənin bütün xərcləri dövlətin verəcəyi birdəfəlik yardımlar hesabına ödəniləcək. Həmçinin düzgün biznes-plan hazırlaya bilməyən və birdəfəlik yardım almaq hüququ qazanmayan ailələr mövcud şərtlər daxilində ünvanlı sosial yardım almaqda davam edəcək.

Xatırladaq ki, “Ünvanlı sosial yardım haqqında” qanuna əsasən, ailənin adambaşına gəlirləri ehtiyac minimumundan aşağı olduğu halda həmin ailənin ünvanlı sosial yardım alması üçün heç bir məhdudiyyət qoyula bilməz. Bu isə o deməkdir ki, “özünüdəstək” proqramı çərçivəsində məşğulluğunu və gəlirlərini artıra bilməyən ailələr ünvanlı sosial yardımdan məhrum edilməsi qanun və hüquq pozuntusu yarada bilər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1233

Oxşar yazılar