Dünyadan 3 km yuxarıda: meyitsiz qəbirlər, gizlənmiş dəfinə, Həzrəti Əlinin atı... - REPORTAJ -
Bir qadın arxeoloqla müsahibə hazırlamalıydım. Hələ ötən ildən Azərbaycanın bölgələrində qazıntılar aparan arxeoloji heyətlərin az qala hamısı ilə tanışlıq yaratdığımdan, ekspedisiya rəhbərlərinə bir-bir zəng vurub, qadın arxeoloqlardan birinin nömrəsini istəmişdim.
Tükəzban Göyüşovanın nömrəsini verəndə, dedilər ki, o indi Gədəbəydə çalışan ekspedisiyanın rəhbəridir. Ona zəng edəndə burdan vurub rayona getmək fikrim-zadım yox idi, öyrənmək istədiklərimi elə telefondaca soruşacaqdım. Düzdü, otaqda oturub, yazı hazırlamağı jurnalistikaya, reportyorluğa yaraşan iş hesab eləmirəm, amma yay uzunu o qədər yer gəzmişdim ki, «ölkədaxili turne»mə son qoyduğumu düşünürdüm. Üstəlik, payızın gəlişi «münasibətiylə» bronxitlə revmatizm bir-birinə qarışmışdı.
...Dəstəyin o tayından gələn cingiltili, oynaq səsə dərdimi izah edəndə, Tükəzban xanım dedi ki, suallarıma telefonda da cavab verə bilər, amma yanlarına qonaq gəlsəm, məmnuniyyətlə istədiyim qədər qala bilərəm:
- Şəraitimiz yoxdu, dağ yerindəyik, amma qonağa rahatlıq yaradarıq. Bir də, gələsi olsanız, xəbər eləyin. 16 gündü yuyunmuram. Yaxşı olar, bu dağ başına şəhərdən adam gəldiyini bəhanə eləyib, hamamlanaram…
İkimiz də güldük və anladım ki, hələ üzünü görmədiyi qadınla bu qədər səmimi danışa bilən qadını görmək üçün Gədəbəyə getməyə dəyər. Ruslar demiş, nuu, həm də reportaj hazırlayaram!
Gəzəyən gəzə bilməz, gəzməsə dözə bilməz…
Ölkədə hələ görmədiyim yeganə rayon olan Gədəbəyin dillərə dastan gözəlliyini görmək şansı, Tükəzban xanımın belə səmimi, zarafatyana təklifi, hazırda dağ başında, torpaqda eşələnən arxeoloqların işindən reportaj hazırlamaq üçün əl-ayağım gicişməyə başladı… özümü bu dəfə də saxlaya bilmədim.
Gədəbəyə axşamüstü çatdım. Yolum 6-7 saat çəkmişdi. Yol boyu Tükəzban xanım dəfələrlə zəng edib, necə gəlməyim, yerimin rahat olub-olmamağı, yolda yemək yeyib-yeməməyimin qayğısına qalmışdı. Buna görə də, rayon mərkəzinə çatanda elə bilirdim ki, arxeoloqların ucqar düşərgəsinə deyil, evimizə gedirəm.
Çatdım və gözüm məni qarşılamalı olan arxeoloqları axtardı.
Yazarınızı ikicə dəqiqənin içində «yoldan çıxaran» oynaq, cingiltili səsin sahibi qarşımda peyda olanda başa düşdüm ki, gəldiyimə peşman olmayacam. Cavan arxeoloq qadının simmetrik sifət cizgiləri, qara və qəşəng qaş-gözü, adamı gendən vuran şənliyi payızın bu soyuğunda, ayaqlarımı sızıldadıb, boğazımı göynədən rütubətində elə isti, məhrəm görünürdü ki…
Dünyadan 3 kilometr yüksəkdə
Arxeoloqların uzun müddət təzə adam görmədiyi hiss olunurdu – Tükəzban xanım da, ekspedisiyanın üzvü Elvin də, cavan və şən sürücü də - hamısı sevinirdilər gəlişimə. Və dükan-bazarı, kafe-restoranları bağlanmış rayonda gəlişimin şərəfinə şam ediləsi bir yer axtarışına çıxdılar.
Dedim ki, narahat olmasınlar, mən məmnuniyyətlə arxeoloqların çöl ocağında bişirdikləri yeməkdən yeyərəm. Amma Tükəzban xanım əynindəki nimdaş iş paltarına, başında örtükdən daha çox, özü demiş 16 gündür ki, yumadığı saçlarını (yeri gəlmişkən, hələ də imkan və yer tapıb, hamamlana bilməmişdi) gizlətmək məqsədi daşıyan yaylığına uyğun olmayan bir şuxluq və həvəslə dedi:
- Darıxma, arxeoloq yeməklərini yeməyə də vaxtın olacaq! Amma indi biz sənə qonaqpərvərliyimizi nümayiş etdirməliyik axı…
İşıqları sönmüş rayon mərkəzində axır ki, xahiş-minnətlə bir kafe açdırıb, deyə-gülə, arada işıqların sönməyini, sözü bir az gec anlayan ofisiantımızın tez-tez masamızda yandırdığı şamı zarafata sala-sala, özü də ciddi iştahla (arxeoloqlar səhər yedikləri yumurtanın üstündə idilər) bir axşam yeməyi yedik. Tükəzban xanım axşama düşdüyümüz üçün mənə kabab hazırlatdıra bilmədiyinə görə bərk məyus oldu, bunu qonaqpərvərliyinə sığışdırmayıb, burada qalacağım müddətdə mütləq bir vaxt tapıb, kabab bişirtdirəcəyini söz verdi...
Masadan qalxıb, arxeoloqların düşərgəsinə yol alanda artıq gecəyarısı idi. İndi arxeoloqların düşərgəsinin yerləşdiyi, tədqiqatlarının əsas məskəni olan Daryurd kəndinə istiqamət götürmüşdük. Yolun yarısında maşını saxlayıb, Daryurd kimi hündürlüklərə daha rahat dırmaşa bilən köhnə «Villis»ə mindik. Özümüzü də, arxeoloq yoldaşlarımın rayon mərkəzindən doldurmaq üçün gətirdikləri su qablarını da bu köhnə maşına daşıdıq.
Biz yol getməyimizdə olaq, mənsə yolüstü sizə gedəcəyimiz ünvan barədə qısaca bir məlumat verim.
Yayda donan, qışda əriyən bulaq və Həzrəti Əlinin atı…
Daryurd kəndi Gədəbəy rayonundan təxminən 25 km cənub-qərbdə, dəniz səviyyəsindən 2500-3000 m yüksəklikdə yerləşir. Cənub tərəfdən meşə ilə əhatə olunub. İçərisi ilə Dəlməçay və Şır-şır çayları axır. Onlar mənbəyini “Ocaq yalı” adlı dağ zirvəsindən götürür. Gədəbəy və ətraf rayonların əhalisinin inanc yeri olan bu ziyarətgah həm də «Dül-dül» adıyla məşhurdur. Hündür qayalıqda yerləşən, üzərində nal izi olan iri yastı daş ritual obyektidir. Rəvayətə görə, bu, Həzrət Əlinin atı Dül-dülün ayaq izləridir. Bu daşın ətrafında qurbanvermə mərasimi keçirilir və bura gələn hər kəs özü üçün kiçik və iri daşlardan ev modelləri düzəldir. Ocaq yalından bir qədər aşağıda, təxminən 3 km qərbdə “Buzxana” deyilən ziyarətgah yerləşir. İri mağaraların içərisinə damcılayan su iyul-avqust aylarında donur. Belə ki, yay aylarında mağaranın içərisində temperatur -15, qış aylarında isə +15-20 dərəcə olur. Yerli əhali bu mağaradakı buzdan şəfaverici dərman kimi istifadə edir.
Arxeoloq komasında gecə
“Dərman” demişkən, arxeoloq dostlarımın Daryurddakı komalarına (onların yerli əhalidən kirayələdiyi bu koma əlçatmaz-ünyetməz, lap belə «allahu əkbər»in tükəndiyi yerdəydi) çatanda, başa düşdüm ki, səhhətimin it günündə olduğu vaxtda belə yerə «mini-aptek»siz gəlmək insanın özünə qarşı ciddi məsuliyyətsizliyi imiş. Amma mən soyuqdan özümə gələnə qədər, komanın içində canfəşanlıq edə-edə qonağına şərait düzəltməklə məşğul olan Tükəzban xanım narahatlığımın əbəs olduğunu dedi:
- Burda demək olar, hamını tanıyıram. Kənd camaatı mənə şəhərdən gəlmiş arxeoloq kimi yox, buralı kimi baxır. Bircə telefon zənginə dərman nədi, sənə aptek tapıb, gətirərlər.
- Bəs, arxeoloq qadının bu dağ başına gəlib, aylarla burda qalmağına pis baxmırlar? Axı bizimkilər çox mühafizəkardır…
- Əvvəl-əvvəl bəlkə də elə baxardılar. Amma adamın özünü aparmağından çox şey asılıdı axı. Zamanla hamıyla dil tapırsan, şirinlik eləyirsən, isinişirsən. Hərənin könlünü bir cür alırsan. Sonra hamı sənə ana-bacı kimi baxır…
O bunları danışanda özü otaqda çay-şirniyyat tədarükü görürdü, köməkçisi Elvin isə bir qucaq odunu sobaya yerləşdirməklə məşğul idi. Ekspedisiyanın elmi heyətinin qalan üzvləri iş üçün Bakıya, yerli adamlardan ibarət olan texniki işçilər isə çıxıb öz ev-eşiklərinə getmişdilər. Arxeoloqların məişəti elə içəri girən kimi məni təəccübləndirmişdi. İki xırdaca otaqdan ibarət, mütəkkəli-döşəkcəli, dəmir çarpayılı, qalın yorğan-döşəkli komada hər şey olduqca təmiz idi. Az qala hər şeyin parıldadığı bu kənd təmizliyinin ahəngini pozan tək şey, otağın bir kənarında müxtəlif əşyaların qalaqlanması idi: fotoaparatlar, noutbuklar, arxeoloqların son «qənimət»lərinin səliqəsizliyindən bilinirdi ki, bu əşyaların üzərində müntəzəm iş gedir. Tükəzban xanım hara baxdığımı görüb, qısaca informasiya verdi ki, yağış yağıb, palçıq dizə çıxanda qazıntı aparmaq mümkün olmur. Odur ki, yağışlı günlərdə heyət üzvləri bu komada oturub, son günlərdə tapdıqlarını yuyub-təmizləyir, nömrələyir, barəsində məlumat yazıb, üzərinə yapışdırır, sonra da şəklini çəkib, noutbuklarına köçürürlər.
Otaq da, söhbətimiz də sürətlə qızışmaqda idi. Qarabağın böyük bir ziyalı-aristokrat ailəsindən (Tükəzban xanım arxeoloqlardan, filosof və elm adamlarından ibarət Göyüşovlar ailəsindəndir) çıxan arxeoloq xanımla Qarabağ qaçqını o dəqiqə dil tapmışdılar: söhbətimiz ciddi, rəsmi müsahibəyə-zada da oxşamırdı. Eləcə hərə öz bildiyindən üyüdüb-tökürdü. Bu üyüdülüb-tökülən şeylər də əməlli-başlı arxeologiya ilə bağlı idi. Arada həmsöhbətim yazarınızı təriflədi də:
- Nə bilmək istəyirsənsə, soruş, utanma. Birdən elə bilərsən ki, nəyisə deyəndə bu barədə məlumatsız görünə bilərsən? Heç narahat olma, bacı, elələri var, sən onlardan çox bilirsən bu sahədə…
Əziz oxucu, arxeoloq xanımla bu şirinlikdən sonra, sizi bir dıqqan yormağıma icazə verin, çünki Tükəzban xanımın öyrəndiyi, tədqiq elədiyi, xırdaca bir saxsı qırığı əldə etmək üçün gün uzunu toza-palçığa batdığı bölgə və dövr barədə bir az da məlumat verməliyəm.
İbadətgahlı, kurqanlı, qalaçalı qədim torpaq
Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış materiallara görə Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir.
Qafqazda son tunc-ilk dəmir dövründə əmək məhsuldarlığı artıb, köçəri maldarlıq formalaşıb, əkinçilik, sənətkarlıq, dulusçuluq, metalişləmə inkişaf edib. Arxeoloji abidələrin tədqiqi göstərir ki, həmin dövrdə Azərbaycanda, xüsusən də qərb bölgəsində əhalinin sayı xeyli artıb, iri tayfa ittifaqları meydana gəlib, sinifli cəmiyyət yaranıb. Bu da tayfalar arasında münasibətlərin kəskinləşməsinə, hərbi toqquşmalara gətirib çıxarıb. Həmin dövrdə hərbi silah və zirehlərin istehsalı artıb.
Gədəbəy abidələrinin zənginliyi XIX əsrdən dünya alimlərinin diqqətini cəlb edib. Simensin misəritmə zavodunun tikintisi ilə əlaqədar görülən torpaq işləri zamanı ərazidə tapılan maddi-mədəniyyət nümunələri zavodun əməkdaşı V.Belkin diqqətini çəkir. 1888-1890-cı illərdə o Gədəbəydə və ətraf kəndlərdə 300-dən çox daş qutu qəbir abidəsi qazır. V.Belk tədqiq etdiyi qəbirlərdən əldə etdiyi yüzlərlə nümunələri Almaniyaya R.Virxova göndərir. Bu materiallar əsasında R.Virxov özünün «Qafqazın mədəni-tarixi əhəmiyyəti» adlı monoqrafiyasını yazır və Gədəbəyin zəngin arxeoloji materialları əsasında Berlində, o vaxtlar dünyada analoqu olmayan muzey yaradır. 1896-cı ildə Moskva arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski Gədəbəydə yenidən arxeoloji qazıntı işləri aparır və 72 ədəd daş qutu qəbir qazır.
26 illik fasilədən sonra 2005-ci ildən rayonun arxeoloji abidələri yenidən öyrənilməyə başlandı. 2005-2006-cı illərdə kəşfiyyat xarakterli qazıntı işləri aparmaq üçün bölgədə kiçik dəstədən ibarət ekspedisiya fəaliyyət göstərib, rayonun arxeoloji abidələrlə zəngin olan Daryurd kəndində tədqiqat işləri aparılıb.
2007-ci ildə Azərbaycan-Fransa Beynəlxalq arxeoloji ekspedisiyası Gədəbəyin mis yataqlarında kəşfiyyat xarakterli tədqiqatlar aparıb. Prezidentin məlum fərmanından sonra Azərbaycanın, o cümlədən Gədəbəy rayonunun tarixi və arxeoloji abidələrinin tədqiqi daha da genişləndirildi. 2008 - 2009-cu ildə Daryurdda tədqiqatlar davam etdirildi. Nəticədə bir neçə qədim nekropol qeydə alındı və son tunc - ilk dəmir dövrünə aid qəbir abidələrində arxeoloji qazıntı işləri aparıldı.
Arxeoloqların sobaları soyumamış yerimizə girib, yatdıq. Səhər obaşdan qapını kəsdirən köhnə «Villis»in və sürücümüzün səsinə oyanıb, tələm-tələsik bir stəkan kəmşirin çay içib, qazıntı aparılan yerə tələsdik. Maşına minhamində Tükəzban xanımın yemək tədarükü gördüyünün fərqinə vardım. Özümüzlə döşəkcə, quru çay, qənd, konfet, süfrə, bir də yekə samovar götürmüşdük.
Ekspedisiyanın hazırda öyrəndiyi Leşkər Qalaçasına çatanda arxeoloq deyil, jurnalist olduğum üçün babat bir ah çəkdim. Qalaçanın üçqat divarlarından qalan nəhəng, xınalı daşlar, bu daşların arasında ucalıb, meyvələri qızaran itburnu kolları, qalaçadan görünən dağ kəndlərinin payız mənzərəsi – bunun üçün günün 12 saatını palçıqda-tozda eşələnməyə dəyərdi…
Amma məni uşaqlara (texniki işçilər üç kənd gəncindən ibarət idi) təqdim edəndən sonra heyranlığımı bölüşən Tükəzban xanım həvəsimi öldürməyə çalışdı:
- Eh, elə vaxtlar olur ki, boğaza yığılırıq. Bir də görürsən, yağış yağır, palçıq dizə çıxır. günlərlə əynimizin paltarını dəyişə bilmirik. Qış paltarına büründüyümüz yerdə, bir də görürsən, adamın üz-gözünü qarsan qıpqırmızı bir gün çıxdı. Elə vaxt olur, yağışa düşüb, hansısa mağaraya, ya da qayanın dibinə girib, saatlarla orada qalırıq. Ya da əldən-ayaqdan uzaq bir yerdə qəfildən yeməyimiz qurtarır. Əvvəllər elə vaxt olub, yağsız-duzsuz makaron qaynadıb, yeməli olmuşuq…
Amma gileylənməyinə baxmayaraq, biz gələnə qədər uşaqların qazıntı sahəsindən tapıb-çıxardıqları «qənimət»lərə acgözlüklə baxırdı – muncuqları, saxsı qırıntılarını, metal alətləri fırçayla təmizləyir, uzun-uzadı baxır, qazılan yerə əyilib, əşyanın fraqmentlərini axtarırdı. Arada zarafatcıl uşaqlara:
- Uşaqlar, səliqəynən qazın. Elə eləyin, orta əsr təbəqələrindən antik dövrün materialları çıxmasın…- deyə xəbərdarlıq eləyirdi.
Uşaqlardan biri isə dodaqaltı:
- Vallah, torpağın altına girib baxmamışam. Nə çıxır, çıxır də… - deyib, onun tapşırığını zarafata saldı.
Yeri gəlmişkən, bir-birini lağa qoyan üç kənd cavanı ilə arxeoloqların münasibətləri yarızarafat, yarıheyranlıq üzərində qurulmuşdu. Uşaqlar tez-tez arxeoloji terminlər işlədən elmi işçilərə heyranlıqla baxır, Tükəzban xanımla Elvin isə uşaqların yerli əhaliyə, öz kəndlilərinə yönəlmiş zarafatlarına, atmacalarına qoşulurdular. Zarafat demişkən, həmin gün uşaqların zarafat obyekti, arxeoloqların gənc sürücüsü Vüsal idi. Vüsalın öz köhnə maşını ilə davranmağını gənclər lağa qoymaqdan doymurdular:
- Vüsal maşını necə sürürsə, maşın uje özü yolu tanıyır. Elə burdan aşağı buraxır, hara lazımdısa, maşın ora gedir…
Bəxtimizdən hava günəşli idi. İş də yaxşı gedirdi. Oğlanlar Elvinin rəhbərliyi altında qazmaqda ikən, biz Tükəzban xanımla söhbət eləyə-eləyə qalaçanın ərazisini gəzməyə başladıq.
“Zinət əşyası tapanda birinci öz üstümə taxıb, baxıram…”
Arxeoloq xanım indiyə qədər buradan tapdığı materialların əsasında formalaşdırdığı qənaətlərini bölüşür, burada son tunc - ilk dəmir dövrünə təsadüf edən yaşayışdan, qədim «Gədəbəylilərin» həyat tərzindən danışırdı. Gözümün önündə qədim silah ustaları, maldarlar, əkinçilər, zərgərlər canlanır, hər xınalı daşın dibində gözümə o dövrün bir emalatxanası, həyəti təndirli-quyulu qədim kərpic evlər, küçələr görünürdü.
Müsahibim ciddi şeylərdən danışdığı yerdə mən tipik şair romantikasına qapılmışdım və bu romantikanın təsiri altında bir sual verdim:
- Tükəzban xanım, seçim öz əlinizdə olsaydı, tədqiq elədiyiniz qədim dövrlərdə, yoxsa indiki, müasir dövrdə yaşamaq istəyərdiniz?
- Məmnuniyyətlə, qədim dövrdə yaşamaq istəyərdim.
- Məsələn, hansı əsrlərdə?
- Elə tədqiq elədiyim dövrdə – son tunc dövründə. Onsuz da indi qazıntı apardığım rayon elə ucqardır ki, elektriki çıxmaq şərti ilə, həmin dövrdən heç nə ilə fərqlənmir. Bilirsiniz, hərdən istəyirəm ki, o dövrlərdə yaşamış insanlardan biri yuxuma girsin. Onunla danışım, o dövr barədə suallar verim, necə yaşadıqlarını soruşum.
- Nə tapsanız, bunu ən böyük arxeoloji uğurunuz hesab edərsiniz?
- Mən ən xırda saxsı qırığını da qiymətli arxeoloji tapıntı hesab eləyirəm, bu tapıntıya sevinirəm. Ən böyük arxeoloji uğur məsələsinə gəldikdə isə mən tunc kəmərlər üzrə müdafiə eləmişəm. Əgər tunc kəmər tapsam, bu mənim üçün ən böyük xoşbəxtlik olar. Deyə bilərəm ki, ən böyük arzum budur. Yeri gəlmişkən, Leşkər Qalaçasında axtarışlarımın istiqamətlərindən biri də burada tunc məmulatların hazırlandığı emalatxanaları, ya da heç olmasa birini tapa bilməkdir. Axı burada tunc silahlar, əşyalar tapılıbsa, deməli onların hazırlandığı emalatxanalar da olub. Mən onları axtarıram.
- İşinizdə elə şeylər varmı ki, bu peşənin incəliklərindən xəbəri olmayan adam bunu bilməsin?
- Əlbəttə, bu işin elə incəlikləri var ki, bunları ancaq arxeoloqlar bilir. Məsələn, mənim məşğul olduğum sahələrdən biri də qədim qəbirlərdir. Bilirsiniz, İslam dininə görə, qəbirləri açmaq, ölüləri narahat etmək günahdır. Amma məcburuq. İşimiz bunu tələb edir. Mən hər dəfə qəbir açanda ürəyimdə oradakı cəsədlərlə danışıram. Onlardan üzr istəyirəm. Ruhlarını, qalıqlarını narahat elədiyimə görə məni bağışlamalarını xahiş edirəm. Deyirəm ki, neyləyim, bu, mənim işimdi, buna məcburam.
- Sizə bir sual vermək istəyirəm, amma xahiş edirəm həm inciməyin, həm də səmimi cavab verin. Elə olurmu ki, qədim zinət əşyaları tapanda, onları özünüzə saxlamaq istəyəsiniz? Axı qadınlar belə şeylərdən çox xoşlanır…
- Açığı, hər dəfə nəsə qədim bəzək əşyası tapanda, əvvəlcə onu özümə yaraşdırıram. Sırğaları qulağıma taxıram, bilərzikləri qoluma taxıb, baxıram. Qulağımda, biləyimdə şəkil çəkdirirəm. Amma heç vaxt bu zinət əşyalarını gizləmək niyyətinə düşməmişəm. Əvvəla, mən o əşyanı mənimsəyəsi olsam, qarətçi hesab olunuram. Demək, illərlə qorunan əmanəti oğurlamışam. Bunu nə insan, nə arxeoloq kimi özümə yaraşdırmıram. Bir də ki, axı o tapıntını sənədləşdirsəm, bu mənim üçün daha qiymətli bir şey olur. Arxeoloq istəyər ki, böyük uğurları olsun, onun işi, tapıntıları barədə yazılsın, müzakirə olunsun. Nə bilim, bəlkə gələcəkdə Allah nəfsimi imtahana çəkdi. Bəlkə, elə bir şey tapdım ki, belə fikrə düşdüm. Hələ ki, düşməmişəm…
Arxeoloqlarla çöl naharı
Söhbətimiz ara verəndə, yorulmaq bilmədən yer qazan, tapıntıları qırağa çıxarıb, ekspedisiya rəhbərlərindən minnətdarlıq gözləyən oğlanların yanına qayıtdıq. Oğlanlardan işin nə yerdə olduğunu soruşanda, zarafatcıl kənd oğlanları:
- Hər şey yaxşıdı, tapdığımız «sarı»ları cibimizə, «qara»ları qırağa atırıq! – deyə, gülə-gülə cavab verirdilər.
Artıq nahar vaxtı idi. Plastik qabdan bir-birimizin əlinə su töküb, yuyunduq. Tükəzban xanımın gətirdiyi yumurtaları soyub, böldük. Balaca, korş bıçaqla pomidorları doğrayıb, sellofan torbanın üstünə düzdük. Sürücümüzün kənd dükanından alıb gətirdiyi çörəyi əllərimizlə parçalayıb, dağ havasının gətirdiyi iştahla yeməyə girişdik. Oğlanlar təzə qonağın şərəfinə sabah evlərindən bir torba Gədəbəy kartofu gətirib, ocaqda külləmə eləyəcəklərini dedilər.
Samovarımızı da qaynadıb içəndən sonra, oğlanlar işə, bizsə yenə söhbətə girişdik. Mövzumuzun biri də Tükəzban xanımın tapıntılarından olan daş qutu qəbirlər idi ki, bu barədə olduqca maraqlı şeylər öyrəndim. Və maraqlı bir müşahidə elədim: Tükəzban xanım açdığı qəbirlərdən danışanda «mənim qəbirlərim», «mənim filan qəbrim», «mənim filan yerdəki qəbrim» ifadələrini də işlədirdi ki, bu da mənə məşhur şairimiz Ramiz Rövşəni xatırladırdı…
Tükəzban xanımın «qəbirləri» barədə…
Yerli əhali bu qəbirlərə “Uğuz qəbri” deyir. Dağlıq bölgələrimiz üçün xarakterik olan belə qəbirlər tunc dövründən tikilməyə başlanıb. Daş qutu qəbirlərdə müxtəlif dəfn adəti izlənilir. Mərhum qəbirə sağ və ya sol böyrü üstə müxtəlif istiqamətlərdə qoyulur. Daş qutu qəbirlər zəngin avadanlığa malik olur.
Daryurd ərazisində tapılan nekropollarda 15-dən çox daş qutu qəbir tədqiq edilərək öyrənilib. Qəbirlərin uzunluğu 170-210 sm, eni 80-110 sm, dərinliyi 70-110 sm-dir. İstiqamətləri müxtəlifdir. Lakin çay vadilərindəki qəbirlərin hamısının ayaq tərəfləri çaya doğrudur. Qəbirlərdən əldə edilmiş materiallar müxtəlif saxsı qablardan, tunc bəzəklərdən, müxtəlif muncuqlardan və s. ibarətdir.
Burada skeletsiz qəbirlərə də rast gəlinib. Qəbirlərdə insan dəfn edilməsə də onlardan saxsı qablar və iribuynuzlu heyvana aid ayaq sümükləri tapılıb.
“Göyəmin yanı” və “Çal” nekropolunda qazılmış daş qutu qəbirlərdə dəfn olunmuş heyvanın ayaq sümüyünün qurban kəsilmiş öküzün ayağı olduğunu ehtimal etmək olar. Görünür, öküz dəfn mərasimində qurban kimi kəsilib, cəmdəyinin bir hissəsi ehsan paylanıb, ayağının biri isə qəbirə və ya «qurbangaha» qoyulub. Ehtimala görə, heyvan (öküz) budunun qəbirlərdə dəfni və kəmərlərin üzərindəki təsvirləri Qafqazda, o cümlədən Azərbaycanda yaşamış qədim əhalinin axirət dünyası ilə bağlı dini təsəvvürləri ilə bağlıdır. Skeletsiz qəbirlərdə təkcə saxsı qablar olur, bəzək əşyalarına, silahlara, əmək alətlərinə təsadüf edilmir. Tamamilə boş, skeleti, avadanlığı olmayan qəbirlərə də rast gəlinir. V.Belk, A.İvanovski, E.Resler, Y.Qummel, H.Kəsəmənli və b. tədqiqatçılar Qərbi Azərbaycanın son tunc və ilk dəmir dövrünə aid nekropollarında apardıqları arxeoloji qazıntılar zamanı onlarla skeletsiz qəbirlər aşkar ediblər.
Meyitsiz qəbirlər…
“Kenotaf” adlanan bu qəbirlər haqqında müxtəlif fikirlər var. Qədim vaxtlarda dünyanın bəzi xalqları arasında bir adət varmış. Müəyyən səbəbdən kiminsə cənazəsini əldə etmək mümkün olmadıqda qohumları ona “qiyabi qəbir” düzəldirmişlər. İbtidai dini inama görə, qəbri olmayan mərhumun ruhu rahat olmur. Bəzi tədqiqatçıların fikrincə, bu qəbirlər müvəqqəti xarakter daşıyıb. Yəni meyitlər qəbirə əmanət olaraq qoyulub. Y.Bayern Gürcüstanda da oxşar qəbirlərə rast gəlib və skeletsiz və ya tamamilə boş qəbirləri haqda məlumatı ona bələdçisi, yerli sakin verib. O bildirib ki, «…boş qəbirlər yerli adamın deyil, yadellilərindir». Bələdçinin dediyinə görə, «...onlarda yadelli adamı ənənəyə görə təntənəli surətdə dəfn etmək kimi qədim adət var. Sonralar onun qohumları gəlir, cəsədi və yanaşı dəfn olunan əşyaları götürür, qəbir isə yenidən bağlanılır və burda basdırılmış yadellilərin xatirəsinə hörmət olaraq saxlanılır.”
Azərbaycan ərazisində qəbirlərə insan cəsədinin qoyulmaması adəti III minilliyin ortalarından, ilk tunc dövründən başlanıb, antik dövrə qədər davam edib. Qarabağda Xocavənd rayonu ərazisində küp qəbirlərdən ibarət nekropolda insan skeleti olmayıb, qəbrin avadanlığı isə yalnız saxsı qablardan ibarət olub. Tükəzban xanımın əmisi, məşhur arxeoloq Rəşid Göyüşov skeletsiz küp qəbirlərin uzaq yerlərdə döyüşlərdə həlak olmuş insanlara məxsus olduğu fikrinə gəlib. Bu ehtimal da var ki, tamam boş və skeletsiz, amma avadanlığı olan qəbirlər dini ritualların həyata keçirilməsi üçün hazırlanıb, ölmüş ya da qurban verilmiş insanların ruhu üçün nəzərdə tutulub.
Arxeoloqlarla kabab macərası…
Arxeoloji məlumatlarla yüklənmiş söhbətimizdən sonra, samovarı bir dəfə də qaynadıb-içdikdən, mənim üçün bir torba itburnu yığdıqdan, Elvinlə oğlanlar o ki var, yorulandan sonra bugünkü iş günümüzü bitmiş hesab edə bilərdik. Yenə köhnə «Villis»ə doluşub, arxeoloqların komasına qayıtdıq. Yeri gəlmişkən, evə hazırlaşanda arxeoloq dostlarımın qazıntı yerini dövrələdiyi ipi də açmalı olduq, çünki yerli əhali nə qədər qonaqpərvər olsa da, aralarına adi kəndirə də tamah salıb, əkişdirəni tapılır.
Evə qayıdıb, əl-üzümüzü yuduq, bir az dincələndən sonra mənə kabab yedizdirə bilmədiyi üçün rahatlıq tapa bilməyən Tükəzban xanım bizi təzədən krossovkalarımızı (düzünə qalsa, ekspedisiya yoldaşı Təranə xanımın krossovkaları idi – G.M.) geyinməyə məcbur elədi:
- Gedək, hardasa kabab yeyək.
Bu «hardasa» da çox uzun məsələ oldu – sən demə, Gədəbəydə rayon mərkəzini çıxmaq şərtilə, normal, təmiz-tarıq bir kafe tapıb, nəsə yemək əməlli-başlı müşkül məsələ imiş. Bizsə tez olsun deyə, rayon mərkəzinə deyil, yaxınlıqdakı kəndlərdən, yol kənarındakı qəlyanaltılardan birinə üz tutmuşduq. Amma baş çəkdiyimiz yerlərdə bizi yarıuçuq anbarlara, pişiklərlə, itlərlə dolu, pis qoxulu otaqlara aparıb salmağa cəhd eləyirdilər. Yavaş-yavaş irəliləyə-irəliləyə axırda Gədəbəyin «beşulduz» kafesinə gedib çıxası olduq.
Bu qədər yol qət edib, məşəqqətlər yaşayandan sonra bu bir tikə quzu əti lap «ov əti»nin dadını verirdi.
Arxeoloqun ən sevmədiyi adam - qonaq...
Sabah və o biri gün də təxminən eyni minvalla keçdi. Güləyən oğlanların evlərindən gətirdikləri bir yekə torba kartofu vaxt tapıb, külləmə eləyərək yedik, gündə dəfələrlə samovar qaynadıb, çayının dadına və istisinə yığışdıq, yerin altından təzə nümunələr tapdıq. Yaxınlıqda qoyun-quzu otaran, yolu buradan keçən yerli sakinlər arada gəlib, bizə dəyərək, hal-xətir soruşdular, evlərinə dəvət elədilər. Bir sözlə, tədqiqatımızı apardıq, həyatımızı yaşadıq.
Tükəzban xanım isə «arxeoloqun ən sevmədiyi adam - qonaqdı» desə də, özü görünməmiş qonaqpərvərlik nümayiş etdirirdi. Komada keçirdiyimiz saatlarda yemək bişirib, qonağını yedizdirir, dəqiqədə bir «Bacı, sənə nə qulluq eləyim?» deyə çayı qəhvəyə, qəhvəni qazlı suya calayır, noutbukundakı arxeoloji materialları həvəslə göstərərək, izahlar verirdi. Biz hətta arada macal tapıb, yazar dostlarımın həyat və yaradıcılığı barədə mübahisə edəndə, onun müasir ədəbi prosesdən də xəbərdar olduğu üzə çıxdı.
Arxeoloji qazıntı gedən Leşkər Qalaçasında isə yeniliklər də vardı: bir dəstə adamın burada ciddi-cəhdlə yer qazdığını görən, başdan da bir az o məsələ olan bir yerli sakin elə düz bizim yaxınlığımızda özfəaliyyətinə başlamışdı. Bilmirəm, o yerin altından nə tapmağa ümid eləyirdi, amma o da ciddi-ciddi qazıntı sahəsi düzəldərək, həvəslə işləyirdi.
Tükəzban xanım:
- Bizim dildə belə adamlara «qara arxeoloq» deyirlər - deyə «qonşu»muzun təyinatını verib, həvəskar arxeoloqa acıqlanıb-eləmədi. Eləcənə zarafata salaraq, hətta «qara arxeoloqun» «tapıntıları»na da baxdı. Kənd arxeoloqu hələ ki, saxsı qırıntılarından başqa bir şey tapmamışdı...
Arxeoloqlarla son gecə...
Arxeoloqların dünyadan 3 kilometr yüksəkdə yerləşən komalarındakı son gecəni bir az qüssəli keçirdim. Tükəzban xanımın «Gələn il də səni gözləyirik» deyə, ürək-dirək verməsinə baxmayaraq, sabah onlardan ayrılacağım üçün indidən darıxırdım. Yataqlarımıza girəndən sonra da xeyli yata bilmədim.
Gecənin dərinliyindən it hürüşü, xoruz səsi gəlirdi. Bir neçə saat əvvəldə qədim qalalar, ibtidai insanlar, keçmiş zamanla müşayiət olunan arxeoloq həyatı qalmışdı. Bir neçə saat sonrada isə hündür və müasir binalar, sivil insanlar, çılğın ritm, min cür texnika «fırıldaqları», şöhrət və dəbdəbə ehtirasları ilə dolu meqapolis həyatı vardı. Və içimdəki təəssüf hissi ilə yanaşı, bir arxayınlıq duyurdum: nə qədər ki, bu dünyanın uzaq kəndlərində itlər hürür, xoruzlar banlayır, ocaq yerləri qaralır... nə qədər ki, nimdaş kənd yatağında yuxusu ərşə çəkilən kənd adamı ümidini pəncərədən süzülən ay işığına bağlayır, deməli, hələ bu dünyada kürəyindən başqa, bir də ürəyini söykəyə biləcəyin nəsə qalıb...
Kürəyinizə də, ürəyinizə də dayaq olacaq doğmalarınızı itirməyin, şəhər adamları! Qəlbinizin «arxeoloqu» olmağı bacarın: ürəyinizin torpaqlı, palçıqlı «lay»larında gömdüyünüz gözəl şeyləri çıxarın, təmizləyib, ürəyinizin «muzey»lərinə qoyun, əzizləyin. Mənəvi dəyərinizə çevirin, qürurla hamıya göstərin.
Torpağınızın da, sinənizin də altından tapmağa nəyinizsə olsun, insanlar!
Həvəskar arxeoloq salamı ilə: Günel Mövlud

1901