5 qəpiyə necə qızınmalı? –  ARAŞDIRMA
06 noyabr 2010 16:55 (UTC +04:00)

5 qəpiyə necə qızınmalı? – ARAŞDIRMA

“Son illər Bakıda istilik sistemlərinin bərpasından, magistral xətlərin çəkilişindən sonra camaatda bu sahəyə inam yaranır. Artıq istilik sistemlərindən bəhrələnmək üçün daxil olan müraciətlər də artır”.

“Azəristiliktəchizat" ASC-nin Bakının Nizami rayonundakı 4 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin (İSİS) rəisi Rəşad Xanməmmədov paytaxtın qışa hazırlıq vəziyyətinə dair Lent.az-ın suallarını cavablandırarkən belə deyib. O qeyd edib ki, bu il Bakının Nizami rayonunda mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş binaların sayına daha 14-ü əlavə olunub. Bu isə təxminən 400 mənzil artım deməkdir. Hazırda həmin 14 binanın hər birinin aşağı paylaması, magistral xəttin çəkilməsi başa çatıb.

“Bizim tabeçiliyimizdə 27 qazanxana var və bunların hamısı qışa tam hazırdır, heç bir problemimiz yoxdur. Bu il öhdəçiliyə götürmüşdük ki, rayonda istiliklə təmin olunacaq binaların sayını 288-ə çatdıracaq. Artıq bu öhdəliyi artıqlaması ilə yerinə yetirmişik” – deyə, Rəşad Xanməmmədov bildirib.

Onun sözlərinə görə, 4 saylı İSİS bu il Keşlə qəsəbəsində də özünü bir qazanxanasını tikib. Həmin qazanxana və qəsəbədəki uşaq bağçasına və 1 ədəd beşmərtəbəli yaşayış binasına qulluq edəcək ki, bunun üçün də 700 metr məsafədən qaz xətti çəkilib.

5 qəpiklik istilik

O ki qaldı daxil olan müraciətlərin hamısının müsbət həll olunub-olunmamasına, sahə rəisi deyib ki, daxili istilik sistemləri işlək vəziyyətdədirsə, bütün mənzillərin istiliklə təmin etmək mümkündür. Rəşad Xanməmmədovun fikrincə, hazırda mənzildaxili xətlərin işlək vəziyyətə gətirilməsi və radiatorların qoyulması yalnız sakinlərin özlərindən asılıdır. Ancaq onun sözlərinə görə, istilik idarəsi sakinləri mənzildaxili xətlərin bərpasına məcbur edə bilməz: “Onlar özləri müraciət edəndə bizim əməkdaşlarımız gedib mənzillərə baxış keçirir, sxem hazırlayır və bu sxem əsasında istilik sistemləri qurulur. Onun materiallarını isə sakinlər ya özləri alır, ya da bizim göndərdiyimiz avadanlığın pulunu ödəyirlər. Bunlar razılaşma əsasında görülür”.

Yeri gəlmişkən, Nizami rayonu ərazisində yaşayan şəhid ailələri, məcburi köçkünlər istilik sistemlərinə qoşulma barədə 4 saylı İSİS-ə müraciət etdikdə onların bu problemi idarənin daxili imkanları hesabına həll edilir. Rəşad Xanməmmədov deyir ki, onlar hər il bir neçə imkansız ailələrə belə köməklik göstərir: “Çünki elə kasıb ailələr var ki, həqiqətən də ayda elektrik enerjisinə görə 50-60 manat ödəyə bilmir. Ancaq hər kvadratmetr üçün 5 qəpik ödəyib istilik almağa o adamların gücü çatar. Buna görə də istəyirlər ki, daha ucuz başa gələn istilikdən istifadə etsinlər. Ancaq istilik sistemlərini də qurmağa, bərpa etməyə imkanları yoxdur. Ona görə də çalışırıq ki, belə hallarda problemləri tez aradan qaldıraq”.

4 saylı İSİS rəisinin istilik sistemlərinin quraşdırılması avadanlıq çatışmazlığından da şikayəti yoxdur. Onun sözlərinə görə, "Azəristiliktəchizat" ASC-nin anbarından kifayət qədər avadanlıq ehtiyatı var və onlar lazım olanda bu imkanlardan yararlana bilir: “Bizim bu sahədə heç bir problem yoxdur, baş idarənin də əsas məqsədi paytaxtın istilik sistemləri ilə təchizatında irəliləyişə nail olmaqdır. Hətta lazım olanda idarə özü işçi briqadası da ayırır ki, iş sürətlə getsin”.

Müsahibimiz deyir ki, hazırda rayonun istiliklə tam şəkildə təminatı daha çox vətəndaşların özlərindən asılıdır. Onun sözlərinə görə, mənzildaxili xətt və avadanlıqların qurulması mənzil sahibinin özünün imkanı daxilindədir. Yəni hər kəs istədiyi şəkildə mənzildaxili istilik xətlərini öz vəsaiti hesabına qurduqdan sonra mütəmadi olaraq istiliklə təmin olunur: “Çünki sovet dövründən qalmış istilik sistemləri işləmədikdən sonra mövcud sistem ya dağıdılıb, ya da köhnəlib sıradan çıxıb. Bu səbəbdən də müraciət edən vətəndaşlar yeni sistemin qoşulmasını istəyir. Biz buna etiraz etmirik. Ancaq köhnə radiatorların və xətlərin sistemə qoşmaq məsləhət deyil. Köhnə sistem on ildən çoxdur ki, işləmirsə, onu təzə xəttə qoşmağın mənası da yoxdur. Yüz minlərlə mənzilində sovet dövründən qalma istilik xətləri, radiatorları kəsilərək götürülüb. Çıxarıbsa deməli, bərpa etməlidir. Əks halda işlək istilik sistemi olan qonşu da istilik ala bilməyəcək”.

Maariflənmə naminə pulsuz xidmət

Rəşad Xanməmmədov deyir ki, hazırda Nizami rayon rəhbərliyi ərazilərdə istilik sistemlərinin bərpası üçün lazımi dəstəyi verir. Sakinlər arasında aparılan maarifləndirmə işləri, bütün blokların girişinə vurulan elanlar da bu işdə təchizatçı quruma xeyli kömək edir: “Mən hətta sahə rəislərinə tapşırmışam ki, gedib maraqlansınlar, əgər bir binada bütün qonşular razıdırlarsa, ustalar içəri girib ölçüb-biçsinlər, desinlər ki, borunu al, mən sənə pulsuz işləyəcəyəm. İstəyirik camaat qonşunun evində istilik olduğunu görüb onlar da buna maraqlı olsun. Hətta bir briqadamız pulsuz işləyir. Bu gün bir binadan desinlər ki, hamımız istilik xətti çəkdirməyə razıyıq, avadanlıqları alsınlar, biz onlara pulsuz xətt çəkməyə hazırıq”.

Xatırladaq ki, hazırda Nizami rayonun mövcud olan 27 qazanxanadan 24-ü qışa hazırlıq üçün start vəziyyətdədir. Digər 3 qazanxana isə rekonstruksiya mərhələsindədir. 22 məktəb, 22 uşaq bağçası, 15 səhiyyə müəssisəsinin istilik sistemi tam hazırdır. Ancaq Rəşad Xanməmmədov deyir ki, 4 saylı İSİS-in ərazisində magistral istilik xətlərinin hamısı köhnədir və son illər məhəllələrə yeni xətlər çəkilməyib. Bununla belə, sovet dövründən qalma xətlər yenidən işə salınarkən əvvəlcə texniki yoxlamadan keçir. Yararsız hala düşən borular aşkarlanarsa, həmin hissələr kəsilərək yenisi ilə əvəz olunur.

Bakıda 2303 bina mərkəzi sistemlə qızdırılacaq

Bundan başqa, Nizami rayonunda yeni məhəllələrə əlavə xətlər çəkilir. Məsələn, bu il dövlət investisiya proqramı çərçivəsində Qara Qarayev küçəsindəki 104, 106, 108, 112, 114 saylı, Bəhruz Quliyev küçəsindəki 23, 25, 27, 30, 31, saylı binaların hamısına təzə məhəllədaxili istilik sistemi çəkilib. Rəşad Xanməmmədov bildirir ki, həmin binaların 50 faizdən çoxu artıq sistemə qoşulub. Gələn il isə digər 50 faiz də tam istilik ala biləcək: “Bu, çox böyük uğurdur. Çünki həmin 50 faiz istilik alanda qonşular görəcək ki, insanlar artıq istilik sistemindən bəhrələnir”.

Bütövlükdə isə bu il Bakı şəhərində mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş 3180 yaşayış binasından yalnız 2303-ü istiliklə təchiz olunacaq. Həmçinin 187 məktəb, 150 uşaq bağçası, 83 səhiyyə obyekti və 218 digər sosial obyektlər istilik sistemləri ilə qızdırılacaq. Həmçinin yeni tikilmiş çoxmərtəbəli binaların da bəzilərinin fərdi qazanxanaları var.

Bundan başqa, Bakı şəhərində 578 bina kənar mənbələrdən istilik alır. Məsələn, Müdafiə Nazirliyi, Xəzər Dəniz Gəmiçiliyi, ARDNŞ və digər dövlət orqanlarının balansında olan həmin binaların özlərinin daxili qazanxanaları var. Ancaq bu təşkilatların tabeçiliyində olan qazanxanaların mərkəzləşdirilmiş qaydada hesabatı aparılmadığından kənar mənbələrdən istilik alan binaların dəqiq sayı bəlli deyil.

2004-cü ildə 8, 2010-cu ildə 800 müraciət

Xatırladaq ki, “Azəristiliktəchizat” ASC yarananda mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunan binaların sayı 988, 2006-cı ildə 1750, 2007-ci ildə 1933, 2008-ci ildə 2035, 2009-da isə 2153 olub. Bu artım istilik sistemlərinə qoşulma məqsədilə vətəndaşlardan daxil olan müraciətlərdə də özünü göstərir. Belə ki, 2004-cü ildə Bakı Şəhər İstilik İdarəsinə (“Azəristiliktəchizat” ASC o vaxt belə adlanırdı – E.S.) istilik sistemlərinə qoşulma barədə əhali qrupuna aid abonentlərdən cəmi 8 müraciət daxil olduğu halda, təkcə 2010-cu ildə belə müraciətlərin sayı 800-ü ötüb. Bu müraciətlərin 70 faizə qədlər Bakı sakinlərinin payına düşür. Yerdə qalan müraciətlər isə əsasən sosial obyektlər, idarə və təşkilatlardan, regionlardan gəlir. Aparılan araşdırmalar göstərir ki, regionlardan “Azəristiliktəchizat” ASC-yə daxil olan müraciətlərin 90 faizi yalnız sosial obyektlərin istilik sisteminə qoşulması barədədir.

“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətləri şöbəsinin rəisi Rafiq Əliyev Lent.az-a bildirib ki, bu il “Azəristiliktəchizat” investisiya proqramına uyğun olaraq 216 yaşayış binası, 23 məktəb, 16 uşaq bağçası və 20 səhiyyə obyektləri üzrə istilik təchizatının bərpa olunması üzrə işlər aparıb. Onun sözlərinə görə, payız-qış mövsümünə hazırlıqla bağlı bu il ”Azəristiliktəchizat” 13 yeni qazanxana tikilib, 2 modul tipli qazanxana quraşdırılıb, 11 qazanxana müasir tipli avadanlıqla təchiz olunaraq modernləşdirilib, 4 istilik məntəqəsi isə modernləşdirilərək qazanxanaya çevrilib. Ümumilikdə bu il 346 qazanxana və 125 istilik məntəqəsi fasiləsiz işləyəcək.

Rafiq Əliyev özü paytaxt sakini kimi mənzillərin istiliklə təminatından razı olduğunu söyləyir. Onun sözlərinə görə, bunu hətta Bakıətrafı kənd və qəsəbələrdəki vəziyyət də təsdiqləyir. Belə ki, hazırda paytaxtın ucqar ərazilərində sayılan Qaraçuxur, Günəşli, Hövsan, Sahil qəsəbələri normal istiliklə təmin olunur. Belə binalar şəhərin bütün ərazilərində, o cümlədən Yasamal, Binəqədi, Səbail, Nəsimi, Nərimanov rayonlarında çoxluq təşkil edir. Hətta “Azəristiliktəchizat”dan daimi isti su alan binalar da var.

Noyabrın 15-də istilik sisteminə qoşulan binaların sayına görə isə birinci yeri Xətai rayonu tutur. Növbəti yerlərdə Nizami, Suraxanı, Yasamala, Binəqədi rayonu gəlir. Ancaq Rafiq Əliyev bildirir ki, Bakıda istilik alan binaların mərkəzləşdirilmiş istilik sisteminə olan binalara nisbətinə görə Səbail birinci yerdədir. Belə ki, bu rayonda mərkəzləşdirilmiş sistemə qoşulmuş 80 bina var və onların hamısı istilik alır. Xətai rayonunda isə 480 binanın mərkəzləşdirilmiş istilik sisteminə çıxışı olsa da, onlardan 400-ə yaxını istilik ala bilir.

Ümumilikdə paytaxt ərazisində mərkəzləşdirilmiş sistemə qoşulmuş binaların sayı faktiki yaşayış sahələrinin sayından bir necə dəfə azdır. Ən çox belə binalar Bakının Xətai, Suraxanı, Yasamal, Səbail rayonlarında var.

Bəs, regionlar?

O ki, qaldı regionların istiliklə təminatına, “Azəristiliktəchizat”ın şöbə müdiri bu sahədəki irəliləyişlərin tədricən regionlarda da müşahidə olunduğunu söyləyir. Belə ki, son bir neçə ildə regionlarda 17 yeni istilik mənbəyi yaradılıb, 6 məktəbin, 7 uşaq bağçasının və 7 səhiyyə obyektinin binadaxili istilik sistemi və 111 yaşayış binasının aşağıpaylayıcı istilik sistemi bərpa olunub.

Rafiq Əliyev bildirir ki, bu il Sumqayıt, Mingəçevir, Gəncə, Bərdə, Qusar, Şabran, Şamaxı, Xaçmaz, Şirvan, Şəki, Yevlax, İsmayıllı və Ağstafadakı sosial obyektləri istiliklə təmin etmək üçün 130 qazanxana fəaliyyət göstərəcək. Ümumilikdə bu il paytaxt Bakı istisna olmaqla 12 rayonda sosial obyektlərin istilik təminatı ilə bağlı müvafiq tədbirlər görülüb.


Şöbə müdiri deyir ki, bir neçə il əvvəl Bakı şəhərinin və bütövlükdə bütün respublikanın istilik təchizatı ilə bağlı müvafiq icra hakimiyyətləri və layihə institutları birgə xüsusi proqram hazırlanaraq hökumətə təqdim edib. Həmin proqramda ilk növbədə məktəblərin, sonrakı mərhələdə mərkəzləşdirilmiş istilik sisteminə qoşulmuş bütün xəstəxanalar və uşaq bağçalarının istiliklə təminatı nəzərdə tutulur. Bundan başqa, “Azəristiliktəchizat” bütün rayon və şəhərlərin istilik təchizatı sisteminin qurulmasına dair layihələrini də müvafiq dövlət qurumlarına təqdim edib. Onun sözlərinə görə, dövlət tərəfindən vəsait ayrıldıqca proqram çərçivəsində layihələr icra olunur: “Biz əvvəlcə Bakı şəhərindəki xəstəxanaların və poliklinikaların istilik mənbəyini yaratdıq və artıq bu müəssisələrin hamısı istilik alır”.

2015-ci ilin istilik hədəfləri

Bakı şəhərinin neçə ildən sonra istiliklə tam şəkildə təmin olunacağına gəlincə, Rafiq Əliyev deyib ki, bu, müvafiq dövlət proqramının icrasından asılıdır. Onun sözlərinə görə, “Miniliyyə çağırış və Yoxsulluğun Aradan qaldırılmasına dair Dövlət Proqramı”ndakı hədəflərdən biri məhz sosial obyektlərin və yaşayış binalarının istiliklə təmin olunmasıdır. Bu proqram isə 2008-2015-ci illəri əhatə edən proqram hazırda icra vəziyyətindədir və 2015-ci ilədək hədəflərə tam nail olunacağı gözlənilir.

Bununla belə, Rafiq Əliyev Bakı və regionları istilik təmin etmək üçün nə qədər vəsait lazım olduğunu söyləməyib. Onun sözlərinə görə, “Azəristiliktəchizat” vahid şəkildə belə bir hesablama aparmayıb: “Hər bir rayonun istilik təminatı üçün hazırlanmış proqramın icrasına tələb olunan vəsait də fərqli ola bilər. Çünki bu proqramların hər biri özlüyündə layihədir. Bu layihənin smetası tutulandan sonra görüləcək işləri həmin dövrün qiyməti ilə hesablayıb hansısa məbləği ortaya çıxarmaq olar. Ümumiyyətlə, bu gün ölkənin istilik sistemi ilə təminatına nə qədər vəsait lazım olduğun heç kəs deyə bilməz. Çünki bu layihələr həyata keçiriləndə ölkədə qiymətin neçə olacağı bəlli deyil. Tikinti materiallarının qiyməti, digər xərclər bunların hamısına birbaşa təsir edən amillərdir”.

Yeri gəlmişkən, hazırda Bakı şəhərində yaşayış sahəsi kimi istifadədə olan binaların dəqiq sayını öyrənmək mümkün deyil. Nə Bakı Şəhər İcra Hakimiyyəti, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə Bakı Dövlət Layihə İnstitutu, nə də Dövlət Statistika Komitəsində bu barədə heç bir məlumat yoxdur. Maraqlıdır ki, sadalanan dövlət orqanlarının nümayəndələri Bakı şəhərində yaşayış binaları və mənzillərin sayı ilə bağlı hesablama aparılmadığını söyləyirlər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692

Oxşar yazılar