Əliməmməd Nuriyev: “Məhkumlar atılmış insan kimi qəbul edilməməlidir” – MÜSAHİBƏ
22 sentyabr 2010 15:14 (UTC +04:00)

Əliməmməd Nuriyev: “Məhkumlar atılmış insan kimi qəbul edilməməlidir” – MÜSAHİBƏ

Məhkumların olmadığı bir dövlət, cəmiyyət yoxdur. Əsrlərdir ki, cinayətin fəlsəfəsini bir çox filosoflar, hüquqşünaslar hələ də araşdırsalar da, problem tam həllini hələ də tapmayıb. Ən yaxşı halda cəmiyyətdə cinayətkarlığın səviyyəsinin azaldılması yolları axtarılır və bu yollarla cinayətkarlığın səviyyəsinin azaldılması ciddi uğur kimi qəbul olunur. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir, hansı işlər görülüb? Bu yöndə suallarımızı Ədliyyə Nazirliyi Yanında Məhkumların İslah Edilməsində İctimaiyyətin İştirakı və Cəza İcra Edən Müəssisələrin Fəaliyyətinə İctimai Nəzarəti Həyata Keçirən Komitənin koordinatoru Əliməmməd Nuriyev cavablandırır...

- Ədliyyə Nazirliyi Yanında Məhkumların İslah Edilməsində İctimaiyyətin İştirakı və Cəza İcra Edən Müəssisələrin Fəaliyyətinə İctimai Nəzarəti Həyata Keçirən Komitə fəaliyyət göstərdiyi 4 il ərzində hansı işləri görüb?

- 4 il ərzində İctimai Komitə tərəfindən penitensiar sistemin fəaliyyətinə nəzarətlə bağlı əhəmiyyətli işlər həyata keçirilib. Ədliyyə Nazirliyi bu prosesdə ictimaiyyətin iştirakında maraqlı olan tərəf kimi çıxış etdi. Hətta bu iştirakı imperativləşdirən qaydalar da qəbul etdi. 4 il ərzində İctimai Komitənin üzvləri insan hüquqları müdafiə təşkilatları, digər QHT-nin təmsilçiləri olub. Mütəmadi İctimai Komitənin tərkibində yeniləşmə, rotasiya prosesləri baş verir. Bu gün İctimai Komitə Azərbaycanda preventiv mexanizmlərdən biri kimi özünü tanıtdıra bilib. İstər Azərbaycan cəmiyyətində, istərsə də beynəlxalq aləmdə İctimai Komitənin mühüm bir model olduğu qəbul edilir. İctimai Komitənin fəaliyyət sferası, səlahiyyətləri imkan verir ki, həm də MDB ölkələrində model struktur kimi özünü göstərə bilsin.

İctimai Komitə cəzaçəkmə müəssisəsinə müəssisə rəhbərliyinin məlumatı olmadan gedirdi. Amma son illərdə tamamilə yeni format öz təsdiqini tapıb. İctimai Komitə hər hansı məlumat vermədən istənilən cəzaçəkmə müəssisəsinə qəflətən baxışlar həyata keçirə bilər. 2010-cu il ərzində biz fəaliyyət planı qəbul etdik və fəaliyyətimizi buna uyğun qurduq. Əsas fəaliyyət istiqamətlərindən biri cəzaçəkmə müəssisələrinə baş çəkmələr, monitorinqlərin keçirilməsi idi. Hazırda bütövlükdə müalicə və tərbiyə müəssisələri də daxil olmaqla, 20 cəzaçəkmə müəssisəsindən 17-də baş çəkmə, monitorinq prosesini həyata keçirmişik. İctimai Komitənin üzvləri 52 dəfə bu prosesdə iştirak edib.

- Monitorinq zamanı diqqət əsasən hansı məsələlərə yönəldilib?

- Bu monitorinqlər zamanı diqqət ilk növbədə məhkumların saxlanma vəziyyəti ilə tanış olmağa yönəldilib. Cəzaçəkmə müəssisələrində sıxlıq varmı, bu sıxlıq hansı səviyyədədir, dinamika necə dəyişir, bu kimi məsələlərə diqqət yetirilib. Yeri gəlmişkən, qeyd edim ki, son illər cəzaçəkmə müəssisələrində sıxlığın azalması yönündə ciddi dinamika var. Amma bəzi cəzaçəkmə müəssisələrində sıxlıq mövcuddur. Bu, həmin cəzaçəkmə müəssisələrinin konstruksiyası ilə bağlıdır. Vaxtilə həmin yerlərdə başqa profilli binalar cəzaçəkmə müəssisələrinə çevrilib. Baxmayaraq ki, real sıxlıq yoxdur. Amma limitə görə sıxlıq var. Tutaq ki, bəzi cəzaçəkmə müəssisələrində 1000 yer var. Həmin müəssisədə cəmi 537 məhkum cəza çəkirsə, burada faktiki sıxlıq yoxdur, amma limitə görə sıxlıq var. Bu istiqamətdə də əhəmiyyətli modernləşdirmə işləri gedir. Yeni cəzaçəkmə müəssisələri tikilir və bu konstruksiyaya əsaslanan sıxlıq da tamamilə aradan qalxacaq.
Biz cəzaçəkmə müəssisələrində ərzaqla, qida məsələləri ilə də ciddi maraqlanırıq. Son illər məhkumların keyfiyyətli qida və qab-qacaqla təminatında çox əhəmiyyətli dəyişikliklər baş verib. Təmizliyə ciddi fikir verilir. Bu da mühüm irəliləyişlərdən biridir. Biz hər zaman öz müvafiq rəyimizi Ədliyyə Nazirliyinin müvafiq strukturlarına təqdim edirik. Təqdim etdiyimiz rəylər əsasında da müəyyən çatışmazlıqlar aradan qaldırılır.

- Məhkumların məşğulluğu problemi həllini necə tapır?

- Bu, problem sayılacaq məsələlərdən biridir. Çünki məhkumların əməyə cəlb edilməsinə səylər göstərilsə də, elə də yüksək faiz yoxdur. Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin iradəsi var. Sadəcə, hökumətin qəbul etdiyi qərarlarda əhəmiyyətli dəyişikliklər baş verməlidir. Dövlət bir sıra sifarişləri cəzaçəkmə müəssisələrinə yönəldə bilər və nəticədə məhkumların da əməyə cəlb edilməsi halları arta bilər. Eyni zamanda məhkumların yeni ixtisasa yiyələnməsi prosesi baş verə bilər. Ədliyyə orqanlarının inkişaf proqramında da bu, əsas istiqamətlərdən biri kimi göstərilib. Hazırda bəzi cəzaçəkmə müəssisələrində xalçaçılıqla, müəyyən suvenirlərin hazırlanması ilə bağlı müəssisələr fəaliyyət göstərir. Məhkumların əl işlərindən ibarət sərgilər təşkil olunur. Bir sıra cəzaçəkmə müəssisələrində kompüter kursları fəaliyyət göstərir. Mütəmadi olaraq orada məhkumlara kompüter bilikləri öyrədilir. Bu imkan verir ki, azadlığa çıxandan sonra onlar müvafiq peşələrdə çalışsınlar.
Məhkumlara hüquqi yardım göstərilməsinə xüsusi diqqət yetiririk. Ədliyyə naziri İctimai Komitənin üzvləri ilə görüşərkən əsas məsələlərdən biri kimi məhkumların islah edilməsi prosesində iştirakın daha genişləndirilməsi və onlara hüquqi yardımın göstərilməsi olduğunu bildirdi. Məhkumlara hüquqi yardım İctimai Komitənin hüquqşünas üzvləri tərəfindən göstərilir. Cəzaçəkmə müəssisəsinə baş çəkmə prosesinin gedişində məhkumlara hüquqi yardım göstərilir. Eyni zamanda Açıq Cəmiyyət İnstitutu tərəfindən penitensiar sistemdə islahatlara dəstəklə bağlı layihə həyata keçirilir. O layihə çərçivəsində də penitensiar müəssisələrdə ictimai nəzarəti həyata keçirən təsisatların fəaliyyətinə dəstək verilir və İctimai Komitə məhkumlara hüquqi yardımları artırır. Son aylarda həyata keçirilən hüquqi yardım 100-ə qədər məhkumu əhatə edib. Məhkumların müraciəti əsasında onların ailə üzvlərinə də hüquqi yardım göstərilir. Məhkumların ailələrinin ilk növbədə ünvanlı sosial yardım alması ilə bağlı problemlər var. Hüquqi yardımlar sahəsində bu istiqamətdə müəyyən irəliləyişlərə nail olunub. Kassasiya, apelyasiya şikayəti, əfv və bağışlama ilə əlaqədar da məhkumlara geniş izahatlar veririk.
Bəzi cəzaçəkmə müəssisələrində əcnəbilər cəza çəkirlər. Onlar daha çox öz ölkələrində cəzalarının davamının çəkilməsini istəyirlər. Bu əcnəbilərə müxtəlif yardımlar göstərməyə çalışırıq. Əcnəbilərin vətəndaşı olduqları ölkələrin səfirliklərinə müraciət edirik. Ədliyyə Nazirliyi bu istiqamətdə çox səy göstərir. Təəssüf ki, bəzi əcnəbi məhkumların vətəndaşı olduqları ölkələrin səfirlikləri onların müraciətlərinə ya çox gec cavab verir, ya da cavab vermirlər. Bəzən səfirliklər bildirirlər ki, həmin məhkumların ölkələrinə köçürülməsini təşkil etsələr, bu, böyük vəsait hesabına başa gələcək. Baxmayaraq ki, Ədliyyə Nazirliyi hüquqi müstəvidə bütün məsələlərin həllinə yardım göstərir, səfirliklər bunu etmirlər.

- Bəs cəzaçəkmə müəssisələrində məhkumların müalicəsi necə təşkil olunur?

- Bu sahədə də çox əhəmiyyətli dəyişikliklər baş verib. Diaqnostika metodları ilə müayinəni qeyd etmək olar. Bu gün vərəmli xəstələrin müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Azərbaycan digər ölkələr üçün nümunə olacaq presedent yaradıb. Son 10 ildə vərəmli xəstələrin sayı 20 dəfə azaldılıb. Cəzaçəkmə müəssisələrində ölüm hallarının sayı 18 dəfə azaldılıb. Cəzaçəkmə müəssisələrində məhkum müəyyən xəstəliyə tutulursa, onun müalicəsi, cəzaçəkmə müəssisəsinin müalicə müəssisəsində cərrahi əməliyyat aparmaq mümkün deyilsə, mülki müalicə xəstəxanalarına müraciət olunur.

- Bu insanların təhsil problemi necə həllini tapır?

- Mühüm məsələlərdən biri də təhsilə münasibətlə bağlıdır. Cəzaçəkmə müəssisələrinin əksəriyyətində orta məktəb, bəzilərində peşə məktəbi fəaliyyət göstərir. Yeni ixtisasa yiyələnməklə bağlı da müəyyən kurslar açılıb.

- Penitensiar Xidmətin personalının işi necə qurulub, onların hansı problemləri var?

- Mühüm məqamlardan biri də personal və məhkumlar arasında rəftarla bağlıdır. Son illər bu sahədə əhəmiyyətli dəyişiklik baş verib. Hər hansı neqativ hal baş verirsə, bizim müşahidələrimiz nəticəsində də bu, aşkara çıxırsa, məhkumlarla şəxsi görüşlər keçirir və Ədliyyə Nazirliyinin müvafiq strukturlarına məlumat veririk. Araşdırma nəticəsində faktlar sübutunu tapırsa, o zaman personalın ayrı-ayrı əməkdaşlarına müvafiq intizam tədbirləri tətbiq olunur. Bu müddətdə bəzi cəzaçəkmə müəssisəsinin rəhbərləri də işdə yol verdikləri nöqsanlara görə işdən azad ediliblər. Cəzaçəkmə müəssisələrində son illər cinayətkarlığın səviyyəsi də aşağı düşüb. Eyni zamanda qadağan olunması materialların ötürülməsi ilə bağlı personalın bəzi əməkdaşları haqqında cinayət işi də qaldırılıb.
Bu gün personalın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələ də aktualdır. Çünki onlar ağır şəraitdə çalışırlar. Son illər “Ədliyyə qulluğu haqqında” qanunun qəbulu, əməkhaqqının artması sayəsində əhəmiyyətli dəyişikliklər baş verib. Amma hesab edirəm ki, hazırkı şəraitdə yenidən bu məsələ diqqət mərkəzində olmalıdır, çünki personal bütün günü cəzaçəkmə müəssisəsində çalışır. Personalın ailə üzvlərinin, uşaqlarının istirahət düşərgələrinə göndərilməsi sahəsində problem var, Ədliyyə Nazirliyinin xüsusiləşmiş düşərgələri yoxdur.

- Bəs məhkumlar cəzaçəkmə müəssisələrində davranışları ilə müsbət mənada seçilərlərsə, onlara münasibət hansı formada fərqlənir?

- Məhkumlar nümunəvi davranış nümayiş etdirirlərsə, onlara verilən görüşlərin sayı artırılır, telefonla zəng etməyə imkan yaradılır. Bəzi məhkumlara məzuniyyət tətbiq edilməsi prosesi də həyata keçirilir. Bəzi məhkumların ailələrində bədbəxt hadisə baş verirsə, qısa müddətdə onların evə buraxılması halları da baş verir. Qənimət Zahidov və Emin Milliyə münasibətdə də buna imkan yaradılıb. Bəzi məhkumların övladlarının toyunda, xeyir işində iştiraka da icazə verilir. Bütün bunlar məhbusların islahına da müsbət təsir göstərir.
Mühüm problemlərdən biri də ondan ibarətdir ki, hələ məhkumların vaxtından əvvəl şərti olaraq azad edilmə institutunu tam surətdə reallaşdırmaqla bağlı müəyyən problemlər qalmaqdadır. Bununla bağlı qanunvericilikdə əhəmiyyətli dəyişikliklər baş verməsi vacibdir. Çünki bu institutun tətbiqi imkanı genişləndikcə məhkumların nümunəvi davranışına əhəmiyyətli dərəcədə təsir göstərə, cəzaçəkmə müəssisələrinin yükünün azaldılmasına gətirib çıxarda bilər. Eyni zamanda məhkumların çoxunun cəza törətməkdən çəkindirər. Bütövlükdə personal və məhkumlar arasında münasibətlərin keyfiyyətcə yaxşılaşmasına gətirib çıxara bilər. Ona görə də düşünürəm ki, bu prosesdə penitensiar sistemin rəhbərliyinin rolunun, məsuliyyətinin artırılmasına, onların rəylərinin məhkəmə tərəfindən nəzərə alınmasına çox ehtiyac var.

- Cəzaçəkmə müəssisələrinin yaxınlığında bəzən yaşayış evlərinin tikilməsi hallarına da rast gəlinir. Bu problem nədən qaynaqlanır?

- Bəzi hallarda cəzaçəkmə müəssisələrinə baş çəkərkən onların ərazisinə bəzim yerli özünüidarə orqanları tərəfindən müdaxilələri də görürük. Məsələn, xüsusiləşdirilmiş cəzaçəkmə müəssisələrindən biri Binədə yerləşir. Müəssisənin ərazisində ədliyyə orqanlarının daxili hesabına salınmış çox gözəl bir ədliyyə parkı vardı. Ədliyyə parkının ərazisi getdikcə daralır. Binə bələdiyyəsi cəzaçəkmə müəssisəsinin ərazisindəki ədliyyə parkının torpağını vətəndaşlara satır və orada evlər tikilir. Halbuki bu, həm də cəzaçəkmə müəssisələrinin təhlükəsizliyi baxımından çox yanlış bir addımdır. Çünki cəzaçəkmə müəssisələrində müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxslər cəza çəkirlər. Digər tərəfdən, orada vərəmli xəstələr müalicə olunur. Belə xüsusiləşdirilmiş cəzaçəkmə müəssisələrinin radiusu bir neçə kilometri əhatə etməlidir. Yaşayış evlərinin o cəzaçəkmə müəssisəsinin ətrafında tikilməsi sanitar qaydalara əməl edilməməsinə gətirib çıxara, bu da xəstəliyin yayılmasına yol açar. Bələdiyyələr bu cür addımlardan çəkinməlidirlər.

- Penitensiar sistemdə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən necə qarşılanır?

- Beynəlxalq təşkilatların nümayəndələri bu gün çox azad şəkildə cəzaçəkmə müəssisəsinə daxil olub, orada məhkumların sazlanma vəziyyəti, qidalanması və informasiyaya çıxışı məsələləri ilə tanış ola bilirlər. İctimai Komitənin üzvü ilə bərabər, digər QHT-lərin nümayəndələri də müraciət edərək, cəzaçəkmə müəssisələrinə baş çəkə bilirlər. Məsələn, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin üzvləri, İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov əksər cəzaçəkmə müəssisələrində olub. Səadət Bənənyarlı və digər hüquq müdafiəçiləri də bu prosesdə İctimai Komitənin üzvləri ilə bərabər cəzaçəkmə müəssisələrinə başçəkmələrdə iştirak edə bilirlər.
Amma bir çox hallarda cəzaçəkmə müəssisələrinin fəaliyyəti ilə bağlı yanlış informasiyalar da kütləvi informasiya vasitələrində yer alır. Biz bunu başa düşürük. Bəzi məhkumların yaxın qohumları məhkumların söylədiklərini olduğu kimi çatdırırlar. Amma jurnalist o faktları yazırsa, hər şeydən əvvəl hərtərəfli yoxlamalıdır. Digər tərəfin də mövqeyi öyrənilməlidir ki, bu fakt mövcud olub, yoxsa müxtəlif məqsədlər daşıyır. Jurnalistlərin bu istiqamətdə peşəkarlığının artırılması üçün seminarlar hazırlayırıq ki, jurnalistlər daha dəqiq informasiya etmək imkanına malik olsunlar və öz yazılarında bundan istifadə etsinlər.
İctimai Komitə jurnalistlərlə yaxşı münasibət qurub. Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə departamenti, Penitensiar Xidmətin müvafiq sisteminin də jurnalistlərlə əlaqə qurduğunu görürəm.
Bu müsbət pozitiv irəliləyişlərlə bərabər, müəyyən problemlər mövcuddur. Amma bu problemlərin həlli istiqamətində addımlar atılır. Bu addımların daha sürətli atılması ətrafında mübahisə etmək olar. Lakin nəzərə almaq lazımdır ki, bu, xüsusi rejimlə fəaliyyət göstərən müəssisələrdir və burada hər şeyə çox diqqətlə yanaşmaq lazımdır. Həmçinin cəmiyyətdə baş verən dəyişikliklər də cəzaçəkmə müəssisələrinin fəaliyyətinə öz təsiri göstərir və göstərəcək. İqtisadi inkişaf bir çox problemlərin həllinə imkan yaradır.
Bütövlükdə cəmiyyətdə məhkumlara münasibət dəyişməlidir. Məhkumlar atılmış insan kimi qəbul edilməməlidir. Bəzən məhkum azad ediləndən sonra onlar öz evlərinə də buraxılmırlar. Bu münasibət cəmiyyətdə dəyişməlidir. O halda cəzaçəkmə müəssisələrində məhkumların da sayı ciddi surətdə azalacaq. İctimai Komitə də bu istiqamətdə səy göstərir və məhkumlara imkanımız daxilində yardım göstəririk.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081

Oxşar yazılar