Azay Quliyev: “Bu müsabiqədə ən yaxşı halda 10 layihədən birinin maliyyələşmək şansı var” - MÜSAHİBƏ
02 avqust 2010 10:45 (UTC +04:00)

Azay Quliyev: “Bu müsabiqədə ən yaxşı halda 10 layihədən birinin maliyyələşmək şansı var” - MÜSAHİBƏ

Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevn Lent.az-a müsahibəsi

- Azay müəllim, Şuranın QHT-lər üçün elan etdiyi növbəti maliyyə yardımı müsabiqəsinə sənədlərin qəbulu iyulun 23-də yekunlaşdı. Yaranmış mənzərəni necə təsvir edərdiniz?

- Bəli, ölkə QHT-lərinin bizə layihə təqdim etməyə bir ay vaxtı vardı. Şuraya 210 layihə təklifi daxil olub. Bunlar, elanda göstərildiyi kimi, 10 mövzunu əhatə edir. Qeyd etməliyəm ki, müsabiqədən-müsabiqəyə QHT-lərin layihə yazmaq, layihə idarə etmək, hesabat vermək kimi professional vərdişləri yüksələn xətt üzrə gedir. Bu sevindirici haldır. Eləcə də, milli donor olaraq Şuraya təqdim edilən layihələrin kəmiyyət göstəricisi artır. Əgər 2008-ci ildə Şuraya ölkə QHT-lərindən cəmi 361, 2009-cu ildə isə 569 layihə daxil olmuşdusa, 2010-cu ilin ilk yarısında bu rəqəm artıq 827-dir. Bu onu göstərir ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin QHT-lərin inkişafı ilə bağlı 3 il öncə imzaladığı Konsepsiyada göstərilən müddəalar uğurla həyata keçirilir. Yəni ölkədə QHT sektoru inkişaf edir, QHT-lərin maddi-texniki bazası güclənir, onların fəaliyyət imkanları genişlənir, həyata keçirilən layihələrin sosial, ictimai səmərəsi artır.

- Elandan da göründüyü kimi, bu maliyyə yardımı müsabiqəsinin ümumi fondu cəmi 175000 manatdır. Bu pul 210 layihəni maliyyələşdirməyə yetəcəkmi?

- Əlbəttə, daxil olmuş bütün layihələri maliyyələşdirmək üçün 175 000 manat yetərli deyil və bu baxımdan müsabiqədə rəqabət çox böyük olacaq. Təsəvvür edin ki, QHT-lərin bizdən istədiyi məbləğ 1,5 milyon manatdır. Burada hər layihəni maksimum büdcə rəqəmilə hesablasaq, ən yaxşı halda 10 layihədən birinin maliyyələşmək imkanı var. Belə vəziyyət ilkin, yəni texniki seleksiyanın daha sərt və güzəştsiz aparılmasını da zəruri edir.

- Bəs belə sıxlıqda seçimi necə aparacaqsınız?

- Seçim Şuranın müəyyən etdiyi qaydalar əsasında gedir. Şuraya təqdim olunan layihələr ilk növbədə Şuranın katibliyi tərəfindən araşdırılır və ilkin seleksiya işləri aparılır. Təqdim olunan sənədlərin müsabiqənin şərtlərinə uyğunluğu, yəni ərizənin və ona əlavə olunan sənədlərin Şuranın təlimatlarına uyğunluğu, ərizəyə əlavə olunması tələb edilən sənədlərin mövcudluğu, həmçinin büdcənin müsabiqə mövzusu üzrə 1 layihə üçün müəyyən edilmiş maksimum məbləğdən çox olub-olmaması kimi məsələlər araşdırılır və bütün bu tələblərə cavab verən layihələr növbəti mərhələyə - ekspertizaya təqdim olunur. Onu da xüsusi olaraq qeyd etməliyəm ki, qaydalara əsasən maliyyə ili ərzində hər QHT yalnız 1 dəfə Şuradan yardım ala bilər. Başqa sözlə desək 2010-cu ildə keçirilən əvvəlki müsabiqələrdə Şuradan yardım alan QHT-lər bu müsabiqə çərçivəsində maliyyə ala bilməzlər. Bu qaydanı tətbiq etməkdə əsas məqsəd daha çox QHT-nin dövlət yardımından faydalanmasına kömək etməkdir.
Beləliklə, göstərilən məsələlərlə bağlı çatışmazlığı olan layihələrin hər biri ekspertizadan kənarlaşdırılır və müvafiq məktubla layihə müəllifinə qaytarılır. Ekspertiza mərhələsində isə layihələr kodlaşdırılaraq ekspertlərə təqdim olunur və hər bir layihə 2 ayrı-ayrı ekspert tərəfindən qiymətləndirilir. Ekspertlərin tərkibinə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri daxildir. Müstəqil ekspertlərimiz də var. Ekspert qiymətləndirilməsindən sonra Şuranın katibliyi hər bir layihə haqda arayış hazırlayaraq Şuraya təqdim edir. Şura müzakirələr zamanı bütün bu sənədləri, ekspert rəylərini nəzərə alır və hər bir layihə haqda müvafiq qərar qəbul edir.

- Bəzi müsabiqələrdə QHT-lərin layihə üçün istədikləri məbləğlərin azaldılması da baş verir. Sizdə necə, bu müsabiqədə belə hallar ola bilərmi?

- Dediyim kimi, rəqabət çox böyükdür. Əsaslandırılmış, ictimai aktuallıq kəsb edən layihələri Şura heç vaxt diqqətdən kənarda qoymur. Hər bir müsabiqədə Şura üzvlərinin əksəriyyətinin səsini toplayan layihələr baxılması üçün büdcə komissiyasına təqdim olunur və büdcə komissiyası həmin layihələr üzrə nəzərdə tutulan işləri araşdıraraq büdcəyə müvafiq dəyişikliklər edir. Hesab edirəm ki, bu müsabiqədə də həm layihələrin çoxluğu, həm də vəsaitin azlığı layihələrin büdcəsində nəzərdə tutulan məbləğlərin azalmasına ciddi təsir göstərəcək.

- Layihə rəhbəri bununla razılaşmasa?

- Şuranın qərarına uyğun olaraq, Katiblik müsabiqə qalibi olan QHT-ləri Şuraya dəvət edir, Şuranın qərarını və büdcə komissiyasının rəyini onların diqqətinə çatdırır. Büdcə azalmasının səbəbləri QHT-lərə izah olunur. Əgər hər hansı bir QHT bu büdcə ilə razılaşmasa, Şura həmin layihənin maliyyələşməsi ilə bağlı qərarına yenidən baxır və bu qərarı ləğv edir.

R.Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar