Universitetlərimizin saytlarındakı əcaib-qəraib mənzərələr (II yazı) – ARAŞDIRMA
29 iyul 2010 19:00 (UTC +04:00)

Universitetlərimizin saytlarındakı əcaib-qəraib mənzərələr (II yazı) – ARAŞDIRMA

Hazırda dünyada internet çox sürətlə inkişaf etdiyindən, bütün ciddi qurumlar bu virtual məkanda öz saytları ilə təbliğ olunurlar. Ancaq deyəsən, hələ “əcnəbilər seyrə balonlarla” çıxsa da, bizim o həddə çatmağımıza çox var. Ali məktəblərimiz də bu məsələdə irəli getməyib. Burada hətta “prikol”lara da, şöhrətpərəstlik elementlərinə də rast gəlmək olar...

Keçən yazıda (http://www.lent.az/news.php?id=26613) 9 ali məktəb barədə yazı hazırlamışdıq. Daha 8 ali məktəbimizin saytları haqqında növbəti yazıda oxuyun.

Azərbaycan Pedaqoji Universitetinin (ADPU) saytına (www.aspu.az) “yaxşı” demək olar. Ancaq demirik. Çünki çatışmazlıqlar da az deyil. Bu çatışmazlıqlardan biri saytın dizaynı ilə bağlıdır. Saytın müxtəlif səhifələrinə daxil olduqda isə maraqlı mənzərələrlə qarşılaşmaq olar. Məsələn, “Rektor” bölümündə ADPU-nun rektoru Yusif Məmmədovun maraqlı bir telefon “nömrəsi” göstərilib: “Telefon / Faks: (+994 12) xxx-xx-xx (qəbul otağı)”.

Saytın türk, ingilis və rus dillərində fəaliyyət göstərdiyinə dair işarələr olsa da, yalnız Azərbaycan dilindədir. Saytın “Xəbərlər” bölməsində bircə material var. Bu isə rektor Yusif Məmmədovu təbrik edən bir şəxsin məktubudur.

“Fakültələr” bölməsindən ADPU-nun müxtəlif fakültələrinin səhifələrinə daxil olmaq olar. Burada son yenilənmə işlərinin aparılmasından çox vaxt keçib: məsələn, Tarix fakültəsi – 4 avqust 2009-cu il. Pedaqoji fakültədə isə yenilənmə axırıncı dəfə daha tez – 14 iyun 2010-cu ildə olub.

Ümumiyyətlə, “Fakültələr” bölümündə ali məktəbin fakültələrilə bağlı yeniliklər yoxdur. Burada əsasən fakültələrdəki kafedralar, əməkdaşları, fakültələrin məşhur məzunları və elmi əsərlər və məqalələr barədə məlumatları görmək olar. Ümumən saytda son yenilənmə 15 iyun 2010-cu il tarixdə olub.

Saytın bəzi bölümlərində heç bir material yoxdur (məsələn, “Tələbə guşəsi”, “Müəllim guşəsi” və s.)

Saytın əvvəlki variantında olan “Günün fotosu” bölümü yığışdırılıb. Burada şəkillər gün ərzində bir dəfə deyil, çox dəyişirdi. Lakin bu bölümə baxmaqla sayt yaradıcılarının ADPU-nun rektoruna nə qədər önəm verdiyini hiss etmək olurdu. Belə ki, həmin bölümdə daha çox rektor Yusif Məmmədovun kreslosunda əyləşərək əlinə qələm tutduğu yerdə çəkdirdiyi fotosu görünürdü.

Bunlarla yanaşı, ADPU-nun saytıyla bağlı bütün günahları bir şeyə bağışlamaq olar: bu ali məktəbin internet resursu başqa universitetlərin saytları ilə müqayisədə zəngindir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinə məxsus (AMİU) saytın (www.azmiu.edu.az) dizaynı ADPU-nun saytının dizaynı ilə müqayisədə pisdir. Saytın “Ana səhifəsi”nin ən gözəgəlimli yerindəki fotolar tez-tez dəyişir. Burada Azərbaycanın və Bakının memarlıq nümunələrinin və... Qobustandakı qayaüstü rəsmlərin fotoları var. Yəqin bu o deməkdir ki, Qobustandakı qayaüstü rəsmləri çəkənlər Azərbaycanın ən qədim memarları və inşaatçıları olub...

Saytın “Universitet” bölümündə AMİU haqqında qısa da olsa maraqlı məlumatlar var.
Saytda telefon nömrələri də daxil olmaqla bir sıra zəruri məlumatları tapmaq mümkün olsa da, www.azmiu.edu.az məlumat baxımından kasad saytdır. Saytın “Xəbərlər” bölümündəki axırıncı məlumat bu il aprelin 22-də, ondan əvvəlki isə 2009-cu il oktyabrın 28-də qoyulub.

Bakı Slavyan Universitetinin (BSU) saytını (www.bsu-az.org) “ortabab”lar sırasına aid etmək olar. Sayt Azərbaycan dililə yanaşı, rus və ingilis dillərində də fəaliyyət göstərir. Sayta mütəmadi olaraq BSU yeniliklərilə bağlı məlumatlar yerləşdirilir. Saytın çatışmazlıqlarına gəldikdə, ən böyük qüsur onun primitiv şəkildə hazırlanmış dizaynı ilə bağlıdır. “Bizdən yazırlar” bölümünün altındakı “BSU-nun mətbuat xidməti” bölməsində müxtəlif mətbu orqanlarda BSU ilə bağlı yazılmış 17 məqalə adı var. Lakin onlardan bircə məqaləni oxumaq mümkündür, qalanının yalnız başlığına baxmaqla kifayətlənməlisən. Saytın “Rektor” bölümündə BSU-nun rektoru Kamal Abdullanın tərcümeyi-halı və aldığı mükafatların adları yerləşdirilib, əlaqə telefonları və e-maili isə yoxdur.

Saytdakı “Bir günlük xəlifə” günü və “Kölgə kabineti” adlı bölümləri adından göründüyü kimi, maraqlıdır. Məsələn, “Bir günlük xəlifə” bölümündən belə məlum olur ki, BSU-nu digər universitetlərdən fərqləndirən cəhətlərdən biri də burada hər iki ildə bir dəfə keçirilən “Bir günlük xəlifə” günüdür. Bu gündə 17 rəhbər vəzifəsinə seçilmiş tələbələr Universiteti idarə edirlər. Hətta onların verdiyi qərarlar universitet rektoru tərəfindən baxıldıqdan sonra qüvvəyə minir. Həmin gün rəhbər vəzifələri icra etmiş tələbələrə bir günlük əmək haqqı da verilir...

Bakı Qızlar Universitetinin (BQU) saytının (www.bgu.az) bütün səhifələrinin sonunda “Yaradıcı kollektiv” yazılmasının səbəbi izah olunmayıb. Saytda mütəmadi olaraq yeni məlumatlar qoyulsa da, xəbərlərin yerləşdirmə intervalı böyükdür. “TEC-in XIV konfransı” (?) adlı sonuncu məlumat bu il iyunun 11-də yerləşdirilib. Elə bu başlıqdan hiss olunur ki, bu sayt sanki geniş kütlə üçün deyil, BQU-nun tələbə qızları üçün hesablanıb. “Rektor” bölümündə BQU-nun rektoru Nüsrət Rəhimovun əlaqə nömrələri-filan yoxdur, əvəzində tərcümeyi-halı və yazdığı əsərlərin siyahısı var. Ümumiyyətlə isə saytda bu ali məktəbin bir dənə də olsun əlaqə telefonlarına rast gəlmək olmur.
“Tələbə həyatı” bölümündə isə bölümün adına uyğun olmayan material var: “Tələbə qəbulu”. Burada BQU-ya qəbulun TQDK tərəfindən mərkəzləşdirilmiş şəkildə test üsulu ilə həyata keçirildiyi barədə məlumat yerləşdirilib...

Azərbaycan Texniki Universitetinə (AzTU) məxsus saytın (www.aztu.az) “Ana səhifəsi”nə baxanda istifadəçidə elə bir təsəvvür yarana bilər ki, bu, şəxsi saytdır və professor Havar Əmir oğlu Məmmədova məxsusdur. Çünki bu şəxsin fotosu və fotonun altındakı mətn “Ana səhifə”nin az qala yarıdan çoxunu tutur. Əslində isə Havar Məmmədov AzTU-nun yalnız rektorudur. Saytda mütəmadi olaraq yeni xəbərlər yerləşdirilir. Saytın “Müdiriyyət” bölümündə rektor və prorektorla yanaşı Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirovun da vəzifəsi və adı var. Materialların çoxluğu baxımından zəngin sayılmayan saytda yalnız bir telefon nömrəsi göstərilib.

Qərb Universitetinin (www.wu.edu.az) saytının “Ana səhifəsi” ingilis dilindədir. Ancaq sayt Azərbaycan və rus dillərində də fəaliyyət göstərir. Sayta mütəmadi olaraq yeni məlumatlar yerləşdirilir. Onların nəzərəçarpacaq dərəcədə bir hissəsi ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun And dağlarına, Afrikaya və digər yerlərə səyahətlərinə həsr olunub. Saytın sağ tərəfindəki slayd-şouda da H.Bağırovun müxtəlif yerlərə səfərlərilə bağlı fotoları görünür. Saytın ən maraqlı cəhəti burada Qərb Universitetinə kimlərin rəhbərlik (rektor, prorektorlar və s.) etdiyi barədə məlumatların gözə çarpmamasıdır. Yalnız təsisçi barədə məlumat var. Bu, adını çəkdiyimiz, slayd-şouda fotoları görünən nazir Hüseyn Bağırovdur...

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin saytının (www.admiu.edu.az) istifadəçilərini rektor Timuçn Əfəndiyev salamlayır: “...Sizin qarşınızdakı səhifə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) saytının titul vərəqidir....”

Dizaynı “babat” səviyyəsində qiymətləndiilə bilən saytın “Xəbərlər” bölümü işləmir. Saytın “Bizimlə əlaqə” bölümündə ADMİU-nun ünvanı, poçt indeksi, telefon nömrələri və e-maili yer alıb. Saytı qətiyyən zəngin saymaq olmaz, əksinə, məlumat qıtlığı var.

Azərbaycan Dövlət Dəniz Akademiyasının saytı (www.caspianagma.com) rəsmi saytdan daha çox bloqu xatırladır. Primitiv şəkildə hazırlanmış sayta yeni məlumatlar yerləşdirilmir. Saytın bir növ “başdansovdu” hazırlandığı hiss olunur. Məsələn, “Ən çox baxılan xəbərlər” əvəzinə “Ən baxılan xəbərlər” yazılıb. Həmin bölmənin aşağısı isə ümumiyyətlə bom-boşdur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının saytı yoxdur. Təhsil Nazirliyinin saytında bu ali məktəbə məxsus e-mail isə deyəsən rektor, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyevindir: agacanbox@mail.ru

Hələlik bu qədər…

Pərvin ABBASOV

pervinabbasov@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794

Oxşar yazılar