Qəbələ qətliamı: nakam sevginin faciəli sonu - HEKAYƏT
10 iyul 2010 12:00 (UTC +04:00)

Qəbələ qətliamı: nakam sevginin faciəli sonu - HEKAYƏT

Qəbələyə girib hərbi şəhərciyin girişində maşından düşürük. Şəhər yoluna yarayan maşın yolun bundan sonrasına – Bakıdan çıxanda ünvan seçdiyimiz Tikanlı kəndinə bizi aparmaqda acizdir. Taksi axtarırıq – taksi deyəndə ki, bu ya sovetin “UAZ”-ı, ya da “Niva”sı olmalıdır. Çünkisi çox sadədir - ilin-günün bu vədəsində Tikanlı kəndinə hələ də yol yoxdur. Bu mənada, Tikanlı indinin asfaltlı, antennalı kəndlərindən çox-çox fərqlənir – müxtəsəri, tipik şəhərlinin təsəvvüründəki əsl kənd anlamında olan bir yer.
Köhnə rus maşınının təkərləri üstündə o ki var yırğalana-yırğalana gəlib çatırıq Tikanlıya.
Adamın heç cür ağlına yerləşmir ki, belə gözəl bir yerdə kimsə kiminsə xətrinə dəyə bilər. Təbiət buxarlı ütü kimi buranın hər xırda qırışını elə yumşaldıb, elə hamarlayıb ki, gözünü yoran bir qat da tapmazsan. Ağacı ağac yerində, kolu kol, torpağı torpaq, insanları da insan. Tikanlı kəndinin təbiəti barədə adama gizli qalan bir məqam yoxdur. Hər şey göz qabağındadır – burda təbiət insanın özünün özündən də gizli saxlamağa çalışdığı, bilmərrə yaddan çıxarmaq istədiyi qatlarınadək elə yumşaldır ki, əriyib muma dönürsən. Bu, mənim anlamımda – yerli sakinlərinin öz sözləri ilə desək, qıraqçının – yəni Qəbələdən olmayan birinin anlamında belə idi. Əslində isə kəndin camaatı öz aralarında davakarlarını da tanıyır, cığalını da, o birini də, bu birini də.
Keçən həftə baş verən qanlı hadisədən kəndin camaatı hələ də özünə gələ bilməyib. İki tikanlılı üz-üzə gəlirsə, “salam-əleyk”dən sonrakı kəlməsi “təzə nə xəbər?”dir. Bəli, kəndin olduqca hörmətli, sayılıb-seçilən sanballı kişilərindən biri olan fizika müəllimi Hökməli Yusifovun günün günorta çağı çölün düzündəcə, hamının gözünün qabağında törətdiyi qətliam Tikanlını bir-birinə vurmuşdu. Mühitin hələ korlamadığı, insanların öz aralarında haqq-salam qaldığı bu kənd üçün belə bir hadisə son dərəcə inanılmaz idi. Özü də bunu kim eləmişdi – Hökməli müəllim.
Sakinlər “kəndin yüz kişisinin doxsan doqquzundan qeyrətli” sayırlar Hökməli müəllimi. Birinci dəfə onun qəddi qızı qonşu kənddən ər evindən qayıdanda əyilir. Qızının ailəsinin elə onun bəd xasiyyəti ucbatından dağıldığını bilsə də, Hökməli müəllim övladını qəbul eləyir. Deyilənə görə, qızın ailəsinin dağılmağının da özünə görə səbəbləri var. Belə ki, qız atasının doğmaca dayısı oğlu Qafqaza könül versə də, Hökməli müəllim onu zorla qonşu kəndə ərə vermişdi. Düşdüyü ailədə qıza “ayağın yandı, çək geri” deyən olmamış, hamı Hökməli müəllimin qızı kimi ona hörmətlə yanaşmışdı. Amma di gəl, atasının onu sevdiyindən ayırması ilə heç cür barışmadığından qız təzə ailəsində bilərəkdən heç kimlə yola getmir, bu evə zorla gəlin gəldiyini deyirdi. Beləcə, ailə dağılır və Hökməli müəllimin qızı bu dəfə öz qızı ilə ata yurduna qayıdır. Hər şey də elə burdan başlayır.
Artıq ailəli-uşaqlı olan Qafqazın məhəbbəti yenidən alovlanır. Qızın hələ də onu sevdiyindən xəbər tutanda Qafqazın qarşısını daha heç nə kəsə bilmədi – nə ailəsi, nə uşağı, nə də Hökməli müəllimin qəzəbi.
Kənd sakinlərinin danışdığına görə, Qafqazın bibisi oğlunun evinə ayağının açılmağının səbəbini kənddə hamı bilirdi – hətta Qafqazın öz ailəsi də. Camaat bunu aşkarca deməyə cəsarət eləməsə də, Hökməli müəllimin də qulağı çalmamış deyildi. Odur ki, dayısı Mürsələ deyir ki, oğlunun əl-ayağını yığışdırsın. Lakin və amma…

Get-gedə söz böyüyür, ailəsi barədə artıq-əskik söhbətlər, dalınca pıçapıçlar, atmacalar Hökməli müəllimin fikrini qətiləşdirir. Bu dəfə o, sözünü kəsə demək qərarına gəlir.

Bu arada Hökməli müəllimin anası rəhmətə gedir. Anasının cüməsindəcə Hökməli müəllim qohumlarını bir yerə yığıb deyir ki, məclisdən sonra dağılışmayın, hamınızla söhbətim var. Qonum-qonşu dağılışandan sonra Hökməli müəllim o biri qohumlarının yanındaca üzünü dayısı Mürsələ və onun oğlanlarına tutur ki, bəs gəlin bu məsələni birdəfəlik həll eləyək. Yaxşı, başa düşürəm, həyatdır, amma hər şeyin bir yolu olmalıdır. Və təklifini verir: ya dayısı oğlu onun qızını nikahsız, molla kəbini ilə də olsa, ikinci arvad kimi aparıb öz evində saxlayır, ya da ayağını birdəfəlik bu həyətdən kəsir. Qarşı tərəfdən səs çıxmır. Onda Hökməli müəllim ağlındakını dilinə gətirir: “Bundan belə qulağıma nəsə çatsa, inciməyin məndən, atacam (yəni güllələyəcəm – red.), nəslinizdə bir kişi qoymayacam”.

Hökməli müəllim axı həm də mahir ovçudur. Tikanlını hər tərəfdən ağuşuna alan, yayın bu cırhacırında da başıqarlı olan dağlara kənddə Hökməli müəllim qədər bələd olan ikinci adam çətin tapasan. Tez-tez ova getməyi də xoşlayardı. Ovçu tüfəngini həmişə saz saxlayardı.

Bu söhbətin üstündən bir neçə gün keçir. Hökməli müəllimin oğlu öz tay-tuşları ilə oturub söhbətləşən zaman yoldaşları yenə də onun bacısının ünvanına atmaca atırlar. Oğlan qeyzlənir və oradan birbaş gedir atasının dayısıgilə. Hökməli müəllimin hədəsini bir də Qafqazgilin yadına salan oğlanı qardaşlar yığılıb döyürlər. Oğlan üzü-gözü qan içində qayıdır evə. Bu dəm Hökməli müəllim evə gəlir. Oğlunu kimin bu günə qoyduğunu biləndə heç nə demir. Kəndir götürüb qızının əlini-qolunu sarıyır. Evdə də hamıya bərk-bərk tapşırır ki, kimsə onu açsa, məndən inciməsin, gedirəm, bir balaca işim var, gəlib özüm açacam. Sonra da sakitcə tüfəngini götürür, patrondaşını belinə taxıb evdən çıxır. Arvadı kişisinin niyyətini anlayır. Əri evdən çıxan kimi tez qızın əl-ayağını açıb “çıx get, bir də gözünə görünmə” deyir.
Hökməli müəllim kəndin içiylə birbaşa yollanır dayısıgilə. Yol boyu rastına çıxan kənd camaatı ilə həmişəki kimi hal-əhval da tutur. Həmin an onun yolunun üstünə çıxanlar müəllimin qan tökməyə getdiyini ağıllarına belə gətirmədiklərini deyirlər, çünki kişi elə həmişəki kişi idi. Evə çatmamış dayısı Mürsəllə oğlu Şahmuradı görür. Bir kəlmə də demədən əvvəlcə dayısını nişan almağı ilə tətiyi çəkməyi bir olur. Dayısı qan içində çapalayanda ovçu tüfəngini onun oğlu Şahmurada tuşlayır… və atır. İkisini də çölün düzündə qan içində qoyub yollanır dayısının o biri oğlanları olan Nizami ilə və əsas baiskar Qafqazın dalınca. Atası ilə qardaşının hayına yüyürən Nizami Hökməli müəllimlə üz-üzə gəlir. Güllə Nizaminin ürəyini tən ortadan parçalayır, oğlan elə yerindəcə keçinir. Hökməli müəllim hadisədən xəbər tutub aradan çıxan Qafqazı evdə tapmayanda qayıdır gəlir yenə öz evinə. Həmişəki kimi çayını içir, çörəyini yeyir, on dənə də təndir çörəyi büküb, silahını, patronunu götürüb evdən çıxır. Və birbaş dağlara.
Tikanlı heç vaxt belə bir şey görməmişdi. Kənd üzük qaşı kimi polislərin əhatəsində idi. Hələ öldüsü-qaldısı bilinməyən Mürsəl kişi ilə oğlu Şahmurad ağır vəziyyətdə xəstəxanada olduğundan, Qafqaz isə təhlükəsizliyi məqsədilə içəri salındığından Nizamini yaxın qohum-əqrəbası dəfn eləyir – əlisilahlı polislərin, xüsusi qüvvələrin müşayiətilə. Kənd camaatı bunu qarğışdan da betər hesab eləyir – ölüsünü əlisilahlılarla basdırmağı onlar düşmənə də rəva bilmirlər.

Deyilənə görə, hadisənin səhəri günü Hökməli müəllim qardaşına zəng vurub telefonuna kontur yükləməsini tapşırıb. Qardaşı kontur yükləyəndən sonra müəllim kəndi əhatəyə alan polis rəisinin telefon nömrəsini istəyib. Hökməli müəllimin ona zəng vuracağından xəbərdar olan rəisə deyib ki, sən gəl bu yayın cırhacırında nə kənd camaatını incit, nə də polislərinə əziyyət ver. Yığışın gedin kənddən. Yarımçıq işim qalıb, başa çatdırıb, özüm gəlib təslim olacam. Camaat onun yarımçıq işinin Qafqazı və qızını öldürmək olduğunu deyir. Hə, onu da deyirlər ki, Hökməli müəllim haradansa seyr eləyib görəndə ki, bir nəfəri basdırırlar, əməllicə hirslənib ki, bəs mən üçünü vurmuşdum, qəbir niyə bir dənədir?

Tikanlılar deyir ki, Hökməli müəllimi çətin tutalar. Dağın elə yerlərində onun elə gizli məskənləri var ki, quş quşluğuynan qanad salar. Ona görə də özü təslim olsa, olacaq, olmasa da heç…

Polissə hələ də onu axtarır. Vəzifə borcu yayın bu istisində polis əməkdaşlarını əyinlərində neçə kiloluqsa gülləkeçirməzlə dağlara-daşlara dırmaşmağa məcbur eləyir. Hökməli müəllimsə görünmür ki, görünmür.

Statistikaya görə, Qəbələ respublikanın ən sakit bölgələrindən biri hesab edilir. Burda on ildə bir dəfə nəsə qərəzli ölüm hadisəsi baş verər, ya verməz. Ona görə də Tikanlıda baş verən bu hadisə Qəbələ torpağına ayaq basandan ordan çıxanadək hamının dilindədir.

Hadisənin bundan sonrası - Hökümalı müəllimin öz işini başa çatdırıb-çatdırmayacağı, gəlib təslim olub-olmayacağı, özünü vurub-vurmayacağı (tikanlılar bunu da istisna eləmirlər) hələ ki, bəlli deyil.

Bu hadisədən Tikanlı kənd orta məktəbinə də zərbə dəyib: məktəbdə birdən-birə üç yer boşaldı – fizika müəllimi Hökməli müəllim, hələ ağır vəziyyətdən çıxmayan kimya müəllimi – Şahmurad müəllim və məktəbin uşaq birliyinin sədri mərhum Nizami müəllim.

Selcan
Tikanlı-Bakı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1517

Oxşar yazılar