Rusiya və Türkiyə: əməkdaşlıqda Azərbaycanın önəmi
01 iyul 2010 19:18 (UTC +04:00)

Rusiya və Türkiyə: əməkdaşlıqda Azərbaycanın önəmi

APA-nın baş direktoru Vüsalə Mahirqızının “Huriyyet Daily News”-da yazısı dərc olunub. “Rusiya və Türkiyə: əməkdaşlıqda Azərbaycanın önəmi” adlı yazını təqdim edirik.

İyunun 7-də Türkiyə ilə Azərbaycan arasında imzalanan yeni təbii qaz sazişi iki qardaş ölkə arasında münasibətlərin sadəcə iqtisadi baxımdan deyil, həm də siyasi və regional əməkdaşlıq nöqteyi-nəzərindən yeni mərhələyə qədəm qoymasını şərtləndirib.

Azərbaycan Türkiyəyə ehtiyacdan daha artıq qaz verməyi öhdəsinə götürməklə birlikdə, qazın Yunanıstan və İtaliyaya satılmasına da yaşıl işıq yandırıb, bununla, Ankaranı bölgənin təbii qaz bazarının təkcə alıcısı yox, həm də satıcısı mövqeyinə gətirib.

İmzalanan saziş regional əməkdaşlıq sahəsində də Türkiyənin bölgənin önəmli aktyoru olmasına dəstək verib. Rusiya baş naziri Vladimir Putinin də Türkiyə-Azərbaycan təbii qaz sazişi imzalandığı vaxtlarda İstanbulda olmasını bu kontekstdə dəyərləndirmək lazımdır. Çünki 2009-cu ilin yaz aylarında Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəlikdə olarkən və bu səbəbdən Azərbaycanla arası sərinləşərkən, fürsətdən istifadə etməyə çalışan Rusiya prezidenti Medvedyev iyulun əvvəlində Bakıya gələrək 500 milyon kubmetrlik qaz sazişi imzalamışdı. Siyasi müşahidəçilərin çoxu Rusiya-Azərbaycan sazişini “Türkiyənin qəti məğlubiyyəti” kimi xarakterizə etsə də, prezident İlham Əliyev heç vaxt təmkini əldən verməyərək 500 milyon kubmetrlik sazişi “Bazar şərtlərinin formalaşması üçün Azərbaycanın tələbinin həyata keçməsi” şəklində izah etmişdi.

Ancaq həm Azərbaycanın təmkinli davranışları, həm də Türkiyənin Ermənistanla sərhədin açılması məsələsinə “Qarabağın işğaldan azad edilməsi şərti”ni pərçimləməsi Bakı-Ankara qardaşlığının genetik kodlarının verdiyi özünə inamla Türkiyə ilə Azərbaycanın yenidən masa arxasına keçməsinə səbəb oldu. İqtisadi və siyasi baxımdan Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdıran bu saziş (Türkiyədən fikirlərini öyrəndiyimiz bəzi şərhçilər bunu “İkinci Bakı-Ceyhan” adlandırdılar) bundan sonra Rusiyanın Cənubi Qafqaz bölgəsindəki siyasətində Türkiyə-Azərbaycan faktorunu ciddi şəkildə nəzərə almasına səbəb olacaq.

Gəlinən nöqtə 1991-ci ildə Sovet ittifaqından müstəqillik əldə etmiş Azərbaycanın Türkiyə ilə münasibətlərindəki ən önəmli mərhələlərdən birinin başlanğıcını təşkil edir.
İndiyə qədər Türkiyə ilə Rusiya Qafqazda əməkdaşlığa dair iki dəfə “xoş niyyət” göstərib. Birincisində -1993-cü ilin yayında Ermənistan Azərbaycan torpaqlarının işğal edərkən baş nazir Tansu Çillər təcavüzçüyə verilən dəstəyin dozasını azaltmaq məqsədi ilə “Qafqaza Rusiya ilə eyni pəncərədən baxırıq” - desə də, Moskva ilə Ankaranın “Qafqaza eyni pəncərədən baxmaları” üçün ciddi iqtisadi və siyasi səbəblərin formalaşmadığı meydana çıxmışdı.

Daha sonra ATƏT-in Minsk qrupundan ayrılan Türkiyənin Qafqaza marağı da keçmiş prezident Süleyman Dəmirəlin şəxsi “dostluq və qardaşlıq” pafosları üzərinə köklənmiş, xüsusilə, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr konkret layihə və sənədlərdə əksini tapa bilməmişdi. Burada istisna ediləcək olan yeganə layihə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin bütün əngəllərə sinə gərərək reallaşdırılmasına böyük rol oynadığı Bakı-Ceyhan neft kəməridir.

Türkiyə Qafqazda Rusiya ilə ikinci əməkdaşlıq həmləsini 12 sentyabr 2008-ci ildə etmişdi. Sentyabrın 2-də İstanbulda Türk həmkarı Ali Babacanla mətbuat konfransı keçirən Rusiya xarici işlər naziri Sergey Lavrov “Qafqazda sabitlik və əməkdaşlıq platforması”nın, hələlik, sadəcə bir ideyadan ibarət olduğunu” bəyan etsə də, təkliflə bağlı “texniki müzakirələrə” başlaya biləcəklərini açıqlamışdı.

Ancaq Sergey Lavrovun Gürcüstanı ağır suçlamalara məruz qoyması “texniki müzakilərər”dən nəticə əldə ediləcəyinə ümidi azaltmışdı. Noyabr ayında Türkiyənin ev sahibliyində başlayan “texniki müzakirələrdə” Ermənistanın öz işğalçı mövqeyindən əl çəkməməsi işi dalana doğru sürükləmişdi. Hal-hazırda “Qafqaz sabitlik və əməkdaşlıq platforması” ətrafında başlayan müzakirələrin hansı mərhələdə olmasına dair qənaətbəxş məlumat almaq çətindir.

Azərbaycanla Türkiyə arasında imzalanmış son təbii qaz sazişinə bu baxımdan yanaşanda işin önəmi daha bariz şəkildə ortaya çıxır. Belə ki, Cənubi Qafqaz ölkələrinin və orada marağı olan dövlətlərin əməkdaşlıq təklifində indiyə qədər müşahidə olunan qüvvə ambisiyası və Ermənistanı hərtərəfli dəstəkləmə siyasəti Azərbaycan-Türkiyə təbii qaz sazişinin imzalanmasından sonra yerini gerçək əməkdaşlıq niyyətlərinə buraxa bilər və buraxmalıdır.

Bu saziş Azərbaycanı regionun təbii qaz bazarının önəmli satıcısı mövqeyinə gətirdiyi kimi, Cənubi Qafqazda bundan sonra cərəyan edəcək proseslərdə Türkiyəni ciddi söz sahibi qılmaq fürsəti doğurub. Yenə Türkiyədən fikirlərini öyrəndiyimiz mütəxəssislər bu sazişdən sonra Azərbaycanın və Türkiyənin “Nabucco” layihəsi üçün kilid oyunçular roluna gəldiklərini vurğulayıb.

7 iyun sazişinin gətirib-gəldiyi dinamizm yerini statikliyə buraxmamalıdır: yeni durumdan istifadə edərək Bakı və Ankara vizasız rejim, sərbəst ticarət və təhlükəsizlik sazişlərini də bir an əvvəl imzalamalıdırlar.

Biz baş nazir Erdoğanın İstiklal marşının şairi Mehmet Akif Ersoydan iqtibas etdiyi “Ereb Türkün sağ gözüdür; sağ əlidir; Erebsiz Türk yaşaya bilməz” sözlərinə sayğı duyuruq.

Ancaq hörmətli Erdoğan Türk dünyasına, xüsusilə Azərbaycana daha diqqətlə baxsa və iki qardaş ölkə arasındakı münasibətlər güclü sazişlərlə dəstəklənsə, onda Tayyip bəy görəcək ki, “Türk Türkün elə özüdür”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar