Jurnalistlər Hirkan Milli Parkında
21 iyun 2010 16:00 (UTC +04:00)

Jurnalistlər Hirkan Milli Parkında

Təbiət insanların verdiyini onun özünə qaytarır

Səhərdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binası qarşısında toplaşmış ağ köynəkli jurnalistlərin üzündə təbəssüm var. Təxminən 40-dək jurnalist “Ekologiya ili” çərçivəsində Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara rayonlarının inzibati ərazisində yerləşən Hirkan Milli Parkına gəzinti üçün yol üstündədir. Hamı eyni biçimdə – üzərində yaşıl rənglə “2010 Ekologiya ili” yazılmış ağ köynəkdə – və eyni ovqatda. Xəzər dənizinin üzərindən boylanan günəşin al şəfəqləri bu ovqatda bir az da şirinlik qatır.


Nazirliyin ötən şənbə “2010 Ekologiya ili–Yaşıl dünya naminə” devizi altında təşkil etdiyi press-tura Lent.az-ın əməkdaşları da qatılmışdı. Bir neçə saatlıq yol, yolçuların da hamısı jurnalistlər ola. Avtobusda səs-küydən qulaq tutulur, bir qrup zarafatlaşır, başqa bir qrup salonun ortasındaca əyləncəli oyunlar qurub vaxtlarını keçirir. Qayğısız və şən görünən media nümayəndələri hərdən ciddi mövzular ətrafında diskussiyalar da təşkil edə bilirdi. Müzakirə obyekti isə çox rəngarəng idi. Hətta sürücü də jurnalistlərin maddi durumundan, mediadakı peşəkarlıq problemlərindən, məmur-jurnalist münasibətlərindən tutmuş 2010-cu ilin “Ekologiya ili” elan edilməsinin ölkə üçün əhəmiyyəti, Hirkan Milli Parkının özəlliklərinədək fərqli məsələlərə münasibət bildirirdi.


Avtobus Salyan rayonu ərazisində daxil olanda nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovadan jurnalistlərin ürəyindən olan təklif gəlir. İradə xanım həmkarlarına nazirliyin adından Salyandakı kafelərin birində səhər yeməyi verməyi planlaşdırıb. Az keçmir Salyanda xalq qəhrəmanı Babəkin adını daşıyan kafeyə çatırıq. Təxminən bir saatlıq fasilədən sonra “Babək” kafesindən ayrılıb yolumuza davam edirik...


Lənkəranda, Hirkan Milli Parkının girişində bizi qoruğunu işçiləri, nazirliyin əməkdaşları qarşılayır. Elə parkın girişindəcə qoruğun xüsusi nəzarət altında saxlandığı buraya gələn turistlər üçün məxsusi qaydaların olduğu diqqəti çəkir. Bir qədər sonra Milli Parkın elmi işlər üzrə direktor müavini Hacıağa Səfərov jurnalistləri elə parkın girişə yaxın hissəsindəcə ağacların altında çay süfrəsinə dəvət edir. Hacıağa müəllim çay süfrəsi arxasında park haqqında jurnalistlərə ümumi məlumat verir, media nümayəndələrinin suallarını cavablandırır.


Hacıağa Səfərovun söylədiklərindən məlum olur ki, Hirkan Milli Parkı haqqında geniş məlumatlar son dövrlərə aid olsa da, onun təşəkkül tapması 1800-cü illərədək gedib çıxır. 2004-cü ildə isə prezidentin fərmanı ilə qoruğa Milli Park statusu verilərkən onun ərazisi 21435 hektar olub. Hazırda parkın ərazisi genişləndirilərək 40358 hektara çatdırılıb. Direktor müavinin sözlərinə görə, Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də, tədqiqatlar , turizm və istirahət üçün şəraitin təşkilidir. Onun sözlərinə görə, Milli Park qoruq, yasaqlıq və turizm üçün istifadə olunan ərazilər də daxil olmaqla 3 hissəyə bölünür. Hirkan Milli Parkında 1204 bitki növü var. Bu isə Azərbaycanda olan bitki növlərinin 1/3 hissəsi deməkdir.



Çay süfrəsindən sonra Hacıağa Səfərov və əməkdaşların müşayiəti ilə jurnalistlərin qoruğun ərazisində gəzintisi başlayır. Burada azyaşlı turistlər üçün yaradılan xüsusi cığır və bu yolun üzərində bir neçə yerdə qoyulmuş bələdçi lövhələri diqqəti daha çox cəlb edir. Direktor müavini deyir ki, bu cığırlar azyaşlı turistlərin qoruğun ərazisində sərbəst hərəkət edə bilməsi üçün qoyulub. Bələdçi lövhələri isə bir növ turistləri məlumatlandırma məqsədi daşıyır. Bu, həm də turistləri müxtəlif növ ağac və kollarla sıx olan qoruqda azmaq təhlükəsini minimuma endirir.


Milli Parkın flora və faunası barədə danışan Hacıağa Səfərov deyir ki, qoruğun ərazisində şabalıdyarpaq palıd, dəmirağac, Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat və digər endemik ağaclar, habelə leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən kimi quşlar, həmçinin, bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot kimi vəhşi heyvanlar da mühafizə olunur. Onun sözlərinə görə, Hirkan Milli Parkında şərqdən qərbə dağlara qalxdıqca, meşələr şaquli qurşaqlar üzrə dəyişir. Aşağı hissədə şabalıdyarpaq palıd, dəmirağac və vələsin (İpək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, azat ilə birlikdə) üstünlük təşkil edir. Hündürlüyə qalxdıqca, əsasən dəmirağac, qismən də şabalıdyarpaq palıd azalır, onları fıstıq meşələri əvəz edir.


Hirkan Milli Parkının yerləşdiyi Lənkəran zonasının subtropik meşələrinin ən səciyyəvi xüsusiyyətlərindən biri də burada Hirkan tipli meşələrin yaxşı saxlanılması, bir çox endemik, nadir ağac və kol bitkilərinin geniş yayılmasından ibarətdir. Direktor müavini deyir ki, ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaradır. Burada bəbir, xallı maral, vaşaq, porsuq, çöl donuzu, cüyür, yenot və digər məməlilərə rast gəlinir. Amma Hacıağa Səfərovun sözlərinə görə, heyvanlar öz yuvalarından əsasən, gecə və səhər saatlarında çıxdığından buraya gələn turistlər onları görə bilmir.


...Təxminən 4 saatlıq gəzintidən sonra qarşısında jurnalistlər ön hissəsində “2010 Ekologiya ili – Yaşıl dünya naminə” sözləri yazılmış avtobusa yığışıb geriyə – Bakıya doğru istiqamət götürür. Hirkan Milli Parkından azca aralıda, elə Lənkəranın rayon mərkəzindən çıxhaçıxda gözlənilmədən güclü yağış başlayır. Sanki təbiət də onu öyrənənlərə və təbliğ edənlərə eyni münasibətini sərgiləyirdi. Avtobusun şüşələrinə çırpılan yağış damcıları övladını uzaq səfərə yola salan ananın onun arxasınca su tökməsini xatırladırdı.

“Yaşıl dünya naminə” devizi altında Hirkan Milli Parkına səyahətdən təəssüratları sözlə ifadə etmək bəlkə də çətindir. Amma bu gəzintidən hamı üçün nəticə olaraq bir qazancımız var: təbiət insanların verdiyini onun özünə qaytarır. Necə deyərlər, yaxşılığa yaxşılıq, yamanlığa yamanlığa yamanlıq.

Həmişə aydınlıqda!

Elxan SALAHOV

Bakı-Lənkəran-Bakı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar