Qara ilan qovurması, qurbağa qızartması, Akula şorbası... – REPORTAJ (EKSPERİMENT)
Günel Mövlud Bakının ekzotik restoranlarında ən ağlagəlməz yeməkləri yedi!!!
“Mən yeyərəm hamınızın yerinə”
Çin restoranı
Yəqin başqa böyük şəhərlərdə olduğu kimi, bizim paytaxtda da ən sıradan urbanistik həyatını yaşayan adam, burada qəribə restoranların fəaliyyət göstərməyindən xəbərsiz deyil. Qəribə sözü bir az naqolay səsləndi, yəni o qədər də qəribə deyil, restoranlarda hər şey normaldır – qəribə olan bu restoranların menyusudur.
Allaha min şükür, bizim yerli-milli restoranlarda belə qəribəliklərə rast gələ bilməzsən. Çünki milli ictimai qidalanma obyektlərimiz “lülə-tikə-dana basdırması üçlüyü” və bu üçlüyün ətrafındakı sıx birləşən xırım-xırda mey-məzəyə o qədər sadiqdirlər ki, müasir zəmanədə özündən deyən qadın ərinə belə sədaqət nümayiş etdirə bilməz.
Adamın üstündə Allah var, dinbir, dilbir, soy-kök qardaşlarımız türklərin də restoranlarında adamı şoka salacaq qəribliklərə rast gəlmək mümkün deyil. Onarın mətbəxi bizimkilərdən çeşidli olsa da, elə çevir tatı – vur tatıdır. “Apar “adana”, gətir “urfa”, yanında da bir soyuq ayran, üstündən də bir bol şəkərli baklavayla çay vərdinmiydi, iş tamamdır, kardeşim! Bu kadar!” Türk restoranlarının devizi budur.
Həəəə... O ki qaldı bayaqdan bizi məşğul eləyən o qəribə menyulu restoranlara, bu restoranların mənbəyi-mənşəyi bizlərdən deyil. Bunlar menyuları ilə adamın gözlərini alnına dırmaşdıracaq çin, yapon, italyan və s. bu kimi uzaq-uzaq diyarların paytaxtımızda göz oxşayan restoranlarıdır.
Açığı, neçə illərdir ki, dost-tanış məclisində belə restoranlarda ölkəmizdə yeyilməyən heyvanların ətini, qanını, nə bilim, bizə məlum olmayan müxtəlif cür otlardan-bitkilərdən ibarət yeməklər verildiyini eşidirdim. Təbii ki, jurnalist adamda belə restoranlara müsafir olma ehtimalı türklər demişkən, “sıfırın altı bilməm kaç” olduğundan, bu işin yerinə yetə bilməmişdim. Ta ki, məsələni ciddiləşdirib, bir yazı, bir reportaj halına gətirməyənə qədər…
Oktapod qızartması, yosun düşbərəsi və qurbağa ayaqları
Elə ki qəribə menyusu olan əcnəbi mətbəxlərin tədqiqatı məsələsini Lent.az-ın rəhbərliyinin təsdiqindən keçirdim, ilk olaraq üzümü tutdum İnşaatçılar prospektindəki Honq-Konq adlı Çin restoranına. Eksperiment zamanı yarana biləcək təhlükə zamanı yanımda tanış adam olsun deyə, gənc kinoşünas Aygün Aslanlını da özümlə götürdüm.
İnsafən, gənc və yaraşıqlı oğlanlardan ibarət personal restoranın qapısını üzümüzə əsl şərqsayağı gülərüzlə açdı. Baxmayaraq ki, heç birimiz belə bahalı restoranlara gələn adamlar sayaq “dördulduz”, “beşulduz” libaslarda deyildik (gülümsəyən işarə və ən azı üç-dörd “ulduz”umuz əskik idi). İçəri keçən kimi restorandakı əhaliyə nəzər saldıq – kostyumlu, qalstuklu, ağbəniz və üz-gözündən rahat həyatın yağlı qığılcımları saçılan, eləcə küçədə-zadda rast gələ bilməyəcəyimiz “parnik” adamları. Restoranda ən sarsaq və ölüvay bir milçək də ən zəif uçuşu ilə pərvazlansa, səsi o dəqiqə eşidilər. Nədən ki, içəridə hər iki addımdan bir böyük masa ətrafında qurulan beş-altıadamlıq məclislərə baxmayaraq, ölüxana sakitliyi var.
Ozan dili yüyürək olar, axır ki, bizə təklif olunan masanın başına keçdik. Və gözlənilən an! Menyunu gətirdilər…
İlk səhifələr hələ gözlədiyim effekti vermədi. Nədən ki, növbənöv suşilər (tərəvəzli, yosunlu, kürülü, krevetli, nə bilim dəniz atının quyruqlarından və s..) ən azı bizə acqarına gündə yüz dəfə baxdığımız Hollivud filmlərindən tanışdır. Növbəti səhifələr yavaş-yavaş maraq oyatsa da, yenə şoka salmırdı. Hələ ki, təəccübləndirən şeylərə – ilbiz şorbaları, içi okean yosunlarından hazırlanmış düşbərələr, oktapod (osminoq) qızartması (özü də səkkiz ayağının hamısı ilə bir yerdə) hələ ki, birtəhər dözmək olardı.
Amma elə ki, gözünə döndüyüm tərəvəz souslu qurbağa ayaqlarına çatdıq – iştə bu! dedim! Mən yazı, eksperiment-filan naminə qurbağa yeməyə razı olsam da, Aygün Aslanlı müasiri Cim Carmuş kimi iki ayağını bir başmağa dirədi ki, mən bunu yeyib, belə mötəbər adamların oturduğu Çin restoranında qusa bilmərəm. Naəlac qalıb, ona da bir pors tərəvəzli suşi sifariş verdik.
İnanmıram ki, suşinin nə olduğunu bilməyən tapılsın (Guya, özüm dəhşət bilirəm!). Amma bilməyənləri ayaqüstü bir maarifləndirim (gördüyüm qədərilə). Suşi – ekzotik şərq xalqlarının qıtlıqdan və avaraçılıqdan əllərinə keçəni arasına doldurub, özünəməxsus biçimdə bükdükləri çiy balığa deyirlər. Ki, onu da yenə özünəməxsus şəkildə, o zəhləmgetmiş çin çubuqları ilə, xüsusi sousa batıra-batıra yeyirlər (Aygün Aslanlı suşini bıçaqla doğraya-doğraya yeyirdi – heç vecinə də deyildi).
İkisi də çox yaxşı oğlanlar idi – ofisiant da, qurbağa da!
Keçək, mənim əziz-xələf qurbağama. O, (yəni qurbağa) özünün ən yaraşıqlı, ən iştahverici halı ilə, xüsusi tərəvəz sousu altında buxarlana-buxarlana qarşıma gəldi. Ofisiant oğlan ciddi-ciddi xəbərdarlıq elədi ki, bura məhz qurbağa əti yemək fikri ilə gəlmək fikrinə düşsəniz, mütləq əvvəlcədən zəng edin. Çünki qurbağa əti menyuda daim olsa da, mətbəxdən tez-tez qəhətə çıxır. Çünki bişirilməyə layiq qurbağaları tapıb, Bakıya gətirmək elə də asan iş deyil. Və buna görə də, bura qurbağa yemək üçün gələn müştərilər tez-tez əli ətəyindən uzun geri qayıtmalı olurlar.
Suda-quruda yaşayan bu məxluqun ilk tikəsini ödüm ağzıma gələ-gələ dişləsəm də, qurbağa öz “qeyrəti” ilə məni əməlli-başlı utandırdı. Dümağ, zərif ət. Bir az toyuq, bir az da balıqlarla bəslənən broyler toyuğunun ətini xatırladır. Amma bircə özəlliyi var ki, qurbağanın dadında heç cür izah edə bilmədiyin bir ştrix var. Bu ya kəndçi toyuğa məxsus olmayan kübar, zərif daddır, ya da sadəcə ömründə heç vaxt yemədiyin və qəfildən tanış olduğun bir şeyin ənənəvi tamıdır. Yazıdan iştahlanıb (əslində mən oxucuların əksəriyyətinin ürəkbulanmadan əziyyət çəkəcəyinə daha çox inanıram), qurbağa əti yemək fikrinə düşsəniz, bəribaşdan sizi bir az buna hazırlayaq. Qurbağanı müştərinin qarşısını iki cür çıxarırlar. Biri mənim yediyim ənənəvi qızardılmış və üzərinə, yanına tərəvəz sousu tökülmüş qurbağa ayaqlarıdır. İkinci servis isə bir az daha təmtəraqlıdır. Qurbağanı başı-quyruğu kəsilib, içalatı çıxarılandan sonra az qala tabaka şəklində qızarıb, bütövcə müştərinin qarşısına qoyurlar. Təbii ki, belə xidmətin qiyməti də bir az artıq olur.
Naşı qurman təsvirlərindən bir az haşiyə çıxaraq deyim ki, yeməkləri yediyimiz ərəfədə gah Aygün, gah da bizə qulluq eləyən və bu iki başdanxarab qızın Çin restoranına haradan azıb gəlib çıxdığını heç cür müəyyən edə bilməyən ofisiant oğlan şəkillərimizi çəkirdi. Reportaj üçün, daha sonra nəvə-nəticələrimizə göstərib, “biz sizin yaşda olanda Çin restoranlarından çıxmırdıq” deyə basıb-bağlamaq üçün deyil…
Restoran naşılığımız, dəqiqədəbir görməmişlər kimi şəkil çəkməyimiz, ilk dəfə daddığımız yeməklər haqda hündürdən və özü də ağzımıza gələni hırıldaya-hırıldaya danışdığımız….Bununla biz, restorandakı ağır, sanballı müştərilərin rahatlığını əməlli-balı pozmuş olurduq. Bütün bunlara baxmayaraq, sakit və nəzakətli tövrünü pozmayaraq, bizə xidmət göstərən oğlan, axır ki hərəmizə iki dəst çin çubuğu və menyularının iki kserokopiyasını bağışlayaraq, bizləri yola saldı. Çox nəzakətli oğlan idi – hətta buyurub, tez-tez gəlməyimizi də xahiş elədi.
Yapon restoranı
Yenə də yosunlar, qara düyü, səkkizayaq qızartması…
Axşamın düşməyinə hələ xeyli vaxt, mədəmizdə isə xeyli yer vardı. Buna görə də, elə çox uzağa getmədən, yolu adlayıb, şossenin o biri tayındakı yapon restoranı “Mado”-ya üz tutduq. Görək, burada nə tapırıq? Düzdür, bu dəfə yeməyə və xüsusilə də eksperimentə həvəsi olan təkcə mən idim. Aygün zorla udduğu suşilərin təsirindən artıq ürək sözlərini yoldakı ağacların dibinə boşaltmaq istəyirdi. Mənsə ona yapon xalqının qədimliyindən, yapon poeziyasından, hokkulardan, əfsanəvi yapon NOO teatrından, məşhur yapon yazıçısı Kobo Abenin “Qumsaldakı qadın” romanından üyüdüb-tökür, onda bu xalqın mətbəxinə məhəbbəti incəsənət vasitəsilə oyatmaq istəyirdim. Bəli, artıq iş-işdən keçmişdi, gözümüzü açanda biz restoranın düz qapısının ağzında idik…
Heç əlimizi qapıya atmamış, azərbaycanlı olsalar da, bir az yaponlara oxşayan (yəqin uniformalarına görə) yeniyetmə oğlanlar qapını üzümüzə açıb, bizi içəri dəvət elədilər. Çin restoranından fərqli olaraq, bura seyrəklik idi. Müştərilər gözə adda-budda dəyirdi. Elə restoranın interyeri-filanı da xeyli fərqlənirdi. Bizə təklif olunan masa Mark Dakaskosun, Bryus Li-nin filmlərindən görməyə adət elədiyimiz yastı samuray masasına oxşayırdı. Bizi əyləşdirib, o dəqiqə qarşımızda balaca, qamış süfrələr açdılar. Bunlar da çəngəl-bıçaq əvəzinə öz çör-çöplərini düzdülər masaya. Və yenə ən vacib an – menyu!
Yaponların menyusu bizə bir az qəribə gəldi. Buradakı yeməklər də əsasən okean məhsullarından ibarət olsa da, qurbağa-filan yox idi. Təklif olunan ən ekzotik yemək nəhəng krevetlər və yenə də osminoq idi. Bir də yəqin ki, ömrünüzdə ya birinci ya da ikinci dəfə eşidəcəyiniz yemək – qara düyü. Düyünün heç bir özəlliyi yoxdur – elə-belə, rəngi qaradır, vəssalam (yəni, düyülərin zəncisi).
Heyrət – menyuda Akula!
Amma axtaran tapar – burada bəlkə də bir insanın ömrü boyu bircə dəfə yeyə bilmə şansı olan yeməyi tapdım: Akula üzgəclərindən və ilbizlərdən ibarət şorba!
Bir dəqiqə, yazının davamını oxumağa tələsməyin, siz hələ yavaş-yavaş, təsəvvürünüzdə canlandıra-canlandıra dərk etməyə çalışın: Akula! Yəni o filmlərdə göstərilən, adamları parçalayan, qanına qəltan eləyən, gəmiləri aşıran, nəhəng dişli, zırpı köpək balığı! Və indi bizə onun üzgəclərindən şorba təklif olunurdu… Hər şeyi kənara buraxaq, siz bir təsəvvür edin, bunu bişirən aşpaz, bu yeməyi bişirməyinin tarixçəsini necə danışa bilər? Bu sizə “burada nə var ki, heç nə, akuladı da, gedirsən, okeandan tutub, gətirirsən, üzgəcini yolursan, atırsan suyun içinə, bir ovuc da ilbiz tökürsən qazana, vəssalam” bax, belə rahatlıqla nağıl eləyə biləcəyiniz bir yemək tarixçəsi deyil, arkadaşım! Bu - dəhşətlidir! İnsanlığa, humanizmə, Somalidə aclıqdan, Taitidə zəlzələdən, Qırğızıstanda inqilabdan, romanlarda və seriallarda sevgidən ölən insanlara qarşı həqarətdir bu adda bir yemək! Akula üzgəcindən şorba! Yox bir, dana basdırması!
Nəsə, yəqin ki, yazıdan da hiss elədiniz ki, yeməyin adını eşidəndə çox pis əsəbiləşdim və ondan bir pay özüm üçün sifariş verdim. Çünki Aygün Federiko Fellininin əziz ruhuna and içdi ki, yaxın on il ərzində bir də heç vaxt belə şeylər yeməyəcək.
Akula şorbası mənə nələri unutdurdu?
Akula üzgəcləri və cuppulu ilbizlərdən ibarət şorbanı qarşıma gözəl biçimli çini kasada gətirdilər. Bayaqkı qurbağalar hələ gözümün qarşısında və mədəmin içində olduğundan, bir az halım yaxşı deyildi. Odur ki, bu akula üzgəclərinin mənə baha başa gələcəyini düşünürdüm. Yenə də tam əksi! Şorba öz həlimliyi, ədviyatları, akula üzgəclərinin zövqlə və narın doğranmağı (görürsünüz, necə rahat təsvir eləyirəm?), ilbizlərin yumşaqlığı ilə elə dadlı, rahat idi ki, hər qaşıqdan sonra içimə bir rahatlıq çökürdü. Hətta bir ara hiss elədim ki, uzun aylardır yaşadığım sevgi əzabını belə, bu şorba sayəsində unuduram. Və toxluqdan, şorbanın dadlılığının, restoranın isti ab-havasının, iştahla yeməyimə baxan ofisiantın mehribanlıqla gülümsəyən üzünün sayəsində ağlıma gülməli və yazıya, reportaja dəxli olmayan bir fikir gəldi: kül o sevginin başına ki, bir kasa akula şorbasına məğlub olur! Və bu fikrin həmən ardınca, restoranın, şorbanın istiliyindən alışıb yanan üzümün halı klassik yapon şairi İsikava Takubokunun şeirindən bir parçanı yadıma saldı:
Od tutub alışan üzümü
yumşaq qar topasına söykəmək…
bax, mən səni
belə bir məhəbbətlə sevmək istəyirəm…
Bu arada daha bir haşiyə çıxım ki, yapon restoranı suşi sarıdan Çin restoranlarından bir addım öndədir. Bu bilgi məndə hardandır, orasını xatırlaya bilmirəm, amma akula şorbasının gətirdiyi xoş hisslərdən sonra, bir yapon suşisinin dadına baxmaq pis olmazdı. Bunu düşünərək, bir pay da yuxarıda adı çəkilən nemətdən istədim. Suşini qarşıma yenə də o zəhləmgetmiş çör-çöplə və ətrafında cürbəcür tərəvəz, yarpaq, nə bilim hansı “mızqletlər”lə gətirdilər. Suşinin babat bir tikəsini min bir zülmlə iki çubuğun arasına alıb, xüsusi sousa (Allah bilir, hansı heyvanın qanı idi) batıraraq, ürəyim ağzıma gələ-gələ udandan sonra, böyür-başına düzülmüş yarpaqlara, tərəvəzlərə girişdim. Bu tərəvəzlər də dad və qoxu sarıdan elə suşinin özü kimi murdar və iyrənc şeylər idi. Hələ onlardan biri, hansısa gülün ləçəklərinə oxşayan, yaraşıqlı yeniyetmə ofisiantın “cincer” yarpaqları dediyi şey, özünün abırsız qırmızı rəngi və bitki qoxusundan daha çox, parfümü xatırladan iyi ilə lap ürək bulandırırdı. Özü də “parfüm” deyəndə, ağlınıza “Şanel”-zad gətirməyin. O “cincer”in parfümü olsa-olsa, müğənni Manaf Ağayevin parfümündən ola bilərdi.
Meksika restoranı
Hindular və inqilabçılar ölkəsinin vəhşi yeməkləri
Aygün Aslanlı ikinci restorandan sonra təslim bayrağını qaldırdı. Onlarla kino klassikinin ruhuna and verməyimə baxmayaraq, daha heç bir eksperimentdə iştirak etmək istəmədiyini öz sakit və həlim xasiyyətinə yaraşmayan qəti şəkildə bəyan edib, məni küçənin ortasında buraxaraq, əkildi. Mənsə canımı dişimə tutub, mərkəzdə Çin və Yapon restoranları qədər nəhəng və parlaq olmasa da, xüsusi ornamentləri və hindu işarələri ilə diqqəti cəlb edən Meksika restoranına yollandım.
İstənilən millətin restoranı əgər qürbətdə fəaliyyət göstərirsə, ilk növbədə milli, yerli köhnə-kürüşünü adamın gözünə soxur. Elə “Ponço” adlı Meksika restoranı da belələrindəndir. İnteryer – kobud taxtalardan düzəldilmiş masalar, orda-burda asılmış, rəngbərəng lələklərlə bəzədilmiş şaman baş geyimləri, saxta skalplar, kaktus maketləri, kobud, gil qab-qacaq…
Amma bura girər-girməz, əsl solçu kimi məni duyğulandıran şey, bu yerin indi Meksikanın bir ştatında hindu qəbilələrinin sədaqətinə və dözümlülüyünə sığınaraq, balaca bir sol ölkəsi qurub, illədir o sol ölkəsini yerli hindu ənənələri ilə idarə edən Subkomendante Markosa aid mədəniyyətin bir parçası olmağı idi (Markosun Meksikalı olmadığını bilə-bilə…).
Meksika deyəndə ki, elə burada da ofisiantlar özümüzünkülər idi. (Yox bir, bizi burada Fransisko Vilyanın nəvə-nəticələri qarşılamalı idilər…). Amma kontingentin milliyyətini ayırd eləmək elə də asan iş deyildi. Müştərilər irq sarıdan müxtəlif idi – Meksika ekzotikasının dadına baxmağa gələn sapsarı avropalılar, ömründə mənim kimi bir dəfə hindu yeməyinin dadına baxmaq istəyən yerlilər və başqaları.
Mənə təklif olunan masada əyləşəndən sonra ənənəvi olaraq həyəcanla menyunu gözlədim. Müştərilərinə daha çox dəniz, okean məhsulları, bitkilər, böcəklər təklif edən Yapon, Çin restoranlarından fərqli olaraq, burada menyu daha iri və qorxulu heyvanların ətindən hazırlanmış yeməklərdən ibarət idi. İçki isə sözsüz ki, Meksika proletariatının ən dəbli içkisi tekila – kaktus arağı idi. Bol acı bibərli kayyot qızartması, iri iquanaların (kərtənkələ) şorbası dadına baxıb, yazı yazmaq üçün əla seçim ola bilərdi, amma özümü zorlaya bilmədim. Nəhayət, ən qorxulu yeməyə – qara ilan ətinə və ən zərif qəlyanaltıya - hörümçək yumurtasından ibarət acı bibərli qayğanağa razı oldum. Sifariş götürən ofisiant üzümə baxdı. Üz-gözündən və danışığından kəndçilik yağan, belə ifrat milli və üstəlik, bədəncə belə zərif qızın hər gün belə şeylər yeyirmiş kimi rahatca ilan, hörümçək sifariş verməyi onu deyəsən, bir az təəccübləndirmişdi…
Şair-ilan yeməz ilan-şairi!
Birinci acılı qayğanağı gətirdilər. Qayğanaq min-bir rəngə çalan acılı sousa bələndiyindən, nəhəng Meksika hörümçəklərinin yumurtalarının əsl rənginin necə olduğunu görmədim. Amma bir az maraq, bir az iyrənmək hissi, bir az da əsəb qarışıq hərəkətlə ilk tikəni yeyəndə burada qayğanaqdan ümumiyyətlə heç nə hiss eləmədim. Sousun ədviyyatını o qədər bol, özünü o qədər qatı eləmişdilər ki, qayğanaq daha çox ədviyyatlı xəngəli xatırladırdı. Ofisiantdan bir pay qayğanaq çün neçə yumurtanın istifadə olunduğunu soruşdum. Dedi ki, babat bir qayğanaq üçün ölçücə bildirçin yumurtası boyda olan hörümçək yumurtalarının on ikisini sındırmalı olurlar.
Axır ki, ilan da gəlib çıxdı. Onun doğranıb, boşqaba düzülüşü bayaqkı yapon restoranındakı zəhləmgetmiş suşiləri yadıma saldı. İlan ətini də xüsusi, müxtəlif bitki və ədviyyatlardan, xüsusilə də bol acılı bibərlərdən hazırlanmış sousla verirlər (ümumiyyətlə, Meksika mətbəxi acı bibərdən boldur). Amma ofisiant dedi ki, ilan əti təkcə qızarmış variantda olmur. Onun ətindən şorbada da istifadə edirlər. Ən çox yeyiləni isə balıq kimi hisə verilmişi olur.
Zarafat-zarafat, indi mən bu ilanı yeməli idim. İlk tikəyə əlimi uzadanda diri ilanları təsəvvürümdə canlandırdım – pulcuqlu, soyuq, sürüşkən, qorxunc və qara başlı. Dibində zəhər gəzdirdiyi uzun və əyri dişi…Tüklərim biz-biz dayandı. O zəhər yadıma düşəndə bir azdan çeynəyəcəyim ətin zəqqum kimi acı, sərt, adamın dilini kəsə bilən bir şey olacağını düşündüm. Bir də heç dəxli olmadan kövrəldim – axı şair ilan əti yeməz. Bu nə poeziyaya, nə zoologiyaya, nə də şairin özünə qarşı münasibətdə ədalətli iş deyil axı. Doğrudan kövrəldim. Hətta ağlamaq istədim. Həm də fikirləşdim ki, bəlkə bu ilan da ilanların şairi imiş. Fərasətsizliyindən, şair fikrinin dağınıqlığından ilan ovçusunun qarmağına keçib, başını kəsib, bədənini qazana atıb, bişiriblər. Mənsə – yüzlərlə şeir kitabı oxuyub, iki şeir kitabı yazmış gənc şairə bu şair ilanın ətini yeməli idim…
Gözlərimdə nəm, qəlbimdə bir-birinə qarışmış minlərlə hisslər atəşfəşanlığının altında ilanın ilk tikəsini ağzıma apardım. Bu dəfə də heyvanlara münasibətdə nə qədər haqsız olduğumu kəşf etdim – ilan əti zərif və hətta bir azca şirintəhər idi. Amma bu şirinliyə elə bil bir az da turşuluq qatmışdın. Hər halda, qarışıq dadların “tandemi” heç də ilanın diri vəziyyətindəki sərtliyə, qorxululuğa, soyuqluğa uyğun gəlmir və yaraşmırdı...
***
Eksperimentləri hələ davam etdirmək olardı. Əslində, mən Meksika restoranından çıxıb, yumru kasalarda dəniz atının qanından içki təklif eləyən bir italyan restoranına getmək istəyirdim. Amma ilan ətinin tamı və şoku bu planın üstündən çalın-çarpaz bir xətt çəkdi. Restorandan çıxıb, avtobusa mindim və baş redaktoruma “yaxın həftələrdən məni axtarmayın” deyə, bir mesaj buraxaraq, birhəftəlik depressiyaya düşmək üçün evə yollandım…

1481