“...lakin həddinizi aşmayın!” – IV yazı
13 aprel 2010 14:00 (UTC +04:00)

“...lakin həddinizi aşmayın!” – IV yazı

İslam əməlimizə qalxan olsun, yoxsa əməlimiz İslama?

Son yazımızda dünyanın müxəlif yerlərində ədalətin bərpası üçün olsa belə, mülkilər arasında, dinc şəhərlərdə, nəqliyyatda, uşaqların, qocaların, günahsız kişi və qadınların olduğu obyektlərdə partlayışlar törədilməsinə, məsum adamların qətl edilməsinə İslamın münasibətindən söhbət açmışdıq. Maraqlıdır, Müqəddəs Kitabdan bununla bağlı konkret cavab almaq bəsirətimiz varmı? Lap haqq işi üçün olsa belə, İslam birbaşa uşaqlara, qadınlara, məsum cocuqlara qarşı yönəlmliş terror aktlarıyla bağlı hansı hökmü verir?

“Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun”

Əvvəlcə “kamikadze” və “islamçı-kamikadze” adlananların məramlarını, əməllərinin nəticələrini xatırlayaq. Söz yox ki, hər iki özünüfəda aktında insanlar ideyalar üçün qurban gedirlər. Ancaq təyyarədə, yaxud torpedoda oturub irəli şığıyan kamikadzelərin hədəfləri düşmənin hərbi gəmiləriydisə, islamçı-kamikadzelərin seçdikləri qurbanlar sırasına məsum uşaqlar, günahsız mülki kişi və qadınlar da daxil ola bilir. Bəndəniz bu məqamla bağlı Müqəddəs Kitabda heç nə tapa bilmədi. Yəni, Allah müsəlmanlara “kafirlərin uşaqlarını öldürün” forması və məzmunu sayaq bir ayə göndərməyib. Əksinə, Qurani-Kərim müsəlmanlara “sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddin aşın. Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir” (əl-Bəqərə Surəsi, 194-cü ayə). Təxminən eyni əmr həmin Surənin 190-cı ayəsində də buyrulur: “Ey möminlər! Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!”
Yəqin ki, bu gün İslam, Allah yolunda vuruşduqlarını bildirənlər üçün Peyğəmbərin sağlığında aparılan döyüşlərdən gözəl nümunə olmaz. Və bu döyüşlərin heç birində düşmən tərəfin arvad-uşağı öldürülməyib.
İslamın bədəvi ərəb dünyasına gətirdiyi üstün cəhətlərdən biri də onun cahiliyyət dövrü ərəbləri arasında məqbul sayılan qan intiqamı prinsipinin ədalətli qərarlar üzərində qurması sayılır. İslam qisas haqqında hökm çıxarılmasını imama, şəriət məhkəməsinə həvalə etdi və qan sahibinin qisası özbaşına yerinə yetirməsinə qəti olaraq qadağa qoydu. Bu hökm əl-Bəqərə surəsinin 179-cu ayəsində ifadə olunub: “Ey ağıl sahibləri, bu qisas sizin üçün həyat deməkdir. Ola bilsin ki, bununla pis əməldən (qətldən) çəkinəsiniz”.
İslam ilahiyyatçısı əl-Beyzavi bu ayəni belə təfsir edir: “Qisas haqqında bilik qatili qətldən çəkindirir və iki nəfərin həyatını qoruyur. Cahiliyyət dövrü adamları ədavət naminə qatildən başqa adamlar da öldürür, bir adamın intiqamını camaatdan alırdılar. Əgər qisas yalnız qatildən alınarsa, çox adamın həyatı qorunar”.
Təfsirdəki “bir adamın qisasını camaatdan alırdılar” ifadəsini Fələstində qətl edilən günahsız müsəlmanlara görə gedib qətl edənin nəinki özündən, hətta arvadından, uşağından da yox, kimlərinsə arvadından-uşağından almağa aid eləmək, bunu cahiliyyət dövrünün əlaməti saymaq düzgün olmazmı? Burada hətta hanısısa göstərişə belə ehtiyac qalmır. Təsəvvür edin ki, hansısa səhra komandiri ölkəsinin müdafiə nazirinin əmriylə hərbi əməliyyat keçirir və nəticədə mülki insanlar da tələf olur. Həmin nazirin, yaxud səhra komandirinin də yox, bu işlərdən uzaq, hələ bəlkə onları qınayan insanların özlərinin, yaxınlarının bir intiharçı-terrorçu tərəfindən qətl edilməsinə hökm vermək Qurani-Kərimin “həddinizi aşmayın” xəbərdarlığı ilə nə dərəcədə düz gəlir? Bu qisas cahiliyyət dövrünün qisasından nəylə fərqlənir? Ümumiyyətlə, dünya alimlərinin şəksiz və hamısının vahid olaraq gəldikləri nəticələrdən birinə görə, bütün sərtliyinə, konkretliyinə rəğmən İslam dini insan həyatına ən çox dəyər verən dindir və mənasız insan qırğınını, birinin haqqını digərindən tələb etməyi, həmçinin günahsız insanın hətta cəzalanmasını belə böyük günahlardan hesab edir.
Yəni, İslam dinc əhaliyə qarşı törədilən bu cür aksiyaları qəbul etmir və bunların İslama heç bir dəxli yoxdur.

Rəhbərə görk olsun deyə…

Əlbəttə, müasir dünya tarixində dinc əhalinin ölkə rəhbərliyinin yürütdüyü siyasətə görə cəzalandırılması presedenti yox deyil. Belə nümunə açıq şəkildə İkinci Dünya Müharibəsinin sonunda tətbiq edildi. Belə ki, düşmən ölkənin infrastrukturunun total şəkldə məhv edilməsi müharibənin yazılmış qanunlarından olsa da, informasiya və təbliğat əsri olan müasir həyatda “infrastruktur” dedikdə daha geniş məna nəzərdə tutulur. Sirr deyil ki, infrastruktur ölkənin sənayesi, yolları, körpüləri, kommunikasiyası, energi sistemi deməkdir. Ancaq hərb strateqləri müasir müharibələrdə bu ifadə altında düşmən ölkədəki rejimin maliyyə imkanlarını, xarici banklardakı hesablarını, ən əsası rəhbərliyin yerli əhalini idarə eləyən ideologiyasını da nəzərdə tuturlar. İdeologiyanın sarsıdılmasının qələbəyə aparan yollardan biri olduğu sirr deyil. Bəs düşmənin ideoloji dayağını hansı yolla məhv etmək olar? Nəzərə alsaq ki, müharibə zamanı dinc antitəbliğat məsələləri o qədər effekt vermir, o zaman yeganə çıxış yolu əhalini öz rəhbərliyinin fərsizliyinə inandırmaq, güclü ordu haqqında bəyanatlara qarşı şübhələrə salmaqdır. Bu üsuldan 1945-ci ilin fevralında Almaniyanın dinc əhali yaşayan Drezden şəhərinin bombardman edilməsi vaxtı yararlanıldı. Sonradan Amerika Yaponiyanın iki şəhərinə atom bombası atanda da məhz bu məqsəddə bulunmuşdu. Amerika kəşfiyyatının şefi Allen Dalles xatirələrində bu barədə yazır: “Soruşa bilərsiniz ki, axı, Almaniya demək olar məğlub idi, belə aksiyaya ehtyac vardımı? Deməliyəm ki, müharibə vaxtı bəzən “dinc əhali” anlayışı olmur. Bu, Almaniyaya da aid idi. Çünki bu ölkənin əhalisinin böyük hissəsi faşizm ideyası ilə zəhərlənmişdi. Yalnız bu cür bombardmanlar “Hayl Hitler” çağırışını “Kaput Hitler”lə əvəz eləyə bilərdi və bildi də…”.
Bəli, mən də qəbul edirəm ki, dinc əhaliyə qarqı törənən qəddarlıq əslində, müharibənin qanunlarından biridir. Ancaq törənən terror aktları məhz düşmən sayılan ölkənin ideologiyasını sarsıtmaq məqsədi güdürsə, bunun İslam qanunları və Allahın əmriylə həyata keçirildiyini söyləmək İslamın humanizminə, insanpərvərliyinə kölgə salmaq cəhdindən savayı bir şey deyil. Əslində, baş verənlər müasir müharibələrin xarakterindən, məzmunundan törəyir. Özü də bundan təkcə İslam dünyası yox, hamı yararlanır. Sadəcə, Qərb bu zaman xristianlığın adından yox, hərbinin yazılan-yazılmayan qanunlarından çıxış edir, dinini öz əməlinə qalxan etmir, əksinə əməliylə dinini möhkəmləndirir, əməliylə dininə qalxan tutur. Bu tərəfdəsə dünyanın lənətlədiyi, bütün tərəqqipərvər bəşəriyyətin “yox” dediyi terror aktlarıyla bağlı İslamın adı çəkilir, dinin xofu yaradılır.

İslam adından hədələr…

Bu silsilə yazılarla bağlı aldığım reaksiyalar müxtəlif oldu. Hamıya – oxuyub mənim əslində, İslamın təmizliyinə kölgə salmaq fikrimdə olmadığımı başa düşənlərə də, fikrimlə razılaşmayıb ayrı cür düşünənlərə də, hədə-qorxu gələnlərə də təşəkkür edirəm. Məni maraqlandıran digər bir məqamdır ki, onun barəsində yuxarıda artıq xırdaca haşiyə çıxdım. Bu gün dünyanın muxtəlif yerlərində, müxtəlif millətlər özlərinin haqq, yaxud nahaqq savaşlarını aparırlar. Sakit, gizli, yaxud səsli-küylü, partlayışlı olsun, fərq etməz, ən azından hər saat, hər dəqiqə dünyanın hansısa bucağında qətl törədilir, qəddarlıq, zorakılıq aktı həyata keçirilir. Bunu kimin etməsinin fərqi yoxdur, istər xristian, istər yəhudi, istər müsəlman gərəkdir ki, məzlumlara zülm etməsin, günahsızın qanına bais olmasın. Axı, bunu onların dinləri, tək Yaradan tələb edir! Ancaq mənzərə bir qədər başqa şey deyir. Bu dünyada adına müsəlman deyilən yeganə ümmətdir ki, apardığı savaşını Allah, din yolunda aparıldığını ağızdolusu elan edir, bununla İslamın terrorçu, basqıçı din təsəvvürünü yaradır. Məgər Amerika İraqa, Əfqanıstana, yaxud İsrail Fələstinə girəndə bunu din və İsa, Musa üçün elədiyi haqqında bəyanat verdi? Bəlkə, ermənilər müxtəlif əsrlərdə Azərbaycan torpaqlarını öz Astvasları üçün, din, Astvas yolunda vuruşduqlarından danışa-danışa işğal elədilər? Beləyə qalanda onların da dinində bu barədə kifayət qədər hökmlər var və başbilənləri oturub cildlərlə kitablar yazarlar. Ancaq insanlar qlobal siyasətdə dinin adının belə tez-tez və açıqcasına hallanmasını dinin özünə zərərli sayırlar, din naminə getdikləri işə belə başqa cild tapırlar. İslam isə dürlü-dürlü məzhəblərin, qanadların, təriqətlərin əlində vasitə olub hər məzhəb, hər qanad, hər təriqət mənsubları üçün. Əgər bəndənizin “İslam adı altında aparılan savaşın yeri gəldi-gəlmədi “Allah rizası” üçün sürdürüldüyünü dünyaya elan eləmək İslamın özü üçün zərərlidir” fikrini dinə təhqir sayırlarsa, bu, hər kəsin məntiq və əqlinin, dünyagörüşünün və xislətinin problemidir.

…Mən İslam tarixində su ilə bağlı iki məqamı heç vaxt yaddan çıxarmıram. Peyğəmbərin ilk döyüşlərindən olan Bədrdə vuruş zamanı qüreyşilərə qarşı hərbinin qanunlarına uyğun şəkildə hiylə işləndi: müsəlmanlar quyudan doyunca su içdikdən və ehtiyatlarını tutduqdan sonra quyuları daşla basdırdılar. Bu, qələbə üçün atılmış addım idi və vuruşanlara qaşıydı…

…İllər sonra Peyğəmbərin sevimli nəvəsi Hüseyn tərəfdarları, özünün və onların ailələriylə birgə Kərbəla çölündə susuz qaldı. Mən bilirəm ki, Bədrdə susuzluğun ağırlığı vuruşanlara, döyüşçülərə düşdüyü halda, Kərbəlada susuzluğun zülmü düşərgədəki məsum körpələrə, qadınlara və köməksiz qocalara düşdü. Bu halı birincidən fərqləndirmək üçün nə xristian, nə yəhudi, nə də müsəlman olmaq vacib deyil. Bunun üçün İnsan olmaq kifayətdir! Və İslam da ikincini qəbul etmir…

İlham TUMAS
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar