Dubay söhbətləri: dəbdəbəli restoranda deputatlarımızı gördük! – REPORTAJ
03 fevral 2010 15:00 (UTC +04:00)

Dubay söhbətləri: dəbdəbəli restoranda deputatlarımızı gördük! – REPORTAJ

Lent.az-ın əməkdaşı məşhur şəhərdən yazır


(Əvvəli bu linkdə: http://www.lent.az/news.php?id=22134)

...Səfərimizin ikinci günü “Aquapark”a getdik. Bura giriş üçün 50 dollardan bir qədər çox ödəmək lazımdır. Ancaq “Aquapark” elə “Aquapark”dı ki, bundan daha artığını da verməyə dəyər. Əvvəlcə nəhəng akvarium-gölü gəzdik. Lap muzeydə olduğu kimi... Təsəvvür edin, qalın şüşənin bir tərəfində biz, o biri tərəfində isə suda yaşayan müxtəlif canlılar: irili-xırdalı balıqlar, meduzalar və s. Burada adamdan iri olan və bizlərdə “çömçəquyruğu” deyilən barmaqdan balaca balıqlara da rast gəlmək olur. Balıqlara yem verilir və onlara qulluq edilir. İri balıqların kiçik balıqları yeməməsi üçün isə onlara gündə bir dəfə xüsusi iynə vurulur. Balıqlara qulluq etməklə yanaşı, su da çox təmiz saxlanılır – lap göz yaşı kimi dupduru. “Aquapark”ın işçilərindən yalnız akvariumdaxili təmizlik, təmir və s. bu kimi işlərə baxan işçilər isə suya oksigen balonlarıyla girir. Belə işçilərdən birini görüb xeyli güldük də. Əvvəlki yazıda yazdığım kimi, Dubayda işçi kimi çalışanlar əsasən pakistanlı, çinlilərdir. Bizim akvariumun içərisində gördüyümüz çiynində oksigen balonu, ağzında həmin balondan gələn rezin boru olan, əyninə akvalanq geyinmiş bu işçi də çinliydi...
“Aquapark”da ticarət obyektləri da var. Ancaq Dubayın digər yerlərilə müqayisədə bura çox bahalıqdır. Məsələn, kişi üçün çimərlik paltarının qiyməti 120 dollardı. Halbuki dənizə girmək üçün zəruri olan belə strateji əşyanı Bakıda 3-4 manata, hələ ondan ucuz da almaq olar. Ancaq “Aquapark”ın çimərliyi o qədər çox maraqlı, nəinki Bakıda, dünyanın çox yerində rast gəlinməyən nadir əyləncədir ki, çimərlik paltarına 120 dollar verməyə də dəyər (təbii ki, əgər bu qədər pulun varsa...)

“Gold Center”

“Aquapark”a dönməzdən əvvəl Dubaydakı “Gold Center”ə – qızıl satış mərkəzinə də baş çəkdik. Hələ bu mərkəz barədə Bakıda olarkən eşitmişdim. Bura dünyanın ən böyük qızıl satış mərkəzidir, ildə neçə ton qızıl satılması isə heyf ki, yadımdan çıxıb.
Burada hər dükana 3-4 kamera quraşdırılıb. “Gold Center”də aşağı əyarlı qızılın qramı Bakıdakı qiymətlərlə müqayisədə 3-4 dollar ucuzdur. Yuxarı əyarlı qızılların qiyməti təbii ki, daha bahadır. Ancaq yenə də Bakıyla müqayisə edəndə onların da ucuz olduğunu görmək olar. Başqa ticarət mərkəzləri və dükanlardan fərqli olaraq, “Gold Center”də “qiymət danışmaq”, yəni satıcıyla danışıb aldığın qızıl əşyanı daha ucuz əldə etmək mümkündür.

Sabir Rüstəmxanlı da burdaymış ki...

Həmin gün axşamüstü dünyaca məşhur olan “Abdel El Wahab” restoranına getdik. Restoran dünyanın ən hündür göydələni olan “Burj Dubai”ın yaxınlığında yerləşən nəhəng və məşhur binada - “Souk Al Bahar”da yerləşir. “Souk Al Bahar”da məşhur restoranla yanaşı ticarət mərkəzi, otel və s. mövcuddu.
“El Wahab”la “Burj Dubai”ın arasında süni olaraq yaradılmış nəhəng bir göl var. Göldə isə musiqili fəvvarə quraşdırılıb. “Musiqili fəvvarə” deyəndə ilk ağla gələn Bakıdakı fəvvarələr olur. Ancaq azərbaycanlı jurnalist heyəti Dubaydakı əsrarəngiz fəvvarəni görən kimi “Hacıbala Abutalıbovun düzəltdiyi fəvvarə oyuncaq imiş ki...” – deyib, dodaq büzdülər. Hədsiz böyük olan fəvvarə həm də suyun çox hündürə qalxmasıyla diqqəti çəkir. Fəvvarə təxminən 15-20 dəqiqədən bir işə salınır, sular isə gah ərəb rəqqasələri kimi oynayır, gah yuxarı qalxır, biz sözlə sözün əsl mənasında cürbəcür oyunlar çıxarır. Su ən yuxarı nöqtələrə qalxanda isə sanki top atılırmış kimi möhkəm “partıltı” səsləri eşidilir. Bütün bunlar isə bura gələnləri feyzyab edir. Elə bizim deputatlarımız Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə kimi...
Deməli belə. Birdən jurnalistlərdən biri qayıtdı ki, “aaa, Sabir Rüstəmxanlı da burdadı ki...” Onun dediklərinə inanmadım, dedim yəqin Sabir bəyə oxşayan başqa bir adamdır. Ancaq hər halda deyiləni yerindəcə yoxlamaq üçün dərhal istiqamət verilən masaya getdim. Və gözlərimə inanmadım: Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə yanaşı, onlarla da üzbəüz iki cavan oğlan əyləşib fəvvarəyə baxa-baxa şam yeməyi yeyirlər. Sabir bəyə salam verdim. Deyəsən, bu görüş onun üçün məndən də çox gözlənilməz olmuşdu. Hal-əhval tutduq, Dubaya nə üçün gəldiyimizlə maraqlandı. Məsələni danışıb mən də soruşdum ki, bəs siz burda xeyir ola? Sən demə Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə Uqandada keçirilən İslam Konfransı Təşkilatının (İKT) növbəti sessiyasında iştirak etmək üçün yola çıxıbmış. Ancaq Bakıdan Uqandaya birbaşa reys olmadığından deputatlar əvvəlcə Dubaya gəlib, burada bir gün qaldıqdan sonra Uqandaya uçacaqlar. Onlarla üzbəüz oturan cavan oğlanlar isə Milli Məclisin əməkdaşları imiş...

“Abdel El Wahab” restoranına gəlib burada şam etmək üçün əvvəlcədən sifariş etmək lazımdır. Bu, restoranın qarşısında bayaq haqqında danışdığım fəvvarəylə bağlıdır. Ancaq biz restoranda pul xərcləmədiyimiz kimi, əvvəlcədən sifariş-filan da etməmişdik. Çünki bizi bura səfərin maliyyə dəstəyini verən “flydubai” aviaşirkətinin baş direktoru Qeyğ Əl Qeyt azərbaycanlı jurnalistlərin şərəfinə ziyafət vermək üçün dəvət etmişdi. Elə yemək süfrəsinə keçməzdən əvvəl Qeyt Əl Qeyt azərbaycanlı jurnalistlərlə söhbətləşdi. O, rəhbəri olduğu aviaşirkətin Azərbaycana xidmət təklif etməkdən qürur duyduğunu və “flydubai”nin qiymətlərinin çox ədalətli olduğunu dedi: “Aviaşirkətimizin əsas məqsədi daha çox insanı səyahətə cəlb etməkdir. Bizim təyyarələr ən müasir və təhlükəsizlik baxımından ən yaxşıları sayılır”.
Yeri gəlmişkən, “flydubai” şirkəti 2008-ci ilin martında yaradılıb. Şirkətin ilkin kapitalı 65 milyon dollar olub. Dubaydan Bakıya ilk reys 2009-cu il noyabrın 22-də gerçəkləşdirilib. Həmin vaxtdan aviaşirkət gündəlik Dubay-Bakı-Dubay reysilə çalışır.

Azərbaycanlı jurnalistlər dünyanın ən hündür binasında

Səhəri gün səfər planına uyğun olaraq dünyanın ən hündür binasına - “Burj Dubai”a (Bürc Dubay) getdik. Bu il yanvarın 4-də açılışı olmuş binanın hündürlüyü 830 metrə yaxındır. Mərtəbələrin sayı 160-dır. Bina 95 kilometr məsafədən görünür. Tikinti işlərinə 2004-cü ildə başlayıb. Burada hər gün 12 min işçi işləyib. Ən hündür göydələnin tikintisinə 20 milyard dollar xərclənib. “Burj Dubai”ın otaqları əsasən ofislərə icarəyə verilmək üçün nəzərdə tutulub. Ancaq bununla yanaşı, binada otellər, restoranlar, tamaşa meydanları, hovuzlar da var. Binanı amerikan arxitektor Edrian Smit layihələndirib. Onun əsas məqsədi İslam ənənələri ilə müasir Qərb üslubunun birləşdirilməsi olub.

Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Binanın açılışı bu il olsa da, orada olarkən hələ də “Burj Dubai”da bizlərdə deyildiyi kimi, təmir-tikinti işlərinin getdiyini gördüm.
Burada yüksək təhlükəsizlik tədbirləri görülüb. İçəri daxil olan hər bir şəxs ciddi yoxlandıqdan sonra buraxılır. Yeri gəlmişkən, binaya daxil olan turistlər bunun üçün 400 dirhəm (110 dollar) ödəməlidir.

124-cü mərtəbəyə 47 saniyəyə qalxdıq. Dünyanın ən hündürə qalxan və ən sürətli işləyən lifti işləyərkən azca da olsa səs gəlmir. Sadəcə olaraq təyyarəyə minəndə olduğu kimi insanın bir qədər qulağı tutulur.

Artıq yuxarıda – 124-cü mərtəbədəyik: sanki nəinki Dubay, hətta bütöv yer kürəsi ayaqlarımız altındadır; şəhərdəki iri göydələnlər buradan çox xırda görünür; küçədən keçən avtomobilləri güclə seçmək olur; insanları isə toz boyda görürsən. Ancaq buradan aşağını rahat izləmək mümkündür. Belə ki, turistlər üçün nəzərdə tutulmuş bu mərtəbədə quraşdırılmış monitorlu qurğu vasitəsilə küçədən keçən maşınları da, adamları da yaxınlaşdırıb görmək olur.

“Dubai Mall”da
Ən hündür binadan çıxıb yaxınlıqdakı “Dubai Mall”a - nəhəng ticarət mərkəzinə getdik. Ticarət mərkəzi o qədər iridir ki, buranı gəzmək üçün bir neçə gün vaxt lazımdı. Burada həm azmamaq, həm də kimə hansı mal və ya əyləncə lazımdırsa onu axtarıb tapa bilməsi üçün elektron lövhələr quraşdırılıb. Ticarət mərkəzində buz meydançasından tutmuş nəhəng iri süni şəlaləyə qədər hər şeyə rast gəlmək, burada istədiyin qədər əylənmək olar.
Satılan malların qiymətlərinə gəlincə, Bayıla müqayisədə ucuzluqdur. Ümumiyyətlə isə Dubayda əksər yerlər bizdəkiylə müqayisədə həm keyfiyyətli, həm də ucuzdur: təxminən 30-50%. Məsələn, Bakıda 1000 manat satılan telefon orada 600 manata almaq olar. Deyilənlərə geyim əşyaları da aiddir.
Geyim demişkən, Dubay müsəlmanların şəhəri olmasına rəğmən, burada istədiyin geyimdə gəzə bilərsən. Şəhər küçələrində, ticarət mərkəzləri və restoranlarda həm qısa yubkalı və sinəsi açıq, həm də çarşaba bürünmüş (bəzilərinin hətta gözləri də bağlıdır) qadınlara rast gəlmək mümkündür. Kişilərin geyimləri də öz yerində: həm “şortik” geyinmiş ingilis turistə, həm də şalvar geyməmiş, sanki ağ mələfəyə bürünmüş ərəblər gözə dəyir...
400 metrlik xizək meydanı
“Dubai Mall”dan çıxıb “Kempinski Hotel”ə getdik. Daha doğrusu, bu markalı otellər şəbəkəsinə daxil olan otellərdən birinə. Bura gecələmək üçün deyil, günorta yeməyinə getmişik. Ancaq yeməkdən çox tamaşadan ləzzət aldıq: canlı tamaşadan. Düzdür, burada bizə təklif olunan təamlar dadlı idi. Ancaq ən çox zövq aldığımız xizək meydanı idi. Bəli-bəli. Qışın oğlan çağında 20-25 dərəcə isti olan Dubayda xizək meydançası! Bu, üstüörtülü, çox böyük bir ərazini əhatə edən bir yerdə quraşdırılıb. Burada qar xüsusi aparatlar vasitəsilə süni olaraq düzəldilir, ancaq faktiki olaraq təbii qar olur. Xizək meydanının uzunluğu 400 metrdən çoxdur. Tikintisinə milyardlarla dollar xərclənmiş xizək meydanı “Kempinski Hotel”ə aiddir. Təsəvvür edin: şüşənin bir tərəfində insanlar qalın qış geyimində böyük təpələrin üzərində xizəklə sürüşür, bu biri tərəfində isə yüngül yay paltarında oturub günorta yeməyi yeyir...

İsti Dubaydan çovğunlu Bakıya

Oteldən çıxıb, pakistanlı sürücünün avtobusuna minib qaldığımız “Premier İnn” otelinə qayıtdıq; Bakıya qayıtmağa hazırlaşırdıq. Oteldəki kompüterdə Lent.az-ı açıb, nə görsəm yaxşıdı: Bakıda çovğun olacaq, qar yağacaq... Əynimizdə yay paltarları olan biz jurnalistlər az qalmışdı ki, şoka düşək. Yadımıza düşəndə ki, indi qış fəslidir və biz də soyuq Bakıdan gəlmişik, şokdan qurtulduq. Oteldən aeroporta, oradan da “flydubai”ın təyyarəsilə Bakıya yola düşdük. Bakı isə bizi həqiqətən də çovğunla qarşıladı; sinoptiklər bu dəfə yanılmayıbmış: ilk qar yağmışdı. Bizim isə başımızda Dubay havası, əynimizdə yüngül yay geyimləri var idi...

Pərvin ABBASOV

Bakı-Dubay-Bakı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1913

Oxşar yazılar