General rütbəli baytarlar – ARAŞDIRMA
22 yanvar 2010 13:30 (UTC +04:00)

General rütbəli baytarlar – ARAŞDIRMA

Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən dövlət qurumlarından əlavə bəzi dövlət təşkilatlarının da xüsusi geyimli əməkdaşlarına tez-tez rastlaşmaq olur. Bu gün Azərbaycanda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Milli Təhlükəsizlik, Ədliyyə nazirlikləri ilə yanaşı? Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Feldyeger Xidməti kimi dövlət qurumlarının əməkdaşları müəyyən edilmiş xüsusi geyim forması və rütbələr daşımaq hüququna malikdirlər. Dövlətin müdafiəsi və təhlükəsizliyində mühüm rol oynayan bu qurumların əməkdaşlarının xüsusi rütbələri və geyimləri dövlət başçısı tərəfindən təsdiq olunur.

Amma bununla yanaşı, Vergilər Nazirliyi, Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Metropoliteni, Xəzər Dəniz Gəmiçiliyi, hətta Dövlət Baytarlıq Xidməti əməkdaşlarının da xüsusi geyimi və rütbələri var. Adıçəkilən qurumların əməkdaşlarının eynilə hərbçilər və hüquq mühafizə orqanlarının əməkdaşları kimi geyinmələri, rütbə daşımaları nədən irəli gəlir? Lent.az-ın əməkdaşının apardığı araşdırmalar zamanı bununla bağlı bəzi maraqlı məsələlər aşkarlanıb.

Vergilər Nazirliyinin xüsusi geyim forması Azərbaycan prezidenti tərəfindən təsdiq olunur. Lent.az-ın nazirliyin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, qurumun əməkdaşları həm mülki geyimdə, həm də xüsusi geyimdə ola bilərlər. Vergilər Nazirliyi əməkdaşları üçün xüsusi geyim və rütbələrinin olması bu qurumun iqtisadi sahədə hüquq-mühafizə orqanı kimi fəaliyyət göstərməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirmə funksiyalarına görədir. Qeyd edək ki, Vergilər Nazirliyi əməkdaşlarının geyim forması rənginə görə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının geyim formasına bənzəyir.

Nəqliyyat Nazirliyindən isə bu qurumun bəzi strukturlarının əməkdaşlarının xüsusi geyiminin olmasını dünya təcrübəsi ilə əlaqələndiriblər. Nəqliyyat Nazirliyinin əməkdaşları üçün hələ ki xüsusi rütbələr mövcud olmasa da nazirlikdən xüsusi geyim formasının qurumun əməkdaşlarının fərqlənməsi üçün müəyyənləşdirildiyi bildirilib.

Dəmiryolçuların xüsusi geyimi və rütbələri də eynilə hərbi qurumlarınkına bənzəyir. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Lent.az-a bildirib ki, hazırda dəmiryolunda istifadə olan geyim və rütbə SSRİ-dən miras qalıb. N.Əzməmmədovun sözlərinə görə, müharibə və fövqəladə vəziyyətlərdə dəmir yolu hərbiləşmiş iş rejiminə keçir. Ona görə də dəmiryolçular üçün xüsusi geyim və rütbə saxlanılıb. Hazırda dəmir yolunda SSRİ dövründə rütbəyə görə əlavə pul hesablanması da dayandırılıb. Qeyd edək ki, dəmir yolun hərbiləşmiş mühafizə xidməti və mülki müdafiə xidməti mövcuddur. Vaxtaşırı olaraq dəmir yolunun əməkdaşları hərbi şəraitə yaxın təlimlər də keçir.

Azərbaycanın mülki dənizçiləri də geyimlərinə görə Hərbi Dəniz Qüvvələrinin zabit heyətindən fərqlənmir. Dövlət Dəniz Administrasiyasından (ARDDA) Lent.az-a bildirilib ki, xüsusi dənizçi geyimi gəmi heyətini fərqləndirmək məqsədi ilə müəyyənləşdirilib. Bu ilədək Azərbaycan dənizçiləri SSRİ dövründə müəyənləşdirilmiş geyim forması və fərqləndirmə nişanlarından istifadə ediblər. Artıq ötən ilin sonlarında ARDDA tərəfindən xüsusi geyim və fərqlənmə nişanları hazırlanarak parlamentdə və Nazirlər Kabinetində təsdiqlənib. Mülki dənizçilikdə rütbələr də var. Kapitandan başlayır və dərəcələrlə müəyyənləşdirilir. Ən yüksək rütbə isə ARDDA rəisinindir - 14-cü dərəcə.

Ölkədə hələ ki Bakının yeraltı dünyasını əhatə etmiş, çoxlarımızın istifadə etdiyi Metropolitenin də xüsusi geyimli, poqonlu və rütbəli əməkdaşları ilə hər gün rastlaşırıq. Bakı Metropolitenindən Lent.az-a verilən məlumata görə, Metropoliten rəisi və əməkdaşlarının xüsusi rütbə və geyim daşımaq hüququ var. Məsələn, metronun rəisi Tağı Əhmədovun rütbəsi Silahlı Qüvvələrdəki general rütbəsinin ekvivalentidir. Metro işçiləri üçün xüsusi geyim və rütbə sovet dönəmindən qalıb və bu hərbi vəziyyətdə metropolitenin mülki müdafiə sığınacağı rolunu oynaması ilə əlaqələndirilir. Bu vacib vəzifəni nəzərə alaraq metro işçiləri xüsusi hazırlıq da keçirlər.

Araşdırmaların ən maraqlısı isə Dövlət Baytarlıq Xidmətinin (DBX) xüsusi geyim və rütbələridir. Tünd göy rəngli geyimdə, furajkalı və rütbəli şəxsləri şevron və fərqləndirmə nişanlarına baxmasan baytarları da Hərbi Hava Qüvvələrinin zabiti hesab etmək olar. Qurumun mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, forma və rütbələr DBX-nin dövlət baytarlıq nəzarətini, karantin nəzarət funksiyasını həyata keçirən əməkdaşlarına verilir. Baytarlar üçün də xüsusi rütbələr mövcuddur. Ordu və hüquq-mühafizə orqanlarında olduğu kimi baytarların da rütbələri leytenantdan başlayır. DBX-nin rəisi, Azərbaycanın baş baytarı İsmayıl Həsənov qurumda ən yüksək rütbəli şəxsdir. Hazırda İ.Həsənov general-leytenant rütbəsi daşıyır.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4693

Oxşar yazılar