Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azad Məmmədli ifadə verib.
Mən onlardan şübhələnsəm də, casus olduqlarını bilmirdim
O bildirib ki, Loran Lödi ilə onu Martin Ryan görüşdürüb: “Martin mənə dedi ki, Loran da Moskvada mənim təhsil aldığım universitetdə təhsil alıb. Həm Loran Lödi, həm də Frederik Devosu mənimlə Martin tanış edib. Onların hər ikisini mənə Fransa səfirliyinin əməkdaşı kimi təqdim edib. Martin də onların tapşırıqlarına əsasən, azərbaycanlıları tora salıb. Loran Lödi ilə görüş zamanı o, mənə Rusiya ilə bağlı suallar verdi və mənə həmin əlaqələrdən istifadə etməklə məlumatlar əldə etməyimi və onlara verməyimi istədi. Lakin mən onlara rədd cavabı verdim. Martini isə özümə yaxın bilmişəm. Amma onların sualları məndə şübhə yaratdığı üçün rədd cavabı verdim. Baş verənlər barədə məlumat vermədiyim üçün peşmanam. Onlara rədd cavabı verməklə işin yekunlaşdığını fikirləşdim. Həmçinin onlar mənə Bişkekdə keçirilən Avrasiya İqtisadi Forumu ilə bağlı suallar verdilər. Bunun Azərbaycana aidiyyəti olmadığı üçün nəzərə almadım. Mən onlardan şübhələnsəm də, casus olduqlarını bilmirdim. Məndən gələcək planlarım haqqında soruşanda onlarla bölüşmüşəm”.
Martin Loranı mənə keçmiş polis əməkdaşı kimi təqdim edib
Azad Məmmədli bildirib ki, 2023-cü ilin fevral ayında Loranı tədbirdə görüb:
“Martin Loranı mənə keçmiş polis əməkdaşı kimi təqdim edib. Dedi ki, Loran Fransa səfirliyinin təhlükəsizliyinə cavabdeh şəxsdir. Onlar mənim Rusiyada təhsil aldığımı bilirdilər, əlaqələrim olduğu üçün əməkdaşlıq təklif edirdilər. Mən onlara nə yazılı, nə də şifahi məlumat vermişəm. Subyektiv fikirlərimi bildirmişəm. Devosla aramızda yalnız 1 dəfə məktublaşma olub. Onda da CV göndərmişəm. Başqa aramızda nə məktublaşma, nə də fikir mübadiləsi olub”.
Martin Ryanın vəkili Azad Məmmədlidən Fransa səfirliyinin əməkdaşının ona Böyük Britaniya ilə bağlı kitab verməsinin səbəbini soruşub.
Azad Məmmədli bildirib ki, kitab turizmlə bağlı olub:
“Onlar bilirdi ki, mən Böyük Britaniyaya gedəcəm. Kitab onun üçün verilib. Burada başqa səbəb axtarmaq lazım deyil. Səfirliklə başqa əlaqəm olmayıb. Səfirlikdən heç nə almamışam. Növbəti prosesdə müvəkkiliniz Martin Ryanın Fransa səfirliyinə, Fransa xüsusi xidmət orqanlarına çalışdığını, on minlərlə manat vəsaiti necə aldığını əsaslandıracam. Martinlə tanışlıqdan sonra Böyük Britaniyaya getdim. Orada il yarım yaşayıb, qayıtdım. Martinlə görüşdüm. Səhər yeməyi yedik. Sonra “Tarqovıy”a düşdük. Orada Frederik Devosla qarşılaşdıq. Mən istintaq zamanı anladım ki, bunlar təsadüf deyil. Hər şey əvvəldən planlaşdırılıb”.
Rusiyanı yaxşı tanıyan, orada güclü əlaqəsi olan insan lazım idi
Daha sonra Martin Ryan Azad Məmmədlinin ifadəsinə etiraz edib.
O, bildirib ki, Azadı Fransa xüsusi xidmət orqanları ilə tanış etməyib: “Rusiyanı yaxşı tanıyan, orada güclü əlaqəsi olan insan lazım idi. Həmin ərəfədə Azad da iş axtarırdı və işin Fransa şirkətində olmasını istəyirdi. Hər ikisini tanıdığım üçün onlara kömək etmək istədim. Onları mən görüşdürmüşəm. Görüş həm evimdə, həm də tədbirdə olub. Bunu etiraf edirəm. Həmçinin Azad Məmmədli dedi ki, vəsait almayıb və əməkdaşlıq etməyib. Bu barədə səs yazıları var. Onları dinləmək lazımdır. O səslərdən bəllidir ki, Azad Məmmədli onların xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu bilir və iş qarşılığında nə qədər vəsait alacağı barədə suallar verir. Azad mənim dostumdur. Ona bu işin təhlükəli olduğunu bildirirdim. O da mənə xəbərdar olduğunu deyirdi. Özümü bu iş üzrə təqsirli bilirəm”.
Azad Məmmədli bildirib ki, deyilənlər həqiqəti əks etdirmir: “Bu, yalandır. Martin özü 44 günlük Vətən müharibəsi zamanı onlarla tapşırıq yerinə yetirib. Bu istintaq materiallarında da var. O, hərbi təyinatlı tapşırıqlar alıb, yerinə yetirib və informasiyaları ötürüb. Bunu özü də etiraf edib. Martin ən azı 9 azərbaycanlını tora salıb. 10-cu mən olmuşam. Mən də rədd cavabı vermişəm. O, həmçinin onlara İlqar adlı iş adamının və əvvəllər hərbçi olmuş şəxsin və bu şəxslərin dostluq əlaqələri qurduğu insanların məlumatlarını ötürüb. 50-ə yaxın hərbi təyinatlı tapşırıqları yerinə yetirib. “Siqnal” tətbiqindən istifadə etmişəm. Buna səbəb isə Loranın bu əlaqə üçün bundan istifadə etməsi olub. Martin deyir ki, mən vəsait tələb etmişəm. Bu, belə deyil. Mən nə vəsait almışam, nə də tapşırıq yerinə yetirmişəm. Həmçinin Martinin şərab biznesi, şahmat müəllimliyi gözdən pərdə asmaq üçün olunub. O, birbaşa səfirlikdən və xüsusi xidmət orqanlarından deyil, dolayı yolla maliyyələşdirilib”.
Proses iyunun 23-ü davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.(APA)