Stalinin gizli dili, Puqaçovanın xalçası, dağda yaşayan “26-lar”dan birinin sirri... - REPORTAJ -
16 noyabr 2012 10:46 (UTC +04:00)

Stalinin gizli dili, Puqaçovanın xalçası, dağda yaşayan “26-lar”dan birinin sirri... - REPORTAJ -

Nə avtobus axtarmayın, nə də “Qazel”-filan. Xınalıq yolu deyilən yerdən ora sizi ancaq və ancaq necə deyərlər, dədə-baba “UAZ”-ları, rastına çıxsa, ən yaxşı halda “Niva” aparacaq. Vur-tut 25-30 km yoldur. Duman olmasa, saat yarıma birtəhər gedib çıxa biləcəksiz. Duman olsa, sürücü bu təbiət hadisəsinə söyməyəcək təkcə, bu hava şəraiti ilə rastlaşdığına görə, bəxtini də ağ yuyub, qara sərəcək. Baxmayaraq ki, 25-30 kilometrlik bu yola görə, ilk baxışdan kifayət qədər pul alıb. Düzdür, həmin pula siz iki dəfə Qubadan Bakıya gedib-gələ bilərsiz.

Amma…

Amması Uzunmeşəni keçib Susaya yol alanda bilinəcək. Bir də geri qayıdanda… əgər qayıtmağa maşın cəhənnəm, heç olmasa at tapa bilsəniz.

Hə, elədir, Qubanın mərkəzindən məsafəcə çox da uzaq olmayan Qrız kəndinə gedib-gəlmək çətin məsələdir. Özləri öyrəşdiklərindən “aşağıya”, Qubaya - aşağıya bax ha, - bir də martın axırı, aprelin əvvəllərində düşəcəklər. Vaxtı ilə yüzlərlə evin, 7 mindən çox insan yaşadığı Qrız kəndindən.

İndi onların çoxu çoxdan aşağıya düşüb, doğma kəndlərini tərk ediblər. İndi Qrızda 40 ev qala, ya qalmaya.

İndi Qrızda 20 adam yaşaya-yaşamaya.

İndi Qrızda qrızlıların dağılıb getməməyi üçün bir, hə bircə körpünün tikilib başa çatdırılmasına ehtiyac var.

İndi qrızların ən böyük problem ildə 6 ay sivilizasiyanı görüb-görməmək, 9 illik yarı uçuq məktəbləri, 30-cu illərin kənd kitabxanalarına bənzəyən kitabxanaları yox, məhz o körpü daha çox narahat edir. Qudyalçayın üzərindən salınan, əslində özlərinin saldığı körpü.

“26-lar”dan biri...

Qrızlar vaxtı ilə Qafqaz Albaniyasında yaşayan 26 alban tayfasından biridir. Daha doğrusu, tarixçilər belə deyirlər. Sən demə, onlar Hər tayfasının törəmələridir.

Qrız dili ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrız dilinə ən yaxın dil isə Buduq dilidir. Yeri gəlmişkən Qubada eyni adlı kənd də var - Buduq. Qrız dilinə yaxın dillərdə Qrız-Dəhnə, Cek, Əlik, Haput və Yergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan Qrız dilinin ləhcələri o qədər fərqlənir ki, bəzi alimlərin fikrincə, onları ayrı bir dil kimi götürmək olar. Bu sahədə ən son araşdırma aparan Grimes bu dilləri Qrız dilinin dialektləri kimi qeyd edib. Bəzi məlumatlara görə, dünyada Qrız dilində danışanların sayı on mini ötür.

Qudyalçayın sol sahilində yerləşən Qrız dəniz səviyyəsindən 2200 metrə yaxın yüksəklikdə yerləşir.

...və Avropada ikinci?

Hə, elə bu “və”nin ardını əbəs yerə davam etdirməyəcəyik. Məsələ ondadır ki, Azərbaycanda dəniz səviyyəsində yerləşən ən yüksək yaşayış məntəqəsi Xınalıq hesab edilir. Qrızlar isə bu statistika ilə razı deyirlər. Əslən bu kənddən olan Vaqif Sultanlı bizimlə söhbətində deyir ki, yazılanlar düzgün deyil.

- Qrız kəndi Xınalıq yolunun üstündə yerləşir. Və adama elə gəlir ki, qarşıda olan Xınalıq daha hündürdədir. Amma yol boyu eniş və yoxuşları hesablasalar, məlum olar ki, Qrız daha hündürdə yerləşir. Aydın, açıq havada bunu daha rahat müşahidə etmək mümkündür. Qrız 30-31 metr hündürdə yerləşir, Qafqazda, daha dəqiqi Avropada təkcə Kuruş kəndindən geri qalır. Kuruş Avropanın dəniz səviyyəsində yerləşən ən yüksəklikdə olan kəndidir. Bizim Kuruşla işimiz yox, nə vaxtsa ora da yolumuz düşər. Hələ ki Qrıza doğru yol almaqdayıq…

***

Kəndin yolundan danışmaq fikrimiz yoxdur, çünki yolun özü yoxdur. Məsafəcə Qrızdan uzaqda yerləşən digər dağ kəndləri Qırız-Dəhnə, Cek, Haput və ya Xınalığın özünə gedib çıxmaq Qrıza getmək daha asandır.

Xınalıq yolu çəkiləndə qrızlar, nəhayət, onların da yol probleminin birdəfəlik həll olunacağına sevindilər. Qudyalçayın üstündən körpü salmaqla vur-tut 4 km yol qrızlıların yolsuzluq probleminə birdəfəlik son qoyacaqdı. Amma nədənsə bu körpü yaddan çıxdı. Əlləri hər yerdən üzülən kənd sakinləri problemi özləri həll etməyə girişdilər.

Qrız sakini İlham deyir ki, bütün kənd bu körpünün tikintisində iştirak edib. Bəlkə də təəccüblənəcəksiniz, amma bu körpü Azərbaycanda tikilən bəlkə yeganə körpüdür ki, nə mühəndisi olub, nə iş icraçısı… Körpü tikintisi üçün ərazidə heç bir planlaşdırma, geodeziya işləri aparılmayıb. Üstəlik, təbii şərait, seysmik vəziyyət - bu zona sürüşməyə meylli zonadır - də nəzərə alınmayıb. İstifadə edilən tikinti materiallarının yararlığını belə yoxlayan olmayıb.

- Bir sözlə, camaat özü tikib və hələ də tikir. Kimin həmin gün təsərrüfatında işi yoxdursa, körpünün tikintisinə gəlib burda əlləşib, zəhmət çəkir. Fəhlə də özümüzük, mühəndisi də. Neçə ildir tikirik, hələ başa çatdıra bilmirik. Çünki öz hesabımızadır. Biri qoyununu satır, biri keçisini. Biri fəhlələrin naharını hazırlayır. Beləcə tikirik. Görək nə vaxt başa çatır. Burdan hələ ki maşın keçə bilməz, çox risklidi. Sizcə keçər?

Bunu da Yaşar deyir. Deyəsən Bakıdan gələnləri buralarda həm də körpü mütəxəssisi hesab edirlər.

Adına körpü dediyimiz bu “mühəndis-texniki qurğu”nu keçmək də bir əzab, bir həyəcandı. Yaşlı adamların və uşaqların bu körpüdən necə keçməsini təsəvvür etmək isə mümkün deyil. Amma keçirlər. Kənd sakinlərin dediyi kimi, toyu var, yası var. Amma çay ilin bütün fəsillərində bol sulu və dərin olduğundan çox təhlükəlidir.

Əsli nənə deyir ki, hər dəfə bu körpünü keçəndə o dünyaya gedib-qayıdır. Kənd sakinlərin ən çox narahat olduqları isə uşaqlardır.

Puqaçova üçün Qrız xalısı

Uşaqlar demişkən, bu kənddə məktəb də var. 9 illikdir. Qrız məktəbində təhsilin səviyyəsindən danışmağa isə dəyməz. Hər sinifdə 4-5 uşaq oxuyur, onlar da məktəbə getmirlər. Sakinlərin dediyinə görə, məktəbdə ixtisaslı müəllimlər yoxdur. Uşağına təhsil vermək istəyənlər isə onları başqa kəndlərdə yaşayan qohum-əqrəbalarının evinə qoyur ki, o kənddəki məktəbdə dərs alsınlar.

Kəndin kitabxanasının isə nə vaxt açıldığını görən olmayıb. Açığı, Qrız camaatı heç kitabxana hayında da deyil. Kənddə heç bir iş yerindən söhbət gedə bilməz. Camaat əsasən qoyunçuluqla məşğuldur. Çünki burda başqa məşğuliyyət də yoxdur. Bir də xalçaçılıqla məşğul olur buranın camaatı. Qızlar artıq 13-14 yaşından xalça toxumağı öyrənirlər. Əslən Qrızdan olan Arif deyir ki, bu kənddə toxunan xalçalardan biri hazırda məşhur sovet estrada ulduzu Alla Puqaçovanın evindədir.

- Həmin xalçanı Alla üçün onun Gülağa adlı bir tanışı sifariş etmişdi. Gülağa buzovnalıydı, Leninqradda gül alveri ilə məşğul olurdu. Puqaçova ilə də münasibətləri olub. Allanın ad gününə onun portreti həkk olunmuş xalça sifariş vermişdi, Qrızdakı nənələrin birinə. Yadımda deyil həmin xalçaya nə qədər pul vermişdi, amma çox razı qalmışdı. Sonradan bir dənə də xalça toxutdurmaq üçün kəndə gələndə Allanın xalçaya valeh olduğunu ağız dolusu danışardı.

***

Qrızların ət, süd, yağ sarıdan problemləri olmasa da, digər ərzaq və qeyri-ərzaq mallarını mağazadan alırlar, təbii. Amma bütün bu malları da ilboyu mütəmadi ala bilmirlər. Noyabrın ortalarında sonuncu dəfə Qubaya düşən qrızlar lazımi malları alıb gətirirlər, bir də aprel ayında şəhərə qayıdırlar. Çünki qışda nəinki Bakı, rayon mərkəzi ilə belə əlaqə, gediş-gəliş müşkül məsələyə çevrilir. Hə, lap yaddan çıxmamış qeyd edim ki, Qubanın Qrız kəndi Azərbaycanda ən çox qar düşən kənddir. Sakinlər deyir ki, burda qışda Allah eləməsin, kimsə meşədə, dağda itsə, axtarmağın mənası yoxdur, yazı, qarın əriməsini gözləmək lazımdır.

Düzdür, kənddə tibb məntəqəsi fəaliyyət göstərir, amma həmin məntəqənin də nə vaxtsa açıq olduğu kənd camaatının yadına gəlmir.

Kənddə işıq var, çox nadir hallarda - o da güclü külək əsəndə - sönür. Qaz isə yoxdur. Qrız camaatı qızınmaq və yemək hazırlamaq üçün dədə-baba vasitələrindən, təzəkdən istifadə edirlər. Təzək isə bütün yay boyu hazırlanır, sonra xüsusi saxlanc yerlərinə yığılır.

Qrızdan Peterburqa səyahət

Kəndin ərazisində bir qədim məscid də var. Bəzi məlumatlara görə, bu məscid Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim Əl Xorasani tərəfindən təxminən VIII əsrdə inşa edilib. Amma bunu təsdiq edən tarixi mənbələr çox azdır.

Kəndin ucqarda, necə deyərlər, əlçatmaz yerdə olmağına baxmayın. Sən demə, qrızlar arasında zadəgan titulu daşımış şəxs də olub. Bu balaca dağ kəndindən imperiyanın paytaxtı Peterburqa gedib çıxan Süleyman bəy polkovnik rütbəsinə kimi yüksəlib, 25 il çar ordusunda qulluq edib.


Stalinin yanında qrız dilində kim danışarmış?

Qrızla bağlı elə tarixi məlumatlar danışırlar ki... Kənd sakinləri deyir ki, - onlara da qocalar danışırmış - sən demə, Böyük Vətən Müharibəsi başlayanda Qrızda yaşı 18-i keçmiş hamı döyüşə yollanır. Qocalar danışır ki, Bakını bombalamağa uçan alman təyyarələrini səmada görən qrızlar, o dövrdə yaşına görə müharibəyə getməyən qocalar əllərindəki ov tüfəngləri ilə həmin təyyarələr atəş açırmışlar. Müharibənin əvvəllərində, almanlar Şimali Qafqaza gəlib çıxanda Mozdok ətrafında gedən döyüşlərdəki topların səsi Qrıza kimi gəlib çatırmış. Bu isə uşaqlarda, qadınlarda bərk narahatlıq yaradırmış. Ona görə də, müharibə illərində onlarla qrız ailəsi kəndi tərk edərək, Qubaya, Xaçmaza, İsmayıllıya köçüb.

Böyük Vətən Müharibəsi ilə bağlı bir maraqlı məqamı da danışır qrızlar. Onların dediyinə görə, dünyanın ən az öyrənilmiş və unikal dillərindən olan qrız dili Böyük Vətən Müharibəsi illərində gizli rabitədə işlədilən əsas dillərdən biri olub. Sən demə, SSRİ Müdafiə Nazirliyinin Moskvadakı Baş qərargahında əyləşən rabitəçilərdən biri qrız olub. Ona məlumat da qrız dilinə çevrilərək verilirmiş. Bu da o məqsədlə edilirmiş ki, alman kəşfiyyatı xəttə girib qulaq asanda rabitəçilərin bir-birinə ötürdüyü informasiyalardan heç nə anlamasınlar.

***

Sanki göyün üzünə dirənən bu kənd ekoloji turizm üçün əvəzedilməz məkandır. Amma turist üçün heç olmasa adidən də adi infrastrukturu ola. Burda isə yol yoxdur. Kəndi, necə deyərlər, “sivilizasiya” ilə birləşdirən körpünü isə… elə kənd camaatı tikirsə.

…Qubaya qayıdarkən rayon icra hakimiyyətinin başçısının birinci müavini Yusif Abidovla əlaqə saxladıq. Elə ilk sualımızın cavabını eşidəndə kimi də şaşırdıq: “Qrız kəndinin yol və körpü problemi həll olunub. Artıq körpünün açılışı da baş tutub”.

Necə deyərlər, “no komment...”

Səbuhi Məmmədli,

Bakı-Quba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11075

Oxşar yazılar