Aysel Əlizadə yazır: “Güzgü məsələsi...” – ON DÖRDÜNCÜ MƏKTUB
06 noyabr 2012 00:23 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Güzgü məsələsi...” – ON DÖRDÜNCÜ MƏKTUB

Ondan-bundan, ordan-burdan narazı ola bilər insan. Hökumətdən də narazı ola bilər, ərindən də, arvadından da... Ola bilər, çox ola bilər. Nədənsə, ya elə hər nədən darıla bilər, yorula bilər. Ancaq ömür boyu darıla-darıla yaşamaq adamı daraldır, balacaladır. Darılmaq azdı, “etmək” də lazımdı. Mütləq etmək...

Etibar Məmmədovla maraqlı bir müsahibəmiz olmuşdu. Bir fikir söylədi: Dövlət deyəndə bizim xalqın ağlına yüksək rütbəli məmurlar gəlir, hakim qüvvə gəlir.

Mən bu barədə xeyli qafa yordum. Həm də ifadə xoşuma gəldi.

Gerçəkdən də hakimiyyət dəyişən mexanizmdi. Dövlətsə dəyişməzdi. Dövlət - ölkədi, xalqdı, hakimiyyətdi, qanunlardı, atributlardı. Bunların hamısı bütövlükdə dövlətdi. Xalq özünü dövlətin bir hissəsi bilsə, ya da xalq dövləti özününkü saysa, dövlətin nə olduğunu təsəvvüründə canlandırsa - tamlıqla, aydın, obyektiv, ayıq gözlə, nəyin pis, nəyin yaxşı, kimin doğru, kimin yanlış olduğunu görər. Bilər ki, ölkədə nə qaydasındadı, nə qaydasında deyil. Sizə deyim ki, dövlət anlayışını təkcə xalq yox, məmurlar - dövlət(in) adamları (mən onlara klassiklər deyirəm) da hiss eləsələr, ortalıq xeyli durular.

Klassik olanda nolar? Bir xalqa qaynayıb-qarışın, bir sosial şəbəkədə görünün, arada bir sükan arxasına keçin, mağazaya girib 2 kilo konfet alın, parka çıxıb havanızı dəyişin. Cinsdə-zadda dolaşın. Bir dəfə işçilərlə salamlaşın, xarizmanız, bicliyiniz olsun. Bir şirinlik edin, özünüzü istədin. Heç olmasa həftədə bir dəfə idarəyə gələndə tapşırın işçilər gizlənməsinlər, əksinə, koridorda toplaşıb sizi gözləsinlər. Bəlkə, xalq canlı klassik görmək istəyir? Bunu xalqa niyə çox görürsüz? Yazığın onsuz da çox şeyi qalmayıb, hayı gedib, vayı da elə hayın günündə. Heç olmasa arada bir yalandan üzgörənlik edin, öpücük-filan yollayın, üzünüz görünməsə də, maşının pəncərəsini azca aşağı endirib üç-dörd barmaqlı “salyut” atın xalqa. Düz demirəm? Bir hiss eləyin xalqı, qoy o da sizi hiss eləsin. Özünüz də görəcəksiz ki, adamın içalatı necə rahatlayır. O zaman yan-yörənizə çoxlu güzgülər düzüb “ güzgü, güzgü , de görüm kim daha böyükdü ” sualına yalan-palan cavablar almağa ehtiyac da qalmayacaq. Nə də o qədər güzgü lazım olmayacaq. İsrafdan da qurtulacaqsız, gümanlardan, şübhələrdən də. Bircə güzgü olacaq, o da həqiqəti söyləyəcək: Dövlət hamıdan böyükdü! – deyəcək.

Ötən məktubda yazmışdım ki, ixtidarla müxalifət (x -nı özüm yazdım, qoy ikisində də olsun) bu vəziyyətdə heç vaxt anlaşa, heç danışa bilməz. Niyə? Çünki bu ona “sən pis idarəçisən”, o buna “sən tamam bacarıqsızsan”, bu ona “20 ildi bir iş görəmmirsən”, o buna “ 20 ildi sənin bir ildə dağıtdığını düzəldirəm” deyir. Güzgülərin çoxluğu burda da işləri korlayır. Aydın olmur, kim haqlıdı, kim haqsız.

Bu onu eşitmək istəmir, o bunu. Çünki danışmaq üçün gərək konkret mövzu ola. “Sən belə elədin, mən belə” öcəşməsi yox. Konkret mövzu üçün isə gərək çoxgüzgülü formatdan təkgüzgülüyə keçək.

Bir yekə “dövlət” adlı güzgümüz olsun. Hamı onda güzgülənsin. Yoxsa, elə hey burdan Avropaya dərin bir “ahh...” yollayacağıq.

Məktub bitmir. Sabah ardını yazacam...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2107
avatar

Aysel Əlizadə

Oxşar yazılar