Aysel Əlizadə: “Göynəyən yara…” - ON İKİNCİ MƏKTUB
01 noyabr 2012 21:16 (UTC +04:00)

Aysel Əlizadə: “Göynəyən yara…” - ON İKİNCİ MƏKTUB

Gecəniz xeyir. İlk məktubda “siz də mənə yazın” demişdim. Sağ olun ki, yazırsız. Yazmasaydız, özümü təkbaşına danışan adam kimi hiss edərdim. Birtərəfli məktublaşma olmur axı…))Düzdü, ara-sıra ünvansız yazdığım məktublar da olub. Ancaq onları çap etdirməmişəm. Danışmağım gəlib, havaya məktub yazmışam. Bir sirr açım sizə. Məktubları yazdıqca nağıllardan bildiyimiz şüşə içərisindən çıxan ünvansız yazının fəlsəfi çözümünü aydınlaşdırdım özümçün. Bunu necə izah eləsəm, yenə də tam anlayış yaransın deyə gərək özünüz yaşayasız. Heç belə bir iş gördünüzmü? Məktub yazıb, şüşənin içinə qoyub, dənizə tulladınızmı? Yoxlasaz, özünüzə də maraqlı olar. Sonra adamın içində heç qərib bir duyğu baş qaldırır. Bunu yazdım, yadıma bir şeirim düşdü. İstəyirsiz onu da yazım?))) Tamam.
Buyurun:
məni at bir gün tapılacaq yerə
unudulmuş söz kimi vıyıllat
...
O yerə at ki,
Orda unudulmur sözlər.
Söz ver, söz ver
Gələcəksən bir gün.
At...
Əlindəki daşı
dəniz uzaqlığına atan
bir adam kimi
ya bir sirr kimi
yaz kağıza, şüşədə gizlət,
batır dənizdə.
Ancaq rütubət
olmayan yerdə
bir gün mütləq
tapsın kimsə
o adam yenə sən ol.
yenə sən...

Məktub yazmağa adam tapmayanlar həmişə olub. Qədim zamanlarda insanlar dərdləşmək istəyəndə yazıb, şüşəyə yerləşdirib, dənizdə batırırlarmış məktubları. Bir gün Güney Azərbaycandan mail ünvanıma belə bir məktub gəldi: “Aysel xanım, burda öz dilimizdə nəsə yazmaq imkanımız yoxdu. Mən öz dilimdə nəsə yazmaq istəyirəm. Məsələn, məktub . Ancaq kimə yazım bilmirəm. Ağlıma sizdən başqa heç kim gəlmədi...” Bu məktub içimi darmadağın elədi. O bir fikir var e, hamı işlədir: “Həm sevinclidi, həm kədərlidi...” Bax gerçəkdən elə məqamlar olur ki, iki hissin ikisi də canından paralel keçir. İnanılmaz dərəcədə sevindim. Tanımadığımız birinin uzaqdan-uzağa bizi özünə məhrəm bilməsi, bizə güvənməsi yaşam boyu insanlıq adına əldə edə biləcəyimiz qazanclardan biridi. Ancaq bunun ağrılı tərəfi daha böyük idi... Güney Azərbaycan yarası yəqin ki, həmişə göynəyəcək.

Təkcə ona görə yox ki, bədənimizin çox hissəsidi, kəsilib. Ona görə ki, orda yaşayan soydaşların sorunları bitib-tükənmir. Dövlətləri onları saya salmır, incidir. 100 min adam zəlzələdən sonra ev-eşiksiz qalıb ortalıqda. Qış gəlir. Bu adamların durumu necə olacaq? Heç yerə ümid qalmayanda adam necə yazıq-yazıq Tanrının ətəyindən yapışır... Dəhşətdi.

Yaxşı ki, siz də mənə məktub yazırsız. Yoxsa bütün günü belə düşüncələrlə öz-özünə danışan adama dönüb dəli olaram sonunda. Yazmaq nədi ki? Yazmaq düşünməkdi. Yazı düşüncənin exosudu, bərk halıdı, görünüşüdü.

Vaxt olduqca məktublarınızı oxuyuram, eləsi var qürurlandırır, eləsi var qarpızlandırır, eləsi var kövrəldir. Eləsi var özümdən çxıarır, əsəbləşdirir. Ancaq bütün bunlar mənimdi. Şəkəriylə-istiotuyla.

Bu dəfə xoşuma gələn məktublardan bir neçəsini seçmişəm. Siz də baxın, görək yazışmamız necə gedir...

“9-cu məktub... Gözyaşlarıma səbəb oldu. Mən də qız anası olacağam yaxın günlərdə. Artıq bir həftədir ki, qızım doğum tarixini ləngidir, bu iyrənc dünyaya gəlmək istəmədiyini duyub, hər gün içdən-içə yanıram. İndidən qızımın hərəkətlərində (bətnimdəki) bir kədər,bir hüzn duyuram. Bu ilahi sevgidir. Mən heç kimi bətnimdəki körpə qədər sevməmişəm. Laqeyd atası isə… hələ ki, "böyük aptal kuklalarla" məşğuldu. Yazınızdan sonra ozumə söz verdim ki, nə olursa-olsun, körpəmi o aptal kuklalara qurban verməyəcəm, onu atasız böyütməyəcəm. Baxmayaraq ki, yazınızı oxumazdan yarım saat əvvəl yemək yeyərkən boşanmaq istədiyimi ərimə deməyin zamanı olduğu haqda düşünürdüm. İndi isə daha güclü hiss edriəm özümü. Canı çıxsın övladının qayğısına qalsın, nazına dözsün. Urəyinizə sağlıq, təşəkkürlər…” Lalə.

“Salam Aysel xanım. Necəsiniz? Sizi televiziyadan tanıyıram. Atamla mənim günorta ən sevimli verilişimiz idi, çünki sizi çox bəyənirdik. Sonralar sizi heç yerdə görmədim.Nəhayət, tapdım. Bunu sizə niyə yazıram bilmirəm. Sadəcə olaraq sizin məktubları oxuyandan sonra hər dəfə əlim istər-istəməz mesaj yerinə gedir. Hər dəfə də məktubumu yarıda silirəm. Deyə bilərsiniz - hə nooolsun?, amma mən yenə də sizi çox bəyəndiyimi, takib etdiyimi və gözəl balanızla həyatınızda hər seyin yaxşı olmasına sevinənlərdən biri olduğumu bilmənizi istədim. Hələlik. Uğurlar” Zülfiyyə.

“Aysel xanım, atalıq məsuliyyətini təkrar xatırladan, valideyn olmaq, ola bilmək bacarığını hüzünlə anlata bilmək hissi ilə dolu olan yazınız üçün sizə minnətdaram, baxmayaraq ki, mən ata kimi həm oğlumun, həm də qızımın bəzən oyuncağı oluram, bəzən qoruyucusu...” Elxan.

“Gecəniz xeyir...artıq yatmaq vaxtıdi. Ancaq mən xanımın səhər açılan gözlərini görmək üçün oyağam. Valeh oluram yaşadığım o ana...gözləri sanki gecənin şehi kimi... Və zanbaqlar olkəsinə səyahətimi gözləyərkən yazılarınızı oxuyuram. Ugurlar Aysel. Allah urəyinizə görə versin”. Sənan.

Salam, Aysel xanım... “Gözlərimi yormaq məcburiyyətində” qalsam belə :) sizin təbirinizcə yazdım, lent.az-da yazılarınızı oxuyuram... Düzdü, 8 rəqəmini heç xoşlamıram, o rəqəmlə bağlı heç yaxşı şeylər eşitməmişəm, amma sizin 8-ci məktubunuzu çoooox bəyəndim və bunu sizə bildirməyi özumə sadəcə borc bildim... Kaş elə dostlardan heyatda cox ola, onda məncə istənilən problemin həlli çox asanlaşar. Təşəkkür edirəm...

P.S. Özümü təqdim etmədim. Sadəcə oxucunuz Könül...

Sizə maraqlı olarsa, ara-sıra mən də öz məktublarımla sizin gözlərinizi yora bilərəm “

“Doqquzuncu mektubda bəhs etdiyiniz filmi deyil, Sizin filmi, düşüncələrinizi izləmiş oldum. Uşaqlara qarşı həssas olmalıyıq”. Habil


[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2135
avatar

Aysel Əlizadə

Oxşar yazılar