“Həbsxanalar bizim gözümüzlə” - İCTİMAİ MÜZAKİRƏ
18 oktyabr 2012 14:28 (UTC +04:00)

“Həbsxanalar bizim gözümüzlə” - İCTİMAİ MÜZAKİRƏ

Lent.az-ın məlumatına görə, tədbir “İnsan Haqları Uğrunda” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə QHT rəhbərləri, hüquq müdafiəçiləri, Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, keçmiş siyasi məhbuslar, ziyalılar iştirak edib.

“İnsan Haqları Uğrunda” İctimai Birliyinin rəhbəri Eynulla Fətullayev geniş məruzə ilə çıxış edib. E.Fətullayev bildirib ki, bu tədbir Azərbaycanda həbsxanaların vəziyyəti ilə bağlı keçirilən ilk ictimai dinləmədir: “Həm beynəlxalq təşkilatlar, həm də yerli təşkilatlar etiraf edərək bildirirlər ki, Azərbaycanda insan haqları ilə bağlı ciddi narahatlıqlar var, lakin son vaxtlar cəzaçəkmə müəssisələrində saxlanma şəraiti ilə bağlı kifayət qədər irəliləyişlərə də nail olunub. Artıq Azərbaycanda Avropa standartlarına cavab verən cəzaçəkmə müəssisələri var. Bunlardan 1 saylı Bakı İstintaq Təcridxanasını, Şəkidə və Naxçıvanda yeni tikilmiş cəzaçəkmə müəssisələri komplekslərini göstərmək olar. Həmçinin 3, 4, 9, 11 saylı müəssisələrdə də xeyli işlər görülüb, şəraitin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilib”.

E.Fətullayev bildirib ki, hazırda Azərbaycanın cəzaçəkmə müəssisələrində kriminal üsullarla idarəçilik, “obşak” anlayışı mövcud deyil: “Keçmiş sovet ölkələri arasında yalnız Azərbaycanda və Gürcüstanda buna nail olunub. Həm də hazırda müəssisələrə narkotik vasitələrin keçirilməsi, satışı da demək olar ki, yığışdırılıb. Vaxt var idi ki, 6 saylı cəzaçəkmə müəssisəsində açıq bazar idi. Burada narkotik vasitələr açıq-aşkar satılırdı. Hətta müəssisənin mağazasında xüsusi lövhə də yazırdılar ki, “şor gəlib”, yəni heroin var. Həmin həbsxananın rəisi sonradan həbs olundu”.

Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin 1-ci katibi və siyasi işlər üzrə müşavir Fredrik Hanke həbsxanalarla bağlı gənc yaşlarında başına gəlmiş hadisədən danışdı. Bildirdi ki, səfirlik “İnsan Haqları Uğrunda” İctimai Birliyinin həbsxanalarda monitorinq keçirməklə bağlı layihəsini tərəddüd etmədən maliyyələşdirmək və dəstəkləmək qərarına gəliblər: “Çünki həbsxanalardakılar tək cinayətkar deyil, onlar həm də insandırlar və insani münasibət görməlidirlər”.

İctimai dinləmədə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov da çıxış edib. M.Sadıqov hazırda Azərbaycanda cəzaçəkmə müəssisələrində şəraitin yaxşılaşdırılması üçün kompleks tədbirlərin həyata keçirildiyini və yaxın gələcəkdə vəziyyətin daha da yaxşıya doğru dəyişəcəyini vurğulayıb.

Qeyd edək ki, tədbirdə keçmiş məhbuslar Rauf Arifoğlu, İqbal Ağazadə, Fazil Mustafa, Pənah Hüseyn, İlqar İbrahimoğlu, Ruslan Bəşirli, Bəxtiyar Hacıyev və başqaları da iştirak edib. Onlar da söz alaraq həbsxanalardakı vəziyyət, problemlər, başlarına gələnlər barədə danışıblar.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1942

Oxşar yazılar