Çörəyin və həyatın qiyməti-DEPUTAT YAZIR
14 oktyabr 2012 11:38 (UTC +04:00)

Çörəyin və həyatın qiyməti-DEPUTAT YAZIR

Son günlər unun və un məmulatlarının qiyməti 20 faiz artıb. Bunu çörək istehsalçılarının məlumatı əsasında hesablamağa çalışsaq, əvvəlki 500-600 qramlıq məhsulun 30 qəpiyə satılması fonunda indi çəkiyə daha 200 qram əlavə edilib və 10 qəpiklik bir artım həyata keçirilib.

Bu mütənasiblik çox az vaxt keçəndən sonra təbii ki, alıcıların ziyanına dəyişəcək. Yəni, çəki əvvəlki göstəriciyə qayıdacaq, qiymətsə, belə də qalacaq. Çünki ortada iqtisadi əsaslar müvcuddur və artıq Kənd Təsərrüfatı Nazirliyi dünyada taxılın istehsalının azalması və qiymətinin artması fikrini irəli sürüb.

Deməli, inzibati qərarla və yumruqla istehsalçıların, həmçinin dəyirman və satıcıların üzərinə yerimək əbəsdir. Bu sahənin köklü problemləri ötən dövr ərzində dövlət siyasətinin əsas hədəfində olub və ərzaq təhlükəsizliyi proqramları, taxılçılığın stimullaşdırılması üçün sahələrin yaradılması, böyük subsidiyaların və fondun nəticəsində daxili şərait dəyişib. Lakin indi ÜDM-də kənd təsərrüfatının payı ilə bağlı rəqəmləri bura daşıyaraq qeydlərimi ağır iqtisadi mövzuya çevirmək istəmirəm.

Yalnız kənd üzrə səlahiyyətli nazirliyin son məlumatlarına diqqət yetirməyə dəyər. Bu ilin məhsul yığımına dair statistika belədir: ”Sentyabrın 1-nə Azərbaycanda 993,2 min hektar dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) sahəsi (99,7%-i) biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 2 616,2 min ton və ya ötən ildəkindən 13,7% çox taxıl toplanıb. Hektarın orta məhsuldarlığı 24,7 sentnerdən 26,3 sentnerədək yüksəlib”. Digər dənli bitkilərdən bəhs etmirik. Deməli, 1 milyon hektar sahənin Azərbaycan insanının taxıl ehtiyacını ödəməyə gücü şatmır. Əmək qabiliyyətli əhalinin 42 faizinin yaratdığı məhsuldarlıq heç bir Avropa ölkəsilə müqayisə oluna bilmir. Nəzərə alaq ki, yuxarıdakı 2.7 milyon tondan təxminən 1.7 milyon ton ərzaq buğdası alınır. Bu xalqın illik ehtiyacı isə 3 milyon tondan bir az çoxdur. Elə isə xaricdən asılılıq fonunda bazar kənar təsirlərə həssas reaksiya verəcək. Bu millətin qida rasionu başqalarından fərqlidir. Min illərdi k, belədir.
Gündəlik qidalanmanın 15 faizini çörək təşkil etdiyi halda menyüdə paylanma hər kəsin imkanlarına görə fərqli dəyişir. Dünyanın ən çox çörək yeyən milləti hansıdır? Məsələn, ruslarda adam başına bir aylıq göstərici 10 kq-dır. Avropa xalqlarında bu rəqəm daha da kiçikdir. Bu artıq onların süfrə mədəniyyətin, həyat və sağlamlıq fəlsəfəsinin əsasına çevrilib. Bizdə isti iqlim qurşağı və Günəşdən aldığımız zərbələri çörəklə dəf edirik. Hələ də klinik analizlər aparılsa da, yapışqanlıq tərkibinə və orqanizmdə doğurduğu digər ziyanlara görə çörəyin optimal istifadəsinə ehtiyac var, lakin bu düstur şərq xalqlarında işləmir.
Vətəndaşımızın həyartı birbaşa çörəyin qiyməti ilə müəyyənləşir. Bu təkcə sosial məsələ deyil. Çörəyin qiymətində taxıl, istesal avadanlıqları, əmək qüvvəsi, gəlir əmsalı, daşınma və satış müəssisəsinin faydası mühüm amillərdir. O cümlədən, aparıcı sortlar, əkin, qulluq, biçin və saxlamaya dair elmi müəssisələrin yüz illik təcrübələri mövcuddur. Lakin nə qədər ki, bu ölkənin yararlı torpaqlarının 1 milyon hektarı Hollandiyadakı məhsuldarlıqdan 2.2 dəfə aşağ olacaq, onda belə Kənd Təsərrüfatı Nazirliyini Bakıda-paytaxtda saxlamağın heç bir adı yoxdur.

Azərbaycan kəndinə yönələn siyasəti həyata keçirməli olan bir qurumun ayağı torpaqda olmasa, onların haram statistikası dəyişməyəcək. Aparıcı innovasiyalara və dəqiq strategiyaya malik olan bir nazirlik 500 min hektar halında bu millətin taxıla olan ehtiyacını təmin edərdi. Çörək həmişə şirin olacaq, nə qədər acı yollarla əldə olunsa da. Hər gün ekranlardan bizə bu əziz nemətin başına açılan cinayətlər göstərilir və həm də ÇÖRƏK HAQQI BU MİLLƏTDƏ DİNİN VƏ İMANIN HAQQINDAN ÜSTÜN TUTULUR. Paradoksdur, deyilmi?

İnsan həyat uğrunda savaşını elə həmişə ÇÖRƏK QAZANMAQ kimi qələmə verir. Həyatın qiyməti çörəkdən asılıdır. ÇÖRƏYİN DƏYƏRİ YÜKSƏK, QİYMƏTİ AŞAĞI OLMALIDIR..


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2149
avatar

Zahid Oruc

Oxşar yazılar