Keşlə dəmir yolu qovşağında mülki müdafiə təlimi keçirilib - FOTO
04 oktyabr 2012 10:28 (UTC +04:00)

Keşlə dəmir yolu qovşağında mülki müdafiə təlimi keçirilib - FOTO

Bu gün Bakı şəhər yük stansiyasının ərazisində Keşlə dəmir yolu qovşağı üzrə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, təlimin əsas məqsədi fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, qovşağın FHK-na, obyekt rəhbərlərinin Mülki Müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi olub.


“Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlükəsizliyi üzrə baş texniki inspektorluğun təşkilatçılığı ilə keçirilən təlimdə dəmir yolu qovşağının obyekt rəhbərləri, rayon və qovşaq Fövqəladə Hallar Komissiyasının üzvləri, Mülki Müdafiə qüvvələri iştirak ediblər. Hazırlıq işləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirovun şəxsi nəzarəti ilə yüksək səviyyədə həyata keçirilib. Bakı şəhər yük stansiyasının yük həyətinin ərazisində keçirilən təlim-məşq toplantısı həyəcan siqnalının verilməsi ilə başlanıb. Mülki Müdafiə rəhbərləri Keşlə qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplanıb. Qərargah rəhbəri, Keşlə stansiyasının baş mühəndisi Rauf Hüseynov məlumat verib ki, şərti olaraq səhər saatlarında Bakı şəhəri ərazisində 6 bal gücündə zəlzələ baş verib, Keşlə dəmir yolu qovşağında dağıdıcı zəlzələ təsirsiz ötüşməyib. Zəlzələ nəticəsində vaqonlar relsdən çıxaraq aşıb, yanğın baş verib. Baş verən zəlzələ nəticəsində Bakı şəhər yük stansiyasının ərazisində dayanmış vaqonlardan biri çevrilib, biri relsdən düşüb, stansiyada xidməti binaların bəzi sahələrində uçqunlar olub. Relsdən çıxmış vaqonda yanğın baş verib, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.


Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Mülki Müdafiə qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. Təhlükəsizlik komandasının ictimai asayişi mühafizə qrupu ərazini dərhal çəpərləyib və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görüb. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib. Kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirlərinə, manqa komandirləri öz növbəsində nəticələri mülki müdafiə rəhbərinə məruzə ediblər. Müvəqqəti rabitə bərpa edilib. Yanğından mühafizə qatarı əraziyə daxil oldu, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Yaralılar kənara çəkilib. Təcili tibbi yardım maşını əraziyə daxil olub, sanitar manqaları işə başlayıblar. Yaralılara ilkin tibbi yardım göstərilib və xərəklə tibb məntəqəsinə aparılıblar.

“Fövqəladə Hallar Qatarı” MMC-nin bölmələri və digər bərpa qrupları müxtəlif istiqamətlərdən əraziyə yaxınlaşaraq bərpa işlərinə başlayıblar. Yanğın tamam söndürüldü, relsdən çıxmış vaqon qaldırıldı. Yolun sıradan çıxmış hissəsi bərpa olunub. Bərpa işləri başa çatandan sonra hər bir qrup və manqa komandirləri Mülki Müdafiə Qərargah rəhbərinə məruzə ediblər. Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki inspektorluğun Mülki Müdafiə üzrə texniki inspektoru İsa Xudiyev çıxış edərək qovşaq Mülki Müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib və aktiv iştiraka görə hər kəsə minnətdarlıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653

Oxşar yazılar