Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatının aparılması qaydası təsdiqləndi
28 sentyabr 2012 10:26 (UTC +04:00)

Çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatının aparılması qaydası təsdiqləndi

Lent.az-ın verdiyi məlumata görə, bu Qayda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədi ilə bütün çağırışçı və hərbi vəzifəli şəxslərin müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınmasını müəyyən edir.

Bütün çağırışçılar və hərbi vəzifəlilər “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş hərbi qeydiyyat qaydalarına ciddi əməl etməlidirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa əsasən, bütün çağırışçılar və hərbi vəzifəlilər SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyatda durmalıdırlar. Hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər. Hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxmaq üçün çağırışçılar və hərbi vəzifəlilər SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə şəxsən müraciət etməlidirlər.

Daxili İşlər Nazirliyinin müvafiq qurumları çağırışçıları və hərbi vəzifəliləri yalnız hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata alınma və ya hərbi qeydiyyatdan çıxarılma barədə SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalıdırlar. Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri hərbi vəzifəlilərin və çağırışçıların öz soyadını, adını, atasının adını dəyişdirməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər. Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış çağırışçılara dair onların qeydiyyatda olduğu SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər. Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər.

Tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olan və ya əlil sayılan bütün çağırışçılar və hərbi vəzifəlilər barədə onların hərbi qeydiyyatda olduğu SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər. Mənzil-istismar təşkilatlarının və yaşayış sahələrinə xidmət edən digər idarəedici təşkilatların rəhbərləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, bunlar olmadıqda, binanın sahə mülkiyyətçiləri hərbi vəzifəli və ya çağırışçı sakinlər barədə tələb olunan məlumatları onların hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə vaxtında təqdim etməlidirlər.


Çağırışçılar və hərbi vəzifəlilər iş yerlərində və təhsillərində olan dəyişikliklər barədə hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər. Çağırışçılar və hərbi vəzifəlilər ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəni və ya hərbi bileti qəsdən korladıqda, etinasız saxlanılma nəticəsində itirdikdə, hərbi qeydiyyatda olduqları SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə məlumat verməlidirlər. SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2352

Oxşar yazılar