Azərbaycanda radonun həcmi aktivliyinin paylanma xəritəsi Praqada təqdim olunub
26 sentyabr 2012 12:36 (UTC +04:00)

Azərbaycanda radonun həcmi aktivliyinin paylanma xəritəsi Praqada təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda yeni tərtib olunmuş “Azərbaycan ərazisində radonun həcmi aktivliyinin paylanma xəritəsi” Praqada konfransda beynəlxalq elm ictimaiyyətinə təqdim edilib.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təqdimat Çexiya Geoloji Tədqiqatlar və Radon Təşkilatının keçirdiyi “Radonun yayılma xəritəsinin tərtibinin geoloji aspektləri” adlı XI Beynəlxalq Konfransda baş tutub.

Üçgünlük tədbirdə 26 ölkə, o cümlədən ABŞ, Almaniya, Fransa, İtaliya, Rusiya, Yaponiya və digər ölkələr təmsil olunub. Konfransda Geologiya İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvü Əkbər Feyzullayev və geologiya-mineralogiya elmləri doktoru professor Çingiz Əliyev elmi məruzələrlə çıxış edib, xəritə ilə əlaqədar aparılmış tədqiqatlardan və əldə olunmuş nəticələrdən danışıb.

Qeyd edək ki, xəritə Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirilmiş “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” adlanan layihə çərçivəsində ərsəyə gəlib və ölkəmizdə radonun paylanmasına dair ilk xəritədir. Üçillik layihə İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi ilə icra olunub.

Xatırladaq ki, radon qazı Yer kürəsində geniş yayılıb. O, normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar