“Azəriqaz”dan dəm qazı xəbərdarlığı
25 sentyabr 2012 18:05 (UTC +04:00)

“Azəriqaz”dan dəm qazı xəbərdarlığı

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi abonentlərin təbii qazdan düzgün istifadə etməsi, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərinə riayət etməsi, arzuolunmaz halların baş verməməsi məqsədi ilə mütəmadi olaraq maarifləndirilmə tədbirləri həyata keçirir.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, buna baxmayaraq, təəssüf ki, hələ də dəm qazından zəhərlənmə halları qeydə alınır və buna görə də “Azəriqaz” hesab edir ki, dəm qazı haqqında zəruri məlumatların əhalinin diqqətinə çatdırılması aktual məsələlərdəndir.

Dəm qazı (kimyəvi işarəsi - CO) natamam yanma prosesində əmələ gələn rəngsiz, iysiz, dadsız, havadan yüngül, yanar qazdır. Onunla nəfəs aldıqda qanın hemoqlobini ilə birləşib nəfəsalmanı çətinləşdirir və kəskin zəhərlənməyə səbəb olur. Mütəxəssislər dəm qazını “sakit qatil” adlandırırlar. Təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin təxminən 40 faizi yeni təmir olunan, qapıları və nəfəslikləri plastik-paket tipli hazırlanaraq kip bağlanan, havadəyişmə üçün yer saxlanılmayan hamam otaqlarında baş verir. Qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq, hamam otaqlarının qapılarında havadəyişmə üçün 0,02 kvadrat metr sahədə dəlik və yaxud jalüz olmalıdır ki, otaqdan işlənmiş hava və ona qatışıq olan dəm qazının tam şəkildə çölə çıxması təmin edilsin. Otağa təmiz havanın daxil olmasına imkan yaradılmadıqda yanma prosesi də natamam olur və qazın tərkibində olan maddələrin (ammiak, sian birləşmələri, hidrogen-sulfid) bir qismi otaqda qalır. Bu isə insan həyatı üçün çox böyük təhlükə yaradır.

Baş verən hadisələrin 25 faizi hamam otaqlarında tüstü bacalarının olmaması ilə bağlıdır. Tikinti layihəsində nəzərdə tutulmayan su qızdırıcılarının tüstüsü vətəndaşlar tərəfindən tüstü bacası əvəzinə havadəyişmə (ventilyasiya) kanallarına və mərtəbələrarası şaxtalara çıxarılır. Həmin kanallar və şaxtalar isə tüstünü xaric etməkdən ötrü quraşdırılmadığı üçün bunun öhdəsindən gələ bilmir. Qeyd edək ki, təbii qazla işləyən su qızdırıcıları quraşdırılan hamam otaqlarının həcmi 7,5 kubmetr, hündürlüyü isə 2,5 metrdən az olmamalıdır. Hamam otaqlarında baş vermiş hadisələrin 15 faizi vətəndaşlar tərəfindən istifadə olunan su qızdırıcılarının nasaz və yaxud tamam yararsız vəziyyətdə istismar olunması ilə bilavasitə bağlıdır. Hamam otağında təbii qazla işləyən su qızdırıcıları quraşdırılan zaman otaq mütləq müstəqil havadəyişmə sistemi, tüstü bacası, eləcə də nəfəslik ilə təchiz olunmalıdır. Hamam otağının daxili qaz xətləri gözəgörünən, texniki baxış və qulluq üçün əlçatan yerdə quraşdırılmalıdır. Düz axımlı su qızdırıcısının qaz xəttində 1 ədəd, tutumlu su qızdırıcısının qaz xəttində isə 2 ədəd qaz kranı olmalıdır. Hamam otağında bütün qaz xətləri və birləşmələr polad boru ilə cəkilməlidir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Azəriqaz” İB bir daha istehlakçıları “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərinə ciddi riayət etməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3180

Oxşar yazılar