Divanə və dahi Landau - ARAŞDIRMA
25 sentyabr 2012 15:05 (UTC +04:00)

Divanə və dahi Landau - ARAŞDIRMA

1962-ci ilin yanvar ayının 7-dən Moskvanın Timiryazev rayonundakı 50 saylı xəstəxananın qarşısındakı izdiham, Amerikadan, Avropanın müxtəlif ölkələrindən nadir tapılan dərmanları və adlı-sanlı cərrahları Sovet İttifaqının paytaxtına çatdıran təyyarələr yalnız bir adam üçün idi. Sanki dünya fizika elminin ürəyi Moskvada döyünürdü. Avropanın “Sovetlərin Eynşteyni” adlandırdığı xəstə isə ağır fiziki zədələrlə koma vəziyyətindəydi. Ölkənin bütün tibb heyəti “Sovet Eynşteyni”nin – Lev Davıdoviç Landaunun huşunun özünə qayıtması üçün əlindən gələni edirdi. Təxminən iki aydan sonra yaralının yaşayacağına təminat veriləcək, ancaq o dünyanı görüb qayıtmış bu adamın elmi yaddaşı bərpa olunmayacaqdı. Həkimlər bəşəriyyətin bu nadir fenomenlərindən olan alimin tam sağalması üçün ona lazım olan dava-dərmanlarla bərabər doğulub boya-başa çatdığı Azərbaycanın naz-nemətini də məsləhət görürdülər. Vətəndən onun tam sağalması üçün vaxtaşırı yüksək dağların balı, Xəzərin kürüsü göndərilirdi...

Rəhmətlik Mehdi Bəyazidin onun haqqında yazdığı yazını indi də ciyərlərimə çəkə-çəkə oxumaqdan doymuram. Mənə elə gəlir ki, bunu Bəyaziddən daha yaxşı kimsə yaza bilməzdi. Ona görə də, yeri gəldikcə, rəhmətlik Mehdinin həmin yazısından bəhrələnməyi özümə borc bildim. Mehdi yazırdı: “İnsanın ətraf mühitin təsirindən aldığı enerji və qəribə çalarlar hələ də biologiyanın, genetikanın sirri olaraq qalır. Landau bakılı idi, Tanrının bəxş etdiyi on iki iqlimdən doqquzu ilə yoğurulmuşdu. Bu enerji, bu güc, bu qəribə əsrarəngizliyi o, həmişə hiss edir, özü də bu barədə qəribə bir vəcd və vəhylə danışırdı. Bir dəfə arvadı Kora oğulları İqorun üstünə düşəndə o, demişdi: "Bura bax, bizim evdə yəhudi kimdir - sən, yoxsa mən? Əlbəttə, mən! Amma unutma ki, mən köklü-köməcli qafqazlıyam, bakılıyam, demək istəyirəm ki, bəşəriyyətin ilk beşiyində doğulmuşam. Yəni içimdə sonsuzluğa qədər uzanıb gedən bir nəhayətsizlikdən sərməstəm, sərxoşam. Ona görə də içimdəki azadlıq məni hər dəqiqə bihuş edirkən, içki içə bilmirəm. Mən istəmirəm sən bizim oğlumuzu mühafizəkar yəhudilər kimi məcbur edəsən ki, mütləq royalda çalsın, rəsmlər çəksin, "yüksək cəmiyyət"in saxta etiketləri, smokinqləri içində boğulub batsın. Biz onu royal qarşısında əyləşdirib mütləq bəstəkar görmək istəyirik. Amma onun içindəki azadlıq bəlkə öz təcəssümünü futbolçu olmaqda, rəssam olmaqda, lap elə traktorçu olmaqda, bəlkə də... Don-Juan olmaqda görür”.

Arvadı Kora vulkan kimi püskürüb gələn bu monoloqların qarşısında çox zaman başını itirirdi. Amma Koranın, dostlarının “Dau” adlandırdıqları bu insan sanki “Günəş adamı” idi. Hamı onu sevir, əzizləyir, şıltaqlıqlarına, əndazəni aşan hərəkətlərinə bir dahinin əməlləri kimi baxırdı…

Sadəcə Lev Landau

Landau 1908-ci il yanvar ayının 9-da Bakıda anadan olub. Anası Lyubov Velyaminovna şəhərdə məşhur ginekoloq həkim, atası David Landau Azərbaycanın neft sənayesində ad çıxarmış mühəndis idi. Kiçik yaşlarından balaca Levdə qeyri-adi dərəcədə riyazi qabiliyyət olduğu üzə çıxır.

Təhsilini SSRİ-in ikinci paytaxtı sayılan Leninqradda davam etdirməsiylə Levin qarşısında böyük perspektivlər açılır. O, 1927-ci ildə Leninqrad Dövlət Universitetinin bitirərək, Fizika Texnika İnstitutunda aspiranturaya qəbul olunur. 18 yaşlı fizikin ilk elmi işləri bu illərə təsadüf edir.

1929-cu ildə Lev Landau xaricə ezam olunur, ilyarım Danimarkada, İngiltərədə və İsveçrədə işləyir. O, Kopenhagendə Nils Borun institutunda olur, bu dahi alimlə çiyin-çiyinə işləyir. Landau bu müddətdə elektron qazının diomaqnitizm nəzəriyyəsini işləyib hazırlayır. Xaricdə iş təkliflərinə baxmayaraq gənc alim 1932-ci ildə SSRİ-yə qayıdır və Xarkov şəhərində açılmış Fizika Texnika İnstitutunda işləməyə başlayır. Stalin repressiyasının ilk dalğası onu burada yaxalayır. Bir tərəfə baxanda azadlıqsevər və sadəlövh Lev əslində özü sanki repressiyaya tərəf gedirdi. O, Xarkov institutunda işləyəndə Stalinin əleyhinə yazılmış bir təbliğat çağırışını redaktə edir, həmçinin ölkədə fizika elminin gələcək inkişafı ilə bağlı tənqidi fikirlərlə bağlı məktub hazırlayır. Beləliklə, dahi fizik “alman casuslarıyla əməkdaşlıq edir” kimi qondarma ittihamla günlərin bir günü zindana atılır.

Fizika İnstitutunun direktoru, Sovet elmində “xeyirxah insan-alim” titulunu qazanmış akademik Kapitsa Stalinə məktub yazaraq dünya şöhrətli alimin, dahi fizikin həbsdən azad olunmasını xahiş edir. Kapitsanın məktubundan yazılır: “Yoldaş Stalin, sizə məlum olduğu kimi dövlətimizin və hökümətimizin tapşırığı ilə mən çox mühüm bir elmi iş üzərində işləyirəm. İşin eksperimental hissəsində böyük uğurlar əldə olunub. Lakin maye heliumla bağlı nəzəri məsələlərin işlənilməməsi ucbatından tapşırıq yerinə yetirilə bilmir. Bu nəzəri problemin öhdəsindən yalnız Lev Landau gələ bilər”.

Kapitsa tək deyildi. Dünya şöhrətli alimlər - Heyzenberq, Nils Bor da Landaunun azad olunması xahişi ilə sovet rəhbərinə müraciət etmişdilər. Nəhayət, səylər bəhrəsini verir. Molotov Stalinin tapşırığı ilə Kapitsanı söhbətə çağırır. Saat yarımlıq görüşdən sonra “xatakar” Lev akademik Kapitsaya zaminə verilir. Azadlıq sənədində yazılmışdı: “SSRİ Xalq Daxili İşlər Komissarlığının 1938-ci il 28 aprel tarixli qərarı ilə Lev Davidoviç Landau barəsində cinayət işinə xitam verilsin”.

Yeri gəlmişkən, onu deyək ki, Landau həyatının sonuna qədər Kapitsaya demək olar ki, səcdə edib. Hamını, hətta özündən yaşca böyükləri belə dolamaqdan çəkinməyən Lev Landau Kapitsaya münasibətdə yalnız və yalnız ehtiram nümayiş etdirib. Təsadüfi deyil ki, illər sonra Kapitsa da vəzifəsindən uzaqlaşdırılanda Dau heç nədən çəkinmədən onun yanına gedib-gəlirmiş.

Beləliklə, Landau xilas edilir, ancaq birillik həbsxana divarları öz işini görmüşdü. Kapitsa onu qırmızı terrorun qanlı caynağından alanda ayaq üstə dura bilmirdi, bir dəri, bir sümük qalmışdı: onu təcili surətdə həyata qaytarmağa başladılar. O isə hüdud bilməyən nikbinliyilə özünə də, başqalarına da sataşa-sataşa deyib-gülürdü. Və... bir balaca özünə gələn kimi elə xəstəxanadaca füsunkar bir dilbəri yatağına çəkdiyi bilinəndə doktor qəzəblə ondan “bir ayağınız burda, bir ayağınız gorda ikən, deyin görüm bu nə deməkdir?” soruşanda cavab vermişdi: “Doktor, mən neyləyim ki, bu, sadəcə olaraq Lev Landau deməkdir...”

O, yalan danışmırdı, bu, doğrudan da Lev Landau demək idi...

Qısqanclığı sevməyən Dau

Onun şəxsiyyəti, insanlara, dünyaya baxışları haqqında müasirlərinin, həmkarlarının çoxunun xatirələri var. Bu xatirələrdən məlum olur ki, Lev Landau yalanı sevməz, elmə saxtakarlıq qatanlara qarşı amansız olar, həyatını fizikadan kənarda təsəvvür eləməzdi. Ancaq bütün bunlarla belə onun həyat yoldaşı Koranın bomba partlayışını doğuran xatirələrində o, həm də bax belə nəqş edilmişdi: “Daunka otağa uça-uça girdi: məni bərk-bərk qucaqlayıb burnumdan öpdü və elan elədi: “Koraçka, sənə şad xəbər! Bu gün axşam saat doqquzda evə canlar alan bir qız gətirəcəyəm. Ona demişəm ki, sən bağdasan - ya evdə səssizcə oturarsan, ya da ümumiyyətlə, çıxıb gedərsən. Siz üz-üzə gəlməməlisiniz. Bu onu hürküdə bilər”.

Həmin gün Kora elə həmin şkafdaca gizlənmişdi. Və həsbi-halın ən şirin yerində birdən-birə ortaya çıxmışdı. Bu, sadiq qadının birinci və axırıncı qiyamı idi. Bundan sonrakı belə axşamlarda o, dinməz-söyləməz öz otağına çəkilərək, Landaunun otağından süzülən işığa baxa-baxa qalacaqdı, çünki əri qısqanclığı vəhşi və ibtidai duyğu hesab edirdi. Amma bu vəhşi və ibtidai duyğu onu divanələr kimi sevən qadını əzib külxınc edirdi. Bunu üzə vurmaq isə Koraya baha başa gəlirdi. Qısqanclığa görə ailə büdcəsindəki payından “Daunka” cərimələr tuturdu!

Bəli, fizika-riyaziyyat dahisi Lev Landau hələ cavanlığından – Xarkovda barmaqla göstərilən Kora ilə evlənəndə qadınla şərt kəsmişdi ki, onun azadlığını əlindən almağa cəhd göstərməsin…

…İllərdir Koranın xatirələr kitabının əlyazmaları barədə söz-söhbətlər kəsilmək bilmir. Artıq o dərc olunub, əldən-ələ gəzir, İnternetə də verilib. Amma sən demə, onun bəzi hissələri incik düşmüş akademiklər və onların xanımları tərəfindən yoxa çıxarılıb.

Divanə dahi

Landau həmişə deyərdi: “Həyat o qədər qısadır ki, elmdə məlum olan məsələlərə yenidən qayıtmaq vaxt itkisidir”. O, bütün elmi dərəcələri, zirvələri digərlərinə qismət olmayan yaşlarda əldə eləmişdi. 26 yaşında artıq dissesrtasiya müdafiəsi keçmədən fizika-riyaziyyat elmləri doktoru, 38 yaşında akademik və SSRİ-nin ən ali Dövlət mükafatlarının sahibi, bir sıra dünya ölkələrinin elmlər akademiyasının akademiki idi. Həyatda hər şeyi, hətta alimləri, qadınları, əşyaları belə sistemləşdirən, dərəcələrə ayıran Landau dövrünün dahi alimlərini də sıralamışdı. O, birinci yerdə Albert Eynşteyni qoyurdu. Dau deyirdi ki, ümumi nisbilik nəzəriyyəsi ilə tanışlığı həmin nəzəriyyənin təsəvvür oluna bilməyən gözəlliyi onda heyrət doğurub: “Enyşteynin nisbilik nəzəriyyəsi ilə tanış olandan sonra insan zəkasının hansı möcüzələrə qadir olduğuna bir daha inandım”. İkinci yerdə onun üçün Nils Bor gəlirdi. Landau bu dahi alimlə yanaşı işlədiyi üçün həmişə fəxr edirdi. Elə Nils Bor da onu oğlu kimi sevirdi. Borun həyat yoldaşı Landaunu belə xatırlayırdı: “Dau çox qeyri-adi cavan idi. Bir də görürdün, yaşca özündən böyük bir alimi əməlli-başlı ələ saldı. Ancaq bu şıltaq dahinin Nils Borla münasibəti ata-oğul münasibətlərinə daha çox oxşayırdı”. Bu dahilərin sırasında Landau üçüncü yerdə özünü görürdü…

Ancaq dahilərə xas sadəlövhlük, hamıya inanmaq xüsusiyyəti onu heç vaxt tərk etmədi. Bəli, bütün sonsuz ehtirası, şəhvət çatıltıları ilə bərabər, Landau digər məsələlərdə də genişmiqyaslı adam idi. Çox zaman uşaq kimi sadəlövh olan bu adamı bəziləri imkan düşən kimi aldadırdılar. Kəşflərini, pulunu çırpışdırırdılar, rütbəsinə, ad-sanına şərik çıxırdılar. Kapitsa onun haqqında həmişə elə bil qeybdən gəlmiş adam kimi danışırdı. Kapitsa deyirdi: “Dau elə bil öz kəşflərindən bixəbərdir, elə bil bütün bunları özünü unutmağa qədər gedib çıxan ilahi bir vəcd ilə eləmişdi. Bəzən məni ona görə gülmək tuturdu ki, nə elədiyini ona təzədən başa salmaq lazım gəlirdi. Təzə şey eşidibmiş kimi bərk sevinirdi. Mən bir çox eksperimentlərimin nəzəri izahını ona həvalə etmişdim. Ekstra-klass intellekti bu eksperimentləri bir göz qırpımında qavrayırdı”.

Landaunu məhz bu xüsusiyyətlərinə görə o illər SSRİ-də aparılan məxfi tədqiqatlara cəlb edirlər. Stalinin hakimiyyətdə olduğu vaxt bu məsələlərə birbaşa Beriya rəhbərlik edirdi və qarşıya atom bombasının hazırlanması tapşırığı qoyulmuşdu. Landaunu əsasən nəzəri fizikanın problemləri maraqlandırdığından o bu işlərə çox həvəssiz yanaşır və sonda burdan canını qurtarmağa nail olur.

Həyatla ölüm arasında

Lev Landaunun zəngin elmi yaradıcılığında onun yazdığı dəyərli kitablar mühüm yer tutur. Landaunun Lifşiçlə birgə yazdığı “Nəzəri fizika kursu” dərsliyinin isə elm tarixində özünəməxsus yeri var. Ancaq maraqlıdır ki, bu dərsliklə bağlı da Landau barədəki əsassız dedi-qodulardan biri yayılıb. Məsələ bundadır ki, bəziləri bu məşhur dərsliyin Landaunun diktəsiylə yazıldığını deyirlər. Hesab olunur ki, Lifşiçin bu dərsliklərdəki xidməti yalnız Landaunun fikirlərini anlaşılan şəkildə qələmə almaqdan ibarətdir.

1962-ci il yanvar ayının 7-də Lev Landau özünü asmağa cəhd göstərmiş gənc aspirantını tənbeh eləməyə yollanarkən avtomobil qəzasına düşür. Buzlu yolda avtomobil qarşıdan gələn yük maşınına çırpılır. Sürücünün yanında oturmuş Landau kəllə-beyin travması və ciddi bədən xəsarətləriylə huşsuz halda xəstəxanaya gətirilir. Bütün dünya alimləri dahi fizikin həyatda qalması üçün əllərindən gələni edirlər. Onu sözün həqiqi mənasında tikə-tikə yığırlar. Landau həyata qayıdır, ancaq bir daha elmə, həyatından artıq sevdiyi fizikaya qayıda bilmir. Neçə müddət yalnız gözləri baxırdı, özü isə elə bil yox idi. Şüuru özünə qayıtmırdı, müqəvva kimi hərəkətsizdi - nə ölü kimi ölü, nə diri kimi diri! O, bundan sonra yaddaşsızlıq mərəzindən əziyyət çəkməli olur ki, ilk illərdə dostlarını, tanışlarını, həmkarlarını, hətta həyat yoldaşını belə tanımır. Ancaq yaddaşı özünə qayıtdığı dövrlərdə də ona daxili orqanlarında baş verən və heç kimin baş açmadığı xəstəliklər əziyyət verir.

Nobel ödülü və son

1962-ci ildə Landaunun yatdığı xəstəxanaya məktub gəlir. Məktubda yazılmışdı: “Moskva, Elmlər Akademiyası, professor Lev Landauya, 1 noyabr 1962-ci il. İsveçin Kral Akademiyası Sizi “Kondensasiyalı, xüsusən maye helium mühitində nəzəri işlərinizə” görə Nobel mükafatına layiq görüb. Daimi katib Erik Rudber”. Ancaq alim xəstəxanada olduğu üçün Nobel ödülünü özü ala bilməzdi. Ona görə də, Nobel fondu tarixində ilk dəfə çoxillik ənənəsinə xilaf çıxaraq ödülü xəstəxanada təqdim eləyir. Bu, Lev Landauya olan hörmətin və ehtiramın göstəricisiydi. Beləliklə, 1962-ci il dekabr ayının 10-da 54 yaşlı dahi Landauya diplom və 250 min isveç kronu məbləğində çek təqdim olunur. Landau mükafatı təqdim edən İsveçin SSRİ-dəki səfiri Rolf Sulmana ingiliscə deyir: “Sizə təşəkkür edirəm, cənab səfir. Nobel komitəsinə, həmçinin İsveçin kralına mənim təşəkkürlərimi çatdırın. Ümid edirəm ki, sağalan kimi Sizin gözəl ölkənizə səyahət edəcəyəm”.

Şahidlər yazırlar ki, Landau Akademiyanın prezidenti Keldışın, Kapitsanın, Heyzenberqin, Tammın təbriklərini qəbul etdikcə sanki sağalmaz xəstəlikdən canı qurtarırmış kimi sevinir, hamıyla zarafat edir, deyib-gülürdü. Elmi dairələrdə isə bu mükafatın gecikdiyi haqqında daha çox danışırdılar. Amerikanın məşhur “Layf” jurnalı yazmışdı: “Landau ölümündən sonra Nobel aldı. Əslində, bu mükafat ona çoxdan verilməliydi. Hələ onu demirik ki, alimin bundan savayı ən azı yeddi işi Nobel mükafatını almağa layiq idi”. Onun fiziki ölümünə isə hələ 6 il qalırdı. Hələ 6 il sərasər həyatsevər Lev canındakı ağrılardan həyatına lənətlər yağdıracaqdı.

Bu ərəfədə Lev Landaunun artıq bir heçlik, bir yığın sür-sümükdən başqa heç nə olmadığı barədə akademik dairədə şayiə, söz-söhbət yayılanda, həmkarları qəlblərinin dərinliyində illərlə yığılıb qalmış paxıllığa, kin-küdurətə rəvac verərək bir-bir ondan üz döndərdilər. Bəziləri onun elmi kəşflərinin pulunu almağa, digərləri əcəl yastığında, necə deyərlər, ölməkdə olan ayının dərisini bölüşdürməyə tələsirdilər. Beləcə öz tələsməklərinə rəğmən çox şeyə də nail oldular. Əgər Kapitsa öz sərt xarakteriylə bir çox məsələlərə müdaxilə etməsəydi, az qala, Landaunun Nobel mükafatına, dünya akademiyalarının bir sıra təltiflərinə də şərik çıxacaqdılar. Kapitsa deyirdi: “İnsan xisləti o qədər dəhşətlidir ki, hətta Landau yavaş-yavaş sağalmağa başlayıb, özünə gələndə bunların üstünə elə bil su ələnirdi”.

Bakılı alim isə heç kimin gözləmədiyi bir vaxtda vəfat etdi. Zarafatcıl Lev Landau daxili orqanlarında aparılan əməliyyatdan ayılmadı və 1968-ci il aprel ayının 1-də dünyasını dəyişdi…

Lev Landaudan sonra arvadı Kora xeyli yaşadı. Deyirlər, ölümünə bir az qalmış o deyib: “Mənim dünyada ən böyük səadətim, ən böyük uğurum Dauya rast gəlməyim idi”.

Mehdi Bəyazid isə Koranın bu sözlərinə cavab olaraq yazmışdı: “Yerdə qalan qadınlarınsa ən böyük uğuru o idi ki, Allah onları bu divanə qadının “Dau”sundan uzaq eləyib, çünki dahilərə qul olmaq yanğısı şirin olduğu qədər də aldadıcı və dəhşətlidir”.

İlham Tumas

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3626

Oxşar yazılar