Köçkün yataqxanalarında yanğın kabusu - ARAŞDIRMA
24 avqust 2012 14:00 (UTC +04:00)

Köçkün yataqxanalarında yanğın kabusu - ARAŞDIRMA

13 iyun 2012. Bakının Binəqədi rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı yarımçıq binada güclü yanğın baş verib. 9-cu mikrorayonda Həmzə Babaşov küçəsində Təcili Tibbi Yardım Stansiyası üçün inşa olunan yarımtikilidəki yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının briqadaları iki saylı çağırışla hadisə yerinə cəlb edilib. Hadisə nəticəsində bir nəfər ağır dərəcəli yanıq xəsarəti alıb. Evləri yanaraq sıradan çıxmış bir neçə məcburi köçkün ailəsi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni mənzillərlə təmin edilib.



1 iyul 2012. Cəmi 17 gün əvvəl Binəqədi rayonunda yanan binada ikinci dəfə yanğın baş verib. Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı doqquzmərtəbəli binada baş verən yanğının fəsadları daha böyük olub. Hadisə nəticəsində 6-cı və 7-ci mərtəbədə ümumi sahəsi 98 kvadratmetr olan 2 mənzildə 30 kvadratmetr sahə ev əşyaları ilə birgə tamamilə yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 23 sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.



1 avqust 2012. Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana günün günorta çağı yanıb. Dərnəgül qəsəbəsində, Səttar Bəhlulzadə küçəsində Bakı Energetika Kollecinə məxsus beşmərtəbəli yataqxanada baş vermiş hadisə nəticəsində bina tamamilə yanıb. Binada məskunlaşan məcburi köçkünlər isə elə o vaxtdan yaxınlıqda onlar üçün qurulmuş çadırlarda yaşamaq məcburiyyətində qalıb. Yanğın zamanı ölən və xəsarət alan olmasa da sakinlərə ciddi maddi ziyan dəyib.



12 avqust 2012. Yevlax şəhərində məcburi köçkünlərin yaşadığı binada güclü yanğın baş verib. Nəticədə binanın yanar konstruksiyaları yanıb, tüstüdən zəhərlənmiş 5 nəfər Kəlbəcər rayon sakini xəstəxanaya yerləşdirilib.



Yanğınlar təşkil olunur?



Bəs, məcburi köçkünlərin yaşadığı yataqxanalarda silsilə yanğınların baş verməsi təsadüfdürmü?



Son bir neçə ayda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda və çoxmənzilli tikililərdə yanğınların baş verməsi adi hal alıb. Bu hadisələrin xüsusən də Bakı şəhərində, həm də məcburi köçkünlər üçün yeni binaların tikildiyi dövrə təsadüf etməsi müxtəlif söz-söhbətlərə səbəb olub. Bir çoxları hesab edir ki, məcburi köçkünlərin yaşadığı binalarda yanğınların tez-tez baş verməsi heç də təsadüfi deyil. Hətta bu yanğınların bilərəkdən törədildiyi barədə söz-söhbətlər dolaşır. Məsələn, avqustun 1-də Bakı Energetika Kollecinə məxsus beşmərtəbəli yataqxana binasının guya elə həmin binada yaşayan məcburi köçkünlərin özləri tərəfindən bilərəkdən yandırıldığı söylənilir. Guya, məcburi köçkünlər bununla Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini burada məskunlaşan ailələrin yeni mənzillərə köçürülməsini tezləşdirmək məcburiyyətində qoymaq istəyib. Komitə rəsmiləri isə bunu bildiyindən onları yeni binalara köçürmək istəmir.



İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində ikinci dəfə yanğına məruz qalmış yarımçıq tikilinin də qəsdən yandırıldığı deyilir. Yayılan məlumatlara görə, hələ sovet dövründən Təcili Tibbi Yardım Stansiyası üçün inşa olunan yarımtikilini iri şirkətlərdən biri alıb. Hətta özlərini hansısa şirkətin əməkdaşı kimi təqdim edən şəxslər bir neçə dəfə burada ölçmə işləri aparıb və məcburi köçkünlərə binanın tezliklə boşaldılacağı barədə xəbərdarlıq da ediblər. Ancaq Bakı şəhərində köçürülmə prosesinin ilk növbədə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarından başlamaq istəyi həmin şirkətin planlarını pozub. Belə olan halda şirkət binada məskunlaşan məcburi köçkünləri köçkünlərlə əlbir olaraq binada yanğın təşkil edib.



Son bir neçə ayda yanğın baş vermiş binaların sakinləri hadisənin qəsdən törədildiyi barədə ittihamları qəbul etmir. Bu binalarda yaşayan məcburi köçkünlər əminliklə bildirirlər ki, yanğınlar həmin binaların elektrik naqillərinin sıradan çıxması nəticəsində baş verir. Sakinlər iddia edirlər ki, son 18-20 il ərzində onların məskunlaşdığı binaların elektrik enerjisi təsərrüfatında bir dəfə də olsun, bərpa və yenidənqurma işləri aparılmayıb. Üstəlik həmin binalarda müvəqqəti məskunlaşan məcburi köçkünlər hər biri ayrılıqda öz evlərinə primitiv qaydada elektrik naqilləri çəkib ki, bu da yanğının təhlükəsizliyi nöqteyi-nəzərdən ciddi qüsur sayılır.



Elə Bakı Energetika Kollecinə məxsus beşmərtəbəli yataqxananın keçmiş sakinləri də binadakı yanğın hadisənin baş vermə səbəbini elektrik naqillərindəki nasazlıqla əlaqələndirirlər. Sakinlər bildirirlər ki, hadisə zamanı ilk olaraq binanın yaxınlığındakı ağac alışıb. Daha sonra binaya keçən yanğın burada yaşayan məcburi köçkünləri təşvişə salıb və dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Ağdam rayonundan məcburi köçkünü Mehparə Əliyeva deyir ki, yanğından sonra yararsız hala düşmüş yataqxana binasında belə halların olması gözlənilən idi. Onun sözlərinə görə, elektrik xətlərinin düzgün çəkilməməsi binanı dəfələrlə yanğın təhlükəsi altında qoyub: “1993-cü ildən bu yana biz burada sək-səkə içində yaşamışıq. Qorxudan o qədər həyəcan keçirmişik ki, ürəyimiz xəstə olub. İndiyədək bu binada 3 dəfə yanğın baş verib. Hər dəfə gəlib təmir edib gedirlər. Amma özləri də deyirdilər ki, bina böyük ailələr üçün məqsədəuyğun deyil, buranın işığı, suyu təxminən 200-300 tələbəyə hesablanıb. Ona görə də hər dəfə də yanğından sonra gəlib işıq xətlərini köhnə kabellərlə əvəz eləyib gedirdilər. Halbuki 20 ildir bu binada 100-ə yaxın ailə, 600-700 nəfər yaşayır”.



Beşinci dəfə yanan bina



Yanğının elə məcburi köçkünlərin özləri tərəfindən törədildiyi barədə ittihamlara gəlincə, sakinlərin dediyinə görə, bu, dedi-qodudan başqa bir şey deyil. Mehparə Əliyeva deyir ki, əslində bu cür söz-söhbətlərin yayılmasında günahkar mətbuat nümayəndələridir. Onun sözlərinə görə, hadisəni işıqlandıran bəzi televiziya kanallarının əməkdaşları dəqiqləşdirilməmiş məlumatları tələsik şəkildə yaymaqla yanğının guya, məcburi köçkünlərin səhlənkarlığı üzündən baş verdiyi barədə rəy formalaşdırır: “Binada yanğının baş verməsini sakinlərin səhlənkarlığı ilə əlaqələndirmək böyük səhvdir. Bizim başımıza gələn o hadisə dəhşətli bir səhnə idi. Binanın köçkünlərin özləri tərəfindən yandırıldığını iddia edənlər böyük səhv edir. Biz 20 il əvvəl öz evlərimizi tərk edəndə əynimizdəki paltardan başqa heç nə götürə bilməmişdik. İndi güclə özümüzə gəlirik, min bir əziyyətlə hər kəs gücü çatan qədər özünə şərait düzəldib, evinə qab-qacaq, lazım olan əşyalar alıb. Kim istəyər ki, on illərlə yığdığı əmlakı bir gecədə yansın?”



Məcburi köçkünlərin yaşadığı binalarda tez-tez yanğın baş verməsinin səbəblərini araşdırarkən onu da öyrəndik ki, Bakı Energetika Kollecinə məxsus beşmərtəbəli yataqxana indiyədək Bakıda ən çox belə qəzaların baş verdiyi binalardan biridir. Sakinlər bildirirlər ki, indiyədək bu binada 5 dəfə yanğın baş verib. Bunlardan 2-si qaz partlayışı, 3-ü isə elektrik naqillərindəki qısaqapanmadan yaranıb. Nahidə Cəfərova adlı sakin bildirir ki, binada ikinci qaz partlayışı 8 il əvvəl baş verib və həmin hadisədən sonra yataqxanaya təbii qazın verilməsi dayandırılıb: “Səkkiz ildir ki, bu binaya verilən qaz kəsilib. İşıq da heç normal deyil, istər yayda, istərsə də qışda bəzən həftələrlə işıq olmur. Çünki elektrik xətti köhnə olduğundan tez-tez sıradan çıxır”.



Binaları yanğın toruna salan xətlər



Bakı Energetika Kollecinin yataqxanasında yaşayan sakinlər əmindirlər ki, avqustun 1-dən 2-ə keçən gecə binada baş verən yanğının səbəbi elektrik naqillərindəki qısaqapanmadır. Üstəlik, sakinlər hesab edirlər ki, qısaqapanma onların yaşadığı yataqxanada deyil, binanın qarşısındakı mağazaların birində baş verib. Bu səbəbdən də əvvəlcə mağazadan başlayan yanğın sonradan genişlənərək qonşuluqdakı digər ticarət obyektlərinə məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya keçib.



Yeri gəlmişkən, məcburi köçkünlərin yaşadığı binaları elektrik enerjisi ilə təmin edən xətlərin, transformatorların köhnəliyi bir yana, bu xətt və qurğuların primitiv qaydada quraşdırılması da yanğın üçün ciddi təhlükə yaradır. Belə ki, bu binaların əksəriyyətində elektrik naqilləri normadan artıq yüklənir, üstəlik həmin xətlər digər kommunikasiya xətlərinə birləşdirilmiş şəkildədir. Bu binalarda elektrik naqillərinin hətta təbii qaz, su, kanalizasiya və telefon xəttinin üzərindən keçdiyini, bunların hamısının bir-birinə bağlandığını da müşahidə etmək olar. Hörümçək toru kimi bir-birinə dolaşan elektrik, təbii qaz, su, kanalizasiya və telefon xətləri nəinki təhlükəsizliyi təmin etməyə imkan vermir, üstəlik belə vəziyyət yanğın və partlayışlar zamanı qəza xidməti əməkdaşlarına da ciddi maneələr yaradır.



Eltac İsazadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3016

Oxşar yazılar