“Hər bir fərd məsuliyyətli davranmalı, özünü, yaxınlarını və ətrafını qorumalıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında İnzibati Xətalar Məcəlləsinə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələri nəzərdə tutan dəyişiklik barədə məlumat verən millət vəkili Nizami Səfərov bildirib.
N. Səfərov deyib ki, qəsdən karantin qaydalarını pozmaq cəhdləri artır: “Pandemiya dövründə dövlətlər epidemiya əleyhinə rejimin pozulmasına görə çox sərt tələblərə əl atır. Gürcüstanda fiziki şəxslər 640 dollar cərimə olunur, İspaniyada bu rəqəm 1500 avrodan başlayır. Hüquqi şəxslər üçün cərimənin miqdarı daha çoxdur ”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bunun dövlətin milli təhlükəsizliyi, ailə təhlükəsizliyi məsələsi olduğunu vurğulayıb: “Kimlərinsə laqeydliyi, qanunu pozması nəticəsində insanlar xəstələnir, virusa yoluxursa, biz cərimələr və inzibati metodlarla bunun qarşısını almalıyıq. Vətəndaşdan xahiş edirik ki, 30 qəpiklik maska taxsın, 200 manat cərimə verməsin. Bu, onun özünün, ata-anqasının, ailə üzvlərinin, yaxınlarının, başqalarının sağlamlığını qorusun. Hər bir şəxs çalışmalıdır ki, başqasının hüququnu pozmasın. Prezidentin təşəbbüsü əsasında bu gün BMT Baş Assambleyası pandemiya ilə mübarizə üçün toplaşır, 130 dövlət bu təşəbbüsə dəstək verib. Xalq da buna uyğun nümunə göstərməlidir. Gərək nizam-intizamla başqa xalqlara da nümunə olaq. Biz koronavirusla bağlı şayiə yayanlar haqqında da ölçü götürməliyik. Kimlərsə İnternet resurslarında yazır ki, pandemiya yoxdur, oyundur. İctimai yerlərdə, avtobuslarda, qapalı məkanlarda maska taxılmaması ilə bağlı təbliğat aparanların da qarşısı qəti şəkildə alınmalı, cərimələr artırılmalıdır. İkinci şayiə isə odur ki, qaydaları pozun, sizin əvəzinizə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bu cərimələri ödəyəcək. Evin üstündə kabab çəkən, avtobusda maska taxmayan insanın cəriməsini Prezident, Birinci vitse-prezident niyə verməlidir? Cəriməni verəndən sonra o maskanı elə taxacaq ki!”.